26-12-2010 [06:06]
[b]Ekstrasens Elşən Məmmədov: "Azərbaycana xaricdə baş verən təbii fəlakətlərə görə deyil, siyasi çaxnaşmalara görə qaçqın axını gözlənilir"
[/b]
"Lider" telekanalında yayımlanan "Ekstrahiss-2" layihəsində iştirak edən ekstrasens Elşən Məmmədovun çıxışları tamaşaçıların diqqətini xüsusilə çəkmişdi. Əminik ki, E.Məmmədovdan 2011-ci ilin proqnozları ilə bağlı aldığımız müsahibə də oxucularımızın böyük marağına səbəb olacaq.
- Elşən bəy, proqnoz verə biləcək hansı ekstrasensə müraciət edəcəyimizi çətinliklə müəyyənləşdirdik, çünki bu ad altında fəaliyyət göstərənlərin əksəriyyəti xalqı çaşdırmaqla məşğuldur. Həm də ki, bizdə qeyri-adi qabiliyyətli insanlara eyni cür yanaşırlar, yəni hamısına eyni zamanda falçı, baxıcı və ekstrasens deyilir. Ümidvarıq ki, Sizə müraciət etməkdə yanılmamışıq.
- Etimadınıza görə təşəkkür edirəm! Ali təhsilli olduğumdan, mən özüm də həmişə falçı, baxıcı, görücü sözlərindən ehtiyat etmişəm. Elə "Ekstrahiss" layihəsinə də bu sözün damğasını üzərimə götürməmək üçün qatılmışdım. Təəssüf ki, özlərinə ekstrasens deyənlərin bir çoxu bu sözün mənasını dərk etmirlər. Bu bir hissdir, gəlir, sən də ötürürsən. Hissiyyatı inkişaf etmiş insanlar öz qabiliyyətlərindən 40 faiz istifadə edə bilərlər. Bu qabiliyyətin 70-80 faiz həddinə çatması isə insanı anormal edə bilər. Bu səbəbdən də 100 faizlik proqnoz Allaha aiddir.
- Deməli, bu, idarəolunmaz prosesdir...
- Proqnoz həqiqətə yaxın versiya deməkdir. Bunu da biz öz hisslərimiz vasitəsilə çatdırırıq. İnsan var hadisələr gözünə görünür, eləsi var nəsə eşidir, kiminsə də ürəyinə məlumat gəlir. Bəzən özümüz də verdiyimiz proqnozdan heyrətlənirik.
- Proqnozlarınızı necə verirsiniz?
- İnsanla bağlı proqnoz verəndə, onun sol gözündən istifadə edirəm. Bir də ürəyimə gələnləri ötürürəm. Amma öncə bu məlumatları beynimdə də analiz edirəm ki, səhv olmasın.
- Bizi maraqlandıran təkcə insanların gələcəyi deyil, həm də cəmiyyətimiz, ölkəmizlə bağlı sosial, iqtisadi və siyasi durum, ehtimal edilən təbii fəlakətlər və sairədir. Yəqin ki, ilayrıcında bu haqda artıq müəyyən fikirləriniz olub. Qarşıdan gələn Ağ Dovşan ilini ölkəmiz üçün necə görürsünüz?
- Bəziləri kimi internet mənbələrinə əsaslanan proqnozlar vermək istəmirəm. İlin proqnozunu vermək çox məsuliyyətli işdir. Şou, reklam xətrinə deyə bilərəm ki, bir ay sonra dəhşətli zəlzələ olacaq. Amma bu baş verməyəndə, öz imicimə zərər dəyəcək. Əslində, mən özümü bu proqnozlara hazırlamıram. Hiss etdiklərimi deyirəm. Ümumiyyətlə, proqnoz verəndə, gərək ağzı bədliyə açmayasan, xeyir-dua ilə danışmaq lazımdır. Qarşıdan gələn il Azərbaycanda siyasi irəliləyiş olmasa da, stabil və rahat keçəcək. Daha çox iqtisadi nailiyyətlər əldə olunacaq. Müharibə və ixtişaşlar, nə də zəlzələlər görmürəm. Amma bir neçə rayona yazda və ilin sonunda sel sularından zərər dəyə bilər. 3 dəfə Ay, iki dəfə Günəş tutulması görürəm. Fəsillərdə yerdəyişiklik də özünü qabarıq göstərəcək. Məsələn, yayda yağışlar çoxalacaq, payız tez girəcək, yaxud da qış gecikəcək.
- 12 il öncəki Dovşan ili heç də yüngül keçməyib. Yuqoslaviyada və Çeçenistanda müharibə məhz həmin ildə başlamışdı...
- Xaricdə vəziyyət bizdəkindən xeyli pis ola bilər. Siz dediyiniz hadisələr başqa ölkələrdə baş vermişdi. Mən Azərbaycanla bağlı proqnozlarımı söyləyirəm. Düzdür, 1999-cu il, noyabrın 25-də Bakıda dağıntısız olsa da, güclü zəlzələ baş vermişdi, lakin dediyim kimi, qarşıdakı ildə belə hadisə gözlənilmir. Daha doğrusu, bir dəfə zəlzələ baş verəcək, amma şkalası yüksək olmayacaq.
- İqtisadi dirçəlişin artacağını bildirdiniz. Bununla yanaşı insanların maddi durumu da yüksəlsə, yaxşı olardı. Nədənsə, əksinədir - mütəmadi olaraq qiymət artımı müşahidə edilir. Qarşıda ciddi bahalaşmalar gözlənilir?
- Bahalaşma müəyyən çərçivədə artıb stabilləşəcək. Hər halda, ümumi vəziyyət əksər MDB ölkələrindən yaxşı olacaq. Mən 4 qitə gəzmişəm. İnandırım ki, biz çoxlarından hər cəhətdən üstünük.
- Amma ölkəmizin potensialını nəzərə alsaq, daha yaxşı ola bilər. Bu gün hətta bir çox biznesmenlər də pul qıtlığından əziyyət çəkirlər...
- Azərbaycanı iqtisadi böhran gözləmir. Gələn il insanların rifahı 2010-cu ilə nisbətən daha yaxşı olacaq. Bir neçə sahədə maaşlar qalxacaq. Ola bilsin ki, təqaüdlər də artsın. Yeni iş yerləri də açılacaq. Amma ölkə büdcəsindən güclü yeyinti olacaq.
Camaatın alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqədar, banklar güclü güzəştlərə gedəcəklər. Lakin tikinti sahiblərinin risk edib banklardan götürdükləri kreditlər başlarına bəla ola bilər. Buna görə də onlar alternativ çıxış yolları axtarsalar, daha yaxşı olar. Tikintilərin sayı isə nisbətən azalacaq.
- 2009-cu il, aprelin 30-da Neft Akademiyasında baş verən qanlı olay cəmiyyəti silkələdi. O vaxtdan bəri daha buna bənzər hadisələr baş verməsə də, gələn ilin də bu mənada sakit keçəcəyinə ümid etmək istərdik...
- 2011-ci ildə Azərbaycanda nə siyasi iğtişaşlar, nə də terror aktları görmürəm. Hakimiyyətdə, yuxarı təbəqələrdə mühüm dəyişikliklər gözlənilmir. İnsanların başı daha çox ailələrini dolandırmağa, öz niyyətlərinə çatmağa qarışacaq. Sadəcə, gözlənilməyən qanunlar qəbul ediləcək.
- Bir neçə ay öncə Milli Məclisdə eynicinslilərin nikahının leqallaşması məsələsini müzakirəyə çıxarmaq istəyirdilər, lakin sonradan bu mövzunu gündəliyə salmamaq qərarına gəldilər. "Gözlənilməyən qanunlar" deyəndə bunu nəzərdə tutursunuz?
- Bəzi inkişaf etmiş ölkələrdə belə qanunlar qəbul olunub və onu cəmiyyət də dəstəkləyir. Bununla bağlı Avropa Birliyi tərəfindən təzyiq olacağı təqdirdə də, bu məsələ Azərbaycanda mümkün deyil, çünki bizdə İslam dini hökm sürür. Bununla belə, qeyri-ənənəvi oriyentasiyalı insanaların sayının artması, xüsusilə də şou-biznesdə və televiziyalarda yer almaları müşahidə olunur. Amma mən insanların rifahına aid xeyirli qanunları nəzərdə tuturdum.
- Yeri gəlmişkən, şou-biznesimizdə dəyişikliklər gözlənilirmi?
- Etiraf edim ki, digər sahələr kimi, şou-biznesdə də monopoliya var. Bununla belə, zirvəyə halallıqla da çatmaq olar. Gələn il şou-biznesdə çox sayda yeni sima tanınacaq. Köhnə məşhurlar isə özlərini gündəmdə saxlamaq üçün maraqlı üsullara əl atacaqlar. Adlarını çəkmək istəməzdim, amma iki cavan və tanınmış müğənnini faciə gözləyir. Biri həyatını dəyişəcək, digəri isə ömürlük yatağa düşərək gündəmdən silinəcək. Plastik əməliyyata tez-tez gedənlərə isə ehtiyatlı olmağı tövsiyə edirəm. Bir dəfə xanım müğənnimiz onun qurbanı olub. Bu hal yenidən təkrarlana bilər. Ümumiyyətlə, plastik əməliyyatlar Allahın yaratdığı cismə təcavüzdür və 5-10 sonra da olsa, öz fəsadlarını göstərəcək.
- "Avroviziya" müsabiqəsinə təmsilçimizin göndərilməsinə dövlət əhəmiyyətli iş səviyyəsində yanaşılır. Sizcə, növbəti çıxışımız nə dərəcədə uğurlu olacaq?
- Bu müsabiqəyə qoşulmağımız müsbət addımdır. Özü də gözlənilmədən yaxşı yerləri tutmuşuq. Hər halda illərlə bu müsabiqədə yer tutmağa çalışan nəhəng ölkələrlə müqayisədə, Azərbaycan ilk çıxışlarından yaxşı nəticələr göstərə bilib. Amma bu dəfə nə qədər güclü hazırlıq aparılsa da, istənilən nəticəni əldə edə bilməyəcəyik. Builki yarışmada ölkəmizin iştirakı zəif olacaq. Ən azından, nəticə etibarilə ötən ilkindən geri qalacağıq. Təmsilçi kimi isə gözümün qabağına yenə də xanım gəlir.
- Cəmiyyətə ən böyük təsir vasitəsi olan telekanalların fəaliyyəti çoxlarını qane etmir. Bu sahədə hansısa irəliləyiş görürsünüz?
- Telekanallarımız həm şou, həm də digər baxımdan xaricdəkilərdən heç də geri qalmır. Bir-iki yeni kanal açıla bilər, amma bundan artığına ehtiyac duyulmur. 8 milyonluq əhali üçün telekanallarımız yetərincədir. Mədəniyyət kanalı isə gəlirli olmadığı üçün ona sahib duran olmadı, amma idman üçün ayrıca kanal açıldı. Təkcə futbol il ərzində milyardlarla pulun dövriyyəsini idarə edir.
- Qonşu ölkələrdəki mürəkkəb vəziyyətin Azərbaycana təsiri gözlənilmir ki?
- Azərbaycana xaricdə baş verən təbii fəlakətlərə görə deyil, siyasi çaxnaşmalara görə qaçqın axını gözlənilir. Buna aclıq da səbəb ola bilər. Bu axını, əsasən, Gürcüstan tərəfdən görürəm.
- "Açıq sərhədlər" qorxulu xəstəliklərin ölkəmizə daxil ollmasına şərait yaratmayacaq ki?
- Gələn il ölkəmizdə bəzi xəstəliklər geniş vüsət ala bilər. 2011-ci ildə tanınmış və dahi şəxsiyyətlərin dünyalarını dəyişmə halları çoxluq təşkil edəcək. Buraya ancaq artistlər deyil, başqa sahələrin adamları, məsələn, siyasətçilər də daxil olacaq. Qəzalar da artacaq.
- Geridəki il ekstrasenslərin piar ili kimi də yadda qalacaq. Gələn il bu sahədə durum necə olacaq?
- Bir çox ekstrasenslər "Lider" telekanalında yayımlanan "Ekstrahiss" verilişindən tanındılar. Orada həqiqətən hissləri inkişaf etmiş insanlar var idi. Amma belə hiss edirəm ki, bu layihə artıq davam etməyəcək, yaxud da bir müddətlik dayandırılacaq. Ola bilər ki, başqa səpgidə istiqamət götürsün.
Falçıların çoxluğu isə insanların psixologiyasına mənfi təsir göstərir. Ötən ilsə qara qüvvəli, hətta tənqid olunan ekstrasenslər belə, vəziyyətdən istifadə edib reytinqlərini yüksəldə bildilər. Əslində, reklamın özü də magiyanın bir qoludur. Buna görə də antireklam olunan cindarların, qara işləri görənlərin bazarı da düşmənçilik edənlərin hesabına artdı. Belələrinə hakimiyyət adamlarından tutmuş, bazarlarda "polka" rəqabətinə çıxanlara kimi müraciət edirlər. Təəssüf ki, seyid adından sui-istifadə edənlər də var. Amma 2011-ci ildə ekstrasens bumu azalacaq. Şarlatanlarla bağlı tədbirlər görüləcək, yalançı ekstrasenslər nüfuzdan düşəcəklər.
Elşad ÜMİD