EL və ALP MŞ-dən incik düşmələrinə aydınlıq gətirdilər

img

05-09-2013 [13:07]


Milli Şuranın 3 sentyabrdakı sessiyasına EL hərəkatının və Liberal Partiyanın təmsilçilərinin qatılmaması qurumun daxilində yeni narazılıq ocağının alovlandığı görüntüsünü yaradıb. Təsadüfi deyil ki, EL-in və ALP-nin sessiyaya qatılmaması dərhal mediada onların Milli Şuranı boykot etməsi, Milli Şuranın parçalanma təhlükəsi ilə qarşılaşdığı kimi yazıların meydana çıxmasına səbəb oldu.

"Yeni Müsavat”ın ötən sayında EL hərəkatının rəhbər simalarının Milli Şuranın sessiyasına qatılmamasının təsadüfi baş vermədiyi barədə məlumat dərc edilib. Məlumatda deyilirdi ki, EL-in və ALP-nin Müsavat və AXCP-dən küskünlükləri yaranıb. EL-in rəhbərliyi iddia edir ki, bu təşkilatlar istintaq altında olan EL-çiləri müdafiə etməyib, bəyanatlar verməyib, gərəkən diqqəti göstərməyib.
"Yeni Müsavat”ın yazdıqları dünən təsdiqlənib. EL-in Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın sessiyasına qatılmamalarını incik düşmələri ilə əlaqələndirib: "Həmin gün Milli Şuranın fövqəladə toplantısı çağırıldı. Eyni saatda EL hərəkatının İdarə Heyətinin toplantısı çağırıldı. Amma onu da deyim ki, EL hərəkatının Milli Şuradan müəyyən və əsaslı inciklikləri var. Bizi iki həftədir ki, axmaq bir adamın verdiyi ifadəyə görə Baş Prokurorluğa çağırırlar. Müsavat Partiyasından başqa digər partiyalar bizim müdafiəmizə qalxmadı. Bu bizim inciməyimiz üçün əsasdır. Milli Şurada təmsil olunan partiyalar bizə qarşı yönələn ittihamlarla bağlı mövqesizlik nümayiş etdirir. Bu da təbii olaraq, bizdə narazılıq yaratdı”.
Bununla belə, E.Quliyev deyib ki, EL hərəkatı Milli Şuranın yaradıcısı, əsas müəlliflərindən biri və nüvəsi hesab olunur: "Öz yaratdığımızı özümüz dağıda bilmərik”.
E.Quliyev narazılıq yaradan başqa məqamların olduğunu da desə də, bununla bağlı danışmaq istəmədiyini deyib: "Təbii ki, daha fundamental narazılıq var və bununla bağlı da açıqlama veriləcək. Bundan narahat olan dostlarımıza bildirmək istəyirəm ki, ciddi narahatlığa əsas yoxdur. Müəyyən fikir ayrılığı və çatlar var ki, bunlar da yaxın zamanlarda öz həllini tapacaq”.
E.Quliyev Milli Şuradakı müttəfiqlərini səmimi olmağa da dəvət edib: "Burada əsas məsələlər gedilən yolun səmimiliyi və düzgünlüyüdür. Biz bir addımlayırıqsa, gərək bir-birimizə qarşı səmimi olaq”.
O, Milli Şuranın son sessiyasında üzvlərin az sayda iştirakına da öz münasibətini bildirib: "Dünənki iclasda yetərsayın olub-olmadığını bilmirəm. Hər halda, bu da bir siqnaldır. Bu, əslində Milli Şuraya, bu qurumu yaradan şəxslərə bir mesajdır. Gəlin, səhv buraxmayaq ki, mənzilbaşına çatmamış hərə bir istiqamətə getməsin”.
ALP sədri Əvəz Temirxan da narazı olduğunu sezdirib, lakin geniş açıqlama verməkdən imtina edib: "Mənim bu barədə açıqlama vermək niyyətim yoxdur”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə "Yeni Müsavat”a EL hərəkatının təmsilçilərinin incik düşmələri üçün əsasın olmadığını bildirdi: "Eldar Namazovun şəxsən özünün iştirakı ilə prezidentliyə vahid namizədimiz Cəmil Həsənlinin yanında starteji mərkəzin yaradılması məsələsi müzakirə olunanda EL hərəkatına, onun rəhbərliyinə qarşı olan təzyiqlər kəskin pislənilib və Milli Şura öz mövqeyini bildirib. Bu mövqe məlumdur ki, Milli Şuradakı partiyaların da mövqeyini əks etdirirdi. Çünki bəyanata həmin partiyalar Milli Şuranın üzvü olaraq imza atıblar. Odur ki, onlar bizdən inciyiblərsə, incimələrinə əsasın olub-olmadığını açıqlasınlar. İnciyiblərsə, özlərinin öz problemidir. Bizimlə EL hərəkatı və Liberal Partiya arasında problem yaşanmır. Onlara qarşı heç bir hörmətsizlik edilməyib”.
"Bəlkə onlar da Rəsul Quliyev kimi, təşkilatlarının Cəmil Həsənli üçün imzatoplama kampaniyasından kənarda qalmasından incik düşüblər” sualına H.Kərimovun cavabı belə oldu: "Biz çox istərdik ki, EL hərəkatı, ALP və ACP gəlib seçki qərargahından imza vərəqi götürüb imza toplayaydılar. Biz də cəbhəçilərlə müsavatçılara bir qədər az əziyyət verməli olardıq. İmza vərəqələri MSK-dan birbaşa Müsavatın qərargahında yerləşən mərkəzi seçki qərargahına gətirilib və dərhal Milli Şuradakı bütün qurumlara müraciət edilib. Təəssüf ki, EL, ALP və ACP bir dənə də olsun imza vərəqi götürməyiblər. Gəlib götürsəydilər, daha yaxşı olardı və proses bir qədər də tez yekunlaşardı. Lakin onlar bunu etmədilər”.
Cəmil Həsənlinin seçki qərargahının həmsədri, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirdi ki, sentyabrın 4-də Müsavat başqanı İsa Qəmbərin, Milli Şuranın namizədi Cəmil Həsənli və onun iştirakı ilə görüş keçirilib: "Ətraflı müzakirə apardıq. Deməzdim ki, hər hansı bir inciklik yoxdur. Ancaq bu vəziyyət mətbuatda şişirdilib. Hesab edirəm ki, EL hərəkatı bundan sonra da seçki prosesinin əsas təşkilatçılarından biri kimi fəaliyyətini davam etdirəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA