Vüqar Bəyturan 31 saylı Seçki Dairəsində nəticələrin ləğv olunmasını və təkrar seçki keçirilməsini tələb edir

img

09-11-2010 [02:11]


Vüqar Bəyturanın (Vüqar Oruc) Seçki Qərərgahı 31 saylı Suraxanı Seçki Dairəsində seçkilərin nəticələri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:?Təəsüflər olsun ki, bu dəfə də parlament seçkiləri demokratik şəraitdə, şəffaf və qanunlar çərçivəsində keçirilmədi. Namizədimiz, Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan(Vüqar Oruc) Dairə Seçki Komissiyası tərəfindən qərəzli münasibətlə qarşılaşmış, seçkiyə start verildiyi gündən hüquqları pozulmuşdur. Seçkilərə buraxılmamaq qərarının olmasına baxmayaraq, qanunlara əsaslanmış mübarizə nəticəsində seçkiyə qatılmağı bacarmış namizədimiz seçki kampaniyasının gedişində dəfələrlə DSK-ya şikayətlər etsə də, bu şikayətlərdə göstərilən faktlara əhəmiyyət verilməmiş, hər dəfə qanunun tələbləri pozulmuşdur. Belə ki, dəfələrlə namizədimiz və onun səlahiyyətli nümayəndəsi yerli icra orqanlarının digər namizəd Fərəc Quliyevin xeyrinə təbliğat apardığını, evlərə zəng edərək, 7 noyabrda ona səs verilməsini tələb etmələrini, MQP başqanının təşviqat plakatlarının MKİS işçilərinin yararsız hala salmasını və digər kobud qanun pozuntularını DSK rəhbərliyinin nəzərinə çatdırsalar da, heç bir tədbir görülməmiş və sübut olunmuşdur ki, əslində seçki günü total saxtakarlığa hazırlıq getməkdədir. DSK daxilindən olan informasiyalara görə, bizim bu şəkildə qanuni tələblər irəli sürməyimiz DSK sədri İmran İskəndərovun narahatçılığına və narazılığına səbəb olmuş və o, tapşırıq vermişdir ki, Məntəqə Komissiyaları seçki günü namizədimizə xüsusi aqressiv münasibət göstərsin, onun səslərini azaldaraq, Fərəc Quliyev üçün hesablansın. Təsadüfi deyil ki, MQP başqanının müşahidəçiləri müşahidə prosesinə yaxın buraxılmamış, səlahiyyətli nümayəndəsi Rüfət Əhmədzadə həbs edilərək, 33-cü Polis Bölməsinə aparılmış, 1 saylı Seçki Məntəqəsindən müşahidəçi Akif Qarayev zorla uzaqlaşdırılmışdır. Bundan başqa, seçki qutuları əlil olmayan seçicilərin evlərinə aparılmış, müxtəlif ərazilərdə spirtli içki və pul paylanmışdır. Bakı şəhərində MKİS-ləri kurasiya edən Ənvər Quliyevin(namizəd Fərəc Quliyevin qohumu) göstərişi ilə MKİS işçiləri Fərəc Quliyevin müşahidəçi və vəkilləri kimi seçkidə iştirak etmiş, seçki günü evlərə gedərək,vətəndaşları məcburi seçkiyə gedib, Fərəc Quliyevə səs verməyə çağırmışlar. Vüqar Oruca səs verən seçicilər isə bəzi hallarda(21, 15 və digər məntəqələrdə) təzyiqlə üzləşmişlər. Məntəqələrin qarşısında duran MKİS işçiləri seçkiyə gələnləri Fərəc Quliyevə səs verməyə çağırmışlar. Vüqar Bəyturanın (Vüqar Oruc) Seçki Qərərgahı baş verən bütün qanunsuzluqları pisləməklə yanaşı, 31 saylı Seçki Dairəsində Seçki Məcəlləsinin, Konstitusiyanın, beynəlxalq konvensiyaların kobud şəkildə pozulduğunu, total saxtakarlıq baş verdiyini, Fərəc İbrahim oğlu Quliyevin qələbə qazanması barədə DSK məlumatının həqiqətə uyğun olmadığını, namizəd Vüqar Əlövsət oğlu Orucun(Vüqar Bəyturan) hüquqlarının kobudluqla tapdandığını bəyan edir. Seçki Qərərgahı bildirir ki, 31 saylı Seçki Dairəsində seçkilərin nəticələrini tanımır, nəticələrin ləğv olunmasını və təkrar seçki keçirilməsini tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA