Media kapitanları Bakı Slavyan Universitetinin tələbələriylə görüzdü

img

10-03-2011 [03:06]


Bu gün Bakı Slavyan Universitetində(BSU) Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə jurnalist ixtisasında təhsil alan tələbələr ilə müxtəlif mətbuat orqanlarının redaktorları arasında görüş keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və 20-dən çox gündəlik və həftəlik qəzetlərin redaktoru iştirak edib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdullayev bildirib ki, görüşün keçirilməsində məqsəd jurnalist ixtisasında təhsil alan tələbələrə müxtəlif qəzet redaksiyalarında təcrübə keçmək və gələcəkdə işlə təmin olunmaları üçün şərait yaratmaqdır. Vüqar Səfərli yeni layihənin jurnalist peşəsini sevən insanlara dəstək olacağını qeyd edib. Yeni layihəyə əsasən BSU-nun jurnalist ixtisası üzrə təhsil alan tələbələri beş aylıq təcrübə keçmək üçün qəzet redaksiyalarına göndəriləcək. Həmin tələbələrə bu müddət ərzində hər ay 100 manat məbləğində pul veriləcək. Səfərli bu gün KİV-də jurnalistikadan xəbərdar olmayan kifayət qədər insanın çalışdığını söyləyib. Əflatun Amaşov isə bu layihəyə görə çox optimist olduğunu bildirib. O, təsadüfi insanların bu peşəyə yiyələnməməsi üçün gələcəkdə bakalavr imtahanı verən tələbələrin də qabiliyyət imtahanı verəcəyini deyib. BSU-nun Jurnalistika kafedrasının müdiri Etibar Babayev kafedranın fəaliyyəti, tələbələri yaradılmış şərait barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edək ki, analoji tədbir Bakı Dövlət Universitetində (BDU) də keçirilib. Artıq BDU-nun jurnalistika fakültəsində təhsil alan 22 tələbə qəzet redaksiyalarında fəaliyyətə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR