"Müxalifətin namizədləri var ki, bu gün Rusiyada, Türkiyədə alver edirlər, heç özlərinin də xəbərləri yoxdur ki, namizədilər"

img

19-10-2010 [01:27]


"Müxalifət istər imzatoplama kampaniyasında, istər namizədliyin irəli sürülməsi dövründə mütəmadi şəkildə qanunvericiliyi pozub. Bunun isə bir neçə səbəbi var. Birincisi, onlar qanundan xəbərdar deyillər, qanunları bilmirlər. Bundan başqa, ortada xoş olmayan məqsəd var. Çünki onlar imza toplaya bilmirdilər və qəsdən qanunu pozurdular ki, onların namizədlikləri ləğv olunsun. Və ya təbliğat kampaniyasını vaxtından əvvəl başladılar". MIA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, bir sıra dairələrdə bu məsələlərlə bağlı məlumatlar toplanıb və MSK-ya təqdim olunub: "Ümumilikdə, müxaliflər seçki prosesinə kölgə salmaqdan ötrü müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Güman edirəm ki, onların qeydə alınan namizədləri də eyni durumdadır. Müxalifət namizədlərinin əksəriyyəti imza vərəqələrini qanunla müəyyən olunmuş vaxt bitəndən bir saat, iki saat sonra gətiriblər DSK-lara, sonra da başlayırlar yalandan səs-küy salmağa. Məlum olduğu kimi həmin vaxt oktyabrın 8-də, saat 18-00-da bitib. Halbuki, onlar heç imza toplaya bilməyiblər. Vətəndaş eşidəndə ki, bunlar kimdir, nəçidir, onları dəstəkləmir, imza vermir. Müxalifətin namizədləri var ki, bu gün Rusiyada, Türkiyədə alver edirlər, heç özlərinin də xəbərləri yoxdur ki, deputatlığa namizəd olaraq irəli sürülüblər. Hətta bəzi DSK-lar uzun müddət bu namizədləri axtardı ki, niyə gəlib imza vərəqələri götürmürlər. Bu cür faktlar mövcuddur. Belə halları ört-basdır etmək üçün imzatoplama kampaniyasında guya neqativ halların baş verməsi, onlara qarşı təzyiqlərin olması ilə bağlı yalan informasiyalar yayıblar. Əslində isə bütün araşdırmalar aparılıb və məlum olub ki, onların dedikləri yalandır. Elan etmişik ki, biz hər bir dairədə YAP-ın namizədinə qarşı alternativin olmasını arzulayırıq. Amma müxalifətin namizədlərinin siyahısına diqqət yetirin. YAP-ın siyahısında yer alan şəxslərin 48 nəfəri Milli Məclisin deputatlarıdır, 5 akademik, 20 nəfərdən artıq professor, 30-a yaxın elmlər namizədi, 10 universitet rektoru var. İstər beynəlxalq təşkilatların nümayəndələri, istərsə də Azərbaycan vətəndaşları onların namizədləri ilə bizim namizədlərimiz arasındakı fərqləri aydın şəkildə görürlər. Seçici də seçimində təbii ki, ziyalını, onun hüququnu qoruya bilən şəxsi dəstəkləyəcək. Bizim namizədlərin məhz bu kateqoriyaya daxil olan insanlardır. Müxalifətin namizədləri isə əlindən heç bir iş gəlməyən insanlardır. Ona görə də, insanlar onlara imza verməkdən imtina ediblər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA