08-02-2012 [03:02]
Fərəc Quliyev hər zaman Azərbaycan siyasətində ciddi fiqur kimi görünən simalardan olub. Xalq hərakatının aparıcı simalarından, AXC-nin təsisçilərindən və AXC Naxçıvan şöbəsinin yaradıcılarından biri olan Fərəc Quliyev 1988-1993-cü illərdə Azərbaycan siyasətində kifayət qədər tanınmış şəxs idi.
Fərəc Quliyevin siyasi həyatının pik dönəmi də elə bu zaman aralığında diqqəti cəlb edir. 1993-cü ildən sonra Fərəc Quliyev Azərbaycan siyasətində müxtəlif zaman kəsiklərində kiçik ştrixlərdə görünmüşdür. Bu, onun uzun zaman siyasi görüşlərinə görə 1993-2002-cı illərdə həbsdə yatması və həbsdən çıxdıqdan sonra siyasi görüşlərinə görə ciddi maneələrlə qarşılaşması ilə əlaqədardır. Bu barədə bir qədər sonra.
NAXÇIVAN DÖNƏMİ
Xalq hərakatının ilk günlərindən siyasi fəaliyyətə başlayan Fərəc Quliyev 2 il müddətində AXC-nin Naxçıvan Şöbəsinə rəhbərlik edib və 1989-1991-ci illərdə Naxçıvanın erməni hücumlarından müdafiəsinin əsas təşkilatçılarından biri olub. Naxçıvanda özünümüdafiə dəstələri yaradan Fərəc Quliyev ermənilərin Naxçıvanı işğal etməsinin qarşısını alan önəmli işlərə imza atıb ki, bunlardan ən əsaslarından biri Naxçıvan ?Ermənistan? sərhəddində olan Soyuq deyilən yüksəklikdə yerləşən, Azərbaycanın bütöv ərazisinə və Uzaq Şərqə nəzarət etmək gücündə olan hərbi-lakasiya stansiyasını 24 nəfərlə birgə ələ keçirməkdir O dövrdə Naxçıvan Azərbaycanın ən qaynar nöqtələrindən biri idi və burda vəziyyət demək olar ki, idarə olunmaz hala gəlmişdi. Buna baxmayaraq, Fərəc Quliyevin rəhbərliyi altında AXC vəziyyəti nəzarət altına almağı bacardı. Bu, yanvar hadisələri zamanı Naxçıvana rus qoşunlarının girməsini önləyən əsas faktor oldu. 1989-cu il dekabrın 29-31-də SSRİ-İran sərhədlərinin dağıdıldığı zaman Fərəc Quliyev, Nemət Pənahlı və digər radikallardan fərqli-praqmatik mövqe nümayiş etdirirdi. O, sərhədlərin dağıdılmasına qarşı çıxaraq, bu etirazını rus ordu hissələrinin Naxçıvana və ya Bakıya yeridilə biləcəyi ilə əlaqələndirirdi. Sərhədlərin dağıdılmasının ardınca Bakıda 20 yanvar faciəsinin baş verməsi Fərəc Quliyevin prinsipcə haqqlı olduğunu ortaya qoydu. Hakimiyyətin iflic olduğu o günlərdə Fərəc Quliyev fövqəladə vəziyət şəraitində doğu qərarlar verə biləcək bir siyasətçi olduğunu sübut edə bildi. O günlərdə Naxçıvanda rus və erməni birlikləri tərəfindən qırğınların baş verməməsində də Fərəc Quliyev önəmli rol oynamışdır. Rus hərbçiləri ilə danışığa gedən Fərəc Quliyev onları inandıra bilmişdi ki, artıq Naxçıvanda hər şey hakimiyyətin və AXC-nin nəzarəti altındadır, sakitlik təmin olunub və buna görə də Naxçıvanda fövqəladə vəziyyət yaratmaq üçün zərurət yoxdur. 1991-ci ildə Naxçıvandan Ali Sovetə deputat seçilən Fərəc Quliyev Bakıya gəlir.
ELÇİBƏYİN YANINDAKI DƏMİR ADAM
Fərəc Quliyev xalq hərəkatının çoxsaylı Naxçıvan qanadının tanınmış təmsilçiləri içində Elçibəy siyasi kursuna bağlılığı və praqmatik millətçi görüşləri ilə fərqlənirdi. Quliyevin millətçi baxışları İskəndər Həmidovdan və başqalarından fərqli olaraq, populist xarakter daşımırdı. O, Elçibəy komandasında daha çox radikal, eyni zamanda realist siyasətçi kimi nəzərə çarpırdı. Bir çoxları hətta onu Elçibəyin siyasi mirasçısı kimi görürdü. Elçibəy hakimiyyəti dönəmində o, başqalarından fərqli olaraq, ölkədə siyasi çaxnaşmalar yaradan bəyanatlar vermir, özünü qruplaşmalardan kənarda tutur və sözdə deyil, işdə yeni yaranmış Azərbaycan dövlətinin milli maraqlarının müdafiəçisi kimi çıxış edirdi. O, Elçibəyin yanındakı ?dəmir adam? kimi görünürdü. Bəlkə də elə buna görə Elçibəy hakimiyyətə gəldikdən sonra ona hökümətdə yer vermədi. Fərəc Quliyev Elçibəy hakimiyyətə gətirildikdən sonra demək olar ki, başsız qalan və hakimiyyət eyforiyasından çalxalanan, müxtəlif adamların iddialarının at oynatdığı AXC-nin başına gətirildi. O dönəmdə AXC-nin mərkəzi aparatı müxtəlif siyasi görüşlərə sahib olan və liderlik həvəsi ilə əsib-coşan şəxslərdən ibarət idi. Hər kəsin öz marağı vardı və bu maraqların içində milli maraqlar çeynənilirdi. Fərəc Quliyev imkan daxilində təşkilatı toparlamağa, mərkəzi aparatı yenidən formalaşdırmağa və təşkilatın fəaliyyətini mümkün qədər doğru istiqamətə yönləndirməyə nail ola bildi. Doğurdan da, AXC İcraiyyə Komitəsinin sədri olduğu, yəni bu təşkilata rəhbərlik etdiyi bir il müddətində hakimiyyətin ilk aylarında aparıcı funksionerlərin hakimiyyətdə təmsil olmaları ilə bağlı AXC daxilində yaranan anarxiya və ?mənəm-mənəmlik? psixologiyası müəyyən qədər ortadan qaldırıldı. Ordumuz qələbə qazandığı və demək olar ki, Xankəndinin civarlarına qədər gedib çıxdığı bir zamanda Surət Hüseynovun 1992-ci ilin dekabrında öz hərbi birliklərini geri çəkərək, Azərbaycan üçün ağır məğlubiyyət hazırladığını xalq ilk dəfə 1993-cü ilin yanvarında eşitdi. Fərəc Quliyevin rəhbərlik etdiyi AXC İcraiyyə Komitəsi bəyanat yayaraq, Surət Hüseynovu vətənə və xalqa xəyanətdə ittiham etdi. Fərəc Quliyev mətbuatda çıxış edərək Surət Hüsenovu vətən xaini adlandırdı. Surət Hüseynov xarici dəstəklə reallaşdırdığı hərbi çevrilişi uğurla başa vurduqdan sonra Ə. Elçibəy Bakını tərk etmək zorunda qaldı. Bakını tərk etməzdən öncə Elçibəy Fərəc Quliyevi qəbul etdi. Yarım saatdan sonra Elçibəy Fərəc Quliyevlə birlikdə hava limanına doğru hərəkət etdi və Elçibəyin təyyarəsinin hansı istiqamətə uçduğunu yalnız F. Quliyev bildi. Səhərisi gün yalnız günortadan sonra F. Quliyev Elçibəyin doğma kəndi Kələkiyə getdiyini bildirdi. Qısa müddət sonra Fərəc Quliyev mərhum dövlət başçısı H. Əliyevə sui-qəsd hazırlamaq ittihamı ilə həbs olundu.
ÜMİDLƏRİ ÖLƏN ADAM
Fərəc Quliyev həbsxanadan ancaq 2002-ci ildə çıxa bildi. Artıq hər şey dəyişmiş, Azərbaycanda 1992-93-cü il siyasi mühiti tamamilə ortadan qaldırılmışdı. Elçibəy həyatda yoxdu, onun siyasi mirası olan AXCP parçalanmışdı. Bu dönəmdə Fərəc Quliyevin siyasi arenaya qayıtması hələ də ümidlərini öldürməyən bir çox hərakatçı üçün ümid çırağı kimi göründü. Xüsusən də ?Klassiklər?lə ?Yurd?çular arasında çəkişmələrdən bezən rayon şöbələrinin sıravi üzvləri Fərəc Quliyevin həbsdən azad olunmasına böyük ümidlə baxırdılar. Güman edirdilər ki, Fərəc Quliyev təşkilatı yenidən birləşdirə biləcək və AXC-nin keçmiş qüdrətini qaytara biləcək yeganə siyasi fiqurdur. Həbsxanadan çıxar-çıxmaz Fərəc Quliyev aktiv siyasi fəaliyyətə qayıdacağını bəyan elədi. İlk öncə Naxçıvana yollandı. Naxçıvan özünün keçmiş ?kumir?ini Milli Qəhrəman və ?triumfatr? kimi qarşıladı. Naxçıvandan Ordubada qədər yol boyunca xalq Fərəc Quliyevi qarşılamağa çıxdı. Ayağının altında qurbanlar kəsildi. Faktiki olaraq, Naxçıvanın kasıb əhalisi Fərəc Quliyevin dönüşünü özünün bayram günü kimi qeyd elədi. Yenidən Bakıya qayıdan Fərəc Quliyev AXCP-ni birləşdirmək üçün qollarını çırmadı. AXCP-nin hər iki qanadının rayon təşkilatlarına öz emissarlarını yolladı və təşkilatı birləşdirmək üçün qurultaya hazırlıq işlərinə başladı. Lakin birləşmə ideyası AXCP-nin ?Yurd? və ?Klassik? qanadlarında heç də isti qarşılanmadı. Əli Kərimli və Mirmahmud Mirəlioğlu açıq şəkildə Fərəc Quliyevi hakimiyyətin adamı olduğunu və onun əsas məqsədinin AXCP-ni hakimiyət şinelinin altına soxmaq olduğunu bəyan elədilər. Buna baxmayaraq, Fərəc Quliyev hər iki qanadı bir daha birləşdirmək cəhdini davam etdirdi. Birləşdirici qurultaya hazırlıq işləri sona çatdırıldı və qurultayın vaxtı və yeri təyin olundu. AXCP-nin ?Yurd? və ?Klassik? qanadlarında heç də isti qarşılanmayan birləşmə, Əli Kərimli və Mirmahmud Mirəlioğlu tərəfindən pozuldu. Bəziləri özlərinin törətdiklərini gizlətmək məqsədi ilə Fərəc Quliyevə irad tuturlar: 1)?AXC-ni birləşdirə bilmədi? Amma bilmək istəmirlər ki, axı AXC-ni niyə böldülər, kimlər böldü? və bölünmə lazım idisə niyə birləşmə ideyası ortaya atıldı? Biz bu proseslərin içindəki adamlar kimi bildiririk ki, AXC-ni yazdığınız kimi Fərəc Quliyev həbsdə olanda böldülər. Eləcə də birləşmə ideyası da F.Quliyev həbsdə olanda ortaya atıldı. F.Quliyev proses yaratmadı, prosesə qoşuldu. Tərəflər birləşməyə isti yanaşmadı, son anda məlum oldu ki, tərəflər birləşmək istəmir. Onda F.Quliyev də daxil olmaqla AXC təşəbbüs qrupu mətbuat konfransı keçirdi və birləşdirici qurltay qeyri-müəyyən vaxta qədər, yəni tərəfləri birləşməyə razı salana qədər təxirə salmağı təklif etdi və bütün rayonlara da bu qurultayda birləşmənin mümkün olmadığını bildirib iştirak etməmələrini və F. Quliyevin də iştirak etməyəcəyini bildirdi. Qurultaydan bir gün əvvəl keçirilən mətbuat konfransında təşkilat komitəsinin qərarı qurultay nümayəndələri içində şok yaşatdı. Fərəc Quliyevin bu cəhdinin boşa çıxması artıq hərəkatçılara, AXCP-nin əvvəlki gücünün və nüfuzunun qayıdacağına ümid bəsləyən hər kəsdə ümidsizliyi daha da dərinləşdirdi. Fərəc Quliyev AXCP-nin ?Yurd? və ?Klassik? qanadlarının bu xəyanətə nəyin sürüklədiyinə açıqlıq gətirmədi. Ancaq fakt ortalıqda idi. Mənəm-mənəmlik və müxtəlif ?kənar qüvvələrin? əlində alət olmaqla gəlir qazanmaq, qrantlar almaq sevdasında olanlar, gündə bir ?köynək? dəyişməyə aludə olanlar bu gün xalqın dəstəyini itirdiklərindən ancaq ?xaricə şikayət etməklə? məşğuldular. Onlar, döyüşə girmədən əsgərlərini və zabit heyətini atıb qaçan sərkərdə kimi hərəkət etdilər və bu hərəkəti ilə əslində, AXCP-ni və hərakatçıları siyasi ölümə məhkum etdilər. Onlar, həmçinin bu xəyanətləri ilə bir siyasətçi kimi intihar etmiş oldular.
YENİ MİLLİ DİRŞƏLİŞİ YARADAN ADAM
Hər şey özü-özündən aydındı. Şanlı keçmişə sahib olan Fərəc Quliyev millətin gələcəyini yönləndirəcək bir hərəkat qurmağa başladı. 2005-ci ildə Milli Dirçəliş Hərəkatını yaradaraq sədri seçildi. Elə həmin il keçirilən parlament seçkilərində iştirak etmək üçün ciddi hazırlıqlara başladı. Başları artıq hakimiyyətin qoltuğu altından görününən ?hərəkatçılar? ciddi cəhdlə və müxtəlif ?əlaqələrilə? F. Quliyevin namizədliyinin qeydə alınmasının qarşısını ala bildilər. Bir qədər keçdikdən sonra Fərəc Quliyevin ?məhkumluğu? yenidən qaldırıldı və seçkiyə buraxılmadı. Bütün bunlara dirəniş göstərdi və paralel olaraq siyasi fəaliyyətini davam etdirdi. Onun yaratdığı Milli Dirçəliş Hərəkatı müxalifət və iqtidar düşərgəsində qısqanclıq və qorxu ilə qarşılaşdığından Azərbaycanda belə bir təşkilatın olduğunu bilməməzlikdən gələnlər yanıldılar, çünki MDH-nin üzv və tərəfdarları getdiyi haqq yolunda onu dəstəklədilər və Fərəc Quliyev 7 noyabr 2010 il parlament seçkilərində ?Yurd? sədri Əli Kərimliyə qalib gələrək millət vəkili seçildi. Fərəc Quliyev parlamentə seçilməsi ilə əlaqədar yenidən gündəmə gəldi. Yəqin ki, xaricin göstərişi ilə addımlayan ənənəvi müxalifətdən qurtulmağı planlayan hakimiyyət Fərəc Quliyevin siyasi səhnəyə gəlməsindən keçmişdə ona qarşı radikal müxalifətdə olan bir şəxslə parlamentdə həqiqi müxalifətin yaranmasına imkan verdi. Fərəc Quliyevlə parlamentdə milləti təmsil edəcək müxalifətə həm millətin və həm də iqtidarın ehtiyacı var. Fərəc Quliyev DAVAM dedi. Fərəc Quliyevin MİSSİYASI Bütöv Azərbaycan mərkəzli türk dünyasının dayanışmasıdır.
Tahir Seyidov