Azərbaycan mətbuat azadlığı reytinqində 196 ölkə arasında 171-cidir

img

02-05-2011 [02:48]


?Freedom House? təşkilatı son 10 ildə dünyada mətbuat azadlığı səviyyəsinin ən aşağı həddə düşdüyünü bildirib. Təşkilat öz yeni hesabatında deyir ki, indi dünyanın yalnız 6-da 1-i azad mətbuata sahibdir. ?Freedom House? vəziyyətin narahatlığa əsas verdiyi ölkələr arasında Azərbaycanın da adını çəkir. Azərbaycanın adı mətbuat azadlığının vəziyyətinin ən pis olduğu ölkələr sırasına - "Azad olmayan ölkələr" arasına salınıb. Freedom House 196 ölkədə mətbuat azadlığının vəziyyətini qiymətləndirib və Azərbaycan mətbuat azadlığı reytinqində 196 ölkə arasında 171-cidir. Hesabatda deyilir ki, 1998-ci ildə Azərbaycanda senzura ləğv edilsə də, hökumət senzuranın müxtəlif formalarından istifadə etməkdə davam edir. Təşkilat bu mənada "Gündəlik Azərbaycan" qəzetinin rəhbəri Eynulla Fətullayevin işini misal çəkir. ?Azərbaycanda dövlət və hakim partiya mətbuat sahəsində dominantlıq edir. Müstəqil jurnalist və bloqçular müxalif fikirlərini söylədikləri üçün hüquqi və fiziki təzyiqlərlə üzləşməkdə davam edirlər. 2010-cu ildə Azərbaycan rəsmiləri açıq şəkildə Avropa İnsan Haqları Məhkəməsinin ədalətsiz olaraq həbs edilmiş jurnalist Eynulla Fətullayevi azad etmək haqda qərarına qarşı çıxıblar?. Hesabatda deyilir ki, jurnalistlərə qarşı zorakılıqlara görə ölçü götürülmür, cəzasızlıq şəraiti mediaya təzyiqlər edənləri qoruyur. Böhtan yazmaq ? Azərbaycanda cinayət əməli sayılır və hökumət bunu tez-tez öz siyasi məqsədləri üçün istifadə edir. Terrorçuluq, xuliqanlıq, narkotik saxlamaq, ədavət qızışdırmaq, vergidən yayınma kimi ittihamlar da jurnalistlərə qarşı istifadə edilir. 2010-ci ilin parlament seçkiləri zamanı jurnalistlərə qarşı təzyiqlər daha da artıb. Hesabatda qeyd edilir ki, "Xural" qəzeti və onun baş redaktoru Əvəz Zeynallıya qarşı cinayət və mülki ittihamlarla bağlı məhkəmə iddiaları qaldırılmış və qəzet qüvvəsi çatmayacaq məbləğdə kompensasiya ödəməyə məhkum edilib. "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov da Daxili İşlər Nazirliyinin iddiası ilə böhtanda ittiham edilərək 1,5 illik "islah işlərinə" və əmək haqqının 15 faizini dövlətə ödəmək cəzasına məhum edilib. "Freedom House" bildirir ki, Azərbaycan hökuməti ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq təsis edilməli Mətbuat Ombudsmanı institutunu hələ də yaratmayıb. Dövlət orqanları informasiya almaq üçün edilən müraciətlərə yenə də sistemli şəkildə cavab verməkdən imtina edirlər. 1941-ci ildə Amerikada yaradılan "Freedom house" dünyada demokratiyanın yayılmasına çalışan qeyri-hökumət təşkilatıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR