24-10-2010 [03:12]
[b]Rauf Arifoğlu: "Mənim namizəd olduğum dairədə hakimiyyətin uğrunda möhkəm çarpışacağı, bizimlə üz-göz olacağı, bir baş redaktoru onun ayağına verə biləcəyi namizədi yoxdur" [/b]
Noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı ölkənin ictimai-siyasi həyatında ümumi baxımdan ciddi aktivlik olmasa da, daha çevik təbliğat aparan namizədlər var. Seçki kampaniyasını aktiv və əhatəli aparanlardan biri də 25 saylı Nizami II Seçki Dairəsindən "AXCP-Müsavat" blokunun vahid namizədi, "Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğludur. müsahibə verən Rauf Arifoğlu ilə söhbətə ölkədəki seçki əhval-ruhiyyəsi, seçki prosesinin gedişatı ilə bağlı sualla başladıq.
- Ölkə üzrə seçki atmosferi o qədər də yaxşı deyil. Müxalifət namizədlərinin qeydiyyatı mərhələsində ciddi problemlər yaradıldı və nəticə etibarı ilə YAP-dan başqa heç bir blokun və partiyanın 60-dan yuxarı namizədi qeydə alınmadı. Bu da müxalifətin efirə pulsuz çıxaraq öz mesajını xalqa çatdırmaq məsələsinə ciddi əngəl törətdi. Biz müxalifət olaraq, bu hakimiyyətdən yaxşı heç nə gözləmədiyimiz və əlverişli seçki mühitinin yaradılacağına inanmadığımız üçün, minimal, ən çətin şərtlər altında mübarizə aparmağa öyrəşmiş insanlar və qüvvələr kimi prosesi davam etdirməyə çalışırıq. Çünki bu proses təkcə bir mandatla bağlı deyil, həm də demokratiyanın ölkədə var olub, ya olmaması məsələsidir. Bu baxımdan çox vacibdir ki, yaranmış fürsətdən istifadə edib, xalqa xitab etmək imkanlarına bir daha nəzər salaq.
[b]- Ötən parlament seçkilərindən fərqli olaraq budəfəki seçkidə daha çox müxalifət namizədinin seçkiyə buraxılmaması nə ilə bağlıdır? [/b]
- Hakimiyyət problemi bəri başdan həll etmək yolunu seçdi. Bu baxımdan da kobud qanun pozuntularına rast gəlindi. Azərbaycan hakimiyyətini siyasətdə təmsil edən partiyanın pozitiv işarə ilə tanınan üzvlərinin sayı o qədər də çox deyil. Potensial baxımından YAP-ın ciddi problemləri var. Ona görə də hakimiyyət təmsilçisi ilə müxalifət nümayəndəsinin müqayisəsində hakimiyyət təmsilçilərinin uduzması səbəbindən YAP-ın siyahısındakıların önü bir növ təmizləndi.
Eyni zamanda bilirsiniz ki, yeni bir nümunə ortaya çıxıb. Flora Kərimovanın Avropa Məhkəməsində seçki ilə bağlı məlum qələbəsindən və hökuməti 60 min avro cərimə etdirməsindən sonra belə bir presedent yaranıb ki, bu proses davam edəcək və növbəti seçkilərdə də belə hadisələr baş verəcək. Hakimiyyət bunu da önləmək üçün bu addımı atıb və daha şanslı namizədlərin bir qismini bəri başdan seçkiyə buraxmadı ki, sonradan şikayət edib Avropa Məhkəməsində iddiaçı tərəfə çevrilməsinlər. İstənilən halda bu proses onu göstərir ki, hakim düşərgə seçkilərin nəticələrindən narahatdır, öz namizədlərinin səs ala bilməyəcəyindən əmindir. Eyni zamanda müxalifət düşərgəsindən olan iddiaçıların ciddi səs toplayacağını da bəri başdan bilir.
[b]- Rauf bəy, özünüz də namizəd kimi artıq təbliğat kampaniyasına başlamısınız. İşlər nə yerdədir? [/b]
- Bizim seçki dairəsi digərlərindən onunla fərqlənir ki, burada hakimiyyət düşərgəsinə aid olan parlaq fiqur yoxdur. Müxalifət düşərgəsinə aid olan parlaq fiqur isə var və nisbət açıq-aşkar görünür. Bizim favoritliyimiz və öndə olmağımız təkcə bu dairədə yox, bütün ölkə boyu aydınlığı ilə görünür. Biz bu üstünlükdən istifadə edib kampaniyamızı hər gün genişləndiririk, təbliğat-təşviqat işini insanların bir başa evlərinə doğru inkişaf etdiririk. Müəyyən qanun pozuntuları qeydə alınır, hakimiyyət düşərgəsinə aid olan namizədin dəstəyində dövlət strukturlarında çalışan məmurlar var. Xüsusiylə də Dövlət ?eft Şirkəti bütün potensialı ilə YAP-ın bizim dairədəki namizədinə dəstək verir. Rövnəq Abdullayev isə mənim namizəd olduğum seçki dairəsinə qonşu dairədən namizədliyini verib və "SOKAR"ın bütün potensialını ora yönəldib. Amma bizi dairəni də diqqətdən kənarda qoymur. Çünki bu dairədən hakimiyyətin namizədi Rövnəq müəllimin xalası qızdır. İki qohum çalışırlar ki, ?izami rayonundan deputat olsunlar. Onların hərəkətlərindən elə anlaşılır ki, yüz mindən yuxarı sakini olan rayonda sanki başqa adam yoxdur, elə bunlar deputat olmalıdır.
Digər tərəfdən, YAP-ın namizədi ilə görüşə insanlar avtobusla gətirilir. Onların əksəriyyəti "SOCAR"ın işçiləridir, böyük əksəriyyəti də seçici deyil. Onlar siyahı əsasında gətirilirlər. Manqabaşılar var və müəyyən sadə insanları gətirib təhvil verirlər, imza atırlar, ondan sonra görüş başlayır. Biz də görüşlər keçiririk, insanlar binalardan özləri düşüb gəlirlər, axın edirlər, alqışlayırlar, bizi seçəcəklərini deyirlər. Yəni, bu dairədə seçicilər tərəfindən özümə qarşı böyük sevgi hiss edirəm.
[b]- Hakimiyyət namizədinin inzibati resursları və maliyyəsi ilə Sizə olan sevginin mübarizəsi necə olacaq? [/b]
- Hələlik nəticə 90-nın 10-na nisbətindədir. İnanıram ki, çox parlaq qələbə çalacağıq. İnsanlar anlayırlar ki, bu maddi məsələlər keçicidir. Biz də bilirik ki, xalqa bir-iki günlük işləri düşüb, onların məsrəflərini qarşılayacaqlar, hansısa təmir işləri gördürəcəklər, seçki bitdikdən sonra isə növbəti seçkiyə qədər birdəfəlik gedəcəklər. Bizi isə yaxşı tanıyırlar, onların yanında olacağımıza əmindirlər və bizə güvənirlər. Bu güvəni verməyə çalışırıq. Mən, 22 ildir mətbuatdayam, insanlar bilir ki, söz adamıyam, sözün əsgəriyəm, söz mənim üçün namus deməkdir və indiyə qədər də sözümə görə, ondan dönməməyə görə dəfələrlə həbsxanada yatmışam. İnsanlara da belə deputat lazımdır. Məsələn, mən seçici olsaydım, müqayisə edərdim. Bir rayon səviyyəsində olan YAP-çıdansa, dünya səviyyəsində olan, ölkənin ən böyük qəzetinin baş redaktorunu seçərdim. Əvvəla, əlimdə media gücü var, mandat olmasa belə, insan media ilə güclüdür. İkincisi, xalqdan da bir mandat gəlsə, bu dairənin problemlərinin həllində görə biləcəyim işlər, hər halda bir həkimin görə biləcəyi işlərdən daha çox olar. O həkim ki, insanlar səhhətlərindən şikayət edirlər, onlara pulsuz bir resept belə yazmırlar. Bu baxımdan müqayisəolunmaz bir üstünlük var. O ki qaldı xərclənən pullara, mən seçicilərə də deyirəm ki, daha çox tələb edin, daha çox pul xərclədin, çünki sonra onları görməyəcəksiniz. Həm seçilməyəcəkləri üçün görməyəcəksiz, zorla, fitnə ilə, saxtakarlıqla seçilsələr də, yenə görməyəcəksiz. Çünki hakimiyyətin təyin etdiyi, xalqdan səs almayan deputatların necə fəaliyyət göstərdiyini yaxşı bilirik.
Bilirsiniz ki, bu dairədən vaxtiylə Hüseyn Abdullayev deputat olub və ilyarım sonra onun fəaliyyətini dayandırıblar. Üç il yarımdır ki, bu əhali deputatsız qalıb. Mən də insanlara mesaj verirəm ki, iqtidara bağlı bir deputat seçməyin, çünki onun icazəsi özündə deyil və o, sizin düşüncənizi, istəyinizi, tələblərinizi ifadə edə bilməz. İqtidaryönlü deputatları adi icra hakimiyyətləri adam yerinə qoymurlar. Amma bizim qəzetin sıravi bir müxbirinin zəngi ilə insanları müxtəlif problemləri həll olunur, haqsızlıqlar aradan qaldırılır. Ona görə ki, bu adamlar müstəqildirlər, icazələri özlərindədir. Bu, bir media gücü deməkdir.
İqtidaryönlü deputat öz vicdanının və xalqının səsinə qulaq assa, onun fəaliyyətini yarımçıq da dayandırarlar. Mən həmişə Pənah Hüseynlə digər iqtidaryönlü deputatların müqayisəsini aparıram. İnsanlara da mesajımız odur ki, parlamentdə Pənah Hüseyn kimi deputatların sayını artırmaq lazımdır.
[b]- Seçki prosesində bəzi müxalifət nümayəndələrinə qarşı təxribat xarakterli hərəkətlər edilib. Belə hərəkətləri Sizə qarşı da edə bilərlərmi? [/b]
- Mənim namizəd olduğum dairədə hakimiyyətin uğrunda möhkəm çarpışacağı, bizimlə üz-göz olacağı, bir baş redaktoru onun ayağına verə biləcəyi namizədi yoxdur. Hakimiyyətdə də analitiklər, ağıllı adamlar var. Onların düşüncəsinə təsir eləmək istəmirəm, amma məndən olsaydı, imkan verərdilər ki, bu dairədən "Yeni Müsavat" qəzetinin və müxalifətin namizədi keçsin. Yəni, onlar üçün həmin dairədə siyasi əhəmiyyət kəsb edən fiqur yoxdur. Bir də ki, hakimiyyət strukturlarından özümə qarşı hansısa bir təxribat hiss eləməmişəm. Amma mənim YAP-dan olan rəqibim böyük bir mafiyaya, klana bağlıdır. O klandan müəyyən təxribat xarakterli hərəkətlər gözləyirəm və var. Amma bizim də gücümüz çatır, biz də sadə adamlar deyilik, böyük çevrəmiz, dəstəyimiz, əlimizdə imkanlarımız mövcuddur. Bu mənada həmin təxribatları önləyəcəyik.
[b]- Maraqlı bir məsələ də ondan ibarətdir ki, təkcə hakimiyyətdən yox, müxalifətdən olan digər namizədlər də Sizə qarşı cəbhə açıblar... [/b]
- Onların hamısı bir əldir. Bəzi adamlar bu dairəyə məndən şikayət yazmaq, mənim "başımı qatmaq" üçün göndəriliblər. Amma belələrindən yüzü də, mini də olsa, mənim üçün problem deyil. Çünki onların hamısı bu dairədən cəmi yüz səs alsalar, deməli, mən siyasətdən heç nə bilmirəm.
Bu dairədə gənc, perspektivli siyasətçilər də, tanıdığım insanlar da, hörmət elədiyim şəxslər də var. Heç kəsə iradım yoxdur. Allah hamısına uğur versin! İstədikləri köməyi etməyə, dəstək verməyə hazıram. Amma mənim bir istəyim var, halal və ədalətli seçki keçirilsin. Başqa heç bir istəyim, tələbim yoxdur və halal, ədalətli seçkinin keçirilməsi üçün hamını əməkdaşlığa çağırıram.
[b]- "AXCP-Müsavat" blokunun vahid namizədisiniz. Bu, Sizə əlavə imkanlar qazandırırmı? [/b]
- Əlbəttə. İnsanlar mənim plakatımın üzərində "AXCP-Müsavat" sözünü görüb çox sevinirlər. Sevinirlər ki, müxalifətin bu iki əsas qüvvəsi bir araya gəlib.
İkincisi, hər iki təşkilat Azərbaycan xalqı uğrunda fədakar mübarizə aparmış, sırasından şəhidlər vermiş, demokratiya uğrunda mücadilə aparan və dünyada tanınmış təşkilatlardırlar. Bu təşkilatların üzərində Rəsulzadə-Elçibəy ruhu, iki öndərin adı var. Bu təşkilatların başında da Azərbaycanda və dünyada tanınan iki böyük lider - İsa Qəmbər və Əli Kərimli dayanır. Bu, bizim üçün böyük avantajdır. Müqayisə edin, YAP adını və AXCP-Müsavat adını. Əlbəttə ki, sonuncular ictimai rəydə daha pozitivdir. Bu amil də biz böyük etibarlılıq və divident qazandırır.
[b]- Rauf bəy, bu günə kimi müxalifətin seçkilərdə səs almaq problemi olmayıb. Amma hər seçki başa çatandan sonra səsləri qorumaq problem olub. Budəfəki seçkilərdə qalib gələcəyinizi deyirsiniz. Bəs xalqdan alacağınız səsləri qoruya biləcəksinizmi? [/b]
- Çalışacağıq ki, qoruyaq. Mexanizmlərimiz var və bu istiqamətdə işləyirik. Eyni zamanda qeyd edim ki, namizəd olduğum dairə ATƏT-in uzunmüddətli missiyasının mandatına düşən azsaylı dairələrdəndir. Burda hər gün hesabat gedir. Mən qəti əminəm ki, bu dairədə seçkilər mənim istədiyim şəkildə olmasa da, nisbətən şəffaf keçəcək. Bu, mənə bəsdir. Bizim bir planımız və startegiyamız var ki, əsas rəqibimizi 5-6 dəfə çox səslə udaq. Ona görə ki, nəticələri saxtalaşdırıb o həddə çata bilməsinlər. Digər tərəfdən, müşahidəni və saxtalaşdırmaya müqaviməti keçmiş təcrübədən və nəzəri biliklərdən istifadə edərək mükəmməl şəkildə qurmaq, prosesə daha çox diqqəti cəlb etmək lazımdır. Eyni zamanda bu dairədə seçki komissiyaları üzvlərinin, rəhbərlərinin, bütövlükdə yerli strukturların, hakimiyyətin çox ciddi şəkildə müdafiə etməli olduqları namizədi yoxdur. Seçkini saxtalaşdırmaq istəyənlər bilməldirlər ki, seçkidən sonra "Yeni Müsavat" qəzeti də, Rauf Arifoğlu da qalır, seçkini saxtalaşdırmaq istəyənlərin ifşası prosesi də davam edəcək. Ona görə də düşünmürəm ki, kimsə - hakimiyyətin ən yüksək zirvəsindən tutmuş, aşağıya qədər - "Yeni Müsavat"la əbədi düşmənçilik qazanmaq istəyər. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının ?izami rayon təşkilatı, Rövnəq Abdullayev və digər bu klana aid olan şəxslər öz imkanları çərçivəsində müəyyən işlər görməyə hazırlaşırlar və saxtakarlıq etməyə çalışacaqlar. Amma hər kəs bilir ki, mənim qarşımdakı namizədə görə Rauf Arifoğlu ilə düşmən olmağa dəyməz və bunu etmək axmaqlıq olardı. Çünki bundan əvvəl bu addımı atan Eldar Quliyev beş ildir ki, peşmandır. Bu dövrdə bəlkə də 50 adam göndərib üstümüzə ki, onu bağışlayaq, amma bağışlamamışıq. Mən ömrümün axırına kimi onu bağışlamayacağam. Çünki o, harama əl uzadıb, mənim mandatımın ona verilməsi prosesinə "dözümlü" yanaşıb.