TANAP-ın ikinci fazasının inşası gələn il tamamlanacaq - Açıqlama

img

06-08-2018 [14:47]


Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ikinci fazasının (Eskişəhərdən Yunanıstan sərhəddinə qədər, Faza-1) inşası 2019-cu ilin iyun ayında tamamlanacaq.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi- "SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, bu hissə üzrə işlərin 85%-i tamamlanıb: "2019-cu ilin iyun ayında boru kəməri Yunanıstan sərhəddinə çatacaq. Sınaq işlərindən sonra 2019-cu ilin sonuna Yunanıstana qaz nəql ediləcək”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın dəyəri 8 mlrd. dollar qiymətləndirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. İlk il illik həcmin 2 mlrd. kubmetr olması planlaşdırılır.

Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində "Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA