İlqar Məmmədovun sənədləri MSK-ya göndərildi

img

21-08-2013 [12:32]



REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun sənədləri MSK-ya göndərilib. Sənədləri onun vəkili Xalid Bağırov təcili poçtla yollayıb.

Hərəkatın İdarə Heyətinin üzvü və İlqar Məmmədovun seçki qərargahının rəhbəri Azər Qasımlı "Azadlıq” radiosuna bildirib ki, böyük ehtimalla MSK məsələni müzakirə edəcək. Onun dediyinə görə, Baş Prokurorluq hələ də notariusun İlqar Məmmədovun yanına keçməsinə icazə verməyib: "Daha əvvəl bu məsələ ilə əlaqədar Bakı İstintaq Təcridxanasının rəisinə də müraciət etmişdik. Əfsuslar olsun ki, onlar da bizə müsbət cavab vermədilər. Ona görə bir çıxış yolumuz qaldı ki, özümüz İlqar Məmmədovun sənədlərini MSK-ya göndərək”.

Qanunvericiliyə əsasən, ya şəxs özü, ya da səlahiyyətli nümayəndəsi sənədləri MSK-ya təqdim etməlidir. İkinci halda, şəxs səlahiyyətli nümayəndəyə notarial qaydada təsdiq olunmuş etibarnamə verməlidir.

İlqar Məmmədov avqustun 10-da Penitensiar Xidmət rəhbərliyinə müraciət edib ki, qanunvericilikdə ona verilmiş səlahiyyətdən istifadə edib, etibarnaməsini notarial qaydada təsdiqləsin. Ancaq ona belə bir səlahiyyətin olmadığını bildiriblər.

"Halbuki, bizim vəkil Xalid Bağırov bir müddət əvvəl başqa bir məhbus üçün belə bir sənəd almışdı”, - deyə Azər Qasımlı qeyd edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov isə bir müddət əvvəl bildirmişdi ki, müxtəlif məsələlərin baxılma müddəti iki həftə, ya da bir aya qədərdir. O müddətdə rəsmi müraciətlərə rəsmi də cavab verilir.

İmzatoplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfindən qeydə alınaraq, sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.

Azər Qasımlı düşünür ki, İlqar Məmmədovu seçkiyə buraxsalar, imza toplamağa çox az vaxtı qalacaq və ola bilsin, hakimiyyətin məqsədlərindən də biri budur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA