03-12-2010 [02:06]
[b]Layihələr üzrə xərclər, müxtəlif sferalar üzrə investisiya xərclərinin strukturu tam gizli saxlanılır, onların həm miqyası, həm də dəyəri sürətlə artır[/b]
Azərbaycan iqtisadiyyatı üçün önəmli olan bir sıra infrastruktur layihələri həyata keçirilir. Bu layihələr arasında yol və yol qovşaqlarının, həmçinin yeraltı və yerüstü keçidlərin tikintisi önəm daşıyır. 2010-cu ildə yol-nəqliyyat infrastrukturunun inkişafına 1 147,7 milyon manat dövlət investisiyası ayrılıb. Həmin vəsait hesabına bu il dövlət 55 nəqliyyat layihəsini maliyyələşdirir. Yalnız Bakıda 11 yeraltı və yerüstü piyada keçidinin tikilib istifadəyə verilməsi planlaşdırılır. Lakin bu sahədə ayrı-ayrı layihələr üzrə xərclər, müxtəlif sferalar üzrə investisiya xərclərinin strukturu tam gizli saxlanılır, onların həm miqyası, həm də dəyəri sürətlə artır. Müxtəlif dövlət qurumları, nazirliklər tərəfindən hökumətə, Maliyyə Nazirliyinə göndərilən yol və yol qovşaqlarının, həmçinin yeraltı və yerüstü keçidlərin tikintisi ilə bağlı sifarişlərin şişirdilməsi də bundan xəbər verir. Deməli, külli miqdarda dövlət vəsaitləri mənimsənilir və məmurlar dövlət büdcəsindən infrastrukturlara ayrılan vəsaitlərin bir hissəsini özüngüləşdirir. Şişirdilmiş rəqəmlər, mənimsənilən pullar isə göstərir ki, layihələrlə bağlı tenderlərlərdə saxtakarlıqlara yol verilir, şəffaflığa əməl edilmir. Unutmamalıyıq ki, yol-nəqliyyat infrastrukturunun inkişafı ölkənin iqtisadi, o cümlədən regionların inkişafı üçün önəm daşıyır. Bu həm də yük və sərnişin daşımaların artması, büdcəyə böyük həcmdə vəsaiyyətin daxil olması, eyni zamanda yol qəzalarının azalması deməkdir. Ona görə də, yol və yol qovşaqlarının, həmçinin yeraltı və yerüstü keçidlərin tikintisi önəm daşıyır.
Layihələrin xərclərinin nə dərəcədə reallığı əks etdirdiyi ictimaiyyətə məlum olmur
Hazırda Azərbaycanda yolların cəmi 4-5 faizi birinci kateqoriyaya aiddir. Yəni yollar doğrudan da bərbad vəziyyətdədir və onların yenidən qurulmasına, yeni yolların çəkilməsinə ehtiyac var. ?Amma bunun üçün ölkənin yol-nəqliyyat xəritəsi çəkilməlidir. Azərbaycanda isə layihələrin hətta bir çoxunun texniki -iqtisadi əsaslandırması olmur. Layihələrin ekspertizası qanunvericilikdə nəzərdə tutulsa da, buna qarşı konkret tələblər yoxdur və onların seçim qaydaları məlum deyil. Nəticədə layihələrin xərclərinin nə dərəcədə reallığı əks etdirdiyi ictimaiyyətə məlum olmur. Amma Rusiya hökumətinin nəqliyyatla bağlı 25 illik proqramında çəkiləcək yolların dəyəri illərdən asılı olaraq necə dəyişəcəyi göstərilir. Göründüyü kimi iki dövlətin işə fərqli münasibəti var?,-Rövşən Ağayev deyir. Məsələn, bu gün dövlət 1 km yola 17 -23 mln. dollar xərcləməsinin nə dərəcədə səmərəli olması əsaslandırılmalı idi. Dünyanın heç bir ölkəsində bu qiymətə yol çəkilmir. Dünyanın ən müasir və keyfiyyətli yolu sayılan Texas ştatlararası magistralının büdcəsi 509 kilometr üçün 6 milyard dollar planlaşdırılmışdı. Eni 100 metrdən də çox olan bu nəhəng magistralın tikintisi zamanı hər kilometr 11 milyon dollara başa gəlib. Bizdə isə eni 100 metr olan yol yoxdur. Amma çəkilən hər kilometrə gərə xərclər ABŞ ilə müqayisədə bir neçə dəfə çoxdur. Qazaxıstanda da yol tikintisinə sərf edilən məbləğ Azərbaycandakından dəfələrlə azdır. Bu ölkədən Qırğızıstana çəkilən birinci dərəcəli avtomobil yolunun bir kilometrinə 3.5 milyon dollar xərclənib.
Göründüyü kimi dünya praktikasında əla növ, yəni ən yüksək keyfiyyətli yolun qiyməti heç bir halda 14 milyon dolları keçmir. Birinci növ yolun 1 kilometrinin ən yüksək xərclərlə tikintisi 11 milyon dollara başa gəlir. Bu məntiqlə, uzunluğu 14 kilometr olan Əzizbəyov dairəsi-aeroport yolunun istifadəyə verilməsi üçün 120 milyon manat və yaxud 148 milyon dollar yetərli vəsait idi.
Ancaq Nəqliyyat Nazirliyi bu vəsaitlə kifayətlənməyərək hökumətdən əlavə maliyyə resursu istəyib. Əzizbəyov dairəsi-aeroport yolunun tikintisinə ötən il daha 135 milyon manat ayırıb. Lakin bu vəsait də kifayət etməyib. Sonradan həmin layihənin başa çatdırılması üçün büdcədən əlavə vəsaitin ayrılması yenidən gündəmə gəlib. 2010-cu ilun investisiya büdcəsindən daha 62 milyon manat ayrılıb. Qeyd edək ki, son 5 ildə Bakı-aeroport yoluna üst-üstə 360,6 milyon manat ayrılıb. Bu isə hər kilometrin təxminən 27 milyon manata (34 milyon dollara) başa gəlməsi deməkdir. Təkcə aeroport yolunda kommunikasiya xətlərinin köçürülməsinə19 milyon manat pul xərclənib. Bu, parlamentin faktiki olaraq dövlət büdcəsindən infrastruktur layihələrinə ayrılan vəsaitlərin istifadəsinə effektiv nəzarəti həyata keçirə bilməməsindən xəbər verir. Halbuki onun dövlət büdcəsinə nəzarət etmək, onu təsdiq etmək hüququ konstitusiya ilə təsdiq olunub. Parlament hökumətdən faktiki olaraq hansı sənədləri alırsa, o sənədlərin nöqtə, vergülünə toxunmadan, bir çox hallarda isə həmin sənədlərin üzünü belə açmadan təsdiqləyir. Rəqəmlərin bu dərəcədə şişməsi də həmin reallığın göstəricisidir.
Bu il Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh yolunun inşası da həyata keçirilir. Tikintisinə ötən ildən başlanılan 19 kilometrlik 6 cərgəli bu yolun tikintisinə 2009-cu ilin büdcəsindən 70 milyon manat ayrılıb. Layihədə görülməli işlərin çoxu reallaşmadığından bu ilin büdcəsindən növbəti dəfə həmin layihəyə vəsait ayrılıb. Bu məbləğ isə 180 milyon manatdır. Mərdəkan dairəsində üçsəviyyəli yol qovşağının, Buzovna dəmir yolu kəsişməsində tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisi hələ milyonlarla manat vəsaitin mənimsənilməsinə səbəb olur. Bilgəh qəsəbəsi-Sumqayıt avtomobil yolunun genişləndirilməsi və inşası işləri də davam edir. O, Maştağa-Saray-Sumqayıt-Tağıyev qəsəbəsi istiqamətində rahat hərəkəti, Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələri ilə Bakı şəhərinə daxil olmadan əlaqəni təmin edəcək. Onun Bakı-Rusiya və Bakı-Şamaxı yolları ilə birləşdirilməsi həyata keçiriləcək. Əlbətdə bu çox yaxşı plandır. Əgər normal vəsait xərclənsə idi. Bu ilin büdcəsindən Bilgəh-Novxanı-Sumqayıt yolunun inşasına 59 milyon manat yönəldilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu rəqəmlər hökumətin 2010-cu il üzrə investisiya proqramında əksini tapıb. Unutmayaq ki, son iki ilin ən bahalı tikinti layihələri sırasında Bakı-Quba-Rusiya dövlət sərhədi yolu da var. 2008-ci ildən reallaşdırılan bu layihəyə iki il ərzində 545 milyon 287 min 800 manat vəsait xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manatla isə 180 kilometr uzunluğunda birinci dərəcəli beton örtüklü avtomobil yolu tikilib. Bu il Bakı-Quba magistralına yenidən 32 milyon manat ayrılıb.
Digər bahalı layihələrdən biri isə ?Ramstore? dairəsindəki körpülərin tikintisidir. Son iki ilin büdcəsindən bu körpülərə 95 milyon 590 min 100 manat vəsait xərclənib. Bakı dairəvi yolu-1 noyabrın 8-də açılışı olub. Onun tikintisi və yenidən qurulması Azərbaycan hökumətinin, Ərəb İqtisadi İnkişaf Küveyt Fondunun və Abu Dabi İnkişaf Fondunun ayırdığı vəsait hesabına həyata keçirilib. Bu layihənin reallaşdırılması şimal-cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirəcək, Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcək. Bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcək. Lahiyəni Nəqliyyat Nazirliyinin sifarişi ilə podratçı ?Makyolcopri İnşaat ve Taahhüt A.Ş.? şirkəti, subpodratçı ?Azərinşaat? MMC, tikintiyə texniki nəzarəti ?Pan Arab Consulting Engineers? şirkəti həyata keçirib. Uzunluğu 21,5 kilometr olan birinci dərəcəli yolda 5 qovşaq və 8 yolötürücüsü var. Qeyd edək ki, təməli 2006-cı ildə qoyulan 21,5 km-lik yol 28 aya tamamlanmalı idi. Sonradan ortaya çıxan bəzi problemlər, o cümlədən Badamdar qəsəbəsi ərazisində yolun sürüşmə zonasında yerləşməsi və layihəyə əlavələrin olması işin 4 ilə qədər uzanmasına səbəb olub. Görülən işlərin həcmilə bərabər layihənin dəyəri də bir neçə dəfə artıb. Belə ki, Bakı-dairəvi-1 yolunun ilkin dəyərləndirilməsi 27 milyon ABŞ dollar idisə, daha sonra bu rəqəm 49 milyona, ən son məlumatlara görə 80 milyona dollara qədər çoxalıb.
Eyni sözləri körpülərin, keçidlərin tikintisi də daxil olmaqla digər infrastruktur layihələri barədə də demək olar. Məsələn, 3-cu mikrorayon dairəsində (?Azadlıq? prospekti) tikilən yol qovşağının smeta dəyəri 14 milyon manat olduğu halda, ora 34,5 milyon manat pul xərclənib. Elə bu sistemsizlik yol qovşağının bir tərəfi tikilməmiş, o biri tərəfinin sıradan çıxmasına səbəb olur. İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, əsas səbəb işin ilk başdan düzgün planlaşdırılmamasıdır. Milli Büdcə Qrupunun məlumatına görə, Nəqliyyat Nazirliyinin qarşısındakı yol qovşağının smeta dəyəri 15 milyon manat olduğu halda ora 18 milyon manatdan çox vəsait xərclənib.
?Əzizbəyov? dairəsində inşa edilən yol qovşağı layihəsinin icrası isə davam edir. Bu layihəyə smeta dəyərindən əlavə vəsait ayrılması adi hal alıb. Əgər tikintini aparan şirkət şəffaf və ədalətlilik prinsipi əsasında işləsə idi, o halda layihələrin xərclərinin sonradan ciddi artımı müşahidə olunmazdı.Qeyd edək ki yol qomşağının ikinci kompleksi bu il istifadəyə verilib. Böyükşor yol qovşağı Azərbaycan Prezidentinin 2006-cı il 1 fevral tarixli sərəncamı əsasında inşa olunur. Qovşaq 3 kompleksdən ibarətdir. Layihəyə əsasən həmin qurğu ümumi uzunluğu 3145 metr təşkil edəcək 9 körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir. Böyükşor yol qovşağının Ziya Bünyadov prospektini Qara Qarayev küçəsi və hava limanı avtomobil yolu ilə birləşdirən birinci kompleksi 2008-ci ilin sentyabında istifadəyə verilib. Tikintisinə indiyə qədər 128 milyon 896 min 400 manat xərclənən ?Əzizbəyov dairəsi? yol qovşağına bu ilin büdcəsindən daha 18,3 milyon manat ayrılıb. Nəticədə 3 ildə bu istiqamətə yönəldilən vəsaitin məbləği 150 milyon manata çatıb. Hazırda bu yol qovşağının üçüncü kompleksinin inşası davam edir.
F. X. Xoyski küçəsindəki yeni tunel isə 2 tərəfli və 6 zolaqdan ibarətdir. Tunelin üst hissəsində uzunluğu 45, eni isə 1,5 metr olan ikitərəfli piyada yolu inşa olunur. Yol qovşağında tamamlanma və dekorativ işlər dekabrın ortalarınadək başa çatacaq. Ayın sonunda isə yol qovşağının bütünlüklə istifadəyə verilməsi nəzərdə tutulur. Həmin layihəyə 2010-cu ilin büdcəsindən nə az, nə çox - 225 milyon manat ayrılıb. Təcrübə göstərir ki, bu tip layihələrə bir neçə il ardıcıl vəsait ayrılır. Deməli, həmin layihəyə yenə də bücədən pul ayrıa bilər.
Xatırladaq ki, "Gənclik dairəsi"ndəki tunel-keçid kompleksinin tikintisinə bu ilin martında start verilib. Layihənin sifarişçisi Nəqliyyat Nazirliyi, podratçı isə ?Akkord? Şirkətlər Qrupudur. Tikintilər aparılarkən layihəyələrə əməl olunmaması halları adiləşib. Bunun nəticəsidir ki, istismara verilmiş yol ötürücülərinin asfalt örtüklərinin sıradan çıxması, çatların yaranması, çökmələr adiləşib. Nəqliyyat Nazirliyi isə bütün bunları normal və olacaqmış kimi qəbul edir.
Maraqlıdır ki, yol qovşaqları, körpülər tikilərkən piyada keçidləri çox vaxt unudulur. Tıkılənlərdən isə bəzən demək olar ki, istıfadə olunmur. Buna Nobel prospektı və Zığ şosesidəki yer üstü keçidlərdə müşahidə aparmaqla özünüz də görə bilərsiniz.
?Pul bu gün asfaltlanıb, 15 gün keçəndən sonra qazılıb yenidən asfaltlanan, utanmazcasına yenə qazılıb, yenə asfaltlanan küçələrdədir?
Göründüyü kimi Azərbaycanda hər bir layihəyə onun real dəyərindən dəfələrlə çox vəsait ayrılır. Bu vəsaitlərin çoxunu oliqarxlar mənimsəyir. Çəkilən yollar isə heç bir standarta uyğun deyil. Ona görə də tikililər bir il sonra dağılır. Bizdə çələcək nəsillərə çatacaq vəsaitlərin dağıdılması və mənimsənilməsi prosesi gedir. Vəsaitin böyük bir hissəsini isə bu işlə bilavasitə məşğul olan qurumlar mənimsəyir. ?Qisa müddətdə Neft Fonduna yığdığımız 40 milyard dolların yarısını infarstruktur xərcləyiblər. Onun da 60-70 faizi mənimsənilib.?,-iqtisadçı-ekspert İlham Hüseyinli bildirib. Deputat Gülər Əhmədovanın dedikləri isə bəzi həqiqətləri ortaya qoyub:? Pul Bakının küçələrinə vurulan asfaltdadır. Pul bu gün asfaltlanıb, 15 gün keçəndən sonra qazılıb yenidən asfaltlanan, utanmazcasına yenə qazılıb, yenə asfaltlanan küçələrdədir?. Həqiqətə nə deyəsən, hər şey göz qabağındadır. Neft gəlirləri bir sözlə havaya sovrulur. ?Himayədar? Humanitar Tərəqqi İctimai Birliyinin rəhbəri Himayət Rizvanqızı bununla bağlı bildirib ki, neft pullarının lazımsız yerlərə xərclənir: ?Düzdür, bizə körpü lazımdır, amma körpünün mərmərdən olması lazım deyil. Çünki pul qurtaranda o mərməri söküb yeyəsi deyilik. Bu cür xərcləməklə 2016-cı ildə Neft Fondunun vəsaitləri tükənəcək?. Deməli, hədəflərə nail olmaq üçün atılan addımlar və neft gəlirlərinin xərclənməsi səmərəsiz olub. Əgər vəsaitin bu cür xərclənməsi davam edərsə, Azərbaycanı gələcəkdə iqtisadi tənəzzül və yoxsulluq gözləyir. Norveçdəki kimi rifah halında yaşamaq əvəzində, Nigeriyada olduğu kimi səfalət halında yaşaya bilərik.
Tenderlər qeyri -obyektiv keçirilir
Belə problemlərin yaşanmasının əsas səbəblərindən biri layihələrin icrasını həyata keçirəcək şirkətlərin seçilməsi üçün təşkil olunan tenderlərin qeyri-obyektiv keçirilməsidir. Sənədlərdə satın alınacaq malların dəqiq qiymətləri, görüləcək işlərə çəkiləcək xərclər dəqiqliklə göstərilməlidir. Şişirdilmiş rəqəmlər, mənimsənilən pullar isə göstərir ki, layihələrdə saxtakarlıqlara yol verilir. Digər tərəfdən layihələrin reallaşması ilə bağlı dövlət satınalmaları sahəsində əlverişli rəqabət mühiti yoxdur. Buna çox vaxt əməl edilmir. Çünki tenderə adətən məmurların himayə etdiyi şirkətlər buraxılır. Rövşən Ağayevin sözlərinə görə, bir məmurun himayəsində olan 10-15 şirkət tenderə qatılır, kənar hüquqi və ya fiziki şəxslərin iştirakının qarşısı alınır. Sonunda yüksək vəzifəli məmuraun himayəsində olan şirkətlərdən biri tenderin qalibi elan olunur. Bir sözlə tender elan edilməmiş adətən onun nəticələri artıq bəlli olur. Beləliklə, Azərbaycanda hər şeyin imitasiyası olduğu kimi, tender müsabiqəsini də imitasiya edirlər. Nəticədə, saxta tenderlərlə milyonlarla dövlət vəsaiti yoxa çıxır. Kimlərinsə mənimsəmə şikarına çevrilir. Tenderlərin gizli keçirilməsinin bir özəlliyi də orada yüksək vəzifəli məmurların yaxınlarının iştirakıdır. Belə olan halda büdcə pulları ilə həyata keçirilən layihələrin dəyəri barədə məlumatlar gizlədilir. Nəqliyyat Nazirliyi də layihələrin smeta və yekun dəyəri, tenderdə iştirak edən başqa şirkətlərin adları və təklifləri barədə məlumatları açıqlamır. Bunlar göstərir ki, dövlət satınalmaları sahəsində bir monopoliya var. Əslində dövlət vəsaiti hesabına aparılan investisiya layihələrində xərclərin dəyişdirilməsi ilə bağlı qərarı Nazirlər Kabineti kollegial şəkildə, bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınmaqla verməlidir. Beynəlxaq təcrübədə həyata keçirilən bu kimi iri layihələrin dəyəri maksimum 10 faiz artırıla bilər. Qiymət artımı 10 faizdən artıq olarsa, demək, qiymət artımına iqtisadi faktorlar yox, başqa amillər təsir edir. İqtisadçı Rövşən Ağayev də bu fikirdədir. Göründüyü kimi hər bir sahənin öz yüksək vəzifəli məmur ?ağası? var. Bu cür tenderlərdə ?ailə?yə daxil olmayanların qalib gəlməsi mümkün deyil.
Azərbaycanda keçirilən tenderlərlə bağlı faiz söhbəti də var. Tenderə çıxarılan xidmət və iş üçün müqaviləyə uyğun olaraq ayrılan vəsaitin bir hissəsi bəri başdan tenderi keçirənlər tərəfindən ?qalib? şirkətdən alınır.. Aydındır ki, tenderdə qalib gələn şirkət verdiyi faizi kompensasiya etmək və daha böyük gəlir əldə etmək üçün keyfiyyətsiz iş görür. İstifadəyə verildikdən qısa müddət sonra yolların, körpülərin bərbat hala düşməsi, çökməsi adi hal alması da bundan xəbər verir. Kosmetik təmirlə bunları gizlətməyə çalışsalar da, problem başqa bir yerdə özünü göstərir.
Emin Nəbili
Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondunun musabiqəsi üçün