"“Babək” perspektiv strukturunda ilk quyunun 2020-ci ildə qazılması nəzərdə tutulur" - Rövnəq Abdullayev

img

19-09-2018 [14:53]


Xəzərin Azərbaycan sektorunda yerləşən "Babək” perspektiv strukturunda ilk quyunun 2020-ci ildə qazılması nəzərdə tutulur.

Bunu "Neftçilər Günü"nə həsr olunmuş mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

O qeyd edib ki, "Babək" perspektiv strukturunda qazılacaq axtarış quyusunun yeri artıq müəyyənləşdirilib.

R.Abdullayev çıxışında digər strukturlardan da danışaraq bildirib ki, "Şəfəq-Asiman” strukturunda aparılan seysmik kəşfiyyat işləri artıq başa çatdırılıb. Onun sözlərinə görə, nəticələr strukturda qaz yığımına malik böyük bir yatağın olmasını ehtimal etməyə imkan verir. SOCAR-ın prezidenti gələn ilin ikinci yarısında "Şəfəq-Asiman” perspektivli strukturunda ilk kəşfiyyat quyusunun qazılmasının planlaşdırıldığını da bildirib.

O həmçinin əlavə edib ki, daha sonrakı mərhələdə "Zəfər-Məşəl” və "Naxçıvan” strukturlarında da kəşfiyyat işləri aparılacaq: "Bundan başqa, "Babək”, "Şəfəq-Asiman”, "Aypara” kimi perspektivli sahələrdə axtarış qazmasına, "Qarabağ”, "Bulla”, "Ümid”, "Şahdəniz” (alt laylar), "Şahdəniz”in şimal-şərq hissəsi, "Əşrəfi” və "Azəri-Çıraq-Günəşli" (alt laylar) kimi yataqlar kəşfiyyat qazması üçün hazırlanıb. Yeni sahələrlə yanaşı,"Günəşli”, "Bulla-dəniz” və "Ümid” yataqlarında da kəşfiyyat qazması davam etdirilir”. 

Qeyd edək ki, "Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də "Ümid” yatağının və "Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və "Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA