Almaz Həsrətdən Biologiya fənn blogu

img

24-05-2011 [01:24]


Respublikanın əməkdar müəllimi, 204 saylı tam orta məktəbdə biologiya fənnini tədris edən Almaz Həsrət şagirdlər, müəllimlər və valideynlər üçün daha bir maraqlı təşəbbüsünü elan edib. Belə ki, bu günlərdə onun şəxsi İnternet resurslarının sayı ixtisaslaşmış biologiya fənn blogu hesabına artıb. Artıq bir neçə gündür ki, www.biologiya.org ünvanında istifadəyə verilmiş blogda orta məktəb səviyyəsində bu fənnə aid proqramlar, kurikulum layihəsi, terminlər, sahə alimləri, kitabxana, videodərslər və başqa gərəkli bilgilər toplanıb. Blogun özü haqqında olan bölməsində deyilir: ?Bu blog Bakı şəhərindəki şəhid, milli qəhrəman Ələkbər Əliyev adına 204 nömrəli tam orta məktəbin biologiya, Respublikanın ən yaxşı və Azərbaycanın əməkdar müəllimi Almaz İsrail qızı Həsrətin şəxsi fənn resursudur. Siz bu blogda orta məktəblərin biologiya fənninə aid dərs proqramları, biologiya kurikulumu, dərsliklər, metodiki və əlavə vəsaitlər, video nümunələri, Azərbaycanın və dünyanın tanınmış bioloqları və s. haqqında bilgilərlə tanış ola bilərsiniz. Biz bu blogun işinin təşkilində marağı olan şagird, müəllim, valideyn, elm adamları ilə iş birliyindən də məmnun olardıq. Əlbəttə ki, bu yöndə təkliflərinizi dinləmək bizim üçün xoş olardı?. Onu da əlavə edək ki, gündəlik yenilənən blogda fənnə aid əlavə oxu materialları və başqa maraqlı bilgilər yer alıb. Burada həm də Azərbaycanın zoocoğrafi xəritəsi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kurikulum Portalı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil Portalı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının biologiya fənni üzrə videomühazirələrindən ibarət YouTube kanalına və ölkə prezidentinin məktəblilər üçün İnternet resursuna birbaşa keçidlər verilib. İnteraktivliyi ilə seçilən blogun ziyarətçiləri onun müəllifi Almaz Həsrətlə birbaşa əlaqə saxlaya bilərlər. Daha bir maraqlı məqam da ondan ibarətdir ki, blogun ziyarətçiləri burada orta məktəbdə biologiya fənni ilə bağlı sorğuya qatılaraq öz fikirlərini ifadə edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR