10-10-2010 [05:01]
Budəfəki parlament seçkilərində qanun pozuntuları ilə təkcə müxalifət nümayəndələri üzləşmirlər. Hakimiyyətin siyasi kursunu dəstəkləyənlər arasında da prosesdən narazı olanlar var. Belə ki, bir müddət öncə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı namizəd olduğu 60 saylı Saylan-Nefçala seçki dairəsindəki rəqiblərinin apardığı "qara piar"la üzləşdiyini bəyan edib. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən F.Ağamalı təbliğat kampaniyası başlamadığı üçün seçki ilə bağlı təbliğat xarakterli fikirlər səsləndirməyəcəyini bildirdi:
- Hələlik təbliğat kampaniyası başlamayıb. İndiki durumda seçki barədə danışmaq qanunvericiliyə nə dərəcədə uyğundur, əvvəlcə bunu müəyyənləşdirək.
[b]- Təbliğat xarakterli fikirlər səsləndirməzsiniz... [/b]
- Əgər təbliğat xarakterli fikirlər səsləndirməyəcəyiksə, onda problem yoxdur.
[b]- Fəzail müəllim, namizəd olduğunuz dairədə alternativinizin Sizə qarşı "qara piar" aparması barədə məlumat vermişdiniz. Öncə bu məsələyə aydınlıq gətirmənizi istərdik. Seçkinin sonrakı mərhələsində də bu kimi problemlərlə qarşılaşa bilərsinizmi?
[/b]
- Mən bəyanatımda da ifadə etmişdim ki, hər bir Azərbaycan vətəndaşının konstitusion hüquqlarına hörmətlə yanaşmışam. Hər bir vətəndaşın seçilmək və seçmək hüququ var. Kimsə öz şansını sınamaq, imkanlarını götür-qoy etmək, bu və ya digər şəkildə özünü tanıtmaq istəyindədirsə, buyursun, kimsənin onlara qarşı hansısa məhdudiyyət qoymasının tamamiylə əleyhinəyəm. Kimsə parlament seçkilərinə qoşularaq mandat almaq istəyirsə, buna da normal yanaşıram. Lakin bütün hallarda hər bir iddiaçı öz fəaliyyətində sona qədər qanunlara riayət etməli, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Yəni, öz rəqiblərini ən müxtəlif vasitələrlə aşağılamağa, təhqir etməyə, onların haqqında böhtan və qərəzli fikirlərin yayılmasına imkan verməli deyil. Əgər bunu kim edirsə, o, hər şeydən öncə qanunları pozur. Elə düşünməsinlər ki, onlar qarşı tərəfə ünvanladıqları böhtanla, hardasa təhqiramiz fikirlərlə onun aşağılayırlar. Mənə elə gəlir ki, onlar ilk növbədə özlərini aşağılayır, özlərinin cılızlığını, zəifliklərini ortaya qoyurlar. Belə vəziyyət 2005-ci ilin parlament seçkilərində də özünü qabarıq şəkildə göstərmişdi. O zaman da təmkinimi itirmədən, heç kimə təzyiq göstərmədən, onların üstünə getmədən, qanun pozuntuları ilə bağlı DSK-ya şikayət etdim, onların müvafiq qərarları oldu. Eyni zamanda onlara cavab verməkdən daha çox hər bir səs uğrunda mübarizə apardım, hər bir seçicinin rəğbətini qazanmağa çalışdım. İndi də həmin texnologiya ilə hərəkət edirəm. Mənim üstümə gələnlərə, Azərbaycan qanunlarını pozanlara, mənim şərəf və ləyaqətimə toxunmağa cəhd edən insanlara qanunlar çərçivəsində sərt reaksiya verəcəm və onlara güzəştim olmayacaq. Bununla bərabər, onlara qarşı öz metodlarını tətbiq etməyəcəyəm. Kampaniya dövründə isə insanlarla görüşəcəyəm, onların evinə gedəcəyəm, oturub bir stəkan çay içəcəyəm, problemləri ilə tanış olacağam. Mənə etimad göstərəcəklərsə, əvvəllər olduğu kimi, o problemlərin həlli ilə bağlı müvafiq addımlarımı atacağam. Bu mənim müəyyənləşdirdiyim və riayət edəcəyim texnologiyadır.
[b]- Həmin dairədən deputat olmusunuz və seçicilərinizin problemlərinin həllinə çalışmısınız. Bu amil budəfəki seçkidə Sizə hər hansı divident verəcəkmi? [/b]
- Mən nə iş görmüşəmsə, onu indi deyə bilmərəm. Çünki bu cür fikirlər təbliğat xarakteri daşıya bilər. Bəli, mən millət vəkili olaraq qanunların mənə verdiyi səlahiyyət çərçivəsində öz üzərimə düşən vəzifəni yerinə yetirmişəm. Rayon icra başçısından başlayaraq, Baş nazir səviyyəsinə qədər bütün strukturlarda rayonun problemlərinin həlli ilə bağlı lazım olan addımlar atılıb. Lakin bunların hələ hamısı yerinə yetirilməyib, işlər davam etdirilməlidir.
Bu gün rayonun müəyyən problemləri var. Qazlaşma başa çatdırılmalıdır. Bəlli olduğu kimi, Kürün daşması nəticəsində ciddi fəsadlar yaranmasa da, müəyyən problemlər var. Rayon rəhbərliyinin, Fövqəladə Hallar Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin işçilərinin birgə fəaliyyəti nəticəsində Salyan həmin fəlakətdən doğa biləcək daha ciddi fəsadlardan sığortalana bilib. Lakin bu problem hələ həllini tam tapmayıb.
Digər problemlər də var, məktəblərin təmir-bərpa işləri aparılmalıdır, uşaq baxçaları təmir etdirilib və yenidən qurulmalıdır. Tibb məntəqələrinin yaradılması, onların müasir avadanlıqlarla təmin edilməsi, kənd yollarının bərpası kimi problemlər də mövcuddur. Ölkə başçısının müəyyən etdiyi proqrama əsasən bölgələrin bu kimi problemlərinin həllinə səy göstərilir. Millət vəkilləri həm də ona görə həmin regiondan seçilirlər ki, onlar təkcə Milli Məclisin reqlamentinə uyğun fəaliyyət göstərməklə yanaşı, seçildiyi regionun problemləri ilə də maraqlanmalıdır. Bu baxımdan düşünürəm ki, orada görülən işlər var. Sağlıq olsun, bu məsələlər haqqında oktyabr aynın 15-dən sonra KİV-də fikirlərimi çatdıracağam. O zaman təbliğat kampaniyası olduğu üçün proqramımızı açıqlayacağıq.
[b]- Hakimiyyətin siyasi kursunu dəstəkləyirsiniz. Bəs, YAP-ın namizədlər siyahısı barədə fikriniz necədir? [/b]
- Gəlin etiraf edək ki, YAP parlament seçkilərinin favoritidir. Azərbaycanda elə bir siyasi qüvvə yoxdur ki, o, bu gün YAP-la rəqabət apara bilsin. Bunun kifayət qədər əsasları var. Bu, hər şeydən öncə Ulu öndər Heydər Əliyevin siyasi kursunun fundamental əsaslarına söykənməsidir. Əlbəttə ki, 2003-cü ildə prezident seçilən İlham Əliyevin həmin fundamental prinsiplərə söykənərək istər xarici, istər daxili siyasətindəki ardıcıllıq, dinamikliyin uğurlu nəticələridir.
Azərbaycan vətəndaşı düşünür ki, evinə çörək aparsın, rahatlıq üçün imkanları olsun və təhlükəsiz yaşasın. Bu və buna bənzər elementlərin mütləq əksəriyyəti Azərbaycanda təmin olunub. Ola bilsin ki, ayrı-ayrı elementlərdə müəyyən problemlər var. Cəmiyyət inkişaf etdikcə həmin xoşagəlməz, bizi narahat edən elementlər də öz həllini tapacaq. Heç bir inkişaf etmiş dövlət hansısa "sehirli çubuq" vasitəsi ilə bugünkü səviyyəyə çatmayıb. Onlar da müəyyən çətinliklərdən keçiblər. Baxmayaraq ki, həmin dövlətlərin özündə də müəyyən problemlər var. Bütün bunları nəzərə alaraq demək olar ki, YAP bu seçkilərin favoritidir. Mənim qənaətimcə, YAP bu seçkidə daha çox mandat əldə edəcək. Bu gün YAP-a müəyyən hücumlar var, amma onların hakim partiyaya qarşı müqavimət imkanları olduqca zəifdir.
[b]- Maraqlı detallardan biri də odur ki, YAP Sizin dairədən namizəd irəli sürməyib. Bunu hakim partiyanın Sizə dəstəyi kimi qiymətləndirmək olarmı? [/b]
- Bu məsələ YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov tərəfindən açıq şəkildə ifadə olunub. O söylədi ki, YAP 11 dairədən namizəd verməyib, baxmayaraq ki, bu partiya 300 dairədən belə namizəd verə bilər. Əli Əhmədov birmənalı şəkildə söylədi ki, həmin 11 dairədə ölkədə kifayət qədər tanınan ziyalılar, ictimai xadimlər, eyni zamanda YAP-la əməkdaşlıq edən partiyaların rəhbərləri var. Buna görə də onlar həmin dairələrdən namizəd irəli sürməyiblər. O dairələrdən biri də mənim namizədliyimin irəli sürüldüyü və qeydə alındığım 60 saylı Saylan-Neftçala seçki dairəsidir. Qeyd edim ki, bu, açıq siyasətdir, bu məsələdə qapalı heç bir şey yoxdur. YAP bütün imkanları ilə həmin dairədən mənim seçilməyim üçün Salyan rayon təşkilatına müvafiq tapşırıqlar verib. Biz YAP-ın Salyan rayon təşkilatı ilə qanun çərçivəsində münasibətlərimizi qurmuşuq və əminəm ki, təbliğat-təşviqat mərhələsində seçicilərin mənə səs verməsində partiya üzvləri olaraq imkanlarını əsirgəməyəcəklər. Mən istəməzdim ki, YAP-ın bu addımı siyasi konyuktura müstəvisində qiymətləndirilsin, müzakirəyə çıxarılsın. Necə olur ki, AXCP ilə Müsavat vahid namizəd bloku ilə seçkiyə gedir, bu, çox normal qəbul olunur, amma YAP onunla əməkdaşlıq edən Ana Vətən Partiyasının namizədini müdafiə edəndə bunda qeyri-adilik axtarırlar?
[b]- YAP hakimiyyətyönlü partiyaların hamısına bu dəstəyi vermədi. Bunlardan biri də DADP-dir. Bu partiyanın sədri Məmməd Əlizadə hətta namizədlərinə qarşı haqsızlıq ediləcəyi təqdirdə ciddi etiraz səslərini qaldıracaqlarını bildirib. Belə mövqeləri necə dəyərləndirirsiniz? [/b]
- Mən bu məsələlərə ehtiyatlı yanaşıram və istəmirəm ki, şərh verəm. Əslində məsələ bundadır ki, biz Məmməd Əlizadənin rəhbərlik etdiyi partiyanın Məşvərət Məclisinə cəlb edilməsində müsbət fikirdə olanlardan biri olmuşuq. Müəyyən zaman çərçivəsində Məmməd Əlizadə Məşvərət Məclisində öz fəaliyyətini qurdu. Beləliklə, unudulmaqda olan həmin partiya özünü kifayət qədər tanıtdı. Düşünürəm ki, Məmməd bəy də bunu etiraf edər, çünki bu həqiqətdir. Ancaq sonradan o, özünün açıqlamalarında sanki bir tərəfdən Heydər Əliyev irsinə rəğbətini bəyan etməklə bərabər, siyasi leksikonun mahiyyətinə və məntiqinə uyğun olmayan müəyyən fikirlər və bəyanatlar səsləndirdi. Reallığa uyğun olmayan fikirlər səsləndirməyə və addımlar atmağa başladı. Bu gün mən onun fikirləri ilə razı deyiləm ki, seçki saxtalaşdırılsa, üsyan edəcəyəm. Üsyan etmək lazım deyil, çünki Azərbaycanın üsyan dövrü qurtarıb. Sadəcə olaraq, çalışmaq lazımdır ki, seçkidə saxtakarlıq olmasın. Hər bir qüvvə, hər bir fərd çalışmalıdır ki, seçkilərin demokratik keçirilməsinə öz töhfəsini versin.
Məmməd Əlizadənin rəhbərlik etdiyi partiyanın bir üzvü də 60 saylı Salyan-Neftçala seçki dairəsindən mənim rəqibim kimi qeydə alınıb. Mənim Əziz müəllimdən heç bir narazılığım yoxdur, mədəni adamdır, keçən seçkilərdə də namizədliyini irəli sürmüşdü. Mən qalib gəldim, o da məni təbrik elədi. Bu cür addımlar atılırsa, çox müsbətdir. Əgər düşünülməmiş və nəyəsə hesablanmış, rellığı özündə ehtiva etməyən, hansısa "niyyətləri" özündə ifadə edən sözlər gündəliyə gəlirsə, artıq bunun haqqında düşünmək lazımdır.
Siyasət bütün peşələrdən çətindir. Burada gərək hər bir söz və o sözə uyğun addım ölçülüb-biçilsin. Düşünürəm ki, siyasətçi elə etməlidir ki, dünən dediyini bu gün inkar etməsin, bu gün dediyi isə sabah onun buxovuna çevrilməsin.
[b]- Müxalifət yerlərdə seçkiyə qoşulan namizədlərinə qarşı təzyiqlər edildiyini bildirir. Opponentlərinizi haqlı sayırsınızmı? [/b]
- Tək özüm yox, digər müşahidələri də nəzərə alaraq deyə bilərəm ki, müxalifət bu iddiasında haqsızdır. Konkret öz dairəmdən deyim. "AXCP-Müsavat" blokunun 60 saylı Salyan-Neftçala dairəsindən namizədi olan Mehdizadə soyadlı şəxs 450 imzanı toplayıb DSK-ya təqdim edə bilmədi. Bu cür namizədlər kifayət qədərdir. Mən bir müddət əvvəl də demişdim ki, AXCP ilə Müsavatın seçkiyə birgə getməsi onlara uğur gətirməyəcək. Çünki AXCP ilə Müsavatın tanınmış funksionerlərinin sayı 15 nəfərdən yuxarı deyil. Müxalifət namizədlərinin əksəriyyəti imza toplaya bilmirlər. Ona görə də bu cür kampaniya aparırlar.
Bu günlərdə Milli Məclisin iclasında YAP-ın icra katibi Siyavuş Novruzov dedi ki, biz özümüz maraqlıyıq ki, müxalifət nümayəndələri gəlib bizə alternativ olsunlar, amma onu da bacarmırlar. Yəni, hakim partiya özünə rəqib axtarır, amma müxalifət bunu bacarmır.
[b]- Belə bir vəziyyətdə seçkinin nəticələri barədə nə deyə bilərsiniz? [/b]
- Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Qoy, bu fikirlərim əks-təbliğat kimi qəbul olunmasın, amma müxalifətin bütün qanadları parlament seçkilərində ciddi uğur qazana bilməyəcək. Qarşıdan gələn parlament seçkilərində mandatların mütləq əksəriyyətini YAP qazanacaq. Bununla yanaşı cəmiyyətdə ziyalılığı, tərəfsiz mövqeyi ilə seçilən insanların da uğur qazanacağı gözlənilir. Ən az uğur qazanan isə müxalifət olacaq. Ümumən deyə bilərəm ki, parlament seçkilərində Ana Vətən Partiyası da daxil olmaqla, digər siyasi qüvvələrin əldə edəcəyi mandatların sayı 15-dən yuxarı olmayacaq. Etiraf edilməlidir ki, Azərbaycan xalqı ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyəcək.