ADP sədri Sərdar Cəlaloğlu ilham Əliyevə açıq məktub ünvanladı

img

28-10-2010 [01:31]


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu prezident İlham Əliyevə açıq məktub yazıb. ADP mətbuat xidmətindən MİA-ya daxil olan məktubu olduğu kimi təqdim edirik. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə [b]A Ç I Q M Ə K T U B[/b] Hörmətli cənab! Azərbaycanda bir qayda olaraq seçkilərin şəffaf, demokratik, qanuni keçirilməməsi dəfələrlə beynəlxalq təşkilatların qınaq obyektinə çevrilmiş və Azərbaycan dövlətinin nüfüzunun zədələnməsinə səbəb olmuşdur. Təkcə 2005-ci il pasrlament seçkilərində seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı Avropa Məhkəməsinə 30-dan artıq şikayət verilmiş və bunlardan ikisi haqqında Avropa Məhkəməsi müsbət qərar qəbul etmişdir. O cümlədən, 2005-ci il parlament seçkilərində namizədliyimi verdiyim 09 saylı Binəqədi kinci seçki dairəsində mənim əleyhimə seçkilərin saxtalaşdırılması ilə bağlı tərəfimdən Avropa Məhkəməsinə verilən şikayətlə bağlı kommunikasiyaya başlanılmışdır. Hörmətli cənab! Gözlənilirdi ki, bütün bunlardan sonra 2010-cu il parlament seçkilərində müsbət dəyişikliklər olacaq. Bu seçkilərdən öncə sizin və dövlətin digər təmsilçilərinin icra strukturlarının seçkilərə müdaxilə etməyəcəyi ilə bağlı və edəcəyi təqdirdə cəzalandırılacaqları ilə bağlı səslənən bəyanatlar müəyyən ümidlər doğurmuşdur. Lakin seçkilər başlanandan sonra baş verən hadisələr 2010-cu il parlament seçkilərinin 2005-ci il parlament seçkilərindən də daha çox qeyri-qanuni və antidemokratik olacağını üzə çıxarmışdır. Belə ki, istər namizədlərin irəli sürülmə mərhələsində, istər imzatoplasma kampaniyasında, istərsə də qeydiyyat mərhələsində Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə zidd olaraq icra strukturlarının açıq müdaxilə olmuş və bu faktlarla bağlı verilən şikayətlərə obyektiv baxılmamış və tədbirlər görülməmişdir. Konkret olaraq 2010-cu il parlament seçkilərinə namizədliyimi irəli sürdüyüm 21 saylı Nəsimi birinci seçki dairəsində DSK tərəfindən aşkar qeyri-qanuni münasibətlərlə üzləşmişəm. Belə ki, 21 saylı DSK-nın sədri Məhsəti Ağayeva Seçki Məcəlləsinin tələblərinə zidd olaraq mənim məntəqələrə məşvərətçi səs hüquqlu komissiya üzvü təyin etməyimə imkan vermir. Digər tərfdən, aldığım dəqiq məlumata görə bir neçə gündür ki, Nəsimi icra hakimiyyətinin rəhbərliyi məmurlara tabeçiliyində olan seçki dairəsi ərazisində yaşayan seçiciləri məcburi şəkildə seçkilərə gətirilmələri və həmin dairədən bitərəf namizəd kimi qeydiyyatdan keçmiş Mustafayeva Aytən İnqilab qızına səs verməyi tələb edir. Buna paralel olaraq seçkiyə gəlməyəcək vətəndaşlardan şəxsiyyət vəsiqələrini yığıb onların adından yenə də Mustafayeva Aytən İnqilab qızına səs verilməsini təşkil etmək tapşırılıb. Bu faktı çoxsaylı seçicilərin verdiyi məlumatlar da təsdiq etməkdədir. Bununla bağlı 21 saylı DSK-ya və MSK-ya konkret faktlarla bağlı verilmiş şikayətlərə baxılmamış, seçkilərin saxtalaşdırılmasına hazırlıq ilə bağlı səylər daha geniş vüsət almışdır. Hörmətli cənab! Ümid edirəm ki, AR Konstitusiyasının 71-ci maddəsinin tələblərinə uyğun olaraq mənim AR Konstitusiyasının 54 və 56-cı maddələrində nəzərdə tutulmuş hüquqlarımı təmin etmək məqsədilə Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyinin və həmin rayonun məmurlarının seçkilərə aşkar müdaxiləsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək və AR Konstitusiyasını və qanunlarını pozan şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı göstəriş verəcəksiniz. 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bakı şəhəri 28 oktyabr 2010-cu il.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA