?AXCP-Müsavat? blokunun vahid namizədi DSK-nın qanunsuz hərəkətlərindən MSK-ya müraciət etdi

img

07-10-2010 [11:32]


?AXCP-Müsavat? blokundan 92 saylı Zərdab?Ucar Seçki Dairəsindən vahid namizədliyi irəli sürülmüş Bahar Şahalı qızı Rüstəmli Mərkəzi Seçki Komissiyasına sözügedən DSK-nın qanunsuz hərəkətlərindən şikayət edib. Müstəqil İnformasiya Agentliyinə daxil olan şikayəti olduğu kimi oxucularımıza çatdırırıq. I. Faktiki hallar 1. Mən ?AXCP-Müsavat? siyasi partiyalar blokunun 92 saylı Zərdab?Ucar seçki dairəsindən vahid namizədiyəm. Namizədliyimi qeydə almaq üçün sənədlərimi 92 saylı Zərdab-Ucar seçki dairəsinə təqdim etmişəm. 2. Sənədlər DSK-ya təqdim ediləndən sədr İ.Əhmədov imza vərəqələrini mənə 7 gündən sonra verdi. Səbəbini soruşduqda o, mənə belə cavab verdi: ?Bizə MSK-dan belə göstəriş verilib. DSK-dan ilk olaraq imza vərəqələri millət vəkillərinə verilməlidir?. Həqiqətən, millət vəkili Jalə Əliyeva isə sənədlərini DSK-ya təqdim edəndən bir gün sonra imza vərəqələrini götürdü. 3. Bundan başqa Jalə Əliyevanın imza kampaniyası iki günün içərisində baş tutub və bu işə YAP sədri Tofiq Abdullayev Gəlmə kənd icra nümayəndəsini və bələdiyyə sədrlərini cəlb edib. Biz, namizədlər - Soltanov Yusif, Həsənov Seyfi bu barədə DSK-ya yazılı şəkildə məlumat verdik. Ərizənin bir sürətini isə Soltanov Yusif Zərdab Rayon Məhkəməsinə təqdim etdi. Lakin YAP Zərdab rayon şöbəsinin sədri Tofiq Abdullayevin canfəşanlığı nəticəsində yazılan ərizələri nə DSK sədri İ.Əhmədov iclasın gündəliyinə salmadı, nə də məhkəmə isə baş verən qanunsuzluqla bağlı bir qərar verdi. 4. DSK sədri İsmayıl Əhmədov mənə 10 imza vərəqəsi verdi, qanunda buna məhdudiyyət qoyulmadığına baxmayaraq, ondan çox verməkdən imtina etdi. İmza vərəqələrini niyə az verirsiniz sualına DSK sədri belə cavab verdi ki, bu qədər bəsdir, korlanma hadisəsi olsa birini verərəm. 5. Həmin vaxt DSK-da Ümid partiyasının DSK təmsilçisi, katib, hazırda isə namizədliyi qeydə alınan Seyfi Həsənov İsmayıl Əhmədovun gizlincə imza vərəqələrinin birini 5 manata satdığını bildirdi. 5. Bundan başqa, İsmayıl Əhmədov bildirdi ki, çalışın imza vərəqələrini tez doldurun. Tələskənliyin səbəbini soruşduqda o, belə cavab verdi: ?Dünən Bakıda, MSK-da olmuşam. Orada bəzi göstərişlər aldım. Deyiblər ki, bu dəfə müxalifətin, xüsusi ilə də ?AXCP-Müsavat? blokundan olan namizədləri qeydə alınmaması üçün yuxarıdan MSK-ya göstəriş verilib. Məzahir Pənahov dedi ki, rayonlarda güclü namizədləri məndən icazəsiz qeydə almayın?. 6. ?AXCP-Müsavat? partiyalarının rayon həmsədrlərinin iştirakı ilə bizə verilən 10 imza vərəqəsini doldurduq. İmza toplanma mərasiminə öz arzu və istəyi ilə Yeni Azərbaycan Rartiyasının üzvü Namət Qasımov da qoşulmuşdu. Bu məsələ YAP Zərdab rayon şöbəsinin sədri Tofiq Abdullayevi çox narahat edirdi. O, dəfələrlə DSK-ya gəlib hamının gözü qarşısında ona təzyiqlər edirdi. Hətta bir neçə dəfə dilə tutmaq üçün onu partiyanın qərargahına dəvət edib hədə-qorxu gəlib. O, Namət ?sən bu işdən kənar ol? əmrini versə də buna nail ola bilmədi. DSK sədri və üzvləri yanında Namət ona ?siz neyləsəniz da bu dəfə Bahar xanımın səsinin oğurlaya bilməyəcəksiniz? dedi. Onu yolundan döndərə bilməyəcəyini görən YAP sədri onu və DSK sədrini həbslə hədələdi. 7. Biz 10 imza vərəqini DSK-ya təqdim etdik. DSK sədri Ümid partiyasının təmsilçi katibinin yanında Seyfi Həsənov bildirdi ki, ?sizin imzalar pasport qeydiyyatı idarəsinin ekspertizası tərəfindən yoxlanıldı. Ekspertiza sizin imzalarınızdan 24-ü etibarsız sayıb. Yerdə qalanlar isə yetərlidir. İndi qalır iclasın keçiriləcəyi gün?. 8. Mən iclasda iştirak etmək istədiyimi bildirdikdə İ.Əhmədov əvvəlcə mənə iclasın oktyabrın 1-də olacağını dedi. Sonradan iclas oktyabrın 2-ə, 2-dən 4-ə, 4-dən 5-ə keçirildi. Səbəbini soruşduğumda İ.Əhmədov ?Biz özbaşına deyilik. MSK-dan əmr gözləyirik. Mən icraçıyam, şəxsən Məzahir Pənahovun göstərişidir?. 9. Məzahir Pənahov niyə belə bir göstəriş versin ki, sualına DSK sədri belə cavab verdi ki, onu gedin Məzahir Pənahovdan soruşun. O, bu söhbətdən sonra dərhal gizlincə işçi qrupunu yığıb guya MSK-dan mənim namizədliyimin qeydə alınmaması üçün göstəriş aldığını bəyan edib, deyib ki, ?Bahar xanımı qeydə almamalıyıq, necə edək ki, xanımın imzalarını saxtalaşdıraq? 10. Sonra İ.Əhmədov imza vərəqəsində adı olan insanları, xüsusilə də dövlət müəssisəsində çalışanları bir-biri otağına gətizdirib, onlara ?Sizinlə bərabər məni də hədələyirlər. Siz imzalarınızdan imtina etməlisiniz. çıxış yolu budur? deyib, lakin uzun-uzadı hədə-qorxudan sonra o, yalnız iki-üç nəfərin imtina ərizəsinin almasına nail olub. YAP sədri T.Abdullayev və icra başçısının müavini Allahverdi Səfərov İ.Əhmədova mənim namizədliyimin qeydə alınmaması üçün yol tapması əmrini verərək ona hədə-qorxu gəlib. İ.Əhmədov isə yeganə yol kimi YAP üzvü Namət Qasımovu göstərərək bildirib ki, ?o, mənim sözümə baxmır. Siz onu dilə tutun. Gəlsin DSK-da Bahar xanım üçün yığdığı imza vərəqlərindən imtina etsin?. Bundan sonra Namət təzyiq və basqı altında DSK-ya gətirilib. İ.Əhmədov ona ?ya yığdığın ərizələrdən imtina edəcəksən, ya da burdan bir başa polis şöbəsinə gedəcəksən? əmrini verib. Və onun qarşısına mənim imza vərəqlərimi qoyub. Əlacsız qalan Namət təyziq altında mənim üçün yığdığı imzalarından imtina edərək zorla ərizəni yazıb. Beləcə, mənim 100 imzam bu ərizənin nəticəsində etibarsızlaşdırılıb. Namət Qasımov DSK-dan çıxan kimi özü mənə zən gedərək dedi ki, ?Bahar xanım, sizin üçün mənə ərizə yazdırdılar, camaatı DSK-da döyürlər?. 11. Təzyiq altında yazılan izahata arxalanan İ.Əhmədov bundan istifadə edib, heç bir iclas və mənim iştirakım olmadan, namizədliyimin qeydə alınmaması barədə gecə ikən bir başa MSK-ya və Prezident Aparatına xəbər verib. Səhəri gün isə o, bu vəziyyətdən çıxmaq üçün rayon icra başçısı Lütfəli Babayevdən əmr aldığını deyib. Lütfəli Babayev isə məsələdən bir gün sonra xəbər tutduğunu bildirib. 12. Bütün bu olanlardan sonra DSK sədri mənə telefon açdı: ?Bahar xanım sizin imzalarınızın 37-si keçərli olmadı. Amma namizədliyiniz qeydə alınmalı idi. Sadəcə YAP üzvünün imtina ərizəsi hər şeyi dəyişdi: ?MSK-dan və arxanızda dayanan adamlara deyin ki, bura zəng etsinlər?. Zəng nə üçün olunmalıdır sualına DSK sədrinin cavabı belə olub ki, ?DSK-da baş vermiş məsələdən Lütfəli Babayev xəbər tutub. Gecə ikən də o, Bakıya MSK-ya və Prezident Aparatına teleqram vurub. Neyləsəm də qarşısını ala bilmədim. Jalənin adamları imkan vermədi. Onlar həm məni, həm də Lütfəli Babayevi küncə sıxdılar. Mən onun millət vəkili olmasını istəmirəm. Keçən seçkidə də saxtakarlıqla keçib. İndi də buna çalışır. Beş ildə bir dəfə rayona gəlməyib. Hələ bu harasıdır. Sənin seçicilərdən aldığın səsləri ona verəndə mənə pul boyun olmuşdu. Beş ildə bir dəfə əlini cibinə salmadı. Bu dəfə deyəsən əli cibində gəlib. Əgər siz ondan diri tərpənsəniz məsələniz həll olunar?. Bu nə deməkdir sualını DSK sədrinin cavabı bu olub ki, ?DSK sədrləri də bundan qazanır. Qeydiyyat elə belə deyil ki?. 13. Mən dəfələrlə İ.Əhmədovdan nə vaxt qeydiyyata alınacağım haqqında sual versəm də o, bu həqiqətləri məndən gizlədib. Dünən, 05 oktyabr 2010-cu il tarixdə saat 15-də iştirakım və xəbərim olmadan DSK sədri iclas çağırıb, mənim namizədliyimin qeydə alınması üçün imzaların yetərsay olmadığını, namizədliyimin qeydiyyatından imtina edilməsi barədə qərar elan edib. Mən bu xəbəri digər namizədlərdən eşitmişəm. Bu qanunsuz hərəkətləri ilə bağlı DSK sədrinə telefonla zəng etsəm də, iki gündür ki, nə telefonuma cavab verir, nə də mənimlə görüşür. Bu qərar hələ də mənə verilməyib. II. Tələbin hüquqi əsası Faktlardan da göründüyü kimi, seçki işinə dövlət orqanlarının vəzifəli şəxsləri, habelə digər müdaxilə etməsi qadağan olunan şəxslər kobud müdaxilə ediblər. Bu Seçki Məcəlləsinin 11-1-ci maddəsinin kobud pozuntusudur. Seçki Məcəlləsinin 11-1-ci maddəsində deyilir ki, hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır. Seçki Məcəlləsinin 11-1.2-ci maddəsinə əsasən, Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İstər, Zərdab rayon YAP-ın sədri, istər DSK sədri, icra nümayəndəsi seçki məcəlləsini bu tələbini, həm də dəfələrlə kobud pozublar. Seçki Məcəlləsinin 55-ci maddəsinə əsasən, tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək (55.2.1.), dövlət orqanlarının, təşkilatlarının, bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə, informasiya, telefon vasitələrindən imzaların toplanması və seçkiqabağı təşviqat üçün istifadə etmək (55.2.3.) vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması kimi başa düşülür. Seçki Məcəlləsinin Maddə 55.1-ci maddəsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Bütün bu pozuntular və irəlidə adı çəkilən pozuntular məcmu halda ərizəçinin Konstitusiyanın 25-ci və Seçki Məcəlləsinin 55-ci maddəsi ilə təminat verilən bərabərlik hüququnu pozub. Seçki məcəlləsinin 56-cı namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması namizədin təsdiq olunub-olunmaması barədə qərarın qəbul edildiyi gündən başlanır. DSK sədri bu tələbi də pozub. Daha kobud müdaxilələr, hansılar ki, nəticə etibarilə mənim namizədliyimin qəbuylundan imtina ilə nəticələnib, bu imzaların toplanması işinə, xüsusən də imza atanlara qarşı hədə-qorxu, çəkindirmə işləri, imzaları toplamış Namət Qasımovun topladığı imzaların düzgünlüyünü inkar etməyə məcbur edilməsi olub. Seçki Məcəlləsinin 57-ci maddəsinə əsasən, İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. Bundan başqa, qərar qəbulu prosesi də eyni aqibəti yaşayıb. Bu pozuntular isə həmin qərarın əsassızlığı, DSK sədrini və digər müdaxiləyə yol vermiş şəxslərin cəzalandırılması üçün əsasdır. Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Müvafiq seçki komissiyası imza vərəqlərini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Seçki Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 58.1-58.1.6-ci maddələrində göstərilən sənədlərin qəsdən buraxılmayan səhvlər aşkar edilərsə müvafiq seçki komissiyası namizədi 48 saat ərzində məlumatlandırmalı və buraxılan səhvlərini düzəldilməsini təklif etməlidir. Lakin işin hallarından məlum olduğu kimi, Zərdab şəhəri 92 saylı Zərdab?Ucar seçki dairəsi namizədin qeydiyyatı məsələsini həll edərkən ona bu barədə heç bir məlumat verməyib. Onun izolyasiya edilməsi üçün DSK əlindən gələni edib. Belə ki, Seçki Məcəlləsinin həm 60.4?cü, həm 60.2.2-ci, həm də 58.2-ci maddəsi buraxılan səhvlərin düzəldilməsi imkanını, bunun üçün namizədin və ya onun nümayəndəsinin xəbardar olmasını və iştirakını nəzərdə tutur. Lakin DSK bu normaların heç birini nəzərə almayıb. İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması qaydaları Seçki Məcəlləsinin 59-cu maddəsində müəyyən edilib. Seçki Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, imza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Lakin DSK namizədin və onun səlahiyyətli nümayəndəsinin bu hüququnu təmin etməyib. Lakin bununla kifayətlənməyən DSK Seçki Məcəlləsinin onu üçün müəyyən etmiş vəzifələrin yerinı yetirməkdən də yayınıb. DSK Seçki Məcəlləsinin həm 59.3-cü, həm də 54.10-cu maddəsinin tələblərini nəzərə almayaraq, imza vərəqlərinin və digər sənədlərin yoxlanılması prosesində namizədin və ya onun nümayəndəsinin iştirakını təmin etməyib. Seçki Məcəlləsinin həm 59.3-cü maddəsi tələb edir ki, müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneəçilik törədə bilməz. İmza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. Lakin sözügedən DSK namizədə, onun səlahiyyətli nümayəndəsinə xəbər vermədən, onların iştirakını təmin etmədən, onları məlumatsız saxlamaqla sənədlərin yoxlanılması prosesindən uzaqlaşdıraraq qərar qəbul edib. Seçki Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Müvafiq olaraq seçki Məcəlləsinin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər qismində, imzaların sayının və təqdim edilmiş sənədlərin çatışmazlığı, sənədlərin məzmununda (mahiyyətində) deyil, rəsmiləşdirilməsində olan qüsurlar göstərilib. Seçki Məcəlləsinin 59.3-cü, göründüyü kimi, qanunvericilik namizədliyin qeydə alınması prosesində sənədlərdə problemlərin ola bilməsini, istər sənədlərin kəmiyyətinə görə, istər təyinatına, məzmununa, əldə edilmə qaydasına və mənbələrinə görə, onların kifayət qədər müxtəlif olduqları səbəbindən çoxsaylı qüsurların ortaya çıxa biləcəyini nəzərə alaraq, bu qüsurların, xüsusilə də formal qüsurların namizədlərin qeydə alınmasında lüzumsuz maneəyə çevrilməsinin qarşısını almaq üçün tədbirlər nəzərdə tutur. Əvvəla, prosesin şəffaflığını və ictimai nəzarətini təmin etmək üçün, namizədin, siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndəsinin, bir sözlə qərarın maraqlarına toxunula biləcəyi subyektlərin yoxlama prosesinə qatılmasını, buna şərait yaratmağı qanunverici öhdəlik kimi seçki orqanın üzərinə qoyur, onların bu hüququndan imtina etməyə, ondan geri çəkilməyə imkan verilmir. Hər xırda qüsurun özünün maneəyə çevrilməsinin, seçki orqanlarının əlində manipulyasiya vasitəsinə çevrilməsinin qarşısını almaq üçün qanunvericilik namizədliyin qəbulundan imtina üçün qəti əsaslar müəyyən edir. Lakin aşkar edilərsə, qüsurların aradan qaldırılmasında operativliyi təmin etmək üçün, bu zaman namizədliyinin qeydə alınmasında maraqlı olan şəxsin özünün də prosesə cəlb edilərək aktivliyini təmin etmək məqsədilə qanunvericilik qabaqcadan onların xəbərdar edilməsini nəzərə tutur. Lakin göründüyü kimi, bərabərlik, aşkarlıq prinsiplərini pozuntusu, kobud müdaxilə və kobud pozuntular nəticəsində mən qanunsuz olaraq namizədliyimin qəbulundan məhrum edilmişəm. III. Tələbim Yuxarıda qeyd edilənləri və Konvensiyaya dair 1 saylı Protokolun 3-cü maddəsini və Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq, xahiş edirəm: 1. 92 saylı Zərdab?Ucar Seçki Komissiyası vəzifəli şəxsləri tərəfindən edilmiş qanunsuzluqlar lazımi qaydada cəzalandırılsın, habelə həmin şəxslərin və adıçəkilən pozuntuları törətmiş digər şəxsləri məsuliyyətə cəlb edilməsi məsələsinin həlli istiqamətində tədbirlər görəsiniz. 2. DSK-nın qanunsuz qərarını ləğv edəsiniz. Qeyd: Şikayətimə baxılan zaman iştirakımı təmin etməyinizi xahiş edirəm. 06 oktyabr 2010-cu il Bahar Rüstəmli

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA