14-03-2011 [03:37]
Bir ilə yaxın Almaniyada yaşayan satrik şair Mirzə Sakit Azərbaycana qayıdıb. Ölkədə olmadığı müddətdə də sosial şəbəkələr vasitəsiylə ictimai-siyasi proseslərə fikir bildirən satirik şair, artıq proseslərdə yaxından iştirak edəcək. Ölkədəki ictimai-siyasi vəziyyət, cəmiyyətdə yaranan siyasi aktivlik, siyasi qüvvələrdəki inqilab əhval-ruhiyyəsi və hakimiyyətin yürütdüyü siyasətlə bağlı müsahibə verən Mirzə Sakit nikbin əhval-ruhiyyədədir.
[b]- Bir müddət öncə bəyan etmişdiniz ki, nə müxalifətin, nə də hakimiyyətin şairisiniz. Mirzə Sakit niyə hüquqlarının tapdandığını iddia edən gücün, yəni müxalifətin şairi olmaq istəmir? [/b]
- Bilirsiniz, Mirzə Sakitin özü zatən müxalifətdədir. Ona görə də mənim müxalifətin yanında olmağıma ehtiyac yoxdur, çünki mən özüm elə buradayam. Bir də ki, müxalifət siyasi mənsubiyyəti olmaq demək deyil. Bu gün xalqın 90 faizdən çoxu hakimiyyətə müxalifətdədir. Hamı bilir ki, Azərbaycan xalqının əzilən, hüquqları tapdanan təbəqəsi hakimiyyətə qarşıdır. İndi bu narazıların bəzisi etirazını açıq şəkildə bildirir, bəzisi qəlbində etiraz edir, bir qismi isə baxışı ilə etiraz etməkdədir. Mən də bu hakimiyyətə müxalifətəm. Bu günə kimi demişəm, bundan sonra da deyəcəyəm ki, mən heç kimin şairi deyiləm. Mən özümü nə müxalifətin, nə də hakimiyyətin şairi hesab etmirəm. Hətta bugünkü müxalifət sabahkı iqtidar olsa belə, mən onların da şairi ola bilmərəm.
[b]- Siz rəsmən AXCP-nin üzvüsünüz. Bu kimi fikirləriniz partiyada hər hansı narazılıq yaratmır ki? [/b]
- Bəli, 2004-cü ildən AXCP-nin üzvüyəm. Bu partiyanın üzvü olmağıma peşman da deyiləm. Amma partiya üzvü olmaq, o demək deyil ki, AXCP-dəki, Müsavatdakı, yaxud hansısa başqa partiyadakı neqativ hallara göz yumulmalıdır. Əgər təmsil olunduğum AXCP-də neqativ hallar görmüşəmsə də, tənqidi fikirlərimi bildirmişəm. Düzdür, bəziləri bunu yaxşı qarşılamayıblar, başqa ad verməyə çalışıblar, prosesə insafsız yanaşanlar da olub. Ancaq o da adi haldır ki, əgər mən min nəfəri tənqid edirəmsə, qoy əlli adam da məni tənqid eləsin.
[b]- Mirzə, deyirsiniz ki, Azərbaycan xalqının 90 faizi hakimiyyətə qarşı müxalif mövqedədir. Hazırda dünyada müəyyən aktivliyin yarandığını, bunun Azərbaycana da təsir etdiyini nəzərə alaraq, vəziyyəti necə dəyərləndirirsiniz?[/b]
- Fikir vermisinizsə, inqilab olan ölkələrdə mitinqlər başlamazdan 10-15 gün öncə xalqın fəallığı nəzərə çarpmayıb. Yəni xalqın qalxması bir anlıq məsələdir. Mən Azərbaycan xalqının bu günə qədər hakimiyyətlə mübarizəyə hazır olduğunu görməmişəm. Xalqın səbrinin tükəndiyi məqam olur, həmin vaxt da xalqın səbr kasasının daşması prosesinin qarşısını almaq mümkün olmur. Dünyada ən güclü silah xalqdır, xalqın oyanmasıdır. Yəni xalq oyanandan sonra hansısa silahla, təzyiqlə onun qarşısını almaq olmaz. İnqilab olan ölkələrdə də gördük ki, dünən yatan, xofda olan xalq bir günün içində ayağa qalxdı. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycan xalqını da ayağa qalxmış görəcəyik.
[b]- Ərəb ölkələrinin təcrübəsi göstərdi ki, orada prosesi xalq başlatdı, ancaq Azərbaycanda bu proseslərə başlamağa siyasi müxalifət iddialıdır. Buradan belə bir qənaətə gəlmək olarmı ki, bizdə hadisələr fərqli cərəyan edə bilər? [/b]
- Təbii ki, hər bir partiyanın öz mövqeyi, öz qərarı ola bilər. Amma istərdim ki, İctimai Palatada təmsil olunan hər bir partiya xalqın taleyüklü məsələsində müstəqil qərar çıxarmasın. Yaxşı olar ki, müxalifət birgə mitinq qərarı versin. Əgər bu gün bir partiya mitinqə çıxarsa, bu, zəif etiraz aksiyası deməkdir. Zəif aksiya isə hakimiyyətin güc strukturları tərəfindən zorakılıqla dağıdılar və bu da istər-istəməz insaların gözünü qorxudar. Müsavat Partiyasının təkbaşına mitinqə çıxmasını isə mən də arzulamırdım.
[b]- Sizə elə gəlmir ki, biz ənənəvi problemlə qarşılaşırıq, yenə də müxalifət liderlərinin siyasi ambisiyası önə çıxıb? [/b]
- Qətiyyən belə olmayacaq. Zaman-zaman müəyyən rəqabət mühiti olub. Amma görəcəyik ki, bu günə kimi bəyənmədiyimiz "cib" müxalifəti də həlledici məqamda gəlib "ocaq" deyilən yerdə dayanacaqlar. Bu gün AXCP, Müsavat, KXCP, BQP, BAXCP-də, Fərəc Quliyevin təşkilatının qərargahlarında Əbülfəz Elçibəyin şəkilləri asılıb. Deməli, adıçəkilən bu təşkilatların hamısı bu kişidən ayrılıb. İnanıram ki, o kişinin ruhunun təsiri həmin qüvvələri yenə eyni ocaq başına toplayacaq. Əgər xalq oyanışı varsa, o qüvvələr də bir araya gələcək.
[b]- Axı, həmin qüvvələr bu gün bir-birinə qarşı çox kəskin ittihamlar səsləndirir. Məsələn, Fərəc Quliyev, Qüdrət Həsənquliyev və digərləri Əli Kərimlini kəskin şəkildə ittiham edirlər... [/b]
- Razıyam. Qüdrət Həsənquliyev də, Fərəc Quliyev də Əli Kərimlinin ünvanına ağır ittihamlar səsləndirirlər. Amma bəlkə də bunlar məcburən, zorən ortaya çıxan ittihamlardır. Az vaxt keçəndən sonra bu ittihamların doğrudan da saxta olduğunu görəcəyik. O itihamları səsləndirməyi sifariş verənlərin iflasını görəndə, onlar da bayaq dediyim ocaq ətrafına yığışacaqlar.
[b]- Bu gün İctimai Palatada təmsil olunan partiyalar hətta mitinq məsələsində də vahid mövqeyə gələ birmirlər. ?ə baş verəcək ki, mövqeləri fərqli olan siyasi qüvvələr də eyni ocağın başına yığışacaqlar? [/b]
- Xalqın taleyüklü məsələsində həmin qüvvələr ürəklərində olan kin-küdurəti atacaqlar. Ən demokratik ölkələrdə belə, partiyaların bir-birinə qarşı kini də olub, sağlam və qeyri-sağlam rəqabəti də. Çox təəssüf ki, bizdə sağlam olmayan rəqabət daha çox üstünlük təşkil edib. Bütün bu partiyaların arasında intriqa yaradan isə hakimiyyətdir. Onlar hakimiyyətin süquta uğradığını görəndən sonra həmin ocağın ətrafında birləşəcəklər.
[b]- Hakimiyyət süquta uğrayandan sonra radikal müxalifətin konstruktiv müxalifətə nə ehtiyacı qalacaq ki? [/b]
- Özümdən misal gətirim. Həbsdən çıxan günə qədər mən "Azadlıq" qəzetində yazırdım. Həbsxanada olanda da yazılarım o qəzetdə dərc olunurdu. Amma arada olan bəzi qüvvələr münaqişə yaratdılar və məni "Azadlıq" qəzetindən uzaqlaşdırdılar. Hazırda iqtidar da öz ömrünü uzatmaq üçün müxalifətdəki qüvvələrin arasına nifaq salıb. Bu da hakimiyyətin tərəfindən baxanda normal haldır. Tutalım, sabah AXCP, yaxud Müsavat hakimiyyətdə olacaqsa, ona qarşı olan qüvvələri zərərsizləşdirəcək. Azərbaycan hakimiyyəti özü qara olduğu halda, sağlam müxalifəti qara qüvvə kimi görür. Zaman göstərdi ki, son 17 ildə Müsavat, AXCP və digər qüvvələr xalqın gələcək rifahı naminə əllərindən gələni öz fikirləri ilə ortaya qoya biliblər.
[b]- Amma hakimiyyət nümayəndələri bildirirlər ki, bu gün Azərbaycanda yaranan aktivlik xarici qüvvələrin sifarişi ilədir və bəzi müxalifət qüvvələri də həmin sifarişi yerinə yetirir... [/b]
- Qətiyyən elə deyil. Bu, xaricdən idarə olunmur, xalqın içindən çıxan etiraz səsləridir. YAP-ın icra katibi Əli Əhmədovun "Azadlıq" radiosundakı çıxışına qulaq asdım, artıq o, narahatlığını belə ifadə edir ki, guya YAP-ın 200 minlik gənc ordusu hakimiyyətin siyasi xəttini dəstəkləyir. Hakimiyyətdəkilər gözəl bilir ki, YAP-ın 500 min üzvündən 495 mini bu iqtidara qarşıdır. Sadəcə, iş yerlərini itirməməkdən ötrü susublar, ancaq bu da uzun çəkməyəcək. Müxalifətin, gənclərin, ümumilikdə xalqın avtoritar rejimə qarşı çıxması heç də xaricdən təlimat nəticəsində ortaya çıxmayıb. Azərbaycan xalqı YAP-sız həyat istəyir. Ona görə də etiraz səsini ucaltmağa başlayıb.
Başqa bir məsələyə toxunmaq istəyirəm. Əli Əhmədov aktiv, bu hakimiyyətin zülmünə qarşı çıxan Azərbaycan gənclərini ermənilərə işləməkdə, onlarla eyni marağa qulluq etməkdə suçlayır. Əli Əhmədovun diqqətinə çatdırıram ki, gəncliyimizə böhtan atmasın. Yaxşı olar ki, hərə öz soy-kökü ilə maraqlansın.
- Bir vaxtlar hakimiyyət siyasi partiyaların üzvlərinə, bir müddət sonra media nümayəndələrinə, indi isə gənclərə qarşı təzyiqlərə başlayıb. Müxalifət sıradan çıxıb, yoxsa mübarizə aparanların sırası genişlənib?
- Hər zamanın öz hökmü var. Bir vaxtlar döyüşçüləri həbsxanalara atırdılarsa, bir müddət sonra siyasiləri, sonra jurnalistləri, indi də gəncləri həbs etməyə başlayıblar. Bunun səbəbi aydındır. Görürlər ki, gənclik oyanıb, onları oyadan internet dünyasıdır. Baxırlar ki, hakimiyyət mənsubları hər gün xalqı aldatmaqla məşğuldur. Tələbələr var ki, heç bir siyasi qüvvənin təsiri altında olmadan öz sözlərini demək istəyir. Bu da hakimiyyəti qorxudur. Hakimiyyətin apardığı korrupsiyaya qarşı mübarizə kampaniyası, məmur yerdəyişmələri gülüş doğurur. Bütün avtoritar rejimlərin qorxduğu qüvvə isə gənclikdir. Bilirlər ki, gənclikdə böyük enerji, fiziki və mənəvi güc var. Bu mənada hazırda gənclərin hakimiyyətin hədəfində olması normal haldır. Amma inanıram ki, hakimiyyətin qorxduğu bu gənclik xalqın əleyhinə olan bu hakimiyyətin sonuna çıxacaq.
- "Azadlıq" qəzetində fəaliyyətinizi nə zaman bərpa edəcəksiniz?
- Ümidvaram ki, "Azadlıq" qəzetində yenə də yazılarım, şeirlərim, felyetonlarım çıxacaq. [b]"Azadlıq"ın yeddinci səhifəsi üçün yaman darıxmışam. - Qəzet rəhbərliyi ilə problemləriniz var idi, onlar unudulacaq, yoxsa... [/b]
- Problemlər hər yerdə var. Hər şey gözəl olsa, bir az anormallıq olar ki, niyə hər şey gözəldir. "Azadlıq"dakı olan problemlər keçmişdə qalsa, daha yaxşıdır. ?arazılıqlar oldu, günahkarların kim olduğu bilindi, bir sıra faktlar ortaya çıxdı. Yenə də deyirəm, problemləri keçmişdə qoysaq, daha yaxşı olar. Qəzetin rəhbərliyi var, istəsə hansısa materialı çap edər, istəsə etməz. Ancaq bu da demokratik yolla olmalıdır, özbaşınalıq olmamalıdır. Ümid edirəm ki, yaxın zamanlarda hər şeyin yoluna qoyulacağının şahidi olacağıq.
Z.MƏMMƏDLİ