Nemət Pənahlının xanımı: "Nə cavab verəcəklər?"

img

10-09-2013 [18:19]


Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlının saxlandığı kamera dəyişmək istəyinə cavab verilməyib. 

Xatırladaq ki, onun xanımı Həcər Pənahlı bildirmişdi ki, Nemət Pənahlını 5-6 nəfərlə bir yerdə, bərbad vəziyyətdə olan kamerada saxlayırlar və o, ikinəfərlik kameraya keçirilməsini istəyir.

Bu gün "Media forum”a açıqlamasında Həcər Pənahlı deyib ki, məsələ ilə bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyevə və Qobustan həbsxanasının rəisinə müraciət olunsa da, Nemət Pənahlının yeri dəyişdirilməyib: "Müraciətlərə heç bir reaksiya olmadı. Nə cavab verəcəklər? Nə istəyirlər onu da edirlər. Həftədə iki dəfə 5 dəqiqə Nemətlə telefonla danışırıq. Onun saxlanma şəraiti çox pisdir”.

Son günlər ölkədə yeni əfvin veriləcəyi gözlənir və bir sıra məhbuslar, onların ailə üzvləri dövlət başçısına əfv üçün müraciətlər edirlər. Həcər Pənahlı bu məsələ ilə bağlı "Media forum”un sualına cavabında deyib ki, atası Hüseyn Orucovun insult keçirib: "Ona görə də başımız qarışıqdır, heç əfv məsələsi ilə maraqlana bilməmişəm. Bildiyimə görə, Nemətə cəza çəkdiyi həbsxanada eşitdirirlər ki, niyə əfv ərizəsi yazıb getmirsən. Amma Nemətin əfv üçün müraciət edəcəyinə inanmıram”.

Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Nemət Pənahlı Qobustan həbsxanasına 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatı əsasında çıxarılan məhkəmə qərarı ilə köçürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA