Cavid İsmayıl,
Tarix üzrə fəlsəfə doktoru
Hər şey yanvarın 15-də başladı. Səhər açılar-açılmaz saytlarda xəbər yayıldı ki, gecə Bakının Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin banisi və ideoloqu Məhəmməd Əmin Rəsulzadənin doğulub boya-başa çatdığı və hazırda körpələr evi kimi istifadə olunan evin divarına vurulmuş barelyef oğurlanıb.
Hadisədən ilk xəbər tutan qonşular olub, bu barədə polisə də onlar məlumat verib. Oğurlanan barelyefin üzərində isə bunlar yazılmışdı: "Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının yaradıcısı Məmmədəmin Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də bu evdə doğulub”.
Barelyefdəki "Ə” səslərinin üzərində nöqtə olan "E” kimi yazılmasından anlaşılan bu idi ki, bu lövhə 1992-93-cü illərdə, Xalq Cəbhəsi hakimiyyəti zamanında qoyulub. Yəni Azərbaycan prezidenti Heydər Əliyevin latın qrafikalı əlifbaya keçid haqqında 9 avqust 2001-ci il tarixli fərmanından sonra da bu barelyefi dəyişdirmək Abşeron Rayon İcra Hakimiyyəti başçılarının ağlına 18 il ərzində gəlməyib.
Barelyef oğurlandıqdan bir gün sonra Daxili İşlər Nazirliyi açıqlama yaydı ki, oğrular tutulub: "Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək, uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq, paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrindən aşkar olunaraq, maddi sübut kimi götürülüb”.
Bu hadisədə ilk olaraq diqqətçəkən məqam nə oğruların, nə də metal qəbuletmə məntəqəsində işləyənlərin ya barelyefin üzərində yazılanları oxumaması, ya da oxuyub da Rəsulzadənin kimliyini bilməməsi idi. Yəni cəmiyyət bu tiplərin savadsızlığının miqyasından şoka düşmüşdü. Amma sən demə, şoka düşüləsi hadisələr hələ qarşıda idi.
Yanvarın 24-də Novxanı qəsəbə icra nümayəndəliyi Rəsulzadənin yeni barelyefinin doğulduğu evin divarına vurulması haqqında açıqlama yaydı. Barelyefdə bu sözlər yazılmışdı: "Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur”.
Bu barelyef ictimaiyyət arasında haqlı narazılıq doğurdu. Çünki tariximizdə nə Azərbaycan Dövlət Cümhuriyyəti adlı dövlət, nə də Milli Müsavat Partiyası adlı siyasi təşkilat olub. Böyük öndərin adı ilə bağlı "Məmmədəmin”, yoxsa "Məhəmməd Əmin” mübahisələrini də kənara qoymaq olmaz. Şəxsən mən "Məhəmməd Əmin” variantının tərəfdarıyam. Burada iki məqam nəzərə alınmalıdır. Əvvəla, Rəsulzadənin atası Axund Hacı Molla Ələkbər dövrünün tanınmış din xadimi olduğundan, yəqin ki, oğlunu İslam Peyğəmbərinin şərəfinə belə adlandırıb. Bildiyimiz kimi, hələ ticarətlə məşğul olduğu dövrdə Məhəmməd peyğəmbər öz dürüstlüyünə görə "Əmin” təxəllüsü qazanmışdı. İkincisi, Azərbaycanda "Məmməd” adının populyarlaşması sirr deyil ki, sovet işğalından sonra baş verib.
Mətləbdən çox da uzaqlaşmayaq. İkinci barelyef ciddi narazılıq doğurduğundan, Abşeron və Novxanı başbilənləri bu gün onu yenisi ilə əvəzləyiblər. Bu dəfə özlərinə çox əziyyət verməyiblər:"Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur”.
Necə deyərlər, üzrü qələtindən betər. Bu olay maraqlı bir hadisəni də xatırlatdı. Azərbaycanda "Ç” səsini "K” kimi, "C” səsini "G” kimi tələffüz edən üç kənd və bir rayon var. Bir gün rəhmətlik professor Əliyar Səfərli Bakı Dövlət Universitetində bu bölgələrin birindən olan tələbədən imtahan götürür. Görür ki, heç nə bilmir, deyir "cücə” sözünü düzgün yaz, imtahandan kəsməyim səni. Tələbə kağıza nəsə yazıb Əliyar müəllimə uzadır, o da baxıb görür ki, kağızda "cücə” əvəzinə "toyuq balası” yazılıb. Professor təəccüblənir ki, axı mən sənin "cücə” yazmağını istədim. Tələbə isə cavab verir ki, müəllim, "cücə” yazsaydım, iki səhvim olacaqdı.
Deyəsən, bu barelyefi hazırlayanlar da səhvə yol vermək istəməyən tələbə kimi düşünüblər. Belə barelyef olmur, əziz qardaşlar! İnanmırsınızsa, "İçərişəhər” metrosundan çıxıb, yeraltı keçidlə yolun qarşı tərəfinə keçin və oradan üzüaşağı, Fəvvarələr meydanına tərəf gedin. Küçə boyu yolun sol tərəfindəki binaların üzərində Əliheydər Qarayevdən tutmuş Dadaş Bünyadzadəyə qədər bolşevik inqilabçılarının barelyeflərini oxuyun. O barelyefin vurulduğu körpələr evində təhsil alan uşaqlar və ya qarşısından keçən ibtidai sinif şagirdləri valideynlərindən niyə soruşmalıdırlar ki, Məhəmməd Əmin Rəsulzadə kim olub, neçənci illərdə yaşayıb? Bu sualla qarşılaşan valideynlərin hamısının barelyefi oğurlayan və onu qəbul edən "metallom”dan daha savadlı olacağına kim zəmanət verir?
Barelyef hansısa qəsəbə icra nümayəndəliyinin və ya bələdiyyənin öz bilik səviyyəsi ilə hazırlatdıracağı bir lövhə deyil. Hamımız Azərbaycanda yaşadığımızdan, qəsəbə icra nümayəndələri ilə bələdiyyə sədrlərinin savad səviyyəsini də bilirik. Nisbətən savadlı adamlar bəllidir ki, rayon icra hakimiyyətlərində çalışırlar. Onlar da Rəsulzadənin kim olduğunu bilmirlərsə, zəhmət çəkib Prezident Administrasiyasına və ya AMEA-nın Tarix İnstitutuna müraciət etsinlər. Gülüş hədəfi olmaqmı onlara xoş gəlir, yoxsa cəmiyyətin əsəbləri ilə oynamaqmı? Bu ölkədə düzəlməsi mümkün olan, amma düzəlməyən hər kiçik məsələni niyə prezident şəxsi nəzarəti altına almalıdır ki?
Bu həftə – yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür. Təəssüf ki, bu yubileyin dövlət səviyyəsində keçirilməsi barədə hələ də rəsmi qərarlar açıqlanmayıb. Bəlkə də bu mənada barelyef oğrularına "təşəkkür” düşür ki, Rəsulzadəni yenidən ictimai diqqətin mərkəzinə gətirməyi bacardılar.
Amma zarafat bir yana, durum doğrudan da gülməli deyil, faciəlidir. Dilimizin və milliyyətimizin adı ilə bağlı fikir ayrılıqları (Türk yoxsa Azərbaycan dili, türk yoxsa azərbaycanlı) azmış kimi, indi də Rəsulzadənin və onun yaratdığı dövlətin adları ilə bağlı dilemmalar yaradılır. Bizə yoxdan bir dövlət yaradan, Azərbaycanın istiqlalı uğrunda ailə üzvlərini belə qurban verən bir tarixi şəxsiyyətin doğulduğu ev çoxdan muzeyə çevrilməli ikən, hələ də körpələr evi kimi fəaliyyət göstərir, Bakının mərkəzində adını daşıyan küçə əslində bir siqaretin ömrü qədər uzanan kiçik bir dalandır. O küçədə yaşadığı evə də xatirə lövhəsi vurulmayıb, vaxtilə Kukla Teatrı ilə üzbəüz bağda heykəlinin qoyulması nəzərdə tutulan yerdə fəvvarə quraşdırılıb, 1990-cı illərdə Bakı Dövlət Universitetinin həyətində qoyulmuş və üzərində "Burada Məhəmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaq” yazılan qara daş isə üzərinə illərdir yağış yağsa da, göyərmir ki, göyərmir…
Bizi bağışlama, ya Rəsulzadə!