Səbrli adam... - Elçin Mirzəbəyli yazır

img

29-04-2018 [14:30]


Elçin Mirzəbəyli,
Baymedia.az

***

Doğum günləri, yübileylərlə bağlı barmaqla sayılacaq qədər yazı yazmışam indiyədək... Bu səhər bilgisayarımı və yaddaşımı yenidən varaqladım: Bəlkə bu yazıların arasında yolumun kəsişmədiyi, illərin mənə tanıtmadığı, uzaq, lap uzaq bir insana həsr etdiyim bir neçə cümlə ilə qarşılaşım deyə... Nə bilgisayarım, nə də yaddaşım mənə belə bir imkan tanıdı...

Təəssüflənmirəm! İnsan istedadını nə qədər zorlayırsa zorlasın, sevmədiyi, sayğı duymadığı, ruhən doğma, məlhəm bilmədiyi hər hansı şəxs haqqında səmimi, içdən gələn, isti, doğmalıq qoxuyan bircə cümlə belə yaza, yaxud deyə bilməz... Bu səhər buna bir daha əmin oldum...

Dost bəlkə də yeganə sözdür ki, heç bir mübaliğəli ifadəyə, söz önünə, gücləndiriciyə ehtiyacı yoxdur. Yaxşı, gözəl jurnalist, istedadlı yazar və bu qəbildən olan yüzlərlə söz birləşməsini sıraya düzmək olar və ikrah doğurmaz. Amma "dost” sözünün önünə "yaxşı”, "gözəl” və bu kimi sifətləri əlavə etmək olmur, ən azından mən bunu edə bilmirəm. Çünki "dost” sözünü aşağılamaq istəmirəm. Dostun yaxşısı, pisi yoxdur. Dost elə DOSTDUR! Mübaliğsiz-filansız...

Uzun-uzadı girişə görə üzr istəyirəm. Birnəfəsə yazıram deyə fikirlərimi süzgəcdən keçirmək imkanım yoxdu. Özümlə danışırmışam kimi yazıram. 

Haqqında yazmaq istədiyim adamın adını axtarış sistemlərindən hər hansı birinə yazsam on minlərlə informasiya, fotoşəkil çıxar qarşıma. Ən çox axtarılanlardan biridir. Lakin mən hər kəsin görə biləcəyi məlumatlardan, fotoşəkillərdən uzaq duracağam. Gözümün önündə illərin yaddaşıma köçürdüyü bir obrazı var – sakit, təmkinli, ən çətin anlarda belə emosiyalarını büruzə verməyən, sanki daşlaşmış, taleyin ən amansız sınaqlarının bircə cizgisini belə tərpədə bilməyəcəyini nümayiş etdirən obrazı... 
Mən onu çox gec tanıdım – bəlkə də son 2-3 ildə... 

Son 2-3 ilədək daşlaşmış obrazın arxasında gizlənmiş doğmalığı, səmimiyyəti, zərif, həssas cizgiləri görə bilmirdim... Əslində mən insanları söz-söz, cümlə-cümlə kəşf edirəm. Amma bu yazının qəhrəmanını özünü çox nadir hallarda büruzə verən üz cizgilərinin xəfif titrəyişi ilə tanıdım. Zamanla... tanıdım!


İndi onun 60 yaşı tamam olur. Adının önünə çox rahatlıqla Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili... yaza bilərdim. Bu statusların hər birini sonunadək haq edir. Hər halda mən belə düşünürəm.
Amma yazmıram. Ehtiyac duymuram. Çünki bu statuslar onun şəxsi bacarığının və şəxsinə göstərilən etimadın nəticəsidir. Dostluq üçün isə tamamilə başqa keyfiyyətlər lazımdır və hər kəsin bu məsələdə öz kriteriyaları, ölçüləri var. 

Dost məsələsində özümü dünyanın ən xoşbəxt adamı hesab edə bilərəm. Sayları çox deyil... Aralarında haqlarında yazdıqlarım, yazmadıqlarım da var. 

Bəzilərini az qala hər gün görürəm, amma elələri də var ki, günlərlə, aylarla görüşmürük... Simurq quşu kimidilər bu adamlar. Ehtiyac duyduğumda... bir göz qırpımında yanımda olduqlarını görürəm. Hətta yanımda olmasalar belə vəzən yüzlərlə, minlərlə kilometrdən doğmalıqlarını hiss edirəm. Gözəl duyğudur. Yaşayanlar bilər... 

Görəsən 60 yaşında adam özünü necə hiss edir? Məsələn, mən 40-dan 50-yə necə gəldiyimi unutmuşam. Aradakı 10 illik məsafəni dostlarımın və doğmalarımın sevgisi elə qapayıb ki, barmaq ucu qədər də olsa boşluq tapmaq olmur. Önəmli olan geridə buraxdığımız illər deyil, yaşadıqlarımızdı. Əksər dostlarımın, mənim kimi, öz yaşlarından ən azından 2 dəfə çox yaşadıqlarını düşünürəm. Allah hər birinə uzun və sağlıqlı ömür versin... Amma təxminən 120 illik bir yaşantıyla 60 yaşında görünmək də böyük xoşbəxtlikdir. Əslində ona heç 60 yaş da vermək olmaz. Bu isə, yaxşı ki, mənim toxuna biləcəyim mövzu deyil... 

Bütün dostlarımdan nə isə öyrənmişəm və öyrənməkdə davam edirəm. 

Əflatin Amaşovdan daha çox səbrli olmağı, hər hansı bir hadisədən, yaxud davranışdan tez nəticə çıxarmamağı, bəzi məsələləri zamanın axarına buraxmağı öyrənmişəm. Mənə görə o, dünyanın ən səbrli adamlarından bidir. Nə yaxşılığı unudur, nə də pisliyi. Yaxşı ilə pis arasındakı harmoniyanı qorumağı da yaxşı bacarır. Ən maraqlı cəhətlərindən biri və bəlkə də birincisi özünə qarşı edilən hər hansı bir yanlışlığı zamanla etiraf etdirmək bacarığıdır. Heç vaxt kəskin reaksiya vermir, amma hər dəfə ustalıqla xatırladır yanlışını... O qədər xatırladır ki, sonunda etiraf etmək məcburiyyətində qalırsan.
Onun haqqında çox şey yazmaq olar və yazılacaq da... 

Mənim üçün isə Əflatun Amaşov DOSTDUR! Sevdiyim, sayğı duyduğum, anlamadığım zamanlarda qınadığım, incidiyim və yenə də sevdiyim DOST!



Digər xəbərlər
SON XƏBƏRLƏR