Deputatlığa namizəd Məhəmməd Nooyev icra bazçısına meydan oxudu

img

17-10-2010 [06:07]


Artıq təbliğat-təşviqat kampaniyasına start verilib. 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd Nooyev Məhəmməd Əsədullah oğlu da təbliğat kampaniyasına başlayıb. O, kampaniya dövründə görəcəyi işlərlə bağlı müsahibə verib. [b]- Məhəmməd müəllim, öncə soruşmaq istərdik ki, namizəd olmaq üçün niyə məhz bu dairəni seçdiniz? [/b] - Mən, Balakən rayonunun Qabaqçöl qəsəbəsində anadan olmuşam. 93-cü ilə qədər rayonda rəhbər vəzifələrdə çalışmışam. 93-cü ildən bu günə qədər Bakıda ayrı-ayrı nazirliklərdə rəhbər vəzifələrdə işləmişəm, bu gün də İqtisadi İnkişaf Naziriyində çalışıram. Demək olar ki, 93-cü ildən bu günə qədər keçirilən prezident, parlament seçkilərində, referendumda dövlətçilik, partiya xəttində aktiv şəkildə iştirak etmişəm. Seçki prosesinə də kifayət qədər bələdəm. Namizəd olmağımla bağlı qərarı da son iki-üç ayda vermişəm. Rayon ağsaqqalları, ziyalılar, Bakıda yaşayan Balakən ziyalılarının təkidli xahişindən sonra belə bir qərar verdim. Mən, YAP-ın üzvü və fəallarından biriyəm. Ona görə də ayın 18-nə qədər gözlədim ki, görək Balakəndən YAP kimin namizədliyini verəcək. Amma partiya bu barədə hər hansı məlumat vermədi. Hətta söz-söhbət oldu ki, partiyanın vahid siyahısı olmayacaq. Mən də qərara gəldim ki, öz namizədliyimi irəli sürüm. Amma DSK-ya ərizə ilə müraciət edən ilk gündən mənə qarşı təzyiqlər başladı. [b]- Sizə hansı səviyyədə, kimlər tərəfindən təzyiqlər oldu? [/b] - Təzyiqlər rayondan başladı. Sonra bütün istansiyalardan təzyiqlər edildi və bildirildi ki, namizədliyini geri götür. Amma bunlara baxmayaraq, bütün lazım olan sənədləri qanuni şəkildə toplayıb DSK-ya təqdim etdim və qeydiyyata alındım. [b]- Sizin darədən YAP-ın vahid namizədi Rəbiyyət Aslanovadır. Rəqibiniz barədə nə düşünürsünüz? [/b] - Öncə onu deyim ki, Rəbiyyət Aslanova və onun ailəsi ilə münasibətlərim yaxşıdır. Rəbiyyət Aslanova o dairədən iki dəfə deputat seçilib. Heç kim gözləmirdi ki, o, üçüncü dəfə öz namizədliyini versin. Bunu camaatın ona qarşı münasibəti də göstərirdi. Əgər bilsəydim ki, əgər Rəbiyyət Aslanova partiya xətti ilə yenə bu dairədən namizəd olacaq, mən fikirləşərdim, bəlkə də namizəd olmazdım. Amma mən namizədliyimi irəli sürəndən 3-4 gün sonra Rəbiyyət Aslanovanın namizədliyi irəli sürüldü. Qərarımı verib namizəd olandan sonra isə geri çəkilmək istəmədim. Bundan sonra mənə təzyiqlər oldu, amma mən qərar verdiyim üçün geri çəkilməyəcəyəm. [b]- YAP-ın siyahısından kənar namizədliyinizi verdiyiniz üçün partiyadan hansısa təzyiqlər oldumu? [/b] - Mən siyasi proseslərdə özümü bir o qədər irəli verməsəm də, kifayət qədər tanınan adamam. 93-98-cü illərdə ulu öndər Heydər Əliyevin təbliğat kampaniyalarında iştirak etmişəm. 2003-cü ildə prezident seçkiləri ilə əlaqədar azsaylı xalqların respublika konfransında çıxış edərək cənab İlham Əliyevin namizədliyini dəstəkləmişəm. YAP-ın fəallarından olmuşam, 2008-ci ildə prezident seçkilərində YAP-ın təşkil etdiyi təbliğat-təşviqat qrupunun fəal üzvü kimi Zaqatala, Balakən rayonunda İlahm Əliyevin təbliğat kampaniyasını aparmışam. Ondan başqa, Bakıda yaşayan Zaqatala, Balakən ziyalılarının, avar xalqının dövlət tədbirlərinin təmsilçisiyəm. Canla-başla bütün tədbirlərdə iştirak edirəm, verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirirəm. Mən bu partiyanı, dövləti, dövlət başçısı İlham Əliyevi sevən, onun daxili və xarici siyasətini dəstəkləyən insanlardan biriyəm. Mənə bir şey çatmır ki, bu qədər iş görən adam necə tanınmamış, nufuzsuz adam olur? Bu günlərdə YAP-ın icraçı katibi Əli Əhmədov deyir ki, namizədliklərini siyahıdankənar irəli sürənlər tanınmamış şəxslərdir. Onun bu sözləri cənab prezidentin azad seçki istəyinə kölgə salır. Bu isə nəinki Cənubi Qafqazın, bütövlükdə türk dünyasının modenr təfəkkürü olan lideri İlham Əliyevin imicinə ziyan vurmaqdandan başqa bir şey ola bilməz. Cənab Əhmədova sual vermək istəyirəm, mən tanınmaq üçün nə etməliyəm? Ulu öndər Heydər Əliyevin dövründən bu günə kimi YAP-ın bütün rəsmi tədbirlərində, təbliğat kampaniyalarında Zaqatala-Balakən zonasında mən öndə olmuşam, ciddi işlər görmüşəm. Görəsən, bu işlər niyə nəzərə alınmır? Necə olur, təbliğat kampaniyası olanda mən yada düşürəm, amma namizədlər siyahısı hazırlananda kənarda qalıram? Görəsən, cənab Əhmədov partiyadan namizəd verəndə hansı fərdi keyfiyyətlər nəzərə alınır? Mən özümü qadınla müqayisə etməzdim. Hesab edirəm ki, mənim fərdi keyfiyyətlərim ondan çox yüksəkdir. Ümumiyyətlə, bir adamın eyni dairədən üçüncü dəfə namizədliyini irəli sürülməsi nə dərəcədə doğrudur? Axı, başqaları da əziyyət çəkib və onların da zəhmətini qiymətləndirmək lazımdır. Rəbiyyət Aslanovaya gəlincə, demək istərdim ki, bu xanım iki dəfə deputat seçilib, artıq yorulub, ailəsinin, uşaqlarının problemlərini həll edib. Bir ailədən üç adam ayrı-ayrı dövlət vəzifəsində işləyə bilər, amma mənim bir deputat mandatı almaq haqqım yoxdurmu? Hesab edirəm, gördüyüm işlər və fərdi keyfiyyətlərim imkan yaradır ki, bu haqq mənə verilsin. Əli Əhmədovun özü və YAP rəhbərliyində təmsil olunanların əksəriyyəti müxalifətdən gəliblər. Mən dövlət başçısının təbliğatını aparanda Əli Əhmədovun müxalifətdə - AMİP-də olub YAP-a qarşı siyasət apırırdı. Ona görə də hər şeyi düzgün qiymətləndirmək lazımdır. [b]- Bəs, rayonda Rəbiyyət Aslanova ilə bağlı hansı rəy varmı? [/b] - Rayonda söhbət gəzir ki, bu dairədən Rəbiyyət Aslanova seçilməlidir. Deyirlər, yuxarıdan belə bir tapşırıq verilib ki, necə olursa-olsun Rəbiyyət Aslanova "qutudan çıxmalıdır". İcra başçısı bir yandan, digər vəzifə sahibləri o biri yandan Rəbiyyət Aslanovanın təbliğatını aparırlar. Prezidentin 5 sentyabr fərmanı qalıb kənarda icra başçısı seçkiyə müdaxilə edir. Seçki başlamamış yerlərdə onbaşı, yüzbaşı sistemi yaradıblar. Bəzi idarə müdirlərinə də təzyiq edirlər ki, filan məntəqədən filankəsin tapşırdığı adam qalib olmalıdır. Əgər sifarişlə duputat seçirlərsə, onda seçki nəyə lazımdır? Qoy ədalətli seçki keçirsinlər, kim qalib gələrsə, lap yaxşı, qalib gələnin əlini də sıxmağa hazıram. Bilirsiniz, deputat gərək həmişə seçicilərinin yanında olsun. Amma Balakən camaatı bunu Rəbiyyət Aslanovadan görməyib. Yeniyetmələr arasında keçirilən olimpia çempionatında birinci qızıl medalı Azərbaycana gətirən Balakən rayonunun Qabaqçöl kənd sakini Murad Bazarov oldu. Cənab prezident onları qəbul etdi, hədiyyələrini verdi, icra başçısı da onu qarşıladı, amma Rəbiyyət Aslanova zəng vurub, o gənci təbrik belə etmədi. Eləcə də Avropa çempionu olmuş Rəsul Çumayevi. Hansı seçici ona zəng vurursa, deyir ki, məni siz seçməmisiniz. Bu günlərdə müsahibə verən Rəbiyyət Aslanova deyib ki, Balakənə gedəndə hamı məni gülərüzlə qarşıladı. Başa düşmürəm, mən 9-10 adamla 4-5 günə imzaları topladım, ancaq onun imzaları bir gündə yığıldı. Bax, bu necə oldu, hələ də mənə aydın deyil. İcra başçısı rayonun bütün aktivini onun sərəncamına verib. Belə bir adamın növbəti dəfə deputat olması üçün icra başçısı Asif Məmmədov əlindən gələni edir. Burdan Asif Məmmədova müraciət edərək deyirəm ki, çəkil kənara, öz işinlə məşğul ol! Əgər seçki ilə bağlı çox səriştən varsa, get, qardaşın İqbal Məmmədov Lerikdən namizəddir, orda otur, bütün təcrübəni tətbiq elə. Əgər onbaşı, yüzbaşı və təhkimçi texnologiyası yaxşıdırsa, gedin Lerikdə tətbiq edin. İmkan verin, Balakəndə demokratik seçki keçirilsin. Sən Balakəndə kimi kimə qarşı qoyursan?. Bütün bunlara son qoymaq lazımdır. Mən Balakəndə anadan olmuşam, orada işləmişəm. Dostlarım, yaxınlarım həmin rayonda yaşayır. Onları mənə qarşı qoya bilməzsiniz. [b]- Demokratik seçki keçiriləcəyi təqdirdə qalib gələcəyinizə inanırsınızmı? [/b] - Mən bu gün bütün namizədləri özümə rəqib görürəm. Bəri başdan nəsə demək istəmirəm, son nəticəni MSK elan edəcək. Onu bilirəm ki, demokratik seçki keçirilsə, ən layiqli namizəd seçilər. [b]- Məhəmməd müəllim, platformanızda əsasən hansı məsələlər yer alıb? [/b] - Platformada müxtəlif məsələlər əks olunub. Bildiyiniz kimi, Balakənda azərbaycanlılar, ingiloylar, avarlar, ləzgilər var. Bunların hamısı bir adamdır, qaynayıb qarışıblar. Hətta bununla bağlı devizimiz də var: azəri, ləzgi, avar. Belə birlik harda var? Platformamda problemlərə də toxunulub. Bu gün Balakənin xeyli problemi var. Bunların hamısını dövlət həll edə bilməz. Gərək deputat da bu problemlərin həllində yaxından iştirak etsin. Təsəvvür edin, qonşu Gürcüstanın kəndləri qazlaşdırılıb, amma 30 minə yaxın əhalisi olan Qabaqçölün və digər kəndlərin qazı yoxdur. Camaatın istehsal etdiyi məhsul məhv olur. Bir adam bu məsələni qaldırıb demir ki, çörəyi kənd təsərrüfatından çıxan əhalinin problemlərini həll etmək lazımdır. Axı, camaatın alın təri hesabına ortaya çıxan məhsul məhv olub gedir. Mədəniyyət sahəsində də bir sıra problemlər var ki, onları da həll etmək lazımdır. Bunun üçün insanlarla təmasda olmaq, onların problemləri ilə yaxından maraqlanmaq lazımdır. Mən Balakəndə bir sıra rəhbər vəzifələrdə işləmişəm. Neçə ildir ki, İqtisadi İnkişaf Nazirliyində çalışıram. Mənim üçün sevindirici hal odur ki, nazirliyin Şəki-Zaqatala regional bölməsində rəhbər şəxslərdən olmuşam. Son illərdə cənab prezident tərəfindən təsdiqlənən 2004-2008-ci il dövlət proqramının icrasında ən yaxından iştirak edən şəxslərdən olmuşam. Bu zonada tikilən bütün müəssisə və obyektlərin açılışında iştirak etmişəm. Hesab edirəm ki, 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişaf proqramında daha böyük işlər görüləcək. Mən buna tam əminəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA