Bizim Umud müəllim

img

09-02-2011 [07:00]


[b][center]O, sıravi jurnalistlərin dostudur [/center][/b] Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun 50 yaşının tamam olduğunu eşidəndə ağlıma gələn ilk sual bu oldu: Umud müəllim bu qədər çox işi 50 ilə necə sıxışdırıb? Mən, Umud Rəhimoğlunu 1994-cü ildən tanıyaram. Bizi bir neçə il əvvəl avtomobil qəzasında həlak olmuş mərhum dostum Şərbət Kərimov tanış eləmişdi. Rəhmətlik Şərbət o vaxt Umud müəllimi çox qısa xarakterizə etmişdi: "Yaxşı adamdır". İndi həmin vaxtdan 17 il keçir. Şərbətin bu qənaətində nə qədər haqlı olduğuna ötən 17 ildə ən azı 17 dəfə əmin olmuşam... Umud Rəhimoğlu Azərbaycan mətbuatında çətin və şərəfli "Yol" keçib. Bu "Yol" neçə-neçə jurnalistin püxtələşməsində mühüm rol oynayıb. Onun Azərbaycanın mətbuat tarixində öz "Yol"u, öz dəsti-xətti var. Umud Rəhimoğlu uzun illərdir ki, Beynəlxalq Avrasiya Mətbuat Fonduna rəhbərlik edir. Onun səsi tez-tez dünyanın ən mötəbər kürsülərindən eşidilir. Umud Rəhimoğlu erməni təcavüzü nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının haqq bağıran səsidir. Bu səs işğal altında olan torpaqlarımızdan ucalır... Tükənməz enerjiyə sahib olması Umud müəllimə eyni vaxtda bir neçə nüfuzlu qurumda çalışmaq imkanı verib. Azərbaycan Mətbuat Şurasının yaranmasında onun danılmaz əməyi var. Hazırda o, Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri kimi çox mühüm vəzifələri uğurla icra edir. Azərbaycanda müstəqil mətbuatın yaranmasında və inkişafında onun müstəsna xidmətləri var. Tarix özü bunun şahididir! Umud Rəhimoğlu həmişə azad sözü basqılardan, qınaqlardan qoruyub. Dəfələrlə mən bunun şahidi olmuşam. Bir dəfə Mətbuat Şurasında xalq artisti Habil Əliyevin "Reytinq"lə bağlı şikayəti müzakirə olunurdu. Həmin iclasda qəzeti mən təmsil edirdim. Mətbuat Şurası İdarə Heyəti üzvlərinin bizi barışdırmaq cəhdi nəticə vermirdi. Habil müəllim qəzetin məhkəməyə verilməsini tələb edirdi. Rəşad Məcid nə qədər çalışsa da, Habil Əliyevi inandından döndərə bilmədi. Sonra Vüsalə Mahirqızı Habil müəllimi yola gətirmək istədi. Amma onun səyləri də nəticəsiz qaldı. Axırda Vüqar Rəhimzadə Habil müəllimi dilə tutmaq istədi. Ancaq onun zəhməti də hədər getdi. Xalq artisti barışıq təklifini qəbul etmirdi. Səs-küylü məhkəmə prosesini gözümün önünə gətirdiyim bir vaxtda Umud müəllim çıxış etdi. O, qısa, ancaq məmzmunlu çıxışı ilə Habil Əliyevi yumşalda bildi. Qocaman sənətkarın Umud müəllimin çıxışına verdiyi reaksiya indiki kimi yadımdadır: "Əgər ağsaqqal barışmağı məsləhət görürsə, mən etiraz etmirəm". Sanki üstümdən ağır yük götürüldü. Umud Rəhimoğlunun təmkini, ədəb-ərkanı bizi məhkəmə çəkişməsindən xilas etdi. Habil Əliyevin qəzəbindən qurtulduğumuz üçün çox sevindim. Amma məni ən çox sevindirən Umud Rəhimoğlunun və həmkarlarının sonadək azad sözün təəssübünü çəkməsi oldu. Umud Rəhimoğlu sıravi jurnalistlərin ən yaxın dostu, hamisi sayılır. O, heç bir jurnalistdən öz qayğısını əsirgəmir. Məhz bu nəcib keyfiyyətinə görə, mətbuat işçiləri onu sevir, hörmət edirlər. Arzu edirəm ki, Umud müəllim həmişə jurnalistlərin ümid yeri olaraq qalsın. Ona bu yaraşır... Ad gününüz mübarək, Umud müəllim! [b]Seymur VERDİZADƏ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR