"Biz həm gözlənilməz, həm də təəssüf doğuran vəziyyətlə üz-üzəyik"

img

05-12-2010 [05:44]


[b]Nurəddin Məmmədli: "Müsavatın Divan üzvləri AXCP-Müsavat birliyinin tərəfdarı kimi çıxış ediblər, indi isə doğrudan da birliyi istəmirlərsə, bu, paradoksdur" [/b] Parlament seçkilərində uğursuzluğa düçar olan müxalifətin inteqrasiyanı daha da dərinləşdirəcəyi gözlənilsə də, bu istiqamətdə aparılan danışıqlar nəticə vermir. Xüsusiylə də AXCP ilə Müsavatın birləşmə məsələsi ciddi səbəb göstərilmədən ertələnir. AXCP sədrinin müavini Nurəddin Məmmədli ilə söhbətə AXCP-Müsavat birliyinə qarşı olan əngəllər barədə sualla başladıq. - Bu məsələ hazırda başlanğıc mərhələsindədir. Bununla bağlı danışıqların xarakteri isə bizə məlum deyil. Çünki biz ötən dəfə - Rəyasət Heyətinin iclası davam edən ərəfədə - inteqrasiya ilə bağlı yeni təşəbbüsün meydana gəlməsi barədə məlumatlandırıldıq. Bu əməkdaşlığın hansı formada olması haqqında müəyyən ehtimallarımız var. Ona görə də bu məsələnin ilkin müzakirəsini keçirdik və belə qərara gəldik ki, bu gün Azərbaycanda real müxalifət mövqeyini ifadə edən iki partiya - AXCP və Müsavatın bazası əsasında koalisiya yaradıla bilər. Bunu şərt kimi irəli sürməkdə əsas məqsədimiz odur ki, partiyaların qərar qəbul edilən mərhələdəki bərabərliyi ortaya real gücün qoyulması baxımından kəskin fərqlidir. Yəni qərarı hamı bərabərhüquqlu kimi ortaya qoyur, amma o qərarın yerinə yetirilməsində iştirak edən tərəflərin gücü müxtəlif olduğundan çox zaman anlaşılmazlıq yaranır. Ona görə də bu koalisiyanın, blokun necəliyindən asılı olmayaraq, bu, iki əsas partiyanın bazasında formalaşmalıdır. Bu iki təşkilatın mövqeyi xüsusi olaraq qəbul edilməlidir. - AXCP öz mövqeyini son qurultayında açıq şəkildə bəyan edib. Son proseslərə əsaslanıb demək olar ki, birləşmə ilə bağlı qərarsızlıq Müsavat Partiyasındadır... - Təbii ki, biz öz qərarımızı vermişik. Sözün düzü, bu təşəbbüsün Müsavatdan, konkret olaraq, İsa bəydən gəlməsini nəzərə alaraq, elə hesab edirdik ki, Müsavat bu ideyanın reallaşmasında bizdən daha çox maraqlı olacaq. Biz də çox ciddi müzakirələrdən sonra İsa bəyin bu təşəbbüsünü alqışladıq və birləşmək istiqamətində AXCP tərəfdən heç bir problem olmayacağını qurultaydakı qərarımızla təsdiqlədik. Amma bundan sonra baş verən hadisələr, sizin də qeyd elədiyiniz kimi, bilavasitə ikinci tərəfə - Müsavata aid olan məsələlər idi. Düzü, hazırda çox təəccüb doğuran vəziyyətlə üzləşmişik. Çünki partiyadan olan istefaların bilavasitə səbəbkarları Sülhəddin bəylə, İbrahim bəy birləşmək istəyinin olmamasını əsas gətirərək partiyanı tərk ediblər. O biri tərəfdən isə partiyanın kifayət qədər nüfuzlu digər yetkililəri - hər bir qərarın yerinə yetirilməsinə bilavasitə məsul olan şəxslər müzakirələrin hələ davam etdiyi fikirini irəli sürürlər. Ona görə də biz həm gözlənilməz, həm də təəssüf doğuran vəziyyətlə üz-üzəyik. Əlbəttə, biz hesab edirik ki, idiki məqamda daha real olan və iş görmək baxımdan effektli ola biləcək birlik modeli iki partiyanın vahid bir partiyada birləşməsidir. Bunun alternativi yoxdur. Bunu nə Müsavatda, nə AXCP-də, nə də cəmiyyətdə inkar edən insanları tapmaq mümkün deyil. Amma biz siyasətlə məşğul oluruqsa, konkret şəraitdə mümkün olanı əldə etmək imkanları haqqında düşünməliyik. Əgər vahid bir partiyada birləşmək ideyası baş tutmursa, onda başqa birləşmə modelləri ilə bağlı müzakirə apara bilərik. Çünki heç nəyin olmamasındansa, nəyinsə olması daha yaxşıdır. - Birləşmək təklifi İsa Qəmbərdən gəlib, amma Müsavat daxilində bununla bağlı konkret mövqe yoxdur. Onda ortaya iki ehtimal çıxır, ya İsa Qəmbər bu təklifi sözgəlişi irəli sürüb, ya da onun partiyanın bütün təbəqələrinə sözü keçmir. Sizcə, bunlardan hansıdır? - Bu barədə qəti söz deyə bilmərəm. Amma konkret fikirlərinizlə bağlı mülahizələr irəli sürə bilərəm. Birinci növbədə mən, İsa Qəmbərin birləşmə ilə bağlı təklifini sözgəlişi deməsini birmənalı şəkildə qəbul etmirəm. Çünki İsa bəy Azərbaycan siyasətində kifayət qədər təcrübəsi olan, aparıcı partiyalardan birinin sədridir. Ümumiyyətlə, o, Azərbaycan siyasətində baş verən hər bir işə görə məsuliyyət daşıdığını dərk edən insandır. Bu mənada İsa Qəmbər sözgəlişi ideya irəli sürə bilməz, xüsusiylə də belə bir məsələ ilə bağlı. Birincisi ona görə ki, bu ideya prinsip etibarı ilə sosial sifarişlə üst-üstə düşür. İkincisi, bu ideyanın sözgəlişi olduğu qısa bir müddətdən sonra sübut olunacaqsa, belə bir ideyanı İsa bəy səviyyəsində olan siyasətçi irəli sürə bilməz. Amma eyni zamanda istənilən təşkilatda hamının eyni cür düşünməsini də tələb eləmək olmaz. Təbii ki, burada partiyanın müzakirələri və gəlinən qərara hörmətlə yanaşmaq məcburiyyətindəyik. Amma bu qərarın nədən qaynaqlandığı haqqında müəyyən fikir və mülahizələrimiz olsa da, bizim bu proseslərə müdaxiləmiz yersizdir. Ona görə də hər şeyi özləri deməlidir. Cəmiyyəti inandıra biləcək motivasiyanı ortaya qoymalıdırlar ki, partiya kimi gələcək mövcudluqlarına, inkişaflarına zərər verməmiş olsunlar. Biz də çox dərinə getmədən hadisələri izləyirik, hələlik İsa bəyin o təklifinin reallaşacağına olan ümidlərimizi də itirmirik. - Qərarlarların kollegial qəbul olunduğu məlumdur, amma İsa Qəmbər Müsavatın lideridir. Onun açıq şəkildə səsləndirdiyi təklifə bu cür münasibət də anlaşılan deyil. Yəni sanki "pərdə arxasında" başqa məqamlar var... - Mənim bu suala cavab verməyim çox çətindir. Ona görə ki, Müsavat rəhbərliyinə daxil olan heç kim bu birliyin əleyhinə olduğunu açıq şəkildə deməyib. Məsələn, konkret adlar çəkə bilərəm ki, ən müxtəlif qəzetlərdə Sülhəddin Əkbər, İbrahim bəy, Qabil bəy, Mehman Cavadoğlu, Adil Qeybulla, Arif Hacılı - hamısı belə bir birliyin tərəfdarı kimi çıxış ediblər. Əgər Divanın üzvləri bu insanlardırsa, bunlar qərar vermək prosesində iştirak edirlərsə, indi isə doğrudan da bu qərarı istəmirlərsə, bu, paradoksdur. Amma yenə də təkrar edirəm ki, siyasət dəyişkən predmetli bir şeydir, hər günün öz hökmü var. Bu gün biz Müsavatın daxilində baş verənlərlə bağlı kifayət qədər məlumata sahib olmadığımıza görə, bizə qalan yalnız səbrlə bu hadisələrin sonluğunu gözləməkdir. - Nurəddin bəy, 2005-ci il parlament seçkilərindən sonra "yarpaq tökümü" AXCP-də oldu və bəzi funksionerlər partiyadan istefa verdilər. İndi isə Müsavatda istefalar baş verir. Bu, analoji ssenaridir, yoxsa... - Başqa partiyanın daxilində baş verənlərlə öz partiyamıza xas olan proseslər arasında analogiya aparmaq doğru deyil. Mən sualınızdakı məntiqi başa düşürəm. Dahilərdən birinin sözüdür ki, müqayisə çox axmaq metoddur, amma təəssüf ki, ondan yaxşısı yoxdur. O mənada, Sizin sualınızı olduqca yerində olan sual hesab edirəm. Bu barədə vaxtiylə Müsavat yetkililərindən biri ilə söhbətində çox maraqlı ideya irəli sürdü. O dedi ki, AXCP ilə Müsavatdakı bugünkü fərqləri nəzərə alsaq, bunların əsas kökünü onda axtarmaq lazımdır ki, sizdə çox böyük təmizlənmə prosesi getdi, Müsavatda isə bu proses getməyib. Yəni AXCP satıla biləcək adamlardan təmizlənib. - Müsavatda satıla biləcək adamlar varmı, yaxud baş verən istefalarla Müsavat "təmizlənmiş" oldumu? - Bu, bizim problemimiz deyil. Hər bir təşkilatın daxilində hansısa proseslər baş verə bilər, onu özləri tənzimləməlidirlər. - Hər halda Müsavat Sizin birləşmək istədiyiniz partiyadır? - Əgər bu gün Müsavat birləşməməklə bağlı mövqeyini ortaya qoysa, bizim üçün də, cəmiyyət üçün də gözlənilməz olacaq. Divanın 12 üzvünün hamısı bu birliyin tərəfdarı kimi çıxış edib. Əgər bu adamlar birləşməyin tərəfdarıdırsa, indi yaranmış qeyri-müəyyən vəziyyəti başa düşmək bir qədər çətindir. Ona görə də mən tələsməməyi, hər şeyi səbrlə gözləyib son qərara adekvat reaksiyanın verilməsinin tərəfdarıyam. - Müxalifətin başı hazırda birləşmək məsələlərinə qatılıb, ancaq seçki yaddan çıxıb. Parlament seçkiləri oldu, nəticələri tanımadınız, bununla da hər şey bitdimi? - Azərbaycanda bu gün nə mümkündür? Bu gün ölkə rəhbərliyi səviyyəsində tapşırıq verilib ki, şəhərin mərkəzində qara camaatdan heç kim qalmamalıdır. Ona görə də dəniz ətrafından başlayıb, şəhərin mərkəzini köçürürlər. Adamsızlar, yiyəsizlər, sahibsizlər, imkansızlar qəpik-quruş verilməklə şəhərdən kənarlaşdırılır. Buna bir reaksiya varmı? Cəmiyyət buna qarşı hər hansı addım ata bilirmi? Bu ölkədə insanların ən ümdə hüquqlarından biri olan mülkiyyət hüququ göz görə-görə tapdanır. Amma heç kim səsini çıxarmır. Bu gün Azərbaycanda idarəçilik feodal qanunlara əsaslanır. Bu idarəçilik də insanların belə vəziyyətə düşməsinə səbəb olur. - Bəs, belə bir şəraitdə müxalifət nə iş görür? - İndiki şəraitdə nə mümkündürsə, onu edir. Belə bir şəraitdə mübarizə aparmaq imkanları çox məhduddur. Amma bununla belə, bu mübarizəsizlik sindromunu AXCP-yə aid eləmək olmaz. Bilirsiniz ki, biz seçki ərəfəsində onlarca razılaşdırılmamış aksiyalar keçirdik. Eyni zamanda bir məsələni də qeyd eləməliyəm ki, partiya müstəqil şəkildə qərar verəndə onun icrası asan olur. Bu gün biz müəyyən bir inteqrasiya prosesindəyik, bu prosesdə o qədər həssas yanaşmalar var ki, ən azı blokda olduğun partiyalardakı insanların rəyi ilə hesablaşmalısan. Bu isə asan olmur. Ancaq bununla belə, biz partiyada bütün spektrlərdə təşkilatlanırıq. Mən növbəti ili təşkilatlanma ili kimi nəzərdə tuturam və bunun simptomları çox ümidvericidir. Qaldı ki, hansı işlər görməyimizə, həm hüquqi müstəvidə, həm siyasi müstəvidə kifayət qədər iş görmüşük. Artıq beynəlxalq aləm də bilir ki, Azərbaycandakı seçkinin demokratikliyi ilə bağlı yalanların bir izahı var. Bütün dünyada başa düşülür ki, kim Azərbaycandakı son seçkinin demokratik keçməsini iddia edirsə, onun arxasında rüşvət dayanır. Bunun özü çox ciddi məsələdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA