17-10-2010 [05:05]
Parlament seçkilərinin əsas mərhələsinə - deputatlığa namizədlərin təbliğat kampaniyasına start verildi. Amma kampaniya başlayan zaman bəlli oldu ki, müxalifət bloklarından olan şəxslərin əksəriyyətinin namizədliyi qeyd alınmadığı üçün seçki prosesindən yarımçıq kənarlaşmalı olublar. Bu səbəbdən də müxalifət seçkinin gedişindən ciddi narazıdır. Görəsən, ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının müşahidə missiyası seçki ilə bağlı müxalifət təmsilçilərinə hansı fikirlərini çatdırıb? Müşahidə missiyası ilə görüşdən çıxan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev bu və seçki prosesinin gedişindəki digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşür:
- Bu gün (dünən) seçkidə iştirak edən və müxalifətdə olan seçki bloklarının təmsilçiləri ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdü. Mən orada da bildirdim ki, ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin öncə ölkənin rəsmi şəxsləri ilə görüşüb, sonra müxalifət və seçkidə iştirak edən blokların rəhbərləri ilə görüşməsi doğru deyil. Qənaətimcə, ATƏT nümayəndələri öncə bizimlə görüşüb, fikirlərmizi, iradlarımızı və narazılıqlarımızı öyrənərək, bunu ölkənin siyasi rəhbərliyinin diqqətinə çatdırmalı idi. Amma bir daha gördük ki, ATƏT Parlament Assambleyasının nümayəndə heyəti tərsinə iş gördü. Görüşə gəlincə, orada seçkiqabağı vəziyyət müzakirə olundu, fərqli fikirlər söylənildi, radikal müxalifət nümayəndələri tərəfindən daha sərt fikirlər səsləndirildi. Biz də çalışdıq ki, ümumi mənzərəni onların diqqətinə çatdıraq.
[b]- Bu görüşün seçki prosesinə müsbət təsiri ola bilərmi? [/b]
- Mən yenə də o fikirdəyəm ki, heç bir beynəlxalq təşkilat Azərbaycanda demokratik seçkilərin keçirilməsini təmin edə bilməz. İlk növbədə Azərbaycan xalqının siyasi potensialı, demokratik cəmiyyət qurmaq imkanı o həddə gəlib çatmalıdır ki, ölkədə müəyyən dəyişikliklər baş versin və biz yeni mərhələyə qədəm qoya bilək. Seçkilər cəmiyyətdə baş verən dəyişikliklərin hüquqi qaydada rəsmiləşdirilməsi yoludur. Bu baxımdan düşünürəm ki, Azərbaycanda elə bir dəyişiklik baş verməyib ki, cəmiyyət onu seçki yolu ilə fiksasiya eləsin. Yəni, o baxımdan deyirdim ki, Azərbaycan müxalifəti yalnız parlamentdə təmsilçilik uğrunda mübarizə aparır. Bu səbəbdən də beynəlxalq təşkilatlar, ATƏT də seçkidən sonrakı dövr üçün düşünməlidirlər ki, necə edək, Azərbaycanda demokratiya inkişaf eləsin. Axı, seçkidən-seçkiyə gəlib burada müşahidə aparmaqla iş bitmir. Bu, turist səfəri kimi bir şeydir. Onun üçün də deyirəm ki, xaricdən gələn nümayəndələrdən heç nə gözləməyə dəyməz. Odur ki, biz öz aramızda dil tapıb, tədricən, həm də çaxnaşmalarsız, qarşıdurmasız cəmiyyətimizi yeni mərhələyə keçirməliyik.
[b]- Müxalifətdən bir neçə blok seçkiyə gedir. ATƏT nümayəndələri ilə görüşdə seçkiyə münasibətdə bu bloklar arasında fərq kəskin oldu, yoxsa... [/b]
- Yox! Ciddi fikir ayrılıqları olmur. Ona görə ki, bu seçkidə bütün bloklara münasibət eyni olur. Namizədlərin qeydə alınması məsələsində də təqribən eynidir. Sadəcə olaraq, bizim partiyanın prinsipi odur ki, başqalarından fərqli olaraq, beynəlxalq təşkilatlardan çox şey ummuruq. Onlara şikayət eləməyi də həm ölkəmiz, həm partiyamız üçün məqbul saymırıq. Əgər bilsəydik ki, həmin beynəlxalq təşkilatlar hansısa problemlərin həllinə kömək edəcəklər, o zaman problemləri sadalayardıq. Amma fakt odur ki, onlar heç bir problemi həll edən deyillər, əksinə, bundan istifadə edərək başqa məsələlərdə, xüsusən də Qarabağ problemi ilə bağlı dövlətimizə basqı edirlər.
[b]- Bu ilin əvvəlində partiyanın seçki hazırlığı ilə bağlı məlumat veriləndə BAXCP-nin 70-dən çox namizədinin olduğu bildirilirdi. Amma blokla seçkiyə qatıldığı üçün namizədlərinizin sayı azaldı və onların bəziləri qeydə alınmadı. Bundan sonra partiyanızın seçkiyə blokla getməsinin əhəmiyyəti qaldımı? [/b]
- Mən məsələlərin bu səviyyəyə gələcəyini gözləmirdim. Hesab edirdim ki, partiyadan xeyli adam namizəd olacaq. Təəssüf ki, partiya rəhbərliyində təmsil olunanların yarıdan çoxunun namizədliyi qeydə alınmadı. Bəlkə də tək getsəydik, o adamların hamısı qeydə alınardı. Hər halda, çalışdıq ki, blok şəklində gedək və daha çox tanınmış insanla seçkiyə qoşulaq. Bu istiqamətdə də öhtəmizə düşənləri etdik. Lakin göründüyü kimi, vəziyyət belə alındı.
[b]- Artıq təbliğat kampaniyası başlayıb. Bundan sonra qeydə alınan namizədlərinizə qarşı hər hansı təzyiq yoxdur ki? Yəni, hakimiyyət təmsilçiləri seçkinin gedişində onları geri çəkilməyə məcbur edə bilərmi? [/b]
- Blokdan cəmi 30 nəfər qeydə alınıb, ya yox. Bundan sonra kimləri geri çəkilməyə məcbur edəcəklər? Belə çıxır ki, seçkiyə qədər bizim namizədimiz qalmayacaq? Hər halda çalışacağıq ki, qeydə alınan namizdlərimizin əksəriyyəti qələbə qazansın.
[b]- Siz bu dəfə Naxçıvanı seçdiniz, digər bölgələrdən fərqli olaraq, ?axçıvandakı dairələrdə bütün namizədləri qeydə aldılar və ilkin mərhələdə narazılıq yaranmadı. Naxçıvanda təbliğat kampaniyasının gedişi necədir? [/b]
- Ölkənin digər bölgələri ilə müqayisədə Naxçıvanda qeyri-adi heç nə baş vermir. Düzdür, bu gün ATƏT nümayəndələri ilə görüşdə ADP sədri Sərdar Cəlaloğlu yanlış informasiya verdi. Onun dediyinə görə, guya Naxçıvanda 1 saylı Seçki Dairəsində alternativsiz seçki keçirilir. Amma bu, qeyri-dəqiq məlumatdır. Mən isə onun nəzrinə çatdırdım ki, həmin dairədən 4 nəfərin namizədliyi qeydə alınıb və onlardan ikisi müxalifətin təmsilçisidir. Şəxsən məndə Naxçıvanda seçkinin gedişində ciddi qanun pozuntusu barədə məlumat yoxdur. Biz həm Naxçıvan Ali Məclisinə, həm də Milli Məclisə namizəd vermişik. Faktiki olaraq, nə mənim, nə də başqa namizədlərimizin şikayəti olmayıb.
[b]- Amma ölkənin digər bölgələri ilə müqayisədə Naxçıvanda seçki ilə bağlı vəziyyətin daha ağır olduğu bildirilir... [/b]
- Mən ötən seçkilərə də Naxçıvandan qatılmaq istəyirdim, son anda qərarımı dəyişdim. Hesab edirəm ki, Naxçıvanda başqa bölgələrdən pis mənada fərqlənən seçki keçirilməyəcək. Ən azından qeydəalma mərhələsində Naxçıvan digər regionlardan müsbət mənada fərqləndi. Faktiki olaraq, DSK-lara müraciət edən namizədlər qeydə alındılar. Hesab edirəm ki, Naxçıvanla bağlı məsələlər şişirdilir. Naxçıvanda demokratiya, insan hüquqları ilə bağlı vəziyyət digər rayonlardakı kimidir. Amma nizam-intizam və digər bu kimi məsələlərlə bağlı vəziyyət digər regionlardan yaxşı mənada fərqlənir. Məsələn, Naxçıvanda bir nəfər təhlükəsizlik kəməri taxmadan avtomobil sürə bilməz. Cinyətkarlığın, narkomaniyanın səviyyəsi xeyli aşağı düşüb. Əlbəttə ki, mən, Naxçıvandakı vəziyyəti ideallaşdırmaq fikrində deyiləm. Amma bir çox məsələlərdə Naxçıvan Azərbaycanın digər regionlarından müsbət mənada fərqlənir. Orada məktəblərin tikintisinə, yolların çəkilməsinə və digər layihələrin həyata keçirilməsinə xərclənən pula baxın, buradakı vəsaitə baxın. Naxçıvanda Bakıdankından daha keyfiyyətli yollar 3 dəfə ucuz qiymətə çəkilir. Yəni, ciddi fərqlər var. Çox təəssüf ki, Naxçıvanla bağlı yazılanlara lazımi cavab verilmir. Ona görə də belə bir fikir var ki, guya orada dəhşətli vəziyyətdir. Mən namizədliyimi oradan verməklə Naxçıvanla bağlı yaradılan mənfi imicin dağılmasına çalışacam.
[b]- Ancaq Naxçıvanın da problemləri var. Məsələn, işsizlik problemi... [/b]
- (Tələsik) Bəli, bu məsələdə çox haqlısınız. Naxçıvanı xeyli sayda insan tərk edib. Bizim kəndimizdə də nə qədər ailənin evi qıfıllı qalıb. Amma son illər insanlar geri qayıtmağa başlayırlar. Hələki bu hal kütləvi deyil. Bunun kütləvi xarakter alması üçün ora ciddi investisiya qoyulmalıdır. Mən büdcənin müzakirəsi zamanı da bu məsələni qaldırdım.
Eyni zamanda Naxçıvana gediş-gəliş asanlaşdırılmalıdır. Naxçıvandan İstanbula təyyarə bileti 61 manat, amma Bakıdan Naxçıvana 75 manatdır. AzAL bundan əlavə dövlətdən 20 manat dotasiya da alır. Yəni, bununla bir növ camaatı narazı salmaq istəyirlər. Sanki kimlərsə Bakı ilə Naxçıvanın əlaqələrini məhdudlaşdırmağa çalışır. Mənim qardaşım öz övladları ilə Naxçıvana getdi, onların gedib gəlməyi təxminən 1000 dollara başa gəlir. Şəxsi maşınla gedəndə isə o qədər əziyyət çəkirlər ki, növbəti dəfə getmək istəmirlər. Yəni, maşınla getmək çox yorucudur. İran tərəfdə heç bir əsas göstərmədən maşını saxlayırlar. Məcburən İran ərazisində ən azı 100 dollar pul xərcləyirsən. Elə 70 manat torpaqbasdı ödənilir. Niyə bu pulu İrana verməliyik? Əvvəllər Bakıdan Naçıvana gündə 6 təyyarə uçurdu, hamısı da dolu. İndi isə cəmi iki təyyarə reysi saxlayıblar. Millət vəkillərindən biri dedi ki, Naxçıvana gedən təyyarəyə minəndə "Ya Allah!", düşəndə isə "Şükür Allaha!" deyirsən. Yəni, istismar müddəti başa çatmış təyyarələrdir. Rusiya bu təyyarələri istismardan çıxarıb, amma biz hələ də köhnə, sınıq-salxaq təyyarədən istifadə edirik. Odur ki, təyyarələrlə bağlı məsələ də həll olunmalıdır. İndiki vəziyyət adamda Naxçıvanın blokadaya alınması barədə qanaət formalaşdırır. Ona görə də iş adamları ora investisiya qoymaqda maraqlı görünmürlər. Bu səbəbdən də gərək, Naxçıvana dövlət özü investisiya qoysun. Yəni, Naxçıvanın boşalmaması üçün ciddi addımlar atılmalıdır.
[b]- Siz bu məsələni dövlət büdcəsinin müzakirəsi zamanı da qaldırdınızmı? [/b]
- Bəli. Büdcənin müzakirəsində də bildirdim ki, tikintiyə 3 milyard 400 milyon manat pul ayrılır. Bu məbləğdən isə 30 milyonu Naxçıvanın payına düşür. Mən də buna etirazımı bildirdim.
Onu da qeyd edim ki, Bakıdan sonra Naxçıvan yeganə şəhərdir ki, dövlət büdcəsindən dotasiya almadan yaşayır. Hətta Sumqayıt, Gəncə kimi böyük şəhərlər də dotasiya ilə yaşayır. Mən onu demək istəyirəm ki, əgər hökumət regionların inkişafına çalışırsa, bunun bircə yolu var - regionlarda tikilən istehsal və emal müəssisələri müəyyən müddətə vergilərdən azad olunmalıdır. Sonrakı illərdə isə ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır. Belə olarsa, iş adamları regionlarda istehsal müəssisələri açmaqda maraqlı olarlar. Amma hazırda bu sahədə ürəkaçmayan mənzərə yaranıb. Bakı və Sumqayıtı nəzərə almasaq, Azərbaycanın bütün regionları üzrə büdcəyə cəmi 290 milyon manat vəsaitin daxil olacağı gözlənilir. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatı bütünlüklə Bakıda toplaşıb.
[b]- Qüdrət bəy, bu günə kimi Siz Naxçıvanla bağlı məsələləri dəfələrlə parlamentdə qaldırmısınız. Bunların nəticəsi olurmu? [/b]
- Təəssüf ki, ciddi nəticə yoxdur. Ümid edirəm ki, yeni ildən nəticəsi olar. Ona görə ki, bu problemlərin həllini uzatmağın heç bir əsaslandırması ola bilməz. Mən parlamentdə eyni məsafəyə uçan təyyarə biletlərinin qiymətindən misallar gətirmişəm. İrəvan-Xankəndi təyyarə reysinin qiyməti 45 dollar olacaq. Deyirik ki, Ermənistan acından ölür, amma onlarda qiymətlər bizdəkindən ucuzdur. Niyə Naxçıvanla Bakının əlaqələri bu şəkildə məhdudlaşdırılır və süni problemlər yaradılır? Hesab edirəm ki, Naxçıvana xüsusi diqqət ayrılmalıdır. Gəlin açıq danışaq, bu gün Dövlət Neft Şirkətinə 235 milyona bina tikmək əvəzinə, Naxçıvana 4 ədəd təyyarə almaq olar. Rusiyanın "Qazprom" şirkətinin büdcəsi Azərbaycanın dövlət büdcəsindən 4-5 dəfə çoxdur. Amma bizim tikdiyimiz bina "Qazprom"un binasından xeyli nəhəngdir. Buna nə ehtiyac var? Biz belə bahalı layihələrin əleyhinəyik, bunun əvəzinə regionlara diqqət artırılmalı və vəsaitlər daha səmərəli xərclənməlidir. Digər tərəfdən, 14 km-lik bulvar, Qara şəhərin yerində Ağ şəhərin salınması bir o qədər də vacib deyil.
Budəfəki büdcədə şəxsən məni ən çox qane edən məsələ hərbi xərclərin artırılmasıdır. Amma bu, yenədə qənaətbəxş deyil. Çünki müharibə şəraitində olan dövlətin hərbiyə ayrılan xərcinin 11 faiz olması azdır. Müharibə şəraitində olmayan ölkələrin hərbi xərcləri 20-25 faizdir.
Çox təəssüf ki, Neft Fodundakı pullar səmərəli xərclənmir. Maşınqayırmanın, dəzgah istehsalının, yüngül sənayenin inkişafı istiqamətində addımlar atıla bilər. Məsələn, adi şpris nədir ki, onu da xaricdən alırıq. Köynək, corab istehsal edə bilmərikmi, edərik, özü də daha keyfiyyətlisini. Ümumiyyətlə, Azərbaycanda köklü islahatlar aparılmalıdır. Seçki kampaniyasında da bu fikirlərimi seçicilərə çatdırmağa çalışacam.
[b]- Naxçıvan seçiciləri tərəfindən bu fikirlərinizin dəstək qazanacağına inanırsınızmı? [/b]
- Ümid edirəm ki, Naxçıvanda məni hamı tanımasa da, amma ölkənin taleyi, ictimai-siyasi proseslərlə insanların hamısı maraqlanır. Fövqəladə nəsə baş verməsə, uğur qazanacağam. Düşünürəm ki, Ordubad camaatı mənə etimad göstərəcək. Əbülfəz bəy 4 il 7 ay Kələkidə yaşayıb. Elə olub ki, bir həftədə iki dəfə ora səfər etmişəm. Elə ilk görüşümü də Kələkidən başlayacağam. Tərəfdarlarıma demişəm ki, kampaniya ilə bağlı hazırlıqlara başlasınlar. Əminəm ki, həm Ordubad camaatı, həm də doğulub boya-başa çatdığım Culfa əhalisi mənə etimad göstərəcək. Həm də ondan məmnunam ki, hakim Yeni Azərbaycan Partiyası mən namizəd olan dairədən namizəd irəli sürməyib. Bu isə mənim şansımı artırır. Ümid edirəm ki, seçkilərdə uğur qazanacağam. Regionların, xüsusiylə də Naxçıvanın problemlərini daim diqqətdə saxlayacağam. Sözün doğrusu, mənim Naxçıvandan namizədliyimi verməkdə məqsədim ora diqqətin artırılmasına nail olmaqdır.
[b]- Seçkidən sonra müxalifət təmsilçilərindən birinin vitse-spiker postuna gətirilmə ehtimalını necə qiymətləndirirsiniz? [/b]
- Çox yaxşı olardı. Bu, Milli Məclisdə demokratikləşmə prosesinin əsasını qoya bilər. Ancaq səmimi şəkildə deyirəm ki, mən bunu gözləmirəm. Ona görə ki, seçki kampaniyası ərəfəsində mənim gözləntilərim daha yaxşı idi, amma indiki vəziyyət elə də ürəkaçan perspektiv vəd eləmir.
[b]- Seçki kampaniyasının gedişində digər namizədlərinizin təbliğat kampaniyasında iştirak edəcəksinizmi? [/b]
- Düzü, mən cəmiyyətdə o ab-havanı görmürəm. Mümkündür ki, seçkilər yaxınlaşan ərəfədə cəmiyyətdə bir canlanma olsun. İndiki mərhələdə isə belə aksiyaları real saymıram. Amma partiyadan olan namizədlərimizə dəstək verməyə çalışacağam. Məndə olan son məlumata görə, partiyamızın 11 namizədi var. Onlardan 4-ü Naxçıvandandır. Ümumiyyətlə, seçkiyə maraq arzuolunan səviyyədə deyil. Amma imkanlarımız daxilində bu vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik.
[b]- BAXCP-nin digər namizədlərindən kimin parlamentə düşmək şansı var? [/b]
- Ümid edirəm ki, başqa namizədlər də qalib gələcək. Məsələn, Sumqayıtdan Arzu xanım, Abşerondan Niyaməddin Orduxanlı, Gədəbəydən Bəhruz bəy, Xaçmazdan Zöhrab bəy. Onlar öz regionlarında hörmətlə qəbul olunan şəxslərdir. Çalışağağıq ki, həmin namizədlərimiz də seçkini qələbə ilə başa vursunlar.