Gələn ildən zadlıq sarayları yeni standartlarla izləyəcək

img

26-12-2012 [11:43]


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 746-2012 "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartını təsdiqləyib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, yeni standartlar gələn il yanvarın 1-dən tətbiq ediləcək. Standartda şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər öz əksini tapıb. Sənədə əsasən sarayda qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı (avanzal), bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır. Qəbul olunmuş normativlərə əsasən vestibül təqribən əsas zalın dörddə biri qədər (orta hesabla 1 nəfər yerə 0,3-0,45 kv.m) sahəni tutmalıdır. Standartda həmçinin şadlıq saraylarının qarderobuna, barına, sanitar qovşaqlarına da ayrı-ayrılıqda tələblər müəyyənləşdirilib. Standartda mərasim zamanı sarayda həkimin olması tövsiyyə olunur. Texniki tələblər sırasında şadlıq sarayının mətbəxinə olan tələblər də əsas yeri tutur. Standarta əsasən sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə 0,40 kv.m təşkil etməlidir. Mətbəxdə arakəsmələrlə, yaxud ayrı otaqlar olmaqla soyuq qəlyanaltıları hazırlamaq üçün ayrıca bölmə, manqal yeməklərinin hazırlanacağı ayrıca yer (havalandırma sistemi güclü olan bölmə) olmalıdır. Ət məhsullarının qəbulu, kəsilməsi və hissələrə ayrılması üçün də xüsusi otaq və ya bölmə olmalıdır. Standartda həmçinin yaməklərin hazırlanmasına, qabların yuyulmasına, masa örtükləri və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və qaydalara, xammalların anbarda saxlanmasına da tələblər qeyd edilib. Standarta əsasən, şadlıq sarayının zalında masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın oturacağı ilə ona paralel olan masanın oturacağı arasında olan məsafə 80-100 sm təşkil etməlidir. Masa arxasında hər nəfər üçün 55-60 sm-lik bir bölüm ayrılır, lakin xidmət lüks səviyyəsində verilirsə, məsafə 75 sm-lik bölümü əhatə etməlidir. Masaların forması - kvadrat, düzbucaqlı və dairəvi olur. Fransız üslubda xidmət üçün dairəvi masalardan, ingilis üslubda xidmət üçün düzbucaqlı və kvadrat masalardan istifadə edilir. Sənəddə istifadə olunan masaların ölçüləri də qeyd edilib. "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartında rəqs meydançalarına, işıqlandırma sisteminə, döşəməyə, salonun səhnəsinə tələblər də müəyyənləşdirilib. Standarta əsasən səsucaldan elə köklənməlidir ki, metallik və aydın olmayan səslər salondakılara mane olmasın və salondakı səs 85 dB(A)-dən yüksək olmamalıdır. Standartda xidmət göstərən heyətə də ciddi tələblər müəyyənləşdirilmişdir. Belə ki, standarta əsasən mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərin olmadığı haqqında arayış təqdim etməlidirlər. Sarayda çalışan adinistrator, süfrəçi, barmen, somelye, aşbazlar işlədikləri sahə üzrə təhsilli olmalıdır. Standartda personal üçün ayrı-ayrılıqda tələblər və məhdudiyyətlər də göstərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA