"Söz azadlığı: sözümüzü necə ifadə edirik?"

img

03-06-2019 [22:36]


Mayın 31-də «Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı «Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması» layihəsi çərçivəsində Yevlax rayonunun Heydər Əliyev sarayında «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda «dəyirmi masa» keçirilib. 

Mia.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan «Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələri barədə məlumat verib.

 Ə.Rüstəmov bildirib ki, 2019-cu ilin may ayının 1-dən avqust ayının 1-dək davam edəcək «Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması» layihəsindən məqsəd məqsəd müxtəlif vətəndaş qruplarını söz, fikir və ifadə azadlığının, plüralizmin mahiyəti barədə məlumatlandırmaqdan, onların söz azadlığının ifadə meydanı sayılan media vasitələri ilə qarşılıqlı təmaslarının həm KİV prinsipləri, həm də ictimai maraqlar baxımından uzlaşdırılmasına dəstək göstərməkdən ibarətdir. Yevlaxda keçirilən «dəyirmi masa»nın layihə çərçivəsindəki ilk tədbir olduğunu vurğulayan Ə.Rüstəmov əlavə edib ki, bu mövzudakı daha iki toplantı Quba və Astara rayonlarında təşkil olunacaq. 

Təşkilat sədri onu da bildirib ki, Azərbaycanda bəşəri dəyərlər sayılan söz və ifadə azadlığının təmin olunmasının və qorunmasının ciddi hüquqi əsasları var.

«Öncə onu qeyd etməliyik ki, söz və ifadə azadlığı konstitusiyamızda əksini tapıb. Bütün digər qanunların çıxış nöqtəsi məhz ana qanunumuzdur. Əlbəttə, qanunlarımızın tələblərinin yerinə yetirilməsi hər birimizin borcudur. Ancaq söz və ifadə azadlığı kifayət qədər geniş əhatəyə malik dəyərdir. Dünyada baş verən prosesləri izləyirik. Bəzən elə olur ki, bu dəyərlərlən sui-istifadə motivlərinə rast gəlirik. Bu mənfi tendensiya Azərbaycan üçün də xarakterikdir. Sosial şəbəkələrin, internet informasiya resurslarının sürətlə inkişaf etdiyi ölkəmizdə mövcud müstəvidə xoşagəlməz hallar da nəzərə çarpmaqdadır. Bəzən elə olur ki, sözü azad şəkildə ifadə etmək imkanı kimlər tərəfindənsə kimlərinsə hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Təbii, buna qarşı hüquqi tədbirlər də nəzərdə tutulub. Amma hesab edirik ki, cəmiyyəti bu baxımdan məlumatlandırmaq hüquqi cəza tədbirlərinə alternativ kimi seçilməlidir. Azərbaycan dövləti də bu düşüncədədir və buna görədir ki, mövzunu ictimai müzakirələrlə diqqətdə saxlamağı zəruri sayır. Layihəmiz də həmin zərurətin ödənməsindən irəli gələn təşəbbüsdür», deyə Ə.Rüstəmov fikrinə aydınlıq gətirib. 

Layihənin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə söz və ifadə azadlığı kontekstində diqqət çəkməkdə olan müxtəlif meyllər barədə geniş məruzə edib. 

S.Verdizadə bildirib ki, Azərbaycan cəmiyyətində bu bəşəri dəyərlərə etinasızlıq hallarının 3 təzahür forması mövcuddur. 

"İlk olaraq məsələ ümumi təfəkkür səviyyəsi ilə bağlıdır. Görünür, söz və ifadə azadlığını mütləq dəyər kimi qəbul etməyimiz üçün müəyyən zamana ehtiyacımız var. İkinci vurğulanmalı məqam bu sahədəki qanunvericilikdən məlumatsızlıqdır. Ancaq qanunu bilməmək məsuliyyətdən azad etmir. Daha bir məqam isə söz və ifadə azadlığından siyasi məqsədlərin reallaşdırılmasına yönələn spekulyasiyalardır. Hesab edirəm ki, bu, kifayət qədər ciddi məsələdir. Diqqət yetirək, Azərbaycanda çoxlu sayda kütləvi informasiya vasitəsi var. Rəsmi məlumatlara görə, onların sayı 5200-ü keçib. Bununla yanaşı, çoxlu sayda internet informasiya saytları fəaliyyətdədir. Ölkə əhalisinin 1,5 milyondan çoxu sosial şəbəkə istifadəçidir. Belə bir durumun mövcudluğu söz və ifadə azadlığı baxımından olduqca müsbət haldır. Deməli, hər kəs vətəndaş jurnalistikasının təmsilçisi ola bilər. Bu isə imkan verir ki, vətəndaşlar dövlət idarəçiliyində aktiv iştirak etsinlər. Nəzərə alaq ki, dövlət də öz vəzifəsini cəmiyyətdən aldığı informasiyalara əsasən reallaşdırır. Deməli sual yaranır: cəmiyyətdən gələn informasiyalar nə dərəcədə doğrudur? Yaxud cəmiyyətə informasiya necə ötürülür? Necə olur ki, cəmiyyət informasiya ilə yönləndirilir? Hesab edirəm ki, bu kimi məqamlar hər zaman diqqətdə saxlanılmalıdır. Layihənin əhəmiyyətini bu baxımdan yüksək qiymətləndirirəm», - deyən S.Verdizadə çıxışında söz və ifadə azadlığı ilə bağlı bir sıra praktik situasiyaların da təhlilini verib. 

Qarşılıqlı müzakirələr şəraitində keçmiş tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.  



Digər xəbərlər
SON XƏBƏRLƏR