16-02-2011 [02:27]
[b]Hüseyn Yusubov: ?Əgər hansısa milli azlığın milli Koqresindən söhbət gedirsə, burda kimə xoş, kimə naxoş olmaq onuncu məsələdir?[/b]
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Borçalı (Kvemo-Kartli) bölgəsinin vitse-qubernatoru Hüseyn Yusubv Bakıda səfərdə olub. Bu, Hüseyn Yusubovun Gürcüstan Azərbaycanlıları Konqresinin sədri seçildikdən sonra Azərbaycan paytaxtına ilk gəlişi idi. Qubernatorun müavini Bakıda Diaspora Komitəsinin rəhbərliyi, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də iş adamları ilə çoxsaylı görüşlər keçirib. Hüseyn Yusubov ?Reportyor? qəzetinin də qonağı olub və Gürcüstan, Borçalı məsələləri ilə bağlı bir çox sualları cavablandırıb. Qubernatorun müavini həmçinin, Bakıda keçirilməsi planlaşdırılan ?Borçalı Forumu? bağlı da fikirlərini paylaşıb, bununla bağlı düşüncələrini dilə gətirib. İlk növbədə isə, Hüseyn müəllim səfərinin məqsədi və məramə barədə bilgi verdi.
- Bakıya bir sıra rəsmi görüşlər keçirmək üçün gəlmişəm. Xüsusən də, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq Azərbaycan Diaspora Komitəsinin rəhbərliyi ilə görüşlərim, məsləhətləşmələrim oldu. Bir sıra önəmli məsələləri müzakirə etdik və hesab edirəm ki, uğurlu məsləhətləşmələrimiz oldu. Təbii ki, biz Konqres olaraq həm Azərbaycan xalqını, həm də dünya azərbaycanlılarının milli dövləti olan Azərbaycan dövlətini Gürcüstanda təmsil etməyi, o cümlədən, Gürcüstanda yaşayan azərbaycanlıların, borçalıların hüquqlarını qorumağı bacarmalıyıq. Yəni, Konqers həm Azərbaycanı Gürcüstanda təmsil etmək, həm də Gürcüstanı Azərbaycana təqdim etmək rolunu oynamalıdır.
- Maraq doğuran suallardan biri odur ki, Konqres rəhbərliyində dəyişiklik baş verəndən sonra Diaspora Komitəsi ilə görüş və məsləhətləşmələriniz xeyli gecikdi. Bunun səbəbi nədir?
- Bu gecikmənin günahkarı mənəm. O mənada ki, ancaq indi vaxt edib Bakıya gələ bildim. Bilirsiniz ki, mən həm də qubernatorun müavini vəzifəsində çalışıram. Digər tərəfdən, mən Bakıya hazır gəlməliydim. Yəni, belə bir səfəri reallaşdırana qədər Konqresin milli strategiyasını, taktikasını işləyib hazırlamalıydım. Hesab edirəm ki, Gürcüstan Azərbaycanlıları Konqresi həqiqətən də bir ictimai parlament rolunu oynamalıdır. Biz bu sahədə də İdarə Heyətinin üzvləri ilə məsələhətləşmələr aparmışıq, müşavirələr keçirmişik və dəqiq bir strategiya ortaya çıxandan sonra Bakıya gəlmişəm. Bu səfərin bir məqsədi də Konqres sədri kimi Azərbaycanda səlahiyyətli şəxslərlə tanış olmaqdan ibarətdir.
- Gürcüstanda yüksək vəzifəli məmurun belə bir quruma rəhbərlik etməsi mümkündürmü?
- Gürcüstan qanunlarına görə, heç bir dövlət məmuruna ictiami vəzifələri həyata keçirmək qadağan olunmur. Ancaq həmin şəxs ictimai əsaslarla, yəni, əmək haqqı almadan çalışmalıdır. Ümumilikdə isə, əgər belə bir problem varsa, o da yalnız fiziki çətinlik ola bilər. Lakin bir halda ki, bu işi biz üzərimizə götürmüşük, bütün fiziki çətinliklərə də xalq üçün dözməyi bacarmaq lazımdır.
- Koqresin əvvəlki sədri Gürcüstan hakimiyyətinə bir növ müxali mövqedə dayanan şəxs idi. Siz isə iqtdar komandasının üzvüsünüz. Belə düşünmək olarmı ki, sizin timsalınızda Gürcüstan hakimiyyətinin konqreslə münasibətləri daha da yaxın, isti olacaq?
- Bilirsiniz, əgər hansısa milli azlığın milli Koqresindən söhbət gedirsə, burda kimə xoş, kimə naxoş olmaq onuncu məsələdir. Söhbət öncə ondan gedir ki, Konqres siyasi bir təşkilat deyil, ictimai təşkilatdır və bu gün İdarə Heyəti üzvlərinin çox ciddi bir hissəsi yenə də barışmaz müxalifət partiyalarını təmsil edir. Mən qurultayda da öz fikrimi açıq şəkildə elan etdim ki, heç kimin siyasi möqeyi mənim üçün maraqlı deyil. Hər bir şəxsin öz siyasi mövqeyi ola bilər. Hər kəs öz siyasi mövqeyini seçməkdə azaddır. Digər tərəfdən, kimin hansı partiyada olmasından asılı olmayaraq, biz öncə azərbaycanlıyıq və Konqres bizi bir azərbaycanlı kimi birləşdirir. Konqresdən çıxandan sonra o insan öz şəxsi həyatını necə davam etdirir, kimin əxlaq normaları, siyasi baxışı nədir, o hərənin öz işidir. Mən onu Konqresin problemi hesab etmirəm.
- Necə oldu ki, Konqresin rəhbərliyində belə bir dəiyşiklik baş verdi?
- İnanın ki, bu, ilk növbədə mənim üçün də gözlənilməz oldu. Məsələn, Əli Babayev üçün gözlənilməz deyildi. Nə mənada? Qurultaydan təxminən 2 ay öncə İdarə Heyəti növbədənkənar qurultay çağırmaq üçün Əli Babayevin iştirakı ilə yığışıb, Təşkilat Komitəsi yaradıb. Hansı ki, Əli Babayev də həmin Təşkilat Komitəsinin üzvü olub və növbədənkənar qurultayın gündəliyinə 2 məsələ daxil edilib, Birinci, sədrin maliyyə hesabatı. İkinci isə sədr seçkisi məsələsi. Bununla bağlı sonradan Təşkilat Komitəsinin bir neçə iclası keçirilib. Həmin materiallarla mən indi tanış olmuşam. Ümumilkdə isə, mənim onlarla heç bir əlaqəm olmayıb. Hər birini ayrı-ayrılıqda tanımışam, hər biri ilə münasibətimiz olub, amma Konqresin heç bir tədbirinə dəvətli olmamışam və qatılmamışam da. Demək istədiyim odur ki, bunlar artıq qurultaya nə üçün getdiklərini bilirdilər. Mən də hər kəs kimi qurultaya dəvət olundum, iştirak etdim və orda bütün İdarə Heyəti üzvləri demək olar ki, məni məcbur etdilər. Yəni, ərklə məcbur etdilər ki, əgər siz Konqresin inkişaf etməsini istəyirsinizsə, sədr olmalısınız, biz sizi sədr görürük. Düzü, mən əvvəlcə çəkindim, razılıq vermək istəmədim. Sonra fikirləşdim ki, niyə də olmasın. Biz həmişə xalqımızın yanında, xalqın problemləri ilə məşğul olmuş adamlarıq. Elə məsələlər var ki, qubernator müavini olaraq mənim səlahiyyətim daxilində deyil, amma Konqres sədri kimi mən o məsələləri həll edə bilərəm. Eyni zamanda, Konqres sədrinin bacara bilmədiyi işləri artıq qubernator müavini kimi bacara bilirəm. Fikiləşdim ki, iki qüvvəni, iki işi birləşdirib xalq üçün daha yaxşı şərait yaratmaq olar.
- Konqres sədri olaraq qarşınıza qoyduğunuz prioritet hədəflər nələrdir?
- Mən ilk növbədə insan hüquqları məsələsi və mətbuatın problemləri ilə məşğul olmaq istəyirəm. Aydındır ki, insan hüquqları barədə çox geniş danışmaq olar. Amma mən Gürcüstanda yaşayan bütün azərbaycanlıların hüquqlarından danışıramsa, hesab edirəm ki, əvvəlcə vəkil problemini həll etməliyik. Bizdə azərbaycanlı vəkillər yoxdur. Əlbəttə, hüquqi təhsil almış gənclərimiz var, amma hazırlıqlı, peşəkar səviyyəli vəkillərimiz yoxdur. Bu gün dil bariyeri də reallıq olaraq qalır. Odur ki, vəkilə ehtiyacı olan vətəndaş ona öz öz problemini düzgün şəkildə başa sala bilmir və nəticədə cəza alır və s. Bu baxımdan, ilk növbədə peşəkar vəkillər hazırlamaq üçün lazımi şərait yaratmağa çalışmalıyıq. Mən ümidvaram ki, Diaspora Komitəsi də bu işdə bizi dəstəkləyəcək. Elə başa düşürəm ki, həmin vəkillərin maliyyələşdirilməsi, imkansız azərbaycanlılar üçün pulsuz vəkillərin təyin olunması insan hüquqları sahəsində çox ciddi addım olacaq. Təbii ki, bizim orda Ombudsman Aparatı ilə də çox sıx əlaqəmiz, əməkdaşlığımız var. Hesab edirəm ki, bütün qüvvələri bir yerə cəmləşdirəndə ciddi işlər görə biləcəyik. Məsələn, bu gün kiminsə məhkəmədə bir problemi varsa, qubernatorun müavini olaraq, mənim orda heç bir rolum ola bilməz. Gürcüstanda məhkəmələr sərbəstdir, kimin cəzası nədir, onu da alacaq. Amma biz onun hüquqlarını müdafiə edən vəkillər hazırlaya bilərik. Bilirsiniz ki, bəzən məntiqlə qanun üst-üstə düşmür və bu halda vətəndaş məsələyə məntiqi baxımdan yanaşır. Ona görə də bizə savadlı vəkillər lazımdır ki, vətəndaşların hüquqlarını daha peşəkar şəkildə müdafiə etsin.
- Siz seçiləndən sonra da burda belə bir fikir formalaşdırıldı ki, Hüseyn müəllim Gürcüstan hakimiyyətində məmur kimi çalışdığı üçün onun Koqresə sədrliyi qurum üzvü olan QHT-lər tərəfindən qəbul olunmur və siz Azərbaycan hakimiyyəti üçün arzuolunmaz bir şəxs kimi təqdim olunurdunuz...
- Azərbaycan hakimiyyəti ilə bizi yalnız böyük dostluq telləri bağlayır. Azərbaycan hakimiyyətində təmsil olunan bir çox insanlar Borçalıda qonaq olublar. Gəlib borçalıların problemləri ilə maraqlanıblar və bizim ünsiyyətlərimiz formalaşıb. Biz Azərbaycanda dəfələrlə rəsmi, qeyri-rəsmi səfərlərdə olmuşuq. Həmişə də Azərbaycan hakimiyyəti tərəfindən maksimum diqqət görmüşük. Ona görə də, bu sözlər mənə gülünc gəlir. Kimin kiminlə nə münasibəti var, mən bu haqda bir şey deyə bilmərəm, amma şəxsən Yusubov Hüseyin üçün Azərbaycan hakimiyyətində həmişə yaşıl işıq olub. İndi də onu analiz etməyə ehtiyac yoxdur ki, mən Gürcüstan hakimiyyətinin nümayəndəsiyəm və s.
Amma bu gün Gürcüstan Azərbaycanlıları Konqresinin Azərbaycanda əməkdaşlığı daha çox Diaspora Komitəsi ilə ola bilər. Hansı ki, Diaspora Komitəsinin nümayəndələri, rəhbərliyi də tez-tez Gürcüstana gəliblər və mən qubernatorun müavini olaraq da həmişə onlar axtarıb tapmışam, ya onlar məni axtarıb tapıblar. Bu gün onların bir çoxu ilə artıq dostluğa çevrilmiş münasibətlərimiz var. Amma xırda, cılız insanlar münasibətləri pozmağa cəhd etsə də bu, heç vaxt uğurlu qurtara bilməz. Çünki, o dostluq həm Gürcüstanda yaşayan azərbaycanlılara, həm də ümumən Azərbaycan xalqına xidmət edən bir dostluqdur. Yəni, böyük ideyalarla bağlı bir dostluqdur. Belə bir dostluğu o xırda, cılız insanlar pozmağa çalışsalar da, onu bacarmazlar.
- Bir il öncə də sizinlə Gürcüstanda görüşmüşdük. O vaxt sizdən götürdüyüm müsahibədə Gürcüstandakı mövcud problemlərlə bağlı fikir mübadiləsi aparmışdıq. Bu bir ildə nə kimi dəyişikliklər baş verib?
- Bu gün, ümumi Gürcüstan kontekstindən yanaşanda, Gürcüstan artıq çox ciddi addımlarla böyük bir turizm ölkəsinə çevrilmək üzrədir. Bizim prezidentimiz ölkənin inkişafı ilə bağlı belə bir strateji xətt seçib. Yəni, bir növ Sinqapur variantı. Bilsirsinz ki, Sinqapur da ərazisinə və əhalisinə görə Gürcüstana yaxın bir ölkədir. Orda da vaxtilə böyük səfalətlər yaşanıb, bizdə də. Bu gün bütün iqtisadi sahədə aparılan islahatlar Sinqapur varinatına uyğunlaşdırılır və artıq öz effektini verir. Çoxsaylı sərmayədarlar artıq Gürcüstana gəlirlər. Yanvarın 1-dən biznesin tam şəkildə liberallaşması ilə bağlı yeni vergilər qanunu qüvvəyə minib. Yəni dövlət idarələrindən yalnız bir təşkilat ? Vergilər Nazirliyi biznes təşkilatları, biznesmenlərlə münasibətdə ola bilər. Qalan heç bir dövlət idarəsi biznes təşkilatlarına yaxın da gedə bilməz. Bundan başqa, Qara dəniz bölgəsində otellərin tikintisi üçün dənizin sahilində pulsuz torpaqlar verilir. Mən fürsətdən istifadə edib bizim azərbaycanlı iş adamların da müraciət edirəm ki, buyursunlar, gəlsinlər. Qara dəniz sahilində otellər tikmək və qarşısında plyaj kimi istifadə olunması üçün pulsuz torpaq sahəsi verilir. Həmin mehmanxanalar fəaliyyətə başlayandan sonra 15 il bütün vergilərdən azaddır. Eyni zamanda, ümumən istehsalla məşğul olmaq istəyən şəxslər məsələn, bizim Borçalı (Kvemo Kartli) Quberniyasında çox güzəştli şərtlərlə torpaq sahəsi ala bilərlər. Rustavadə və gidər rayonlarda dövlətin nəzdində olan binaların da güzəştli şərtlərlə satışını təşkil edə bilərik. Onlar da istehsal başlyandan sonra bir neçə il həm əlavə dəyər vergisindən, həm də gəlir vergisindən azaddırlar. Əlbəttə, biz burda maraqlı deyilik ki, torpağı və yaxud binanı satıb qazanaq. Biz maraqlıyıq ki, vətəndaşlarımız üçün iş yerləri açılsın. Ona görə də iş adamları üçün hər bir şəraiti yaratmağa hazırıq. Bu mənada, mən azərbaycanlı iş adamlarına da çağırış edirəm.
- Bu gün Borçalıda yaşayan soydaşlarımızın mili zəmində nə kimi problemləri var?
(Ardı var)
Sərkərdə Sərxanoğlu