12-12-2010 [06:18]
[b]Professor İlham Rəhimov: "Ramil görüş zamanı atası ilə də danışmağımı istəmişdi, onun xahişini yerinə yetirdim" [/b]
Bu günlərdə Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov rəsmi dəvətlə Macarıstanda səfərdə olub. Səfər çərçivəsində İ.Rəhimov Budapeştdə ölkənin bir sıra dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirib. Macarıstan səfəri çərçivəsində o, hazırda orda həbsdə olan Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərovla da görüşüb. Səfər təəssüratları barədə müsahibə verən İ.Rəhimovla bir sıra digər məqamlarla bağlı da söhbətləşdik.
- İlham müəllim, bu günlərdə Macarıstana səfəriniz oldu, bir sıra görüşlər keçirdiniz. Öncə səfərin məqsədi və görüşləriniz barədə məlumat verərdiniz.
- Macarıstana getməyimin əsas məqsədi Ramil Səfərovla görüşmək idi. Bu ölkədə məni tanıyan xeyli hüquqşünaslar var, onlar iki nazirliyin vasitəsi ilə məni Budapeştə dəvət elədilər. Beləliklə, bu səfər Ticarət və İqtisadi İnkişaf ?azirliyi və Kənd Təsərrüfatı ?azirliyinin dəvəti ilə baş tutdu. Amma səfərin rəsmi qayəsi bu olsa da, əsas məqsəd Ramil Səfərovla görüş idi. Bu məqsədi rəsmi açıqlamaq olmazdı. Çünki bizim düşmənlərimizin Macarıstandakı səfirliyi bu məsələni çox diqqətdə saxlayır. Əgər mən əvvəlcədən bildirsəydim ki, səfərin məqsədi Ramillə görüşməkdir, yəqin ki, buna maneçilik törədəcəkdilər. Ancaq bununla yanaşı, qeyd etdiyim nazirliklərin nümayəndələri ilə görüşlərimiz oldu, müəyyən məsələləri müzakirə etdik.
- Bu görüşlərdə Qarabağ məsələsi ilə bağlı hər hansı söhbətiniz oldumu?
- Adını çəkdiyim nazirliklərdə təbii ki, siyasətdən söhbət gedə bilməzdi. Rəsmi görüşlər o qurumların çərçivəsində aparılırdı, onların fəaliyyəti də siyasətdən kənar idi. Yəni müzakirələrin mövzusu bizneslə bağlı idi. Amma qeyri-rəsmi söhbətlərimiz də oldu. Hüquqşünaslarla, ictimaiyyət nümayəndələri ilə görüşdük və təbii ki, Qarabağ məsələsi ilə bağlı müəyyən fikir mübadiləsi apardıq. Mən özüm marağındaydım ki, Qarabağla bağlı məsələni gündəmə gətirib, onların Qarabağla bağlı mövqeyini, bu problem barədə məlumatlarının hansı səviyyədə olduğunu öyrənim. Ümumiyyətlə, mən bütün səfərlərimdə kiminlə görüşürəmsə, mütləq Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparıram, problemin vacibliyini önə çıxarmağa çalışıram.
- Görüşlər zamanı Qarabağ məsələsinin müzakirə olunduğunu deyirsiniz, bu barədə onların məlumatı hansı səviyyədədir, mövqeləri necədir?
- Açığını deyim, Qarabağ problemi onları o qədər də maraqlandırmır, maraq dairələrindən kənarda olan bir məsələdir, problemin mahiyyətini də dərindən bilmirlər, məlumatları azdır. Bir tərəfdən bu onunla bağlıdır ki, diasporamızın sayı azdır, həm də zəifdir. Ancaq bir məsələni vurğulamaq istəyirəm ki, Macarıstanda insanların Azərbaycana çox isti münasibəti var. Axı macarlar da qədim türk xalqlarından olan hunlarla slavyanların qarışığından olanlardır. Onların tarixinə, abidələrinə diqqət yetirəndə görürsən ki, qədim hunlardan, türklərdən xeyli şey qalıb. Dillərində də xeyli türk sözləri var. Hesab edirəm ki, macar cəmiyyətində Qarabağ məsələsi ilə bağlı obyektiv məlumat olsa, xeyrimizə olar.
- Ramil Səfərovla görüşünüz barədə məlumat verməyinizi istərdik. Onunla görüşünüz hansı şəraitdə baş tutdu?
- Doğrusu, mənim niyə bu görüşə getməyimlə çox adam maraqlanır? Əvvəla, mən hüquqşünasam, professoram, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidentiyəm. Bunun üçün də belə bir görüşün baş tutması üçün bir hüquqşünas və bir azərbaycanlı kimi Ramillə görüşməkdə maraqlı idim. Sual oluna bilər ki, bir çox ölkələrdə, elə Rusiyanın özündə həbsxanalarda xeyli sayda azərbaycanlı var, onlarla niyə görüşmürəm? Əslində burada məsələ bir qədər başqa cürdür. Düzdür, Ramil məsələsində də bir hüquqşünas kimi mən onun hərəkətinə haqq qazandıra bilmərəm. Hüquqi nöqteyi-nəzərdə o cinayət törədib, cəzasını da çəkir. Ramilin özü də görüşümüzdə dedi ki, "başa düşürəm, Azərbaycanda hamı mənə qarşı eyni mövqedə ola bilməz. Əlbəttə, mən yaxşı hərəkət eləməmişəm. Eyni zamanda millətimdən və dövlətimdən mənəvi dayaqdan başqa ayrı heç nə istəmirəm, hansısa tələbim yoxdur".
Mən rəsmilərlə və digərləri olan bütün görüşlərimdə deyirdim ki, bura ona gəlməmişəm ki, Ramili həbsxanadan çıxarıb aparım. Sadəcə olaraq, hüquqşünas kimi öz fikrimi deyə bilərəm ki, bu işdə müəyyən qədər ədalətsizliyə yol verilib.
- Ədalətsizliklər hansı məqamlarda özünü büruzə verib?
- "Cinayət" sözü yaranandan cinayətlə cəza tərəziyə qoyulur. Əgər insan hansısa cinayəti törədirsə, onun cəzası cinayətə bərabər olmalıdır. Bu məsələyə qədim yunanlar da, Platon da, Aristotel də həmişə ədalət prinsiplərindən yanaşıblar, yəni, cəza cinayətə adekvat olmalıdır. Bəli, Ramil də cinayət törədib, amma ona ömürlük cəza verilib. Axı məhkəmə cəzanı müəyyənləşdirəndə bütün şərtləri analiz edib qərar verməlidir. Yəni, aydınlaşdırmaq lazım idi ki, onun öldürdüyü hansı millətin nümayəndəsidir. Fakt odur ki, ölən erməni, Ramilsə azərbaycanlıdır. Hakim bilməliydi ki, hazırda ermənilərlə Azərbaycan arasında hansısa konflikt var. Bu konflikt də istər-istəməz insanlara təsir edir. Yəni bu amil həmin cinayətin müəyyən motivi ola bilərdi. Elə də olubdu. Hakim cəza verməmişdən öncə yüngülləşdirici elementlər axtarmalıdır. Amma onlar bundan istifadə etməyiblər, təbii ki, bu mənim şəxsi fikrimdir. Yaxşı cəza verilibsə də, bu günə kimi nə qədər şikayətlər olub, heç biri də qəbul edilməyib. Axı beynəlxalq hüquq normaları var, iki dövlət arasında hüquqi müqavilələrin olmasına baxmayaraq onu ektradisiya etmək olar.
- Yəni beynəlxalq hüquq normalarına görə, Ramil Səfərovun Azərbaycana ekstradisiyası üçün hər hansı mane olmamalıdır...
- ?əzərə alsaq ki, Azərbaycan və Macarıstan dövlətləri Avropa Şurasının 21 mart 1983-cü ildə qəbul etdiyi məlum konvensiyasına ("Məhkum olunmuş şəxslərin verilməsi barədə") qoşulublar. Əlbəttə ki, heç bir mane yoxdur. Təbii ki, mən bu fikirlərimi onlara ittiham kimi yox, fikir kimi çatırırdım. Yəni, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti kimi mənim mövqeyim budur. Əgər fikirlərimdə yanlış məqamlar varsa, məsələnin mahiyyəti başqadırsa, deyin, mən də Azərbaycan cəmiyyətini məlumatlandırım. Çünki bu məsələ cəmiyyətimizin diqqət mərkəzindədir. Onu da deyim ki, Ramillə bağlı Azərbaycan dövləti çox böyük işlər görüb, amma ictimaiyyətin fikri ayrı şeydir. İctimaiyyət bilmək istəyir ki, niyə Ramili ölkəyə ekstradisiya eləmirlər, demirlər ki, gələn kimi onu açıb buraxsınlar. Cinayət törədib, gəlib öz vətənində cəzasını çəksin. ?ə qədər olmasa, öz millətinin arasında cəzasını çəksə, yaxşı olar.
- Bəs, Ramil özünü necə hiss edirdi, saxlanma şəraitindən razı idimi, psixoloji durumu necə idi?
- Əvvəlcə həbsxana rəhbərliyinin mənə münasibəti barədə danışmaq istəyirəm. Açığı, gözləməzdim ki, mənə qarşı bu qədər yaxşı münasibət olsun. Həbsxanada rəis müavini özü gəlib məni qarşıladı, görüşmək üçün lazımi şəraiti yaratdı. Ramilə gəlincə, düzü, mən onu gördüyüm kimi təsəvvür eləmirdim. O məntiqli, savadlı, təmkinli, iradəli bir insandır. Bunu hiss eləmək üçün gərək onunla söhbət edəsən. Artıq macar dilini sərbəst bilir. Həbsxananın rəhbərliyi ilə rahat şəkildə danışırdı. Macar dilində olan kitabı Azərbaycan dilinə tərcümə edir, indi də ingilis dilini öyrənir, mütaliə ilə məşğuldur. Saxlanma şəraiti yüksək səviyyədədir. Hər kəs ona çox hörmətlə yanaşır. Yəni bu mənada problemi yoxdur. Ramil görüş zamanı atası ilə də danışmağımı istəmişdi, onun xahişini yerinə yetirdim. Mən gələn il növbəti dəfə ora gedəcəyəm. Onun Azərbaycana ekstradisiyası ilə bağlı məsələnin hansısa yolunu tapacağıq.
- Yəqin ki, Ramil Səfərova daha ağır cəzanın verilməsi, ektradisiya məsələsinə əngəllərin yaradılmasında erməni diasporasının rolu var...
- Sözsüz ki, belədir. Axı macarların bu məsələdə ayrı maraqları da yoxdur. Sadəcə görünür, hansısa konfliktin, söz-söhbətin yaranmasını istəmirlər. Mən Ramilə də dedim ki, dövlət tərəfindən də, ictimaiyyət tərəfindən də əlimizdən gələni edirik ki, problemi həll edək.
- Maraqlandınızmı, onun yanına gedəndə nə aparmaq olardı, nəyəsə ehtiyacı var idimi?
- Mən həbsxananın rəis müavinindən soruşdum, o dedi ki, heç bir şeyə ehtiyac yoxdur. Özü də dedi ki, lazım olan bütün şərait yaradılıb.
- Səfər zamanı Azərbaycanın Macarıstandakı səfiri ilə görüşdünüzmü?
- Səfirlə görüşümüz oldu. Elə onu da vurğulamaq istəyirəm ki, Ramil Səfərovla görüşün baş tutmasında hörmətli səfirimizin, professor Vilayət Quliyevin də xüsusi rolu olub, Macarıstanda uzun müddət yaşayan həmyerlimiz Ramiz müəllimin də.
- İlham müəllim, Siz uzun müddətdir ki, Rusiyada çalışırsınız, həmin ölkənin hökumət və dövlət başçıları ilə şəxsi münasibətləriniz var. Yəqin ki, Qarabağ məsələsi ilə bağlı hansısa söhbətləriniz olub. Bu məsələ ilə bağlı mövqe necədir?
- Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyi hamıya bəllidir. Rusiya nə deyir? Rusiyanın rəsmi mövqeyi belədir: Biz sizin konfliktinizə qarışmırıq. Siz özünüz məsələni həll edin. Hansı qərarı qəbul etsəniz, biz qarant dura bilərik. Qarabağ məsələsi ilə bağlı qısaca mövqe bundan ibarətdir. Siz qərar verin, o qərarın saxlanmasını biz boynumuza götürürük.
- Mən Rusiya elitasının mövqeyini nəzərdə tuturam...
- Elitanın, ziyalıların mövqeyi var. Mən çox ziyalılar tanıyıram. Təbii ki, onlar bayaq dediyim kimi Macarıstan cəmiyyətindəki kimi deyil, problemin mahiyyətini gözəl bilirlər. Çünki əvvəlcədən bu prosesin içərisində olublar, bir ölkədə yaşamışıq. Rusiya cəmiyyəti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir və məsələnin bizim xeyrimizə həll olunmasını istəyir. Az-az adamlara rast gəlmək olar ki, Qarabağın Ermənistanda, yaxud Azərbaycanda olması onlar üçün fərq etməsin. Amma əksəriyyət problemin Azərbaycanın xeyrinə həll olunmasını istəyir.
- Başqa bir mövzuya keçmək istərdim. Bir müddət öncə tanınmış iş adamlarından olan Telman İsmayılova Rusiyada yaradılan problemlərdə Sizin də iştirakınız olduğu bildirilirdi. Hətta bu məsələ mətbuat səviyyəsində də müzakirə olundu. Bu yaxınlarda T.İsmayılovun oğlu Rusiyada saxlanıldı. Bunu Sizinlə bağlamırlar ki?
- (Gülür). Doğrudan da elə bir proses var idi. Telmanla bağlı olan məsələlərdə mənim də adımı hallandırırdılar. Amma zaman özü göstərdi ki, onunla bağlı məsələlərin heç birində mənim rolum olmayıb. Görünür, bu kimlərəsə lazım idi, kimlərsə çalışırdı ki, onunla münasibətimizi pozsun, müəyyən qədər buna nail oldular da. Amma vaxt gəldi, Telmanın özü də başa düşdü ki, məsələ təqdim olunan kimi deyil. Siz toxunduğunuz məsələyə gəlincə, mən də mətbuatdan tanışam.
- Bəs hazırda münasibətləriniz necədir?
- Bizim heç bir problemimiz yoxdur. Onunla bir neçə ay əvvəl bir dəfə toyda, iki dəfə isə başqa şəraitdə görüşmüşük, hazırda elə bir əlaqəmiz yoxdur.
- Bir vaxtlar Azərbaycanda siyasi proseslərin mərkəzində olan şəxslərdən idiniz, son dövrlər isə kənara çəkilmisiniz. Səbəbi nədir?
- Bizneslə siyasət bir-biri ilə uyğun gəlmir. Yəni iki yoldan birini seçməlisən, mən də biznesi seçdim.