31-10-2010 [04:16]
[b]Fazil Mustafa: "Müxalifət cinahında seçkilərdən öncə bir uzlaşma, konsalidasiya yolu tapılmalı idi. Tapılsaydı, bu qədər çox parçalanma, bir-birinə güzəştə getməməkdə israretmə olmazdı"
[/b]
Məlum olduğu kimi, budəfəki parlament seçkilərində müxalifət bloklarının heç biri 60 namizədlə seçkiyə qoşulmaq imkanı əldə edə bilmədi. Bununla da müxalifət blok kimi pulsuz efir vaxtı almaq imkanından məhrum oldu. Amma MSK-nın qərarı ilə namizədlərin hər birinə İctimai Televiziyada pulsuz efir vaxtı ayrıldı. Bəzi müxalifət nümayəndələri bunu yetərli saymasa da, seçkiöncəsi vəziyyət və digər məsələlərlə bağlı müsahibə verən Böyük Quruluş Partiyasının başqanı, 26 saylı Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Fazil Mustafa yaradılmış şəraiti normal dəyərləndirir:
- Hazırda yaradılan şərait parlament seçkiləri üçün normal qəbul edilə bilər. Çünki 700-dən artıq namizədin efir vaxtı ilə təmin olunması, özü də işlək bir vaxtda efir ayrılması müsbət hal sayılmalıdır. Hətta ötən prezident seçkilərindən sonra irəliyə atılmış addım kimi qiymətləndirilə bilər. Çünki saat 9-11 arası efir vaxtının verilməsi yaxşıdır. Xatırlayırsınızsa, prezident seçkilərində saat 6-7 arası vaxt verilirdi ki, o zamanda insanlar əsasən yolda olurdu, çox adam dinləyə bilmirdi. Amma indiki şəraitə irəliyə doğru atılmış addım kimi baxılmalıdır. Pullu efir vaxtının qiymətinin aşağı salınması da yaxşı olardı ki, insanlar heç olmasa, bu imkandan da rahatlıqla istifadə edə bilsinlər. Hər halda dörd dəqiqə də olsa, pulsuz efir vaxtını insanların özünü təqdim etmək üçün normal qiymətləndirmək mümkündür.
[b]- Ümumilikdə seçkiöncəsi vəziyyət və şəraiti necə qiymətləndirirsiniz? [/b]
- Seçki mühiti haqqında seçkinin nəticələri elan olunduqdan sonra fikir söyləmək olar. Çünki indiyə qədər təbii ki, narazı və razı qaldığımız məqamlar var. Razı qaldığımız məqamlar ondan ibarətdir ki, müəyyən dərəcədə namizədlər üçün bərabər imkanlar yaradılması müşahidə olunur. Hərbi seçki dairəsində müəyyən dərəcədə bu imkanlar özünü göstərir.
Narazı qaldığımız məqamlar isə ondan ibarətdir ki, tutalım, Böyük Quruluş Partiyasının ötən seçkilərdə 18 namizədi qeydiyyatdan keçmişdi, bu dəfə 9 namizədi qeydiyyatdan keçib. ?amizədlərimizin bir qismi də qeydiyyatdan kənarda saxlanıldı. Hesab edirəm, namizədlərin qeydə alınması prosedurunun müəyyən dərəcədə yumşaldılmasına ehtiyac var idi ki, insanlar seçki prosesində özünü tanıtma imkanı əldə etsinlər. Amma bütün hallarda məncə, bu proseslər irəliyə doğru nəyinsə dəyişməsinə ümid verir. Ümid edirəm ki, bu seçkinin nəticələri də Azərbaycanda nəhayət ki, islahatlar prosesinin başlamasına təkan verəcək. Çox təəssüf ki, hələ bu, tam mənası ilə görünmür. Amma seçkinin nəticəsində formalaşan yeni parlamentdə bu istiqamətdə yeniləşmənin baş verəcəyinə ümid edirəm.
[b]- Fazil bəy, digər müxalifət partiyaları seçkiöncəsi vəziyyəti kəskin şəkildə pisləyir, demokratiyadan əsər-əlamət belə olmadığını bildirirlər. Müxalifətdəki opponentlərinizin fikirlərini bölüşürsünüzmü? [/b]
- Bu fikirləri bölüşmək bir qədər çətindir. Çünki bu cür məsələlərdə faktlara müraciət etmək lazımdır. ?amizədləri qeydə alınmamış siyasi blokların şikayətlərinə baxılmasına diqqət yetirin. "İslahat" blokunun heç bir şikayəti MSK tərəfindən qəbul olunmayıb. MSK daha çox Yeni Azərbaycan Partiyası və radikal müxalifət sayılan cinaha simpatiya ilə yanaşıb. Onların əksər namizədlərinin DSK-lardan şikayətinə müsbət cavab verilib, qeydiyyata alınıb. Amma "İslahat" bloku namizədlərinin hüquqları tam qanunsuz olaraq təmin olunmayıb. Məsələn, Bərdədən bizim Siyasi Qurulun nümayəndəsi Baxşeyiş Əsgərovun namizədliyi MSK tərəfindən tam əsaslı olduğu halda həll olunmadı. Çünki bu məsələlərdə açıq-aşkar tərəfli yanaşma özünü göstərirdi. Hesab edirəm ki, bu mənada bir sıra müxalifət partiyalarının hay-küy salmağa heç bir əsası yoxdur. Onların namizədlərinin 50 faizinin qeydiyyatı MSK-da müsbət həll olunub. Halbuki, biz, 106 namizəd vermişik, 30 namizədimiz qeydiyyatdan keçib. MSK da bizim blokla bağlı bütün məsələlərdə əleyhimizə qərar verib. Ona görə də burada yalandan hay-küy salmağa ehtiyac yoxdur. MSK-nın simpatiyası daha çox radikal müxalifətə olub. Açığı, bu, mənim üçün də təəccüblüdür, amma reallıq budur.
[b]- Əvvəlki parlament seçkiləri ilə müqayisədə bu dəfə müxalifət daha çox sayda blok yaratdı. Bunu necə qiymətləndirirsiniz? [/b]
- Bu, qüvvələri birləşdirmək baxımından partiyalara faydalı olan bir model idi. Lakin bu model işləmədi. Ona görə ki, 106 namizəddən yalnız 30-u qeydiyyatdan keçirsə, faktiki olaraq, blokun özünü təbliğ eləməsi, yaxud güc birliyini nümayiş etdirmək imkanları ortadan qalxır. Bu baxımdan da partiyaların bu istiqamətdəki fəaliyyəti uğursuz nəticələndi. Hesab edirəm ki, bu parlament seçkiləri ümumilikdə müxalifətin məğlubiyyəti seçkisidir. İndidən görünən mənzərə budur. Özü də təkcə radikal müxalifətin məğlubiyyəti deyil, həm də konstruktiv müxalifət ideyasının məğlub olduğu bir seçkidir. Ona görə də bu prosesdə artıq müxalifətin yenidən öz taktikasına, özünün üslubuna yenidən baxması vacibliyi ortaya çıxacaq. Hiss olunur ki, namizədlərin qeydə alınması, təbliğat-təşviqat kampaniyası da bunu göstərir. Yəni real şanslar çox da böyük deyil. Bu mənada düşünürəm ki, bu seçkidə bloklararası mübarizə zəminində bir yeni siyasi mədəniyyətin formalaşması, yeni siyasi imkanın açılması fürsəti qaçırıldı. Ona görə də indi hamı, heç olmasa, fərdi namizədlərin dairələr üzrə uğur qazanması taktikasına əhəmiyyət verməyə başlayıb.
[b]- Hər halda, müxalifət blokları seçkiyə qoşulub, bu blokları müqayisə etmək mümkündürmü? [/b]
- Burada bir sıra məsələlərdə subyektiv mülahizələr xüsusi rol oynayıb. Təsəvvür edin ki, Yeni Azərbaycan Partiyasından sonra ən çox namizəd irəli sürən blok "İslahat" adlanan siyasi partiyalara blokudur, amma ən az namizədi qeydiyyatdan keçən, DSK-larda subyektiv mülahizələr əsasında namizədləri qeydə alınmayan blok da elə odur. Bu baxımdan da indi hesab edirəm ki, məsələlərə sonda qiymət vermək doğru olardı. Görək irəli sürdüyümüz 30 namizədin arasında neçə nəfər uğur qazana biləcək. Ondan sonra qeyd etdiyiniz müqayisəni və seçkilərlə bağlı münasibətimizi daha aydın ifadə etmək olacaq. Ancaq bütün hallarda düşündüyüm odur ki, müxalifət cinahında seçkilərdən öncə bir uzlaşma, konsalidasiya yolu tapılmalı idi. Tapılsaydı, bu qədər çox parçalanma, bir-birinə güzəştə getməməkdə israretmə olmazdı. İndi dairələrdə müxalif fikirli bir neçə adamların ortaya çıxması hər halda səsin parçalanmasına səbəb olur. Bu da hakimiyyətin işinə yarayır. Ona görə də məncə, daha fərqli taktika sərgilənməsi məqsədəuyğun olardı.
[b]- Fazil bəy, artıq 21 günlük təbliğat-təşviqat kampaniyasının xeyli hissəsi arxada qalıb. Görüşlər keçirirsiniz, kampaniya aparırsınız, ümumiyyətlə, işləriniz necə gedir? [/b]
- Əslində mənim təbliğat kampaniyam 2005-ci il parlament seçkilərindən sonra, noyabr ayında Konstitusiya Məhkəməsi qərar qəbul edən gündən başlayıb. Mən, həmin gündən Bakıxanov qəsəbəsindəki mədəniyyət sarayında ofis götürmüşəm və orda ilk gündən seçiciləri ardıcıl qəbul etməyə başlamışam. Bakıxanov qəsəbəsinin elə bir sakini yoxdur ki, öz deputatını axtarsın, amma tapa bilməsin. Təbii ki, əgər ədalətsiz seçici yoxdursa, bu belədir. Elə bir insan yoxdur ki, onun probleminə sayğı və həssaslıqla yanaşmayaq. Problemi həll edib-etməmək məsələnin ikinci tərəfidir, yəni əsas insanı qəbul edib, dinləməkdir. Peyğəmbərimizin gözəl bir sözü var; xoş söz də ehsandır. Ən azı insanların probleminə həssaslıqla yanaşıb, xeyli sayda problemi həll etmişik. Elə məsələlər var ki, onu həll etmək gücündə deyilik. Çünki həmin problemlərin əksəriyyəti deputat səlahiyyətinə aid deyil.
Bu gün bizim üçün kampaniya, əvvəlki kampaniyadan çox rahat keçir. O baxımdan rahat keçir ki, ev-ev bukletlər payladıq. Mən çox fərqli bir taktika qoydum ortaya. İnanmıram ki, hansısa bir millət vəkili belə bir tikatika irəli sürsün. Yəni beş il öncəki vədin altında əməl də qeyd olundu. Hansı vədi vermişdim, hansı işi gördüm. Bu gün də evlərə mənim bukletim göndəriləndə alnı açıq müraciət edə bilirik. Bukletimi paylayan hər bir adama ayrıca dəftər vermişəm ki, vətəndaşdan bir-bir soruşsunlar ki, deputatlarından razıdırlar, ya yox. Narazıdırlarsa, bunun səbəbini də yazırlar.
10 mindən artıq təbliğat materialları paylanıb. Orda hardasa 5-6 neqativ cavab almışam. Bu da onu göstərir ki, əgər azacıq vicdanı olan millət vəkili seçici ilə 5 il ərzində normal işləsə, 5 ilin sonunda heç bir problem yaşamaz. Buna görə də insan-insan işləmə taktikasına önəm verirəm və ayrı-ayrılıqda insanlarla təmasda olaraq daha çox dəstək qazandığımı görürəm. Ona görə, hesab edirəm ki, tam şəffaf, demokratik, ədalətli bir seçki baş tutacaq və seçkiyə gələn insanlar da şahidi olacaqlar ki, bəlkə də Azərbaycanda ən ideal seçki 26 saylı Sabunçu Seçki Dairəsində olacaq. Yəni vətəndaşa doğru atdığın addımın mütləq cavabını görürsən. Bu mənada alnıaçıq, ürək rahatlığı ilə bu seçki prosesinə davam edirəm.
[b]- Rəqiblərinizlə bağlı nə deyə bilərsiniz? Həm müxalifətdən, həm hakimiyyətdən rəqibinizin olması çətinlik yaratmır ki?
[/b]
- Seçki prosesində insanlar bəzən özlərini təbliğ etməkdən daha çox rəqiblər ilə mübarizə aparırlar. Mənim taktikam rəqiblə mübarizə aparmaq deyil. Mənim taktikam özümü tanıtmaq, özümü bir daha insanın könlünü fəth eləməyə yönəltməkdir. İnsan anlamalı, özü seçim eləməlidir ki, mənə kim daha faydalıdır. Kim mənə gerçəkçi vəd verir və ona əməl edəcək gücə, qabiliyyətə sahibdir. Burada bir amil də xüsusi rol oynayır. Bu beş il ərzində mənim seçicilərlə mütəmadi təmaslarım çox rəğbətlə qarşılanıb. Müşahidə etdiyim odur ki, dindarlar mənim televiziya ekranlarında dini baxışlarıma və fikirlərimə baxdıqdan, təqaüdçülər onların problemini qaldırdığıma, əmanəti batmış şəxslər dəfələrlə o problemi Milli Məclisdə gündəmə gətirdiyimə, müəllimlər, həkimlər, onların problemlərini qaldırdığıma görə məni dəstəkləyir, yəni təbəqə-təbəqə bu fəaliyyətin cavabını alıram. Bu da onu göstərir ki, nə qədər aktiv millət vəkili olursansa, nə qədər seçicinin ayrı-ayrı təbəqələrinin maraqlarını ifadə edən kokret mövqe ortaya qoyursansa, mütləq bunun qiymətini alacaqsan. Ona görə də heç kim bəd güman olmasın ki, seçicilər guya gedib kiminsə puluna səs verdilər. Belə anlayış yoxdur. Seçici kifayət qədər ağıllıdır, yaxşı bilir ki, kim ona lazımdır və ona uyğun da addım atır. Bizim dairə də bir qədər kompakt ərazi olduğuna görə, insanlarda bunun müsbət refleksini müşahidə edirsən. O baxımdan, seçkilərdə rəqiblərlə mübarizədən daha çox, öz fəaliyyətini qabardırsan. Rəqbilərə gəlincə, kimsə millət vəkilliyinə namizədliyini irəli sürüsə, deməli, onların hər biri özünə görə şəxsiyyətdir, hər biri özünə görə sayğın insandır. Ona görə də onları aşağılamaq, seçicinin gözündən salmaq taktikasına önəm vermirəm. Əsas odur, onlar bilsinlər ki, Fazil Mustafa kimdir və hansı üstünlükləri var. Seçicini də daha çox bu üstünlüklər qane edir.
[b]- Hakimiyyətin namizədi də rəqibinizdir, bu mənada Sizə hər hansı problem yaradılmır ki? [/b]
- Təbii ki, hakimiyyət namizədinin imkanları daha çoxdur. Amma konkret dairələrdə situasiya bir qədər fərqlidir. Burada namizədin imkanları önə çıxır. Xüsusiylə də Bakıxanov qəsəbəsi çox da siyasiləşməmiş təbəqənin yaşadığı ərazidir. İnsanlar daha qabiliyyətli, daha intellektual, problemlərini həll edə biləcək namizəd axtarırlar. Həmin şəxs YAP-çı da, Müsavatçı da, Böyük Quruluşçu da ola bilər. Kim özünü daha yaxşı tanıda biləcəksə, kim bu tələbə cavab verirsə, bu siyasiləşməmiş seçicini qazana biləcək. Bu baxımdan bizim dairədə partiyaların çəkişməsi getmir.
[b]- Belə anladım ki, Siz səs almaq problemi yaşamayacağınızı düşünürsünüz... [/b]
- Mənim platformam çox qısa və sadə tərtib olunub. Orada yazılıb: "O - sözünü deyən adam! Ona - güvən, inan! Onunla - yola davam!" Bu, üç bənddən ibarət çağırışdır.
Platforma isə vəd və əməl hissəsindən ibarət olan fəaliyyətdir. Bir də hər bir insanın şəxsiyyəti onun vədinin qarantiyasıdır. Azərbaycan teleməkanını, mətbuatını izləyən hər bir seçici bilir ki, onun istənilən problemini onun istədiyindən də keyfiyyətli formada həll etməyə gücü çatan millət vəkili potensialına sahibəm. Bunu da parlament fəaliyyətim göstərib. Seçiciləri istənilən zaman, istənilən şəraitdə, hətta bayram günlərində belə, qəbul eləmişəm, vədimə əməl etmişəm. Quranda isə deyilir ki, Allah da vədinə əməl edənləri sevər. Biz bunun Allah rizası və seçicinin halallığın qazanmaq üçün etmişik. Yola davam edəriksə, bizə etimad göstərilərsə, eyni formada, daha təkmilləşmiş qaydada seçiciyə xidmətimizi davam etdirəcəyik.