Nərimanov Bələdiyyəsi MSK-nın təlimatını rədd etdi

img

17-08-2013 [01:04]



Nərimanov rayon bələdiyyəsi avqustun 12-də yaradılan Milli Şuranın Təşəbbüs Qrupunun yığıncağının protokoluna möhür vurmaqdan imtina edir. 

Milli Şuranın Təşəbbüs Qrupunun nümayəndəsi Elman Məmmədzadənin verdiyi məlumata görə, avqustun 12-də Təşəbbüs Qrupunun iclasından öncə Nərimanov rayon bələdiyyəsinə bu barədə məlumat verilsə də, onların təmsilçiləri toplantıya qatılmayıblar. Halbuki MSK-nın təlimatına görə, prezidentliyə namizədin irəli sürüldüyü Təşəbbus Qrupunun iclasının protokolu toplantının keçirildiyi rayonun yerli bələdiyyəsinin möhürü ilə təsdiqlənməlidir.

Dünən bütün sənədlər hazırlandıqdan sonra Milli Şuranın Təşəbbüs Qrupunun nümayəndəsi və eyni zamanda yığıncağın sədri Elman Məmmədzadə, iclasın katibi Həsən Həsənli, Təşəbbüs Qrupunun üzvü Faiq Rzayev yenidən Nərimov bələdiyyəsinə müraciət edərək iclasın protokoluna möhür vurulmasını istəyiblər. Amma Nərimanov bələdiyyəsinin rəhbərliyi iclasın protokoluna möhür vurmaqdan imtina edib. Nərimanov bələdiyyəsi bundan başqa Təşəbbüs Qrupunun nümayəndəsi E.Məmmədzadənin iclasın protokoluna möhür vurmasının qanununun tələbi olduğu ilə bağlı yazılı müraciətini də qəbul etməyib.

Təşəbbüs Qrupu bələdiyyəyə ünavanladığı müraciətdə bildirib ki, Təşəbbüs Qrupunun iclasının protokolunun möhürlənməsi qanunun tələbidir. Nərimanov bələdiyyəsi Təşəbbüs Qrupunun müraciətini qəbul etməməsinin səbəbi kimi isə bələdiyyə sədri Təmraz Tağıyevin iş yerində olmamasını göstərib. Onunla əlaqə saxlandığı zaman isə T.Tağıyev bildirib ki, o, oktyabrın 15-nə qədər məzuniyyətdədir və bələdiyyənin də möhrü onun üstündədir. Bu səbəbdən Təşəbbüs Qrupunun müraciəti bələdiyyə tərəfindən qəbul olunmayıb.

E.Məmmədzadənin sözlərinə görə, uzun mübahisədən sonra bələdiyyənin nümayəndələrindən biri Təşəbbüs Qrupunun müraciəti yazılmış kağızları oxumadan cıraraq, onu zibil qutusuna atıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA