Sizə məktub var, polkovnik!

img

28-12-2018 [13:17]


İbrahim RÜSTƏMLİ,
polkovnik-leytenant

***


Bu məktub Sizə keçmişdən göndərilib. Xəstəliyin əldən saldığı gənc bir zabitdən. Onun dayandığı yerdə hər tərəf qaranlıqdır, göz-gözü görmür. Günəşli gündüzlər də zülmət gecələr kimi yaşanır...

Burada dünyanın ən böyük əzabı gələcək haqqında düşünməkdir. Ümidlərin dili tutulub. Ətrafın inadkar sükutu qulaq batırır. Yollar yumağa dönüb. Hara gedirsənsə, ancaq özünə çırpılırsan, ancaq özünə qayıdırsan. Və bu dəhşətli qayıdışın hər anında insan ruhunu didib-parçalayan amansız bir nida dayanıb: əgər qəfildən qarşına iynə sədəfi boyda işıq zərrəsi çıxsa, gözlərin biryolluq kor olar...

Burada – dünyanın ünyetməz, əlçatmaz ucqarlarında hər tərəf məzar sükutuna qərq olub, hər şey ölümü xatırladır. Həyatın nəbzi vurmur. 

Ancaq xəstəliyin əldən saldığı o gənc zabit tarıma çəkilmiş sinirləri, qaranlığa bərəlmiş gözlərilə bir daha və bir daha sonuncu dəfə ayağa qalxmaq, sonuncu dəfə gələcəyə doğru bircə addım atmaq istəyir; cəmi bircə addım, doktor, bircə addım...

Bu addım onun yaddaşını təzələyəcək sonuncu ümid yeridir!

Bu addım onun keçmək istədiyi sonuncu sədd, aşmaq istədiyi sonuncu zirvədir!..

Burada hər şey conuncudur, polkovnik, ümid də, sərhədd də...

Və hər cəhddə ürəyinin göynərtisi, sümüklərinin sızıltısı iliklərinədək işləyir.

Və hər cəhddə ölüm ona bir az daha yaxınlaşır...

Burada – ümidlərinin xarabalıqları altında gənc bir zabit can verir...

Ancaq o, ölümdən qorxmur! Müharibənin od-alovundan keçib. Ölüm onun köhnə tanışıdır. Öz qanı ilə əbədiyyətin rəsmini çəkən nə qədər cəbhə dostları var...

Bəli, o ölümdən qorxmur! Ancaq onu xəstəxana çarpayısında qarşılamağa da hazır deyil! O, öz ölümünü soyuq səngərdə salamlamaq, ömür kitabının son cümləsini cəbhə dostları kimi, öz qanı ilə yazmaq istəyir...

O keçmişdə yaşayır, polkovnik, döyüş meydanlarında, Günəşin, Ayın, Ulduzların rəsmini gözlərinə əbədi hopduran cəbhə dostları ilə bir yerdə. Elə bir yerdə ki, orada hər şey bütövdür, ömür də, ölüm də, Vətən də...

Siz onu son nəfəsində, ölümün vəhşi ehtirasla üstünə şığıdığı anda haqladız, əbədiyyətin astanasında!
Öz yaralı əsgərini kürəyinə alıb döyüş meydanından çıxaran polkovnik!

Bu sizin zorla keçmişin cəngindən qoparıb öz çiyinlərinizdə gələcəyə daşıdığınız ən böyük həqiqətinizdir!

Sizə məktub var, polkovnik!

Sayı-hesabı bilinməyən həqiqətiniz!

Bu həqiqət sizi ordumuzun əsl polkovniki, təbabətimizin generalı kimi obrazlaşdırır!

Bu həqiqət ürəyinizi göynədən yurd nisgilini, kürəyinizə saplanmış xəncər tiyələrini yaxşı tanıyır. Və başa düşür ki, hər dəfə bu nisgilin, bu ağrıların kürəyini yerə vurmağınız, kürəyi yerə vurulmuşları ayağa qaldırmağınız üçündür!

Bu əsgəri rəşadətdir, polkovnik, az qala hər gün eyni ehtirasla təkrarladığınız əsgəri rəşadət!

...Dünən ümidlərin xarabalıqları altında can verən gənc zabit bu gün yenə döyüş səngərindədir! İndi o öz ömrünün hər yeni səhifəsini sizin qəhrəmanınız kimi yaşayır! 

İndi o öz ömrünün hər yeni səhifəsində sizin qəhrəmanlığınızı yaşadır!

Və hər səhər üzünü Günəşə tutub ruhunun pıçıltılarını zərrin şəfəqlərlə bölüşür:

İcazə verin ayağa qalxım, polkovnik, əllərinizi sıxım, fədakarlığınızı əsgəri salamla alqışlayım! 

Və indiyədək yaşanmışların barıt qoxusu verən gerçəkliyini bir cümlə ilə qulağınıza pıçıldayım: altmış ili heç vaxt bu qədər böyük görməmişdim!..

P.S. Bu məktubu minnətdarlıq hissi kimi dəyərləndirməyin; öz həqiqətiniz kimi oxuyun! 
Zərfin üzərində yenidən döyüş meydanlarına qaytardığınız yüzlərlə əsgərin imzası var, doktor, mən sadəcə onlardan biriyəm...

Digər xəbərlər
SON XƏBƏRLƏR