21-11-2010 [03:36]
[b]Cümşüd Nuriyev: "Bütün bunların günahı hökumətdədir. Ən böyük faciəmiz odur ki, bizim hökumətimiz yoxdur" [/b]
Parlament seçkilərindən dərhal sonra ölkənin iqtisadi sferasında ciddi problemlər yaşanmağa başladı. Artıq iki həftədir ki, ölkədə ciddi qiymət artımı müşahidə olunur. Qurban bayramı ərəfəsində un və un məhsullarının qiyməti kəskin bahalaşdı. Hökumətin, daha doğrusu, Tarif Şurasının bahalaşma ilə bağlı hər hansı açıqlama verməməsi vəziyyəti daha da kritikləşdirib. İqtisadçı ekspertlər isə bahalaşma dalğasının davam edəcəyini, hətta növbəti ildən enerji daşıyıcılarının qiymətinin artacağını da proqnozlaşdırırlar. Baş verən və gözlənilən proseslərlə bağlı suallarımızı kənd təsərrüfatı nazirinin keçmiş müavini, tanınmış iqtisadçı Cümşüd Nuriyev cavablandırır:
- Hazırda dünyada ərzaq təhlükəsizliyi məsələsi gündəmə gəlib. Əslində bu, ötən əsrin sonundan proqnozlaşdırılan məsələ idi. Amma təbii hadisələr bir növ bunu sürətləndirdi. Dünyada əhalinin artımı ilə istifadəyə yararlı torpaqların nisbətində kəskin fərq var. Yəni adambaşına düşən yararlı torpaq sahəsi get-gedə azalır.
Azərbaycandakı problemi iki istiqamətdə qruplaşdırsaq, yaxşı olar. Birincisi siyasi istiqamətdədir. Azərbaycanda aqrar islahatların birinci mərhələsi başa çatıb, ikinci mərhələ üçün yeni aqrar konsepsiya yoxdur. Biz bunu işləyib hazırladıq, amma təəssüf ki, bunu elmi tədqiqat işi kimi qəbul edirlər.
İkinci məsələ iqtisadi istiqamətdədir. Azərbaycanda ərzaq məhsullarının bahalaşmasına qarşı hökumətin heç bir təsir sistemi yoxdur. Baxmayaraq ki, Tarif Şurası var, hər on gündən bir Gömrük Komitəsindən ölkəyə daxil olan malların siyahısını alırlar, daxili bazar barədə məlumata malikdirlər, amma bununla məşğul olan kimsə yoxdur. Bu məsələlərə İqtisadi İnkişaf Nazirliyi başçılıq edir, ancaq hələ kimsə görməyib ki, hansısa bir iş görülsün. Biabırçılıq odur ki, bu boyda hökumətdə normal bir iqtisadçı yoxdur. Baş nazirin özü klassik sovet düşüncəsində olan adi bir sənayeçidir, müavinlərinin ikisi tikinti, ikisi də humanitar məsələlərlə məşğuldur, yanında nə normal iqisadçı, nə də aqrar sahəyə baxan müavini yoxdur. Bundan əlavə, Azərbaycanda yürüdülən pul-kretid siyasətində yanlışlıq var. Yəni əgər inflyasiya birrəqəmli saxlanılırsa, mütləq nəzərə alınmalı, dövlət ərzaq ehtiyatı ilə bağlı addımlar atmalı idi. Məsələ ondadır ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti ilə məşğul olan hər hansı dövlət qurumu, yaxud orqan yoxdur. Bu sahə ilə məşğul olan ekspertlərin fikirlərini isə nəzərə almırlar. Son iki ildir biz deyirik ki, ölkədə yürüdülən aqrar siyasət səhvdir, amma buna əhəmiyyət vermirlər. Əgər bir ölkədə ki, neft sektorundan gələn gəlirlər, qeyri-neft sektoruna yönəldilmirsə, problemlər ortaya çıxmalıdır.
[b]- Hökumət rəsimləri bildirirlər ki, neft sektorundan gələn gəlirlər qeyri-neft sektoruna, eləcə də aqrar sahəyə yönəldilir... [/b]
- Bu kimi bəyanatlar əsassızdır. İndi kimsə taxıl əkir, ona 40 manat verirlər. Bu, dövlətin özü-özünü aldatmasıdır. Yəni bu, rüşvət mexvanizmidir.
İndiyə qədər Azərbaycan kartofla özü-özünü təmin edirdi, amma indi o da yoxdur. Dövlət hər şeyi nəzərə almalıdır. Bu gün ölkənin 10 iqtisadi rayonundan cəmi ikisi özünü taxılla təmin edir. Alimlər özlərini sanki öldürürlər, amma hökumət onların təkliflərini qəbul eləmir. Burda Kənd Təsərrüfatı Nazirliyini günahlandırırlar, amma onlarlıq da bir şey yoxdur. Nazirliyin günahı ondadır ki, hökumət onu eşitmir. Hər şey buraxılıb başlı-başına.
[b]- Qiymətləri tənzimləmək mümkün deyilmi? [/b]
- Təbii ki, mümkündür. Bunun üçün dövlətin əlində iqtisadi rıçaqlar var. Əvvəla, ixrac rüsumları artırıla bilər. Eyni zamanda idxalı stimullaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirmək olar. Vergiləri də azaltmaq olar, bu, büdcənin gəlir hissəsinə elə də ziyan gətirməz. Bunu nəzərə alaraq əlavə dəyər vergisini azaltmaq lazımdır.
Son zamanlar regionlarda anbarlar tikilir. Orada alma, armud yox, dövlətə lazım olan ərzaq məhsulları saxlanmalıdır. Ən azı 6 ay ərzində ölkəni saxlaya biləcək taxıl olmalıdır.
[b]- Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri taxılla bağlı problemin olmayacağını və qiymət artımının gözlənilmədiyini bildirirdilər...[/b]
- Kənd Təsərrüfatı Nazirliyi nə deməlidir? Çünki bu, onların bir başa işidir. Əgər ölkənin taxıl problemi yoxdursa, onda niyə Azərbaycan 1 miylon ton taxıl idxal edir?
[b]- Onda belə çıxır ki, yalan danışırlar? [/b]
- Bu gün Kənd Təsərrüfatı Nazirliyində taxıl əkilən sahələrin dəqiq uçotu belə yoxdur. Verilən pulla taxıl əkilən sahələrin uçotunu aparmaq düzgün deyil. Kimisə aldatmayaq, onsuz da bu ölkədə dövləti aldadanların özü axırda aldanır. Bütün bunların hamısı rüşvətə xidmət edən bir şeydir. Azərbaycanda taxılçılıqla məşğul olmaq istəyən yoxdur, pambıqçılıq məhv olur.
Elan eləmişdilər ki, çörəyin qiyməti qalxmayacaq. Bəs nə oldu? Neçə gündür, çörəyin qiyməti qalxıb. Niyə Tarif Şurası yığışıb bir qərar vermir? Niyə Kənd Təsərrüfatı Nazirliyi çıxıb məsələni aydınlaşdırmır? Bütün bunların da günahı hökumətdədir. Ən böyük faciəmiz odur ki, bizim hökumətimiz yoxdur. Azərbaycan hökuməti beşinci təkər rolunu oynayır. Nə çıxarıb atmaq olur, nə də satmaq olur. Dünyanın hər yerində iqtisadiyyatı hökumət idarə edir. Ancaq Azərbaycan hökuməti mağmın vəziyyətdədir. Hökumət üzvlərinin əksəriyyəti dövlətin işini kənara qoyub, şəxsi biznesləri ilə məşğuldurlar. Dünyanın heç bir yerində oliqapoliya bu qədər güclü olmayıb. Bizim hökumətin rəhbərliyi nə zaman yığılıb bu işləri müzakirə edib ki, çıxış yolu da tapsın? İndi gözləyirlər, vəziyyət bir az da kritikləşən kimi düşəcəklər Fövqəladə Hallar Nazirliyinin üstünə ki, bu işi təşkil elə. Halbuki, dünyada heç bir ölkədə Fövqəladə Hallar Nazirliyi ərzaq məsələsi ilə məşğul olmur. Sadəcə, kim çox işləyirsə, onu yükləyirlər. Amma bu şəkildə də olmaz! Belə davam eləsə, onu da sıradan çıxaracaqlar. Necə ki, Taxıl Fondunu bu nazirliyə verdilər.
[b]- Cümşüd müəllim, məsələ ondadır ki, hazırda taxıl, un və un məhsulları deyil, digər ərzaq malları - şəkər tozu, düyü, ətin də qiymətində artım var... [/b]
- Şəkər tozu ilə bağlı Azərbaycanın təminatı əvvəldən də olmayıb. İndi müəyyən mənada 50 faizə qədər təminatı var. Şəkərlə bağlı problem dünyada mövcuddur. Məsələ ondadır ki, taxıl dünyada da bizimki qədər bahalaşmayıb. Ölkədə çörəyin qiymətinin birdən-birə 30 faiz bahalaşması dövlət başçısına qarşı təxribatdır. Parlament seçkilərinin nəticələri rəsmən elan olunmamış çörəyin qiymətini bahalaşdırırlar, insanları narazı salırlar. Amma belə vəziyyət yaradıb camaatı qızışdırmaq yaxşı yol deyil.
[b]- Sözlərinizdən belə çıxır ki, bahalaşma məqsədli şəkildə həyata keçirilir? [/b]
- Bəli! Bugünkü qiymət artımı məqsədli şəkildə edilib. Qarabaşağın qiyməti birdən-birə 4 dəfə artırılıb. Görəsən, hökumət hara baxır? Azərbaycanın özü qarabaşaq istehsal edir. Ən böyük faciə odur ki, Azərbaycanın daxili bazarının iqtisadi təhlükəsizliyi ilə məşğul olan yoxdur. Tariş Şurası bu məsələlərlə ciddi şəkildə işləməlidir.
[b]- Enerji daşıyıcılarının da qiymətinin artacağı ilə bağlı fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?
[/b]
- Yanvar ayından qiymətlərin artacağını proqnozlaşdırmaq olar. Azərbaycan üçün ən çətin dönəm gələn ilin mart-aprel ayları olacaq. Ona görə də bu barədə ciddi düşünmək lazımdır. Ya resurs əldə etmək, ya da yarana biləcək problemləri öncədən zərərsizləşdirmək istiqamətində işlər görülüməlidir. Prezident Nazirlər Kabinetinin iclasında da dedi, ancaq hansı işlər görüldü? Böyük marketlərə girin, orda maksimum 5-10 faiz yerli məhsul var. Bir duzdur, bir də süd və süd məhsullarının müəyyən hissəsidir, qalanları xarici məhsullardır.
Enerji daşıyıcılarına gəlincə, hesab edirəm ki, onun qiymətinin artırılması səhv siyasətdir. Çünki bu artım digər məhsullara həndəsi silsilə ilə təsir edir. Əgər enerji daşıyıcılarının qiyməti qalxacaqsa, büdcə gəlirləri maksimum 3-7 faiz arta bilər. Burda həm o pulu əhalidən yığmaq problemi, üstəlik, əhalini yenidən gərginləşdirmək məsələsi var. Axı, qiymət qaldırılanda bunun iqtisadi əsası olmalı, analiz aparılmalı, daxili bazarın monitorinqi olmalıdır. Bəzi adamların əmək haqları yüksəkdir deyə, qiyməti qaldırmaq olmaz. Yüksək əmək haqqı hamıya şamil olunmur axı. Minimum əmək haqqı ilə maksimum əmək haqqı arasında böyük uçurum var. Millək vəkilləri 1700 manat əmək haqqı alır, amma bir milyona qədər adam 75-120 manat civarında maaşın ümidinə qalıb. Axı, 125 adama görə bir milyon adamı qurban vermək olmaz. Bu cür iqtisadi siyasətlə uzağa gedə bilmərik. Orta aylıq əmək haqqının 300-350 manat olduğunu bildirirlər. Axı, müəllimlərin, həkimlərin maaşı o qədər deyil. Aparıcı kütlə də bunlardır. Əgər ölkə əhalisinin əksəriyyətinin əmək haqqı 200 manatın altındadırsa, qiymətlərin bu şəkildə qaldırılması narazılığın yaranmasına xidmət edir. Ona görə də hesab edirəm ki, bunların hamısı Azərbaycan prezidentinə qarşı yönəlmiş siyasətdir.
[b]- Vəziyyət bu şəkildə davam edərsə, ölkədə sosial gərginlik yarana bilərmi?[/b]
- Artıq bu gərginlik var. Əgər qiymət artımı bu şəkildə davam edirsə, ölkədə sosial narazılıq daha da artacaq. Hökumətin apardığı iqtisadi siyasət siyasi sabitliyin pozulmasına, vətəndaşların etirazlarına səbəb olub. Ölkədə siyasi sabitliyin pozulmasına xidmət edən ən gözəl üsul sosial gərginlik yaratmaqdır. Hökumətin apardığı yarıtmaz siyasətin nəticəsində də bu, baş verməkdədir. Ona görə də düşünürəm ki, sosial gərginlik Azərbaycan əhalisinin təxminən 85 faizini əhatə edə bilər. Dünya təcrübəsi də, Azərbaycanda aparılan elmi tədqiqatlar da göstərir ki, ciddi təhlükənin astanasındayıq. Bir də ki, ərzağın olması hələ onun əldə edilməsi demək deyil. Baxaq görək, həmin ərzağın əldə olunması imkanları mövcuddurmu? Bahalı ərzağı kimsə gedib ala bilməyəcək. Ucuz ərzaq da, ya xəstə, ya da geni modifikasiya olunmuş ərzaqdır. Belə bir şəraitdə artıq tələbat zərurətə çevrilir. Bu zərurət də istər-istəməz siyasi sabitliyin pozulması deməkdir. Bunu dərk eləmək üçün alim olmağa ehtiyac yoxdur. Bunu Azərbaycan iqtidarında da bilənlər çoxdur. Təəssüf ki, Azərbaycan iqtidarına təsir etmək istəyən xarici qüvvələr bir növ bundan yararlanmağa çalışırlar və artıq yararlanmaq üzrədirlər. Hesab edirəm ki, Azərbaycan dövləti ciddi addımlar atmalıdır.
[b]- Necə düşünürsünüz, vəziyyətdən çıxış üçün hansısa yüksək vəzifəli məmurun "vurulması" və bu kimi addımlar atıla bilərmi? [/b]
- Qeyd etməliyəm ki, belə bir vəziyyətin yaranmasına biznes maraqlarını dövlət maraqlarından üstün tutanlar səbəb olublar. Bu gün vəzifədə olanların əksəriyyəti oturduqları kürsüdə dövlətə yox, öz şəxsi maraqlarına xidmət edirlər. Bir neçə naziri çıxmaq şərtiylə əksəriyyət iqtidarın boynundan asılmış dəmir halqadır. Onlar iqtidarı həmişə dənizin dibinə çəkir. Bəli, onlardan qurtulmaq lazımdır. Prezidentin özü modern düşüncəli idarəetmə qabiliyyəti olan bir insandır. Onun ətrafındakı 20-ci əsrdə qalan və kommunist təfəkküründə olan insanlar, xalqa heç nə verməyəcəklər, dövləti daha da geriyə sürükləyəcəklər. Azərbaycan hakimiyyətinə müasir dünyanı qavrayan, modern düşüncəli insanlar lazımdır. Hesab edirəm ki, hakimiyyət köhnə təfəkkürlü, yalnız öz şəxsi mənafelərini güdən insanlardan təmizlənməlidir.