Xeyirxah söyüşlər...

img

21-07-2018 [20:52]


Aqşin Yenisey 

****

Hər şey ondan başladı ki, bu yay tətilini yayda hamının qaçdığı, ən azı, qaçmağa cəhd göstərdiyi Bakıda keçirmək qərarına gəldik, daha doğrusu, Bakıdakı dostlarla, qohumlarla. İnsan insanda dincəlir, yerdə qalanlar bəhanədir. 

Bakıdan ötrü, şair demiş, elə bir həsrət yanğısı içindəydik ki, Ankaradan qanadlanan təyyarə Heydər Əliyev hava limanına enən kimi F-16sayağı üstümüzə şığıyan ağcaqanadlara qanımızı halal edib yolüstü kafelərin birinə tələsdik. P

arası çoxdan dünyasını dəyişmiş qaraciyərimə və Ankaradan fərqli olaraq, Bakının samovar parını xatırladan isti və kirli havasına məhəl qoymadan dərhal bir bakal buz kimi NZS pivəsini başıma çəkdim. Şot! 1 manat! Yəni Türkiyə lirəsi ilə 2 lirə. Ankarada belə bir bakala 12-16 lirə xərcləməlisən, yəni bizim pulla 6-8 manat, həm də noxudsuz, balıqsız-zadsız. İlk sevindirici şot verildi və Bakı tətili açıq elan olundu.

Şəhərə çatcaq əsgər yoldaşım və dostum Ruslan mənə Bakcell nömrəsi qoyulmuş bir ayfon telefonu verdi ki, itkin düşməyim, axtaranda tapmaq asan olsun. Bu da ikinci sevindirici əlamət oldu. Dərhal yadımda qalan dostların, qohumların nömrələrini telefonun yaddaşına köçürdüm. Amma səhəri gün həmin telefonu şəhərin bu başından o biri başına sevinə-sevinə 7 manata getdiyim – bu məsafəyə Ankarada taksilər 50-60 lirə alır, bizim pulla 25-30 manat – taksilərin birində itirdim. Əsl həngamə də bundan sonra başladı.

Gecə saat iki, dənizkənarı. Dayıoğluna zəng gəlir, söyüşsüz danışdığı üçün əminəm ki, zəng edən qadındır. Bir-iki kəlmədən sonra bu dəfə, deyəsən, söyüşlər o tərəfdən yağır. Dayıoğlu, sadəcə, "ay bacı”, "ay xanım” deyə bilir. Zəng edən qadın telefonda elə çığırır ki, söyüşlərini bütün masadakılar eşidir. Qadın, təxminən, 40 dəqiqə dayıoğlunu quru yuyub, yaş sərir. Nəhayət, sağollaşırlar. Artıq narahat olmağa başlayan mən:  "Yenə nə pox qaynatmısan?” – ondan soruşuram, - "nə istəyirdi?” 

Dayıoğlu pərt halda cavab verir: "Telefonunu tapıb, ona görə söyürdü”. "Telefonunu tapdığın adamı söymək haçandan çıxıb?” "Nə bilim, söyür ki, sən nə cındır, nə şərəfsiz adamsan ki, bir telefona sahib çıxa bilmirsən”. "Deyərdin ki, bibimoğlumundu da...” "Dedim, səni də söydü ki, elə bibin oğlu da sənin kimi cındırın biridir”. "İndi biz nə etməliyik?” "Heç nə, dedi, narahat olmayın, telefon məndədir, yenə zəng edəcəyəm”.

Demək, əyləncəli bir macəra özü öz ayağı ilə gəlib bizi tapmışdı. Hər bir faciənin içində kiçik, hər gözün görmədiyi bir gülüş var ki, onu ancaq yumor hissinin gücünə kəşf etmək olar. Dayıoğlumdan xahiş etdim ki, qadın yenidən zəng vuranda telefonu mənə versin, mənim itirdiyim, onun tapdığı ayfona görə danışıqları özüm aparım. Və başımız yenidən qarpıza qarışır.

Telefonumu tapan qadın bir də səhərəyaxın, saat 5-6 arası zəng etdi. Bu dəfə "yes” düyməsini özüm basdım. "Niyə gəlib telefonunuzu aparmırsınız, dədənizin nökəri var sizə telefon gəzdirsin?” "Hara gələk, ay xanım?” Qadın Bakıdan 400 km uzaqlıqda yerləşən bir şəhərin adını dedi. "Yox, xanım, ora gələ bilmərik, o telefonu sizə hədiyyə edirəm, qalsın sizdə”. "Ə, sən haranın düdüyüsən, mənə telefon hədiyyə edirsən? Gəlin, poxunuza yiyə durun!”. "Ay bacı, söyüş söyməyin, bayaq da boş yerə dayım oğlunu söyüb batırmısınız?”. "Elə dayın oğlu da sənin kimi cındırın yekəsidir. Deyirəm, telefonunuzu tapmışam, deyir, kimdi danışan? Sənə girib-çıxanı var, kimdi danışan? Gəl, telefonunu apar da. Boyyy, zibilə keçmişəm e...”. "Ay xanım, indi bu boyda yolu telefona görə gələ bilmərik, yaxşı, qalsın sizdə, ordan bir adam taparıq, gəlib götürər”. "Nə şərəfsiz nəsilsiz siz, hardan gəlib mənə urcah oldunuz. Mənim qapımı itə-qurda tanıtma”. "Yaxşı, indi neyniyək?”. "Canına azar elə! Sən nə kişisən ki, bir telefonu üstündə saxlaya bilmirsən?” "Bir qələtdi eləmişəm, bir də eləmərəm”. "Günah məndədir ki, sizin kimi cındırlara yaxşılıq etmək istəyirəm, amma narahat olmayın, telefon məndədir. Dud...Dud...Dud...”

Səhər açılır. Yuxusuz və qaşqabaqlı milli qarson şotu gətirir, 120 manat. Ankarada bu süfrəyə görə üzügülər türk qarsonları 1000 lirə istəyərdilər. Günorta. Bakıda 50 dərəcə isti var. Ərdoğanın korteji keçdiyi üçün yolları bağlayıblar, taksidə öz tərimizdə çimirik. Bu vaxt kənddən zəng gəlir. Dayımdı, soruşur ki, o qadına neynəmisiniz, bayaqdan zəng vurub ölümüzü-dirimizi söyür. Cavab veririk ki, itən telefonumuzu tapıb, qaytarmaq istəyir, fikir vermə. Dayım: "Deyir, narahat olmayın, telefon məndədir”.

Kortej aradan çıxırmış kimi sürətlə keçib gedir. Yollar açılır, xalq dahi rəhbəri alqışlayıb qaza basır. Evə çatıb texnologiya allahlarından biri, kondinsionerin qarşısında diz çökürük, xorla sərinlik duası oxuyuruq. Bu vaxt qardaşım zəng edir: "Bir qadın zəng vurmuşdu, əvvəlcə sizi, sonra da məni söydü, dedi, telefonunuzu tapmışam, narahat olmayın məndədir, sonra telefonu ərinə verdi, əri də dedi ki, narahat olmayın, telefon bizdədir. Amma Bakıya gəlib hamınızı doğrayacağam”. "Fikir vermə, qoy söysün, görək axırı necə olacaq”.

Daha iki gün söyülürük, amma narahat deyilik, bilirik ki, telefon o qadındadır. Birdən nömrəsini itən telefona yazdığım, amma Bakıya gələndən bircə dəfə də olsun zəng edə bilmədiyim dostum zəng edir: "Bir kişi zəng etmişdi, telefonunuzu tapıb, dedim, bizim idarəyə gətirsin, yoldadır, gətirir. Amma ona nə demisinizsə, təzyiqi qalxıb, deyir, o cındırları görmək belə istəmirəm, sən yaxşı oğlana oxşayırsan, görüşək, telefonu sənə verim, sən çatır o şərəfsizlərə, neçə gündü bezdiriblər bizi”.

Nəhayət, telefon gəlib çıxır. Telefonu alan dostumuz onu şəhərdə bizə çatdırır, amma üstündə bir adapter də var: "Bunu da kişi verdi” – dostumuz adapteri göstərir, - "dedi ki, bunu da bizim adımızdan ver o cındır şərəfsizlərə, denən adam kişi olar”.

Nəticə: Məqsəd xeyirxahlıqdırsa, ən ağır təhqir belə gülməli vəziyyətə düşür. Yox, əgər məqsəd təhqir etməkdirsə, heç bir xeyirxahlıq onun ləkəsini təmizləyə bilmir.   

Peyktv.az

Digər xəbərlər
SON XƏBƏRLƏR