Müsavat Partiyası AXCP ilə birləzəcəyini bəyan etdi

img

02-12-2010 [12:16]


Müsavat Partiyası Sülhəddin Əkbərlə İbrahim İmrahimlinin istefa arqumentlərinə cavab bəyanatı ilə çıxış edib. MİA-ya daxil olan bəyanatda qeyd olunur ki, Müsavat Divanının noyabrın 29-da keçirilən toplantısı haqda partiya məlumat yayarkən İbrahim İbrahimlinin Müsavat rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan, Sülhəddin Əkbərin isə partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyada tutduğu vəzifələrindən istefaya getdiyi, Divanın bu istefaları təəssüflə qarşıladığı vurğulanmışdı. Bəyanatda bildirilir ki, Müsavat Partiyası İbrahim İbrahimli və Sülhəddin Əkbərin bir gün sonra yaydıqları bəyanatı təəccüblə qarşılayıb: ?Belə ki, İbrahim İbrahimli və Sülhəddin Əkbər həmin bəyanatlarında Müsavat Partiyası sıralarını tərk etdiklərini bildiriblər və bunu guya Divanda müxalifətin inteqrasiyası ilə bağlı aparılan müzakirələr nəticəsində Divan üzvlərinin əksəriyyətinin müxalifətin inteqrasiyasında maraqlı olmaması, o cümlədən Müsavat və AXCP-nin birləşməsi ilə bağlı mənfi qərarın qəbul edilməsi ilə əsaslandırıblar. Müsavat Partiyası bu partiyada uzun illər fəaliyyət göstərmiş şəxslərin partiya sıralarından çıxmasını təəssüflə qarşıladığını bir daha qeyd etməklə yanaşı bildirir ki, istefaların səbəbləri barədə İbrahim İbrahimli və Sülhəddin Əkbərin noyabrın 30-da yaydıqları bəyanatlarında açıqladıqları fikirlərdən fərqli olaraq partiyanın strateji xəttində heç bir dəyişiklik baş verməyib. Partiya eyni zamanda müxalifətin inteqrasiyası istiqamətində ardıcıl və sistemli iş aparır. Müsavat Partiyası bəyan edir ki, Rəsulzadə-Elçibəy yoluna bağlı olan siyasi qüvvələrin bir araya gəlməsini, nüvəsində Müsavat və AXCP-nin dayandığı siyasi birliyin yaradılmasını dəstəkləyir, o cümlədən bu yolda olan partiyaların vahid bir təşkilatda birləşməsi ideyasını mümkün sayır. Hazırda partiya strukturlarında qeyd edilən istiqamətlərdə inteqrasiyanın forması, ardıcıllığı və mərhələləri barədə müzakirələr aparılır. Bu müzakirələr yekunlaşdıqdan sonra Azərbaycan cəmiyyətinin, demokratik qüvvələrin, habelə Müsavat Partiyasının maraqlarını ifadə edən, Müsavat Partiyasının Nizamnaməsinə uyğun olan müvafiq qərarlar qəbul ediləcək. Müsavat Partiyası bəyan edir ki, avtoritar rejimin yaratdığı bütün problemlərə, siyasi fəaliyyətlə məşğul olmağın yaratdığı məhrumiyyətlərə və bütün çətinliklərə baxmayaraq bundan sonra da öz strategiyasına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, cəmiyyətin demokratikləşməsi, xalqımızın firavanlığı və ölkəmizin azad dünyanın bir hissəsinə çevrilməsi uğrunda öz fəaliyyətini davam etdirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA