ADP seçki pozuntularından narazıdır

img

07-10-2010 [05:31]


Azərbaycan Demokrat Partiyası (ADP) parlament seçkilərində baş verən seçki pozuntuları ilə bağlı məlumat yayıb. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumatda bir sıra seçki dairələrinin ərazisində qanunazidd addımların atıldığı bildirilir. ADP bəyan edib ki, 14 saylı Xəzər ikinci seçki dairəsindən ?Qarabağ Bloku?nun vahid namizədi, ADP Nizami RT-nın gənclər təşkilatının sədri Hüseyn Kamal Nizami oğlu adı çəkilən seçki dairəsinin ərazisində imzatoplama kampaniyasında problemlərlə üzləşib. Belə ki, Hüseyn Kamalın səlahiyyətli nümayəndəsi Hüseyn Gülnarə və imza toplayan Hüseyn Orxan, Əsgərov Cavid və Əsgərov Ramal adı çəkilən seçki dairəsi ərazisində təqib olunublar. Onların verdiyi məlumata görə vətəndaşların əksəriyyəti onlara imza vermələrindən qorxduqlarını bildirib, bəzi şəxslər isə onlara hətta hədə-qorxu gəlib. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən ?Qarabağ Bloku?nun vahid namizədi İsmayılov İlqar Mənsim oğlu imza vərəqələrini və digər seçki sənədlərini adı çəkilən DSK-ya təqdim edərkən problemlə üzləşib. DSK sədri müvafiq qanunvericiliyin tələblərinə zidd olaraq ondan əlavə sənədlərin təqdim olunmasını tələb edib. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən ?Qarabağ Bloku?nun vahid namizədi ADP Gənclər Təşkilatının sədri Cəmil Hacızadəyə adı çəkilən DSK tərəfindən rəsmi xəbərdarlıq daxil olub. Həmin xəbərdarlıqda qeyd olunub ki, guya Cəmil Hacızadə imzatoplama kampaniyasında özünün təbliğat və təşviqat materialını payladığına görə qeydiyyatı ləğv oluna bilər. Halbuki, həmin dairə ərazisində C.Hacızadə deyil, başqa namizəd imzatoplama kampaniyasında təbliğatla məşğul olub. Bununla bağlı konkret faktlar mövcuddur. 53 saylı Quba-Qusar seçki dairəsindən ?Qarabağ Bloku?nun vahid namizədi Həmidov Zeynal Pirməd oğlunun adı çəkilən DSK-ya təqdim etdiyi imza vərəqələrinin birini bələdiyyə üzvü topladığına görə onun namizədliyindən imtina edilməsi barədə məlumat var. Seçki Məcəlləsinin 57-ci maddəsində isə bələdiyyə qurumlarının imzatoplama kampaniyasında iştirakı qadağan edilir. Bələdiyyə üzvünün imza toplaması bələdiyyə qurumunun imza toplaması kimi dəyərləndirilə bilməz. 78 saylı Lerik seçki dairəsindən ?Qarabağ Bloku?nun vahid namizədi Cangirov Xaliddin Baloğlan oğluna adı çəkilən seçki dairəsində imza toplanılmasında yerli hakimiyyət orqanları tərəfindən süni maneələr törədilib. Onun bir imza vərəqəsi oğurlanmış, özünə qarşı təzyiqlər davam etməkdədir. Ondan namizədliyindən imtina edilməsi tələb edilir. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən ?Qarabağ Bloku?nun vahid namizədi Əsgərov Kamran Hidi oğluna yerli hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlər edilərək onun namizədliyindən imtina edilməsi barədə ərizə alınıb. Partiya müvafiq dövlət qurumlarından pozuntuların aradan qaldırılmasını tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA