"Post-isa Qəmbər dövrü isa Qəmbərin bazqanlıqdan getməsi ilə bazlamayacaq"

img

28-11-2010 [05:51]


[b]Arif Hacılı: "Müsavat Partiyasında başqanlıq məsələsi ilə bağlı hər hansı problem yaşanmır, partiya daxilində fikir ayrılığı mövcud deyil" [/b] Parlament seçkilərindən sonra siyasi proseslərin əsas gündəm mövzularından biri Müsavat Partiyasının ilin sonunda keçiriləcək qurultayının təxirə salınması, İsa Qəmbərin başqanlıqdan gedib-getməyəcəyi və növbəti başqanın kim olacağı ilə bağlıdır. Əslində, Müsavatın qurultayının gələn ilə qədər təxirə salınması partiya daxilindəki fikir ayrılıqları, başqanlıq postu ilə bağlı yaranan qeyri-müəyyən vəziyyətlə əlaqələndirilir. Müsavat funksionerlərinin mətbuata verdikləri ziddiyyətli açıqlamalar isə ictimai rəydə müxtəlif suallar yaradır. Yaranmış qeyri-müəyyən vəziyyətə aydınlıq gətirmək üçün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə söhbətləşdik. - Öncə demək istəyirəm ki, Müsavat Partiyasının qurultayı təxirə salınmayıb. Təşkilati-texniki məsələlər başa çatdıqdan sonra qurultayımızı keçirəcəyik. Bütün dünyada, o cümlədən Azərbaycanda elə siyasi partiyalar var ki, uzun illər öz qurultaylarını keçirmirlər. Səhv eləmirlərsə, Yeni Azərbaycan Partiyasının birinci qurultayı bu partiya yarandıqdan təxminən on il sonra keçirildi. Ona görə də partiya qurultayının bir neçə ay, yaxud bir il gec keçirilməsini hansısa partiyadaxili problemlərlə əlaqələndirmək yanlışdır. Bundan əlavə, Müsavat Partiyasında başqanlıq məsələsi ilə bağlı hər hansı problem yaşanmır, partiya daxilində fikir ayrılığı mövcud deyil. Bu məsələləri müzakirə edəcəyik və hesab edirəm ki, Müsavat Partiyası bu qurultayından daha güclənmiş, daha mütəşəkkil siyasi qüvvə kimi çıxacaq. [b]- Partiya daxilində fikir ayrılığının olmadığını deyirsiniz, ancaq Müsavatın iki funksioneri - Arif Hacılı ilə Sülhəddin Əkbərin fərqli fikirləri var, biri deyir "İsa Qəmbər getməlidir", digəri "İsa Qəmbər getməyəcək",- söyləyir...[/b] - Bunlar kontekstdən çıxarılmış ifadələrdir. Hesab edirəm ki, bütövlükdə Müsavat Partiyasının siyasətinin əsas prinsipləri ilə bağlı mənim mövqeyimlə Sülhəddin Əkbərin mövqeyi əsaslı surətdə fərqlənmir. Ancaq müəyyən fikir plüralizminin olması, müxtəlif məsələlərə fərqli yanaşmalar, heç də partiyanın böhran içində olmasının yox, əksinə, partiya daxilində demokratiya prinsiplərinə əməl olunmasının nəticəsi kimi dəyərləndirilməlidir. Bir daha qeyd edirəm ki, Sülhəddin Əkbərlə mənim mövqeyim də hər hansı antaqonist ziddiyyətlər yoxdur. [b]- Siz demişdiniz ki, İsa Qəmbər başqanlıqdan getsə də, partiyanın idarə edilməsində əsas söz sahibi olacaq. Burada nəyi nəzərdə tutduğunuzu bir qədər aydınlaşdıra bilərsinizmi? [/b] - İsa Qəmbərin Azərbaycan cəmiyyətindəki mövqeyi, eyni zamanda siyasi proseslərə təsir imkanları yalnız onun Müsavat Partiyasının başqanı olması ilə bağlı deyil. Yəni elə siyasətçilər var ki, onlar tutduqları siyasi vəzifədən asılı olmayaraq, siyasi proseslərə ciddi təsir imkanlarına malikdirlər. Bu baxımdan hesab edirəm ki, İsa Qəmbər hətta Müsavat Partiyasının sıravi üzvü olsa belə, nəinki Müsavatın siyasətinə, eyni zamanda bütövlükdə Azərbaycanın siyasi proseslərinə təsir imkanlarına malik olacaq. Çünki o, həm Müsavat Partiyasının strukturlarında, həm də Azərbaycan cəmiyyətində kifayət qədər ciddi nüfuza malik olan siyasi liderlərdən biridir. Düşünürəm ki, İsa Qəmbər bu və ya digər şəkildə Müsavat Partiyasının idarə olunmasında iştirak edəcək. Hətta nizamnamədə hər hansı dəyişiklik baş verməyəcəksə və İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməsə belə, o, Azərbaycanın demokratik qüvvələrinin lideri kimi, siyasi proseslərə öz təsirini davam etdirəcək. Bu, heç də İsa Qəmbər üçün yox, bütövlükdə Azərbaycan cəmiyyəti üçün vacib olan zərurətdir. İsa bəy Azərbaycan cəmiyyətinin yetirdiyi ciddi siyasi liderlərdən və onun siyasi dəyərlərindən biridir. Eyni zamanda o, Azərbaycan cəmiyyətində əsas birləşdirici fiqurlardan biri sayılır. Ona görə də düşünürəm ki, İsa Qəmbərin bundan sonra da siyasi prseslərdə mühüm rol oynaması Azərbaycan cəmiyyətinin, demokratik qüvvələrin və Müsavat Partiyasının mənafelərinə uyğundur. [b]- Necə düşünürsünüz, Müsavat İsa Qəmbərdən sonrakı dönəmdə indiki gücünü saxlaya biləcəkmi? [/b] - İsa Qəmbərin başqanlıqdan getməsini Müsavat Partiyasının İsa Qəmbərdən sonrakı dönəmi kimi dəyərləndirilməsinin əleyhinəyəm. Hesab edirəm ki, post-İsa Qəmbər dövrü heç də İsa Qəmbərin başqanlıqdan getməsi ilə başlamayacaq. Yəni İsa Qəmbər hələ Azərbaycan siyasətində öz sözünü deyəcək və öz potensialını cəmiyyətin mənafeləri naminə bundan sonra da xərcləmək imkanına malik olacaq. Ona görə də düşünürəm ki, İsa Qəmbərin partiya başqanlığına namizədliyi olmayacağı, Müsavat başqanlığına yeni bir şəxsin gələcəyi təqdirdə, bu, hətta İsa Qəmbərin proseslərə təsir imkanının artması ilə nəticələnə bilər. Eyni zamanda onun daha geniş siyasi spektrə təsir imkanlarını yaradar. Xatırladım ki, hələ uzun illər əvvəl belə təkliflər irəli sürülmüşdü. Yəni ona Müsavat Partiyasının başqanlığından getmək və bütövlükdə demokratik qüvvələrin rəhbərliyinə gəlmək təklifləri Azərbaycanın bir sıra siyasi xadimləri və mətbuat orqanları tərəfindən vaxtilə irəli sürülüb. Bizim məqsədimiz Azərbaycanda kifayət qədər ciddi siyasi potensiala malik olan insanların cəmiyyətin demokratikləşməsi işində fəal iştirakına nail olmaqdır. Düşünürəm ki, bu sahədə əsas lider siyasi xadimlərdən biri, bəlkə də birincisi İsa Qəmbərdir. Onunla şəxsi söhbətlərimdən də bilirəm, eyni zamanda onun xarakterinə bələd olan adam kimi öz üzərinə düşən missiyanın mahiyyətini dərk etdiyinə əminəm. Nəinki bundan sonra aktiv fəaliyyət göstərməsi, həm də ciddi siyasi fəaliyyətlə məşğul olması onun borcudur. [b]- AXCP-Müsavat birliyinin perspektivi barədə də müxtəlif müzakirələr aparılır. AXCP qurultayını keçirib birləşməyə hazır olduğunu bəyan edib. İndi Müsavatın qərar verməsi qalıb. Bununla yanaşı, AXCP yetkililəri Müsavatın birləşməyə hazır olmadığı, daxildə fikir ayrılıqlarının olduğunu bildirirlər. Müttəfiqləriniz düz deyir? [/b] - Biz bütövlükdə Rəsulzadə-Elçibəy yoluna bağlı olan siyasi qüvvələrin bir araya gəlməsi təklifinin tərəfdarıyıq. Təbii ki, bu məsələdə ilk növbədə AXCP-nin Müsavat Partiyası ilə müttəfiqliyini, əlaqələrini, sıx inteqrasiyasını nəzərdə tuturuq. Hesab edirəm ki, Azərbaycanda Rəsulzadə-Elçibəy yoluna bağlı olan qüvvələr dedikdə, ilk növbədə onun nüvəsində Müsavatla Xalq Cəbhəsi Partiyasının dayandığı bir qurum nəzərdə tutulmalıdır. Biz çalışacağıq ki, bütün qüvvələr bir arada olsun. Bu, siyasi partiyamı, yoxsa çox ciddi inteqrasiya şəraitində fəaliyyət göstərən siyasi blokmu olacaq, bunu zaman göstərəcək. Hər halda Müsavat Partiyasının həm rəhbərliyində, həm strukturlarında ilk növbədə Azərbaycan Xalq Cəbhəsi ilə, yeni zamanda Rəsulzadə-Elçibəy yoluna bağlı olan digər siyasi qüvvələrlə müttəfiqlik münasibətlərinin qurulması məsələsinə mövqe birmənalı müsbətdir. [b]- Söhbət AXCP ilə Müsavatın bir partiyada birləşməsindən gedir. Bununla bağlı Müsavatın konkret mövqeyi necədir? [/b] - Onu zaman göstərəcək. Əgər qüvvələri bir araya gətirmək, bir partiyada birləşdirmək demokratik qüvvələrin və Azərbaycan cəmiyyətinin maraqlarına uyğun olacaqsa, bu yol tutulacaq. Yox, əgər bu, mümkün olmayacaqsa və bütün real müxalifət qüvvələrinin bir blokda birləşməsi həm real, həm də səmərəli olacaqsa, təbii ki, blokun yaradılması yolu seçiləcək. Ancaq istənilən halda biz Xalq Cəbhəsi Partiyası ilə əməkdaşlıq, müttəfiqli və ciddi inteqrasiya tərəfdarıyıq. [b]- Arif bəy, bir qədər də seçkidən danışaq. Seçki başa çatdı, nəticələri tanımadınız. Amma nədənsə, müxalifət bu məsələdə də vahid mövqedən çıxış edə bilmədi... [/b] - Mən bu iddianı yanlış hesab edirəm. Azərbaycan müxalifəti kifayət qədər birgə fəaliyyət göstərə bildi. Seçki kampaniyası dövründə müxalifətin əsas partiyaları olan Müsavala AXCP vahid blok yaratdı, eyni zamanda DUİ-də olan partiyalarla əməkdaşlıq etdi. Seçkidən sonrakı dövrdə də müxalifətin əsas qüvvələri, bir çox müstəqil namizədlər, Müsavat, AXCP, DUİ-yə daxil olan siyasi partiyalar, AMİP vahid mövqedən çıxış etdilər. Bu prosesə DADP və "İnsan ?aminə" blokunun nümayəndələri də qoşuldular. Bu mənada nəinki müxalifətin, Azərbaycan cəmiyyətinin hakimiyyətin apardığı siyasətlə bağlı vahid mövqeyi formalaşıb. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti demokratik institutları məhv etmək, ölkədə avtoritar rejim, təkpartiyalı sistem yaratmaq niyyətindədir. Amma Azərbaycan cəmiyyəti buna qarşıdır. Ölkənin aparıcı qüvvələri, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər, ziyalılar bu vəziyyəti dəyişmək uğrunda mübarizə aparmaq əzmindədir və hesab edirəm ki, yaradılması nəzərdə tutulan Xalq Məclisi faktiki olaraq bu prosesdə bütün Azərbaycan cəmiyyətini təmsil edən qurum ola bilər. Ona görə də hesab edirəm ki, müxalifətin vahid mövqeyi var. [b]- Hələlik müxalifətin seçki ilə bağlı mövqeyi etirazlar, bəyanatlar və məhkəmə müraciətləri müstəvisində məhdudlaşıb. Bu mübarizənin geniş kütləvi aksiyalar və digər müstəvilərə çıxması gözlənilirmi? [/b] - Bu gün hüquqi müstəvidə əvvəlki seçkilərdən daha ciddi mübarizə gedir. Seçki dairələrinin əksəriyyətindən MSK-ya şikayətlər olunub. Bu şikayətlər indi Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə verilir. Heç şübhəsiz ki, bir çox şikayətlər Avropa Məhkəməsinə daşınacaq. Ancaq bununla kifayətlənmək olmaz. Biz vətəndaşların sərbəst toplaşmaq hüququnun bərpa edilməsi uğrunda da mübarizəmizi davam etdirmək niyyətindəyik. Düşünürəm ki, kütləvi aksiyaların keçirilməsi mövzusu yaxın vaxtlarda gündəliyə gələ bilər. [b]- Demək olar ki, MSK-nın elan etdiyi nəticələrinə görə, 4-cü çağırış parlamentin tərkibi bəllidir. Yeni tərkiblə bağlı nə deyə bilərsiniz? [/b] - İndiki parlament Azərbaycan xalqının siyasi iradəsini əks etdirmir. Bu parlamentdə nəinki müxalifət, eyni zamanda Azərbaycan cəmiyyətinin bir çox təbəqələri təmsil olunmur. Bu parlamentdə müstəqil millət vəkilləri, ziyalıları, ayrı-ayrı sosial təbəqələri təmsil edən şəxslər yoxdur. Bu baxımdan, bu Milli Məclisin son 20 ildə Azərbaycanda yaradılmış bütün Milli məclislərlə müqayisədə xalqı təmsil etməyən, yalnız iqtidarı və onun müdafiəçisi olan insanlardan ibarət olmaqla, Azərbaycan cəmiyyətinə heç bir aidiyyatı yoxdur. Azərbaycan cəmiyyətində olan qüvvələr nisbəti proporsional olaraq bu Milli Məclisdə təmsil olunmurlar. [b]- Bəs, bu seçkidə mandat qazanaraq parlamentə düşən İqbal Ağazadə, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev və digərləri müxalifətçi deyillərmi? [/b] - Mən məsələləri konkretləşdirmək istəmirəm. Hər halda Azərbaycan hakimiyyətinin apardığı siyasət o şəkildə oldu ki, hətta seçkilərdə qalib gəlmək imkanı olan adamların da dairələrində saxtakarlıqlara yol verildi. Demək olar ki, bütün dairələrdə, müxalifətin namizədi olmayan dairələrdə də hakimiyyət seçkini öz axarına buraxmadı, inzibati resurslar hesabına saxta bir proses keçirdi. Keçirilən saxta prosesə demokratik don geyindirmək üçün seçkilərdə iştirak edənlərin sayı dəfələrlə artırıldı. Bu da Azərbaycan hakimiyyətinin siyasətinin tərkib hissəsidir. Yəni hakimiyyət nəinki sizin qeyd etdiyiniz şəxslərin, hətta bilavasitə YAP-ın üzvü olan və hakimiyyətin siyasətini birmənalı şəkildə dəstəkləyən şəxslərin də xalqın səsini almaq yolu ilə parlamentə düşməsinə imkan vermir. Bu da hakimiyyətin bütövlükdə Azərbaycan cəmiyyətini, dövlətini, eyni zamanda öz hakimiyyətini uçuruma aparan siyasətinin nəticəsidir. Hansı ki, hakimiyyət bu siyasətin ən biabırçı formasını budəfəki parlament seçkilərində sərgilədi. Ona görə də saxta bir proses nəticəsində formalaşan parlamenti legitim saymaq, onun xalqın iradəsi ilə formalaşdığını demək mümkünsüzdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA