Mərdimazar...

img

17-01-2019 [12:32]


Seymur Verdizadə 

***

Biz onlarla metronun "20 Yanvar” stansiyasının yaxınlığında gediş-gəlişin gur olduğu Tbilisi prospektində görüşdük. Məndən Milli Onkologiya Mərkəzinə necə gedə biləcəklərini soruşdular. Ünvanı dəqiq izah edib sağollaşmaq istəyəndə, qolumdan tutdu: "A bala, sən jurnalistsən?”

Başımla onun sözlərini təsdiq etdim. Bir andaca sifəti işıqlandı: "Səsindən tanıdım...”

Minnətdarlıq əlaməti olaraq, yüngülcə baş əyib uzaqlaşmaq istəyəndə, sözünün davamını gətirdi: "Mənim qonşumdan nə vaxt yazacaqsan?”

Yanındakı gənc xanım onu dümsüklədi: "Ana, bu söhbətin yeri deyil”.

Qızın üzünə bozardı: "Sən qarışma!”

Sonra mənə tərəf çevrilib, eyni sualı ikinci dəfə təkrarladı. Etika xatirinə belə dedim: "Axı mən sizin qonşunuzu tanımıram...”

Qaş-qabağını sallayıb, belə cavab verdi: "Onu tanımasan yaxşıdır. Bizim kənddə özü kimi ikinci mərdimazar adam yoxdur”.

Dedi-qoduya, qeybətə heç vaxt həvəs göstərmədiyim üçün aradan çıxmaq istəyirdim. Amma arvad yaxamı buraxmaq niyyətində deyildi: "Ay oğul, biz kənd adamayıq. Mal-qara, toyuq-cücə saxlayıb, birtəhər dolanırıq. Həyətdə yüzə yaxın toyuq saxlayırdım. Hamısı yumurtlayır, bala çıxarırdı. Yumurtaların yarısını Bakıda yaşayan uşaqlarıma göndərir, yarısını da kənddəki əlsiz-ayaqsız adamlara paylayırdım. Gözüçıxmış qonşum toyuqların canına azar saldı, bir gecədə hamısı qırıldı”.

Əməlli-başlı işə düşmüşdüm. İndi mən nə etməliydim? Arvada xoş görünmək üçün tanımadığım adamın babalını boynuma götürməliydim, yoxsa aradan çıxmalıydım? Qadın qızının göz-qaş etməyinə məhəl qoymayıb, söhbətinə qaldığı yerdən davam elədi: "A köpəyin qızı, mənim toyuqlarımın ayağı sənin gözünə girirdi? Səni görüm, o toyuqlar kimi murdar olasan!”

Söhbət əsnasında məlum oldu ki, qonşu özünün xəstə cücəsini bunların həyətinə ötürüb və bir gecədə toyuqların hamısı tələf olub.

Space TV-də efirə gedən "Gəl dərdini danış” verilişinə ötən həftə bir kişi təşrif buyurmuşdu. O da qonşusundan şikayətçi idi. Dediyinə görə, qonşusu onun təndirini sökdürüb. Ağsaqqalın əlində təndirin sökülməsinə dair məhkəmə qərarı vardı. Belə ki, qonşu təndirin onların yolunu kəsdiyini əsas gətirərək, məhkəməyə müraciət edib. Məhkəmə də dərhal iddianı təmin edib. Çəkiliş zamanı şikayətçidən evinə getmək üçün qonşusunun başqa yolunun olub-olmadığını soruşdum. Cavabı belə oldu: "Evin dörd bir tərəfi açıqdır”.

Bu dəfə digər ekspert dilləndi: "Qonşunun sənin təndirini sökdürməkdə məqsədi nədir?”

Kişinin cavabı belə oldu: "Gündə 10-15 çörək satıb, üç-dörd manat pul qazanıram. Bunu gözü götürmür”.

Belə adamlara el arasında mərdimazar deyirlər. Təəssüf ki, onların sayı getdikcə artır. Qonşunun yüz toyuğunun olmasının sənə nə ziyanı var? Nə qədər pis adam olsa belə, bir dəfə də sənin uşağına iki yumurta verəcək. Verməsə belə, yenə gözü özündə olacaq, yumurta üçün qapını döyməyəcək.

Qonşusunun təndirini sökdürən adamı isə heç cür anlaya bilmirəm. Axı bu adam narkotik maddə deyil, çörək satır. Bir tikə çörəyə isə hamının ehtiyacı var.

Yalnız paxıl adamlar belə mərdimazarlıq edə bilərlər. Paxıllıq isə pis xəstəlikdir, qurd kimi adamı içəridən yeyir. Allahın bəxş etdiyi gözəl vücudunuzu qurd-quşa yem etməyin...

Moderator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR