Fəlakətlərimizdən dərs götürək

img

15-04-2011 [07:07]


Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib... Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ?Fəlakətlərimizdən dərs götürək? rubrikası altında milli-mənəvi açımdan ?90-cı illərdə Quzey Azərbaycanda yaranan Dövlətçiliyin əsasları və gələcəyi?adlı mövzunu təqdim edirlər. 90-cı illərdə Quzey Azərbaycanda yaranan Dövlətçiliyin əsasları və gələcəyi Soylu Atalı: Ürəyinizdə Günəş Olsun, istəkli yurddaşlarımız! Bu gün biz yeni mövzu ilə yenidən sizin görüşünüzə gəlmişik. Bəyan edirik ki, 90-cı illərdə yaranan və bu günə qədər də yaşayan dövlətimiz bizim üçün həm müqəddəsdir, həm də onun gələcək taleyi son dərəcə düşündürücüdür. Əlbəttə, bu dövlətimiz qurulanda ona qarşı umacaqlar xeyli dərəcədə çox idi. Bu da təbiidir, çünki heç bir qüvvənin görə bilmədiyini dövlət görə bilir. Bununla belə, biz anlayırıq ki, təzəcə müstəqillik əldə eləyən dövlətin hansı çətinlikləri olur. O, bir dövlət halına gəlincə xeyli inkişaf mərhələləri keçməlidir. Ümumiyyətlə, dövlət umacaqlara cavab vermək üçün möhkəm əsaslar üzərində oturuşmalıdır. Dövlət axıra qədər ehtiyatlılıq prinsipləri ilə yaşaya bilməz. Ehtiyatlılıq harasa qədər olmalıdır. Dövlətin özünəməxsus xarici təsir imkanları yaranmalıdır. Əks halda onun varlığı ilə yoxluğu arasındakı fərq tamam heçə çevrilə bilər. Kapitalizm (pulçuluq) dünyasında hər şeyi yalnız iqtisadi məntiqə bağlayırlar. Halbuki dövlətin qorunması və yaşaması iqtisadi dirçəlişdən çox milli şüurun dirçəlişinə bağlıdır. Bunu nəzərə almayan dövlət xarici basqılar altında olur və gücü formalaşmır. Mən əvvəlki yazılarımızda dediyim bir fikri yenə vurğulamaq istəyirəm, ? biz bir xalq olaraq çox mürəkkəb aqibətə malikik. Dövlətimiz bu mürəkkəb aqibətin üzərində quruldu. Burda qəribə bir qaçılmazlıq da vardı. O dövrdə (90-cı illər) baş verən proseslər xalqımızın istəyindən doğmamışdı. İçimizə süni şəkildə daşınmışdı. Biz elə bir durumdayıq ki, istər bir dövlət olaraq, istər bir xalq olaraq mürəkkəblikdən çıxa bilmirik. Nədir bu mürəkkəblik?! ? Müəyyən mənada cəmiyyətə də bəllidir, biz də dönə-dönə vurğulamışıq ki, Azərbaycan bölünmüş xalqdır, bölünmüş Vətəndir. Özü də iki yerə yox, çox yerə. Biz böyük hissələrimizlə başqa dövlətlərin tərkibində görünürük. Yurdumuzla bir yerdə başqa dövlətlərin ərazisi sayılırıq. Onda bizim müstəqilliyimiz nə deməkdir?! Bir xalqın əsas kütləsi azad və müstəqil deyilsə, əlbəttə, onun həyatı ziddiyyətlər içində olacaq. Buna görə biz deyirik ki, müstəqilliyimiz nisbi müstəqillikdir. Və dövlətimiz var deyə arxayın olmağa haqqımız yoxdur. Əslində bölünmüşlüyün təzahürləri dövlətimizin aqibətində çox qabarıq şəkildə üzə çıxır. Xarici dövlətlərin, beynəlxalq aləmin bizə münasibəti ? gücsüzə, balacaya olan münasibətdir. Ona görə də biz gücümüzün nədən ibarət olduğunu dərk etməliyik və onu özümüzə qaytarmaq uğrunda mübarizə aparmalıyıq. Həmişə demişik, ? bu gücümüz də Güney Azərbaycana bağlıdır. Bu gücümüzdən kənarda biz Ermənistanla, Gürcüstanla bir sırada qəbul olunuruq siyasi dünya tərəfindən. Halbuki həm Ermənistan, həm də Gürcüstan bizimlə müqayisədə heç ada da deyillər. Biz həm özümüzə yönəlik böyük potensiala malikik (əhalinin sayı və ərazi cəhətdən), həm də böyük Türk dənizinə qovuşuruq. Bizi balacalarla müqayisə eləmək heç bir cəhətdən doğru deyil. Biz Güney Azərbaycanla bağlı mövzumuzda bir çox məsələlərə toxunmuşuq. Toxunduğumuz və toxunmadığımız məsələlər əslində Quzey Azərbaycanda yaranan dövlətimizin diqqətində olmalı məsələlərdir. Düşünmək olmaz ki, ?bunlar bizim fərdi arzularımızdır, dövlət də ayrı-ayrı fərdlərin arzularının icraçısı deyil?. Əgər dövlətimizin Güney Azərbaycanla, Qərbi Azərbaycanla, Borçalı, Dəmirqapı kimi tarixi yurdlarımızla bağlı strateji proqramı yoxdursa, onda gəlin görək gələcəyimizi necə təsəvvür edirik; Dövlətimizi ?Qarabağ məngənəsində? oyuncağa çevirənlərə necə tutarlı cavab verə biləcəyik?! Dövlət hakimiyyəti qoruma siyasəti ilə gələcəyə gedə bilməz. Müstəqillik asan həll olunan, asan əldə olunan məsələ deyil. Müstəqillik ağır mərhələlər üzərində formalaşır ? bizim üçün (Azərbaycan üçün) xüsusilə. Əgər Qarabağ problemini ATƏT kimi qurumlar çözməlidirsə, onda bizim müstəqilliyimiz nəyi ifadə edir?! Təəssüf ki, biz müstəqillik elanı ilə müstəqilləşmə prosesini başa çatmış saydıq. Halbuki bizim müstəqilləşmə prosesimiz başa çatmayıb. Siyasi dünya da bizim müstəqilliyimizə formal baxır: hələ də Rusiya bizi təhdid edir; hələ də İran bizi (bir çox əməlləri ilə) dövlət saymır; hələ də Qərb bizə hər şeyi diktə edir, şərtlər qoyur. Bizi balaca sayırlar, balaca saxlayırlar, balaca da saxlamaq istəyirlər. Balacanın da müstəqilliyi formal bir şeydir. Bir daha vurğulamaq istəyirəm, böyük imkanlarımız olduğu halda balacalıqla yetərlənmək bizə heç bir gələcək vəd eləmir. Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız! Azərbaycan tarixində dövlətçiliyimizin tarixi bir arasıkəsilməzliyi olub, ? müxtəlif zamanlarda dövlətçiliyimizi çox qısa bir zaman kəsiyində itirsək də. Biz bir türk milləti olaraq tarixdə 130-a yaxın dövlət yaratmışıq. Türkün dövlət yaratmaq istəyi və qabiliyyəti tarixdə hamıya məlumdur. Bəzən dövlətimiz Azərbaycanın hansısa bir ərazisində yaranıb. Dövlətçiliyimiz Azərbaycanın bütün ərazisində unikal olmayıb. Bəzən isə Azərbaycan dövləti öz tarixi ərazilərinin sərhədlərini aşıb. Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövləti (ərazisi 2 mln. 900 min kv.km) ?Asiyanın sonuncu fatehi? Nadir şah Əfşarın (Hindistanı tamam tutan yeganə fateh) yaratdığı dövlətlər buna misaldır. Dövlətçilik ənənələri baxımından bu gün biz bu bölgədə yaşayan gəlmə millətlərlə müqayisə olunmamalıyıq. XX əsrin 90-cı illərində Azərbaycanın quzeyində (bizim də tərkibində olduğumuz) SSRİ adlı imperiyada baş verən siyasi inqilab nəticəsində dövlət yarandı. Tarixi ədalət naminə demək lazımdır ki, SSRİ imperiyasında imperiyaya daxil olan heç bir respublika öz dövlətini yaratmaq uğrunda mübarizə aparmamışdı. Yəni, həmin insanların öz xalqlarının azadlıq və müstəqillikləri uğrunda apardıqları mübarizə dövlət qurmaq qədər yetərli deyildi. Nə baş verdi? 90-cı illərdə SSRİ adlı imperiya siyasi inqilab nəticəsində çökdü. SSRİ-yə zorla birləşdirilərkən hər bir respublikanın özünün dövlət atributları (bayraq, himn, herb, milli valyuta) var idi. Bildiyimiz kimi Quzey Azərbaycan XX əsrin əvvəllərində siyasi ömrü 23 ay sürən dövlət yaratmışdı. Baltikyanı dövlətlərin ömrü daha uzunmüddətli olmuşdu. Və əslində Quzey Azərbaycan və imperiyaya daxil olan digər respublikalar yeni dövlət yaratmışdılar. İtirilmiş dövlətçiliklərini bərpa edirdilər. Dövlətin əsas işi qoruyuculuq və təmsilçilikdir. Dövlət xalqı, yurdu xarici təsirlərdən qorumalı, fərdi özünüidarə mühiti yaratmalıdır (Asif Ata ?Uluyurd Aqibəti ? Bütöv Azərbaycan? kitabı). 90-cı illərdə Quzey Azərbaycanda yaranan dövlət, yurdumuzu, xalqımızı qoruya bilirmi? Fərd cəmin, cəm fərdin təsirindən qoruna bilirmi? Azərbaycan xalqını bu dövlət dünyada yetərincə təmsil edə bilirmi? Diplomatik, hərbi və özünüidarə məsələləri yetərincə həll olunubmu? Dövlət və fərd münasibətləri necə həll olunur? Dövlətimiz hansı siyasi əsaslar üzərində inkişaf etməlidir. Məlumdur ki, Quzey Azərbaycanın əsas əhalisi türkdür. Ona görə də dövlət türkə məxsus olan bütün keyfiyyətlərlə yaşamalı və türkə məxsus olan bütün keyfiyyətləri yaşatmalıdır. Dövlətin ideoloji, siyasi, iqtisadi və s. prinsipləri türkə məxsus keyfiyyətlərə əsaslanmalıdır. Dövlətimiz türkə məxsus olan mənəvi dəyərlərin ifadəçisi və qoruyucusu olmalıdır. Mən müstəqilliyə münasibətlə bağlı bir məsələyə toxunmaq istərdim. Xalqın içərisində müstəqillik və azadlıq istəyi həmişə olub. Onun siyasi iradəsinin ifadəçilərinin münasibəti isə çox təəssüf ki, xalqın istəyi ilə üst-üstə düşməyib. Mən də daxil olmaqla bir qrup Azərbaycan ziyalısı Azərbaycan Ali Sovetinin o vaxtkı 450 nəfərdən ibarət olan millət vəkillərinə Azərbaycanın müstəqillik aktının qəbul olunması ilə bağlı hazırladığımız sənədə qol çəkmələrini istədik. İmza toplama zamanı cəmi 119 nəfər (bir çoxları da tənbeh sayəsində) bu sənədə qol çəkdilər. Bu idi, xalq təmsilçilərinin müstəqilliyə münasibəti. Litva müstəqilliyini elan edərkən Azərbaycandan olan nümayəndə kimi mən də qatılmışdım. Tamamilə başqa münasibətin şahidi oldum. Mən orada Litva xalqının müstəqillik istəyinin siyasi təsdiqini gördüm... Ağşın Ağkəmərli: Mən sözümə Asif Atanın bir kəlamı ilə başlamaq istəyirəm: ?Azərbaycan birdir, əgər ikidirsə, o yoxdur əslində?. Vətənimizin bölünmüşlüyü millətimizin öz içində parçalanmasından irəli gəlir. Millətin daxili parçalanmaları zaman-zaman ciddi fəlakətlər biçimində özünü göstərir. Bu parçalanmaların qarşısını almaq üçün, habelə bütövləşməni (istər mənəvi cəhətdən, istər siyasi cəhətdən) bərpa etmək üçün örgütümüz, qurumumuz yaranmalıdır. Mən onun-bunun yaratdığı deyil, milli təsirə malik olan örgütü, qurumu nəzərdə tuturam. Biz onillərin acı təcrübələrini yaşamışıq. Bu vaxta qədər biz millətləşmə yönündə düzgün yol tapa bilməmişik, mövcud gedişlə bundan sonra da millətləşmək baş tutana oxşamır. Biz müasir Turançılıq elanı və şüar kimi ortaya atılmış Türkçülük vədləriylə də millətləşə bilməyəcəyik. Çünki Soylu bəyin dəfələrlə qeyd elədiyi kimi ?indi dəbdə olan türkçülüyü də bizim üçün quraşdırıblar?. Gərək biz ideyalarımıza yamaq vurulmasının qarşısını ala bilək ? maarifçiliyin bir istiqaməti də bu olmalıdır. Tarixi şüurumuz, mədəniyyət şüurumuz, vətən şüurumuz sağlam ideyalarımızın təsiri kimi millətləşməyimizin formalaşmasına köklənməlidir. Bir çox xalqlarda bu proses müəyyən mənada gedibdir. Əlbəttə, biz bu prosesi başqa xalqları yamsılamaqla yox, elmi, fəlsəfi düşüncələrə əsaslanmaqla, həqiqi mövqeyə çatmaqla həyata keçirməliyik. Biz bu vaxta qədər bir çox gedişlərə duyğusal yanaşmışıq, bir millət olaraq idraki təsdiq ortaya qoymamışıq. Ona görə də çox istəklərimiz şüar olaraq qalıb, həyata keçməyib. İdraki imkanlarımız da tək-tək aşkarlananda ona qarşı biganə qalmışıq. Nəticədə bizim imkanlarımızdan başqaları işıqlanıb, biz özümüz qaranlıqdan çıxa bilməmişik. Soylu Atalı: Mən Quzey Azərbaycanda yaranan dövlətimizin hansı ənənələr üzərində formalaşmasına diqqət yönəltmək istəyirəm. Bəli, bu bir həqiqətdir ki, bizim dövlətçilik ənənəmizdə tarixi baxımdan arasıkəsilməzlik var. Bu ənənəmiz də min illərə gedib dayanır. Hətta sübut olunur ki, bəşəriyyətin ilk dövlətçilik ənənəsinin əsası da Şumerdə qoyulub. Tarixi biz burada təkrar eləməyəcəyik, məlum bilgilərlə mövzunu yükləməyə ehtiyac yoxdur. Sadəcə dövlətimizin hansı ənənə üzərində qurulmasını vurğulamaq istəyirəm. Çünki bu məsələnin çox prinsipial əhəmiyyəti var. 90-cı illərdə belə bir düşüncə var idi ki, dövlətimiz Müsavatçılıq ənənəsi üzərində elan olundu. Ancaq hesab edirik ki, Müsavatçılıq üzərində formalaşmadı ? bəzi atributları istisna eləməklə. Hərçəndi Müsavatçılıq ideyaları da hərtərəfli, yetkin bir şəkildə işlənməmişdi. Baxmayaraq ki, o dövr üçün qaçılmaz qüsurlar da vardı, biz bunları nəzərdən qaçırmırıq. Məsələn, konkret bayraqda üç bir-birinə zidd olan ideyanın verilməsi, yaxud bolşeviklərlə müqayisədə ideoloji işin, deyək ki, əməkçinin maddi-sosial tələblərinə yönəlik təbliğatın zəif olması ? ideya çatışmazlığı. Bununla belə, Müsavatçılıq milli varlığımızı düşünən şəxsiyyətlərin niyyətlərini əks etdirirdi. Təəssüf ki, 90-cı illərdə millətçilik böyük dalğalara çevrilmədi, qısa zamanda Avropanın ideoloji tələbləri ilə əvəz olundu. Ona görə dövlətimizin idarəçiliyində milli yön yaranmadı, milliliyə qarşı xaos, anarxiya formalaşdı. Bu gün də biz həmin anarxiyanın içərisində yaşayırıq. Demokratik dəyərlər adı altında özgələşmə prosesinə qoşulduq. Milli-mənəvi dəyərlərimiz addım-addım qiymətdən düşdü. Pulçuluq qanunlarıyla idarə olunduq və idarə olunuruq. Dövlətlə xalq arasında münasibətlər hakimiyyətlə xalq arasında münasibətlərin əlavəsinə çevrildi və çox pis həddə çatdı. Bütün bunlar niyə baş verdi, millilik niyə təsdiqini tapmadı?! ? Məlumdur ki, SSRİ-nin dağılması bir proses olaraq başlamışdı. Ancaq Qərb SSRİ-nin bu şəkildə dağılmasını arzulamırdı, ? imperiya kimi qalmasını və idarə olunmasını istəyirdi. Əlbəttə, 15 ölkəni bir imperiyanın əliylə idarə eləmək daha uyğun idi, nəinki onların hər birinə nüfuz eləmək. Lakin hadisələr elə yönləndi ki, 15 ölkə əmələ gəldi. Şübhəsiz ki, bu ölkələrə Qərb birdən-birə öz demokratizmi ilə nüfuz edə bilməzdi. Milli hisslərin baş qaldırması labüd idi. Sonradan bu hissləri məhdudlaşdırmaq gedişləri işə düşdü və demokratik anarxiya bu ölkələrdə öz təsirlərini göstərməyə başladı. Bu da təbiidir. Dediyim kimi respublikaların müstəqilləşməsi birdən-birə Qərb demokratizminə qurşanmaqla baş verə bilməzdi. Başqa dəyər uğrunda müstəqillik savaşı aparmaq ağıla sığmır. Müstəqilləşəndən sonra milli əsaslar zəif olduğundan başqa meyillər nisbətən özünə asan yol tapa bilir. Ancaq imperiyadan xilas olmaq üçün millətçilik ayağa durmalı idi. Çünki imperiya əsarət yaradanda ən böyük zərbəni elə millətçiliyə vurur. Millət də həmişə haradan assimilyasiyaya məruz qalırsa, hardan zədə götürürsə, oradan ayağa durmağa çalışır. Bunu da həmin məqsədli qüvvələr yaxşı bilirlər. Ona görə də imperiyadan qopan millətlərin həmin nöqtədən ayağa durmaq istəklərinə mane olmadılar. Yəni millətçilik çağırışlarına bəri başdan mane olmadılar. Çox yaxşı bilirdilər ki, millətçilik çağırışları ilə bu millətlər ayağa duracaqlar, çalxalanacaqlar və imperiya dağılacaq. Onlar tərəqqiyə qoşulmaq üçün artıq oturuşmuş dövlətlərin (Qərbin) təsirlərinə məruz qalacaqlar. Çünki bu gediş sosializmdən qopub kapitalizmə qayıdış idi. Onun da başında duranlar var. Tərəqqi də bir gündə baş vermir. Bunun üçün mərhələlər lazımdır, vaxt lazımdır. O başqa məsələ ki, bu tərəqqi ictimai tərəqqi deyil, iqtisadi tərəqqidir. İqtisadi tərəqqi isə birtərəfli olur və bu da müstəqillik üçün bütöv bir zəmin deyil. SSRİ-dən qopan ölkələr də birdən-birə iqtisadi çətinliklərlə üz-üzə qaldılar. Ona görə bütün siyasi münasibətlər həmin iqtisadi asılılıqlar üzərində formalaşdı. Dünyanın siyasi nizamı belə qurulub və bu nizamın başında duranlar balacalar üçün iqtisadi cazibə mərkəzidir. O cümlədən bizim dövlətimiz üçün. Mən 90-cı illərdə çaba göstərən insanların zəhmətlərinə kölgə salmaq istəmirəm. Ancaq o zəhmətlər müstəqillik üçün ideoloji güc və azadlığı yetirən qüdrət demək deyildi. Millətçilik bəsit formada əhvallara gətirilmişdi, xalqın içində yetişməmişdi. Millətçilik idraki biçim almamışdı, ehtiraslar, emosiyalar, şüarlar səviyyəsində idi. Millətçilik meydanlarda bilindi yalnız, aqibətlərə çevrilmədi. Ona göprə də kənar qüvvələrin idarəçiliyi yeriyə bildi içimizə. Asılılığın hər cür səviyyəsini yaşadı xalqımız, bu gün də yaşamaqdadır. Ağşın Ağkəmərli: Mən Soylu bəyin bu fikirlərinə qoşulub bəzi vurğular eləmək istəyirəm. Bu deyilənlər doğrudur ki, xalqımızın həyatında yaranan ideoloji boşluğu emosiyalar doldura bilməzdi. Kənar qüvvələr ideoloji asılılıq yaratdılar həmin boşluqlara öz istədiklərini yeritməklə. Bizdə yaranan boşluq müəyyən bir tarixə söykənir. O tarixi 70 ilnən də ölçmək olar, 200 ilnən də. Hətta bir az da qabağa getmək olar. Xalqın həyatında nə yaşanırsa, onun varlığını ifadə eləməlidir. Biz içəridən boşluq saxladıqca həyatımızı çox qarışdırırlar. Müstəqilliyimizi elan eləyəndən etibarən Avropanın əsarət gətirən siyasi baxışları və İslam təriqətləri doldu içimizə. Çox pis haldayıq. İçimizə dolanların təməli bizdən olmadığına görə varlığımızı qoruya biləcək imkanlar çatmır bizə. Xalqımız boşluqlardan çıxdığını güman etdikcə təkrar boşluqlara düşür. Məncə boşluqlardan çıxmaq Millətləşmə mərhələsindən keçir. Abil Ulusoy: Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdi. Müstəqillik aktı qəbul olundu. Dünya dövlətlərinə, birliklərə müstəqilliyimizin tanınması ilə bağlı müraciət qəbul olundu. Ancaq sonra müstəqilliyin elanından müstəqilliyin özünə doğru addım atmaq haqqında düşünən isə demək olar ki, tapılmadı. Bəs Azərbaycan dövləti hansı ideoloji əsaslar üzərində qurulmalıdır? Həmin dövrdə Azərbaycan bir açıq qapı siyasəti yeritməyə başladı. Dünyaya ağalıq iddiasında olan Qərb (Amerika başda olmaqla) soxuldu Azərbaycana. Azərbaycan hakimiyyəti yarındı onlara. İdarəçilərin müstəqilliyə bu cür münasibəti təbii ki, qəbuledilməzdir. Dünyanın bizə ehtiyacı olması ilə öyünürdülər o vaxtkı hakimlərimiz. Qərbdən gələnlər onlara dəstək verirdilər və tədricən öz prinsiplərini sırıyırdılar. Çünki ?Azərbaycan millətçilik dövrünü keçməmişdi? (Asif Ata). Qısa bir müddətə hesablanmışdı millətçilik ab-havası. Qərb də bunu yaxşı bilirdi. Müəyyən bir zaman keçdikdən sonra artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində təmsil olunmaq istədi. BMT Azərbaycanı öz sıralarına qəbul etdi. Artıq Azərbaycana yanaşma tərzi dəyişməyə başladı. Azərbaycan açılmış beynəlxalq qapılardan bir-bir içəri girdikcə özünün elan olunmuş müstəqilliyini itirməyə başladı. Daxil olduğumuz hər bir Beynəlxalq təşkilatın öz qayda-qanunları var. Müstəqillik oturuşmadan ?beynəlxalq qapıları? çox ehtiyatla açmaq gərək idi. Bəlkə də heç gərək deyildi. Azərbaycan beynəlxalq idarəçiliyin tabeliyinə düşdü. Əslində müstəqillik elandan ibarət oldu. Qərb yönlü siyasət, Qərb yönlü iqtisadi gəlişmə və s. sürətlə özümüzdən uzaqlaşmağa başladıq. Beynəlxalq münasibətlər sisteminə daxil olmağımız demokratik oyunları qəbul etməyimizə gətirib çıxardı. Millətçiliyimizi demokratik oyunlar əvəz elədi. Dövlətimizi yaşada biləcək millətçiliyimiz unuduldu. Qərbin ? Qərbçiliyin yurdumuzdakı müdafiəçiləri sürətlə çoxalmağa başladı. Azərbaycan Demokartik təpkilərlə yaşamağa başladı. İqtisadiyyatımız bazar iqtisadiyyatı yönlü oldu. Beynəlxalq siyasi institutlar Azərbaycanın siyasi həyatına müdaxilə etməyə başladılar. Və bunların hamısı çox qısa bir müddətdə Azərbaycanı Qərbin siyasi ağalığına bağladı. 90-cı illərdə Quzey Azərbaycanda yaranan Müstəqil Azərbaycan Respublikası 20-ci illərdə yaranmış Azərbaycan Demokratik Respublikasının hüquqi varisi elan olunmuşdu. Azərbaycan Respublikası ADR-in bayrağını, herbini, himnini və milli valyutasını qəbul etdi. Ancaq Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının hüquqi varisi ola bilmədi. Köklü məsələlərdə bu özünü açıqca göstərdi. ADR vətəndaşı türk idi, Azərbaycan Respublikası vətəndaşı azərbaycanlı. ADR dövlət dili türk dili idi, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili. ADR-in milli ideolojisinin əsasını türkçülük təşkil edirdi, Azərbaycan Respublikasının ideoloji əsasını azərbaycançılıq təşkil edir. Əslində xalqa bir Milli Dövlətçilik yalanı sırındı. Soylu Atalı: Biz müstəqilliyimizi Ermənistan və Gürcüstanla eyni gedişlər üzərində elan elədik ? tamamilə standart. Prinsiplər birdir ? demokartiya, parlament üsul-idarəsi, prezidentlik, iqtisadi sistem, hüquqi sistem və s. Bunların hamısı Qərbdən bizə ötürülən standart idarəolunma mexanizmidir. Bunun üzərində formalaşdıq. Milli dövlətçilik ənənəsi yox, milli dəyərlərin qatqısı yox və s. və i.a. SSRİ-dən qopan dövlətlərin hamısı bir xətt üzrə gedib məlum ideoloji təsirlərə bağlandı. O dövlətlər özləri bilər. Bizim dövlətimizin durumu tamam fərqlidir. Bizim böyük olmaq, çox olmaq, güclü olmaq imkanımız var. Biz təqlid yolu tutmamalı idik. Biz balacaların getdiyi yol ilə getməməli idik. Biz Ermənistanın və Gürcüstanın böyük güclərə vasitə olmaq taleyi ilə özümüzü müqayisə etməməli idik. Biz əsarət yaradan ?birlik?lərin hamısına girdik və müstəqilliyimizin formallığı ilə barışdıq... Abil Ulusoy: Quzey Azərbaycanda 90-cı illərdə yaranmış dövlətin gələcəyi ilə bağlı. Dövlət özünü və xalqı qorumaq gücündə olmalıdır. Beynəlxalq münasibətlər sistemində Azərbaycanı yetərincə, layiqincə təmsil etməlidir. Onda dövlətin gələcəyi təminatlı olar. Burada bəzi məqamlara toxunmaq istərdim. Dövlətimizin gələcəyi nə dərəcədə müstəqil olmasından, özünəməxsusluğundan asılı olacaqdır. Hansı ideoloji əsaslar üzərində dövlət yaşayacaq, həmin yaşam tərzini gələcəyə ötürəcək. Əgər demokratik təsisatlar Azərbaycan dövlətinin ideolojiliyini təşkil edəcəksə, onda Azərbaycanın bugünkü dövlətinin taleyi sabah da öz əlində olmayacaq. İkinci bir məsələ, iqtisadiyyat məsələsi. Dövlətin alımcıllıq və verimcillik (idxal və ixrac) məsələsində bir tarazlaşma olmalıdır. Əgər alımcıllıq verimciliyimizdən çox olarsa, bu iqtisadi və siyasi asılılığa gətirib çıxarır. Asılı iqtisadiyyat asılı dövlət deməkdir. İqtisadi gərəkliyimizi artırmalıyıq. Azərbaycan xalqı təkcə hakimiyyətdən ibarət deyil. Dövlət xalqa elə bir şərait yaratmaldıır ki, xalq özünün mədəni və mənəvi iradəsini ortaya qoya bilsin, dünya bizimlə hesablaşsın. Dünya bizim dünyaya gərəkliliyimizi qəbul etsin. Azərbaycanın hansı mədəni və mənəvi dəyərlərin daşıyıcısı olması dünyaya bəlli olmalıdır. Beynəlxalq münasibətlər sistemində yerimiz möhkəmlənməlidir. Daxilə yönəlik siyasətdə bir baxış dəyişikliyi olmalıdır. ?Türk idarəçiliyi? sistemi yaranmalıdır. Bu həm türk dünyası, həm də dünya üçün bir örnək, idarəçilik modeli olmalıdır. Bütöv Azərbaycan ərazisi quruda 410 min kv.km suda təqribən 160 min kv. km-dir. Bugünkü Avropanın və dünyanın xəritəsinə baxdıqda bu kifayət qədər böyük bir ərazidir. Böyük ərazi, orada yaşayan on milyonlarla insan, güclü iqtisadiyyat dövlətçiliyimizin əbədi təminatçısıdır. Dövlətçiliyimiz Azərbaycanın bütün ərazilərində bərqərar olmalıdır. Ulusumuz, Uluyurdumuz var olsun! Ağşın Ağkəmərli: Bizim varlığımız birliyimizdədir. Azərbaycan 8-9 milyondan ibarət deyil. Azərbaycan 50 milyondan ibarətdir. 50 milyonun taleyini düşünmək lazımdır. 50 milyonun da yarısından çoxu ? 30-35 milyonu Güney Azərbaycanda yerləşir. Əgər onun bütövlüyü olmayacaqsa, Azərbaycanın müstəqilliyini, gələcəyini qarantiyaya almaq mümkün deyil. Biz vahid bir güc kimi, vahid bir dəyər daşıyan toplum kimi özümüzü təsdiq eləməliyik. Bunun üçün də yadlıqlardan arınmalıyıq. Biz kimin yanında dururuqsa, onun əlavəsinə çevrilirik. Fikir verin, biz məscidə girəndə ərəbləşib çıxırıq. Ancaq erməni kilsəyə girəndə erməniləşib çıxır. Biz İnam Məbədinə girməliyik və özümləşib çıxmalıyıq. Onda biz bütövlüyümüzü quracağıq, onda biz kimliyimizi təsdiq edəcəyik. Soylu Atalı: Dövlətimizin qurulması, müstəqilliyimizin əsilləşməsi xalqımızın inkişaf mərhələlərilə birləşməlidir. Dövlətə sahib çıxmaq üçün xalq içəridən dəyişməli, böyük gücə çevrilməlidir. Xalqımız öz inkişafı ilə dövlətini saxlaya bilər, öz inklişafı sayəsində onu qoruya bilər. Dövlətin müstəqilliyi elan olundu, xalq onun arxasında görünmədi. Xalq dövlətinin sahibi kimi bilinmədi. Yenə vurğulayıram, biz balacalıqdan ibarət deyilik, ancaq bugünkü dövlətimiz balaca dövlətlər sırasındadır. Başqaları indi nədirsə, mahiyyət, potensiyaca elə odur. Biz isə indi nəyiksə, mahiyyətcə o deyilik. Ona görə balaca qalmağa haqqımız yoxdur. Bilmək lazımdır ki, balacaların problemləri böyük olur. Bu böyük problemləri də balacalara siyasi böyüklər yaradırlar. Biz böyük sayılanların ayağında yox, ən azı cərgəsində durmalıyıq ki, basılmayaq, əzilməyək, idarə olunmayaq. Bizi əslində Ermənistan, Gürcüstan kimi idarə eləməyəcəklər də. Onları idarə edəcəklər, bizi isə əzəcəklər. Çünki bizim idarə olunmağımız böyük gücümüzü bərpa eləyənə qədər ola bilər, onlar isə daim idarə olunacaqlar ? böyük güclərə gərəkli səviyyədə. Bizim, dünyanın gedişinə təsir eləmək imkanlarımız var ? əlbəttə, bütövləşməyimiz, böyüməmiz nəticəsində. Beləliklə, biz dövlətimizin yaxın gələcəyi ilə bağlı baxışlarımızı dilə gətirdik. Asif Atanın Dövlətlə, dövlətçiliklə bağlı konseptual baxışı var. Bunu biz növbəti mövzularımızda dilə gətirəcəyik, nisbətən uzaq gələcəyin ideyaları kimi. Bu mövzumuzda biz Quzey Azərbaycanla bağlı müəyyən cəhətləri izah etməyə, istəklərimizi təqdim etməyə çalışdıq. Düşündüklərimiz, dediklərimiz Yolumuzun tələblərindən doğur. Yükümüzdən Böyük Fərəhimiz Yoxdur! Atamız Var Olsun!

Digər xəbərlər
SON XƏBƏRLƏR