Fərdi jurnalist yazıları müsabiqəsində qalib jurnalistlərin adları açıqlandı

img

16-03-2011 [05:19]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb. Bu barədə qərar Müşahidə Şurasının bu gün keçiirlən iclasında verilib. Martın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. İclas iştirakçıları Fondun Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarını müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. Məsələ ilə bağlı Müşahidə Şurası üzvlərinə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 7 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 71 nəfər jurnalist qatılıb. Hər istiqamət üzrə 3 yazının ( 2 nəfər respublika miqyaslı KiV redaksiyalarında çalışanlar üçün, 1 nəfər isə region mətbuatında çalışan jurnalistlər üçün) qalib edilməsi nəzərdə tutulub. Lakin region KİV-ində çalışan jurnalistlər tərəfindən cəmi 4 istiqamət üzrə yazı təqdim edilmişdi və onlardan ikisi qalib oldu, ikisi isə yetərli bal toplaya bilmədi. Digər 3 istiqamət üzrə isə yazı təqdim edilməyib və bu yerlər boş qalıb. V.Səfərli boş qalmış bu yerlərə həmin istiqamətlər üzrə 25-dan yuxarı bal toplamış jurnalistlərin qalib edilməsi məsələsini müzakirə etməyə təklif verib. Məlumat üçün bildirilib ki, müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 25 bal müəyyən edilib. Müşahidə Şurası üzvləri verilən təklifi müzakirə edərək boş qalan yerlərə həmin istiqamətlər üzrə yüksək bal toplamış yazıların qaliblər sırasına daxil edilməsi barədə qərar qəbul ediblər. Beləliklə, 71 jurnalistin qatıldığı müsabiqədə 21 jurnalist qalib hesab edilib. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və Fondun xüsusi diplomu təqdim olunacaq. Qaliblərin diplomları Fondun bu il martın 17-də "Sarı Gəlin" Şadlıq Sarayında keçirəcəyi bayram tədbirində təqdim ediləcək. Nəzərinizə çatdıraq ki, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR