Vətəndə vətənsizlər - 25 il

img

23-08-2018 [13:26]


Zaur ƏHMƏD

Yay fəslindən xoşum gəlmir. Bakının, Abşeronun bürkülü havası yayı dözülməz edir. Amma illərdir məni yaydan küsdürən başqa səbəb var.

Hər il iyul-avqust aylarında tanıdığım insanların əksəriyyəti məzuniyyətə çıxır. Əksəriyyət istirahət üçün dədə-baba yurduna - doğma kəndinə üz tutur. Hətta isti havası ilə seçilən Kürdəmir olsa belə, adamlar doğma kəndlərinə getməyə can atırlar. Amma mən…

Düz, 25 ildir ki, "Kəndə gedəcəyəm”,- deyə bilmirəm. Halbuki uşaq vaxtı məktəbin bağlanmasını - 25 Mayı iplə çəkirdim ki, tətil başlayanda kənddə olacağam. O vaxt məktəb bağlanan kimi atam məni hansısa qohumumuzla kəndə yola salardı. Kəndə çatana kimi o qədər xəyal qururdum ki… Babamı, nənəmi belə qucaqlayacam, eşşəyi belə minəcəm, «taxtapuç»da samanlıqda yumurtlayan toyuğun arxasınca düşəcəm, ağacların başına çıxıb «Buralar mənimdir»,- deyib, heç kimi yaxına buraxmayacam… O vaxtlar xəyallarım reallaşırdı. Çünki xəyallarımla kəndimiz arasındakı yolu 5-6 saatlıq zaman ayrırdı. Zaman tez keçib gedirdi və mən xəyallarıma qovuşurdum…

Artıq xəyallarımla kəndimiz arasındakı məsafə 25 ildir ki, uzanır. Neçə vaxtdır xəyal-filan da qurmuram. Çünki o xəyallar o qədər qırıqlığa uğrayıb ki, onları araya gətirib xəyal eləmək olmur.

Köçkün həyatı yaşayanlar Vətəndə vətənsizliyin nə demək olduğunu yaxşı bilərlər. Mən köçkün olmasam da, illərdir tətilimi öz doğma kəndimdə keçirməkdən məhrum olmuşam. Odur ki, mən də özümü Vətəndə Vətən həsrəti çəkənlərdən sayıram.

Yaxşı ki, Cəbrayıla getdiyim son illəri xatırlayıram. Çox vaxt Cəbrayıldan danışanda mənə gülürlər. Deyirlər ki, "A bala, sən Cəbrayılı harda görmüsən?” (Əminəm ki, baş redaktorumuz Afiq Mirzəbəyli də bu cümlələri oxuyanda gülümsəyərək, eyni sualı verəcək - Z.Ə.)

Müşahidə qabiliyyətim uşaqlıqdan yaxşıdır. Gəzdiym hər yer yaddaşıma həkk olub. Bəlkə də Tanrı nə vaxtsa Vətəndə vətənsiz olacağım üçün o yerləri yaddaşıma yaxşıca həkk edib.

Axırıncı dəfə10 yaşımda Cəbrayılda olmuşam. Kəndimizin hər yerinə bələdəm. Kimin evi hardadır, kimin bağındakı hansı meyvə daha dadlıdır, kimin qoyun-quzusu hardan gəlib keçir - diqqət elədiyim üçün hamısını əzbər bilirdim. Ona görə də həmyaşıd olduğum qohumlarım kənd xatirələrini mənim kimi detallı danışa bilmirlər…

1993-cü ilin avqust ayı idi. Dəqiq tarixi xatırlamıram. Ayın 10-15-i arası olardı. Artıq camaat yavaş-yavaş yır-yığış edirdi. Babam mal-qara üçün təzə çatı (Biz tərəflərdə kəndirə çatı deyirdilər - Z.Ə.) toxuyurdu. O gün babam çox hüznlü idi. Sanki kişi başlarına gələcəkləri duymuşdu. Düzdür, kəndin kişiləri «Ə, erməni qələt edir bu tərəflərə hərlənir», - deyirdilər, amma o sözdən sonra hamısının çöhrəsinə hüzn çökər və susub fikrə gedərdilər.

Həmin hüznlü axşamlardan biri idi. Məni şəhərə qaytarmaq üçün kəndə gələn anam və bacımla bizi yola saldılar. Biz Cəbrayılın Mahmudlu stansiyasından çıxan axırıncı qatarla doğma rayonumuzu tərk etdik. Həmin qatarın səsi indi də qulaqlarımdadır. O qatar bir daha geri qayıtmadı, elə biz də. O gündən bəri mən və mənim kimi bir milyondan çox adam Vətəndə vətənsizdir. Hər yay ölkəmizin müxtəlif səfalı bölgələrinə getsəm də, nəsə ürəyimə yatmır. Səbəb bəllidir. Böyük Vətənimiz Azərbaycan olsa da, ürəyim Yavru Vətənim Cəbrayılı istəyir…



Digər xəbərlər
SON XƏBƏRLƏR