Mirmahmud Mirəlioğlu: "AXCP ilə Müsavatın birləzməsi xalqın vecinə də deyil"

img

03-10-2010 [04:58]


[b]"Biz deyəndə birləşək, qəbul etmirdilər. Gərək kimsə kənardan deyəydi, hansısa qüvvə təzyiq edəydi, sonra birləşəydilər? Biz də onu qəbul etmirik" [/b] Bir müddət öncəyə qədər Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və onun daxil olduğu Demokratiya Uğrunda İttifaq (DUİ) müxalifət qüvvələrinin bir araya gəlməsi üçün ciddi səy göstərsələr də, seçkiöncəsi nədənsə bu niyyətlərindən vaz keçdilər. Belə ki, parlament seçkilərində əksər qüvvələr bir araya gələrək seçki bloku yaratdılar, amma KXCP və onun müttəfiqləri hər hansı bir seçki bloku yaratmadılar. Hətta Rəsulzadə-Elçibəy xəttinin davamçıları olan Müsavat və AXCP-nin yaratdığı bloka da qoşulmadılar. Görəsən, seçki ərəfəsində KXCP və müttəfiqləri niyə bloklaşmadan kənarda qaldılar? Rəsulzadə-Elçibəy yolunun davamçıları olaraq AXCP-Müsavat birliyinə niyə qoşulmadılar? Bu və digər suallarımızı KXCP sədri Mirmahmud Mirəlioğlu cavablandırdı: - Öncə onu deyim ki, bizim birliyimiz var. Demokratiya Uğrunda İttifaqın özü elə müxalifət birliyidir. Adı blok olmasa da, ciddi bir birlikdir və kifayət qədər irəliləyişdir. Bu günə kimi parlament seçkilərində bu qədər partiya bir yerdə olmayıb. Amma məlum olduğu kimi, DUİ-də kifayət qədər qüvvə bir araya gəlib. [b]- Axı, Siz daha geniş birliklərin tərəfdarı idiniz... [/b] - Bundan o tərəfi alınmayıbsa, narahat olmağa dəyməz. [b]- Siz aparıcı müxalifət partiyalarının bir yerdə olmasını önəmli sayırdınız... [/b] - Hesab edirəm ki, kifayət qədər aparıcı müxalifət partiyaları bir aradadır və onlar DUİ-də birləşiblər. [b]- Mirmahmud bəy, müxalifətin gündəmində olan məsələlərdən biri də AXCP-nin Müsavatla birləşmə qərarıdır. Siz bu iki partiyanın birləşməsinə necə baxırsınız? [/b] - Özləri bilərlər, birləşib-birləşməmək onların daxili işləridir. Hesab edirəm ki, kənardan kiminsə işinə qarışmaq doğru deyil. [b]- KXCP-nin də hansısa format tapıb bu birliyə qoşulması mümkündürmü? [/b] - Hazırda belə bir planımız yoxdur. Heç bu barədə düşünmürük də. [b]- Bir müddət öncəyə qədər birlik çağırışı edənlərin ön sırasında Siz dururdunuz. İndi nə dəyişib? [/b] - O dəyişdi ki, biz deyəndə heç kim bir araya gəlmədi. Bilirsiniz, istənilən birlik qarşılıqlı anlaşma şəraitində olmalıdır. Tərəf müqabilləri mütləq qarşılıqlı anlaşmalıdırlar ki, nəticə olsun. Biz deyəndə birləşək, qəbul etmirdilər. Gərək kimsə kənardan deyəydi, hansısa qüvvə təzyiq edəydi, sonra birləşəydilər? Biz də onu qəbul etmirik. [b]- Yəni, AXCP ilə Müsavat kənar qüvvənin təzyiqi ilə birləşirlər? [/b] - Mən elə hesab eləmirəm. Sadəcə olaraq, deyirəm ki, mən deyəndə niyə qəbul etmirdiniz, siz deyəndə mən niyə qəbul etməliyəm? Mən deyirdim birləşmək lazımdır, deyirdilər ki, beş-altı aydan sonra olar. Beş-altı aydan sonra yenə də deyirəm, amma qəbul eləmirlər. Nə oldu, nə dəyişdi ki, birləşirsiniz? Bu cür birləşməni də biz qəbul etmirik. [b]- Belə çıxır ki, indi də Siz tərslik edirsiniz? [/b] - Üzr istəyirəm, səhv edirsiniz! Söhbət tərslikdən getmir. Söhbət ondan gedir ki, nə təhər olur, biz "qeyd-şərtsiz birləşək",- deyəndə qəbul etmirlər. Gərək gedib hansısa quyunun, uçurumun kənarında dayansan, ondan sonra hansısa qərar qəbul edəsən. Bu doğru deyil. [b]- Bir az aça bilərsinizmi, bu uçurum, quyu nədir? [/b] - Hər halda seçki ərəfəsində nəyinsə təsiri və təkidi ilə birliyə gedilirsə, mən bunu doğru saymıram. Ona görə də biz bu yolda yürüyə bilmərik. [b]- Məlumata görə, bu birlik Qərbin istəyi və yarana biləcək ekstremal situasiyaya hesablanıb. Siz buna görə bir qədər kənarda dayanmısınız? [/b] - Düzü, belə hesab etmirəm. Əslində bu, müsahibə söhbəti deyil. Bu barədə faktım yoxdur. Ona görə də faktsız danışmaq doğru olmazdı. Birləşə bilənləri də, birləşmədən sui-istifadə edənləri də, hamını seçki düşündürür. Mənə elə gəlir ki, indi seçki ilə məşğul olmaq lazımdır. Görürəm ki, Azərbaycan mediası bu birləşmə məsələsinə birləşməli olanlar və yaxud birləşənlərin özləri bu qədər ciddi yanaşırlar. Deyərdim ki, bu gün bu birləşmə məsələsini media diqqətdə saxlayır və onu önəmli bir məsələ kimi təqdim edir. [b]- Niyə ki, AXCP ilə Müsavat yetkililəri partiyaların birləşməsinin sosial sifariş olduğunu bildirirlər. [/b] - AXCP ilə Müsavatın birləşməsi xalqın vecinə də deyil. Ümumiyyətlə, bu məsələlər xalqı maraqlandırmır. [b]- Bəs, Siz birlikdən danışanda xalqın vecinə idimi? [/b] - Xeyr. Heç onda da birləşmə və bu kimi məsələlər kimsənin marağında deyildi. Ona görə də bu cür açıqlamalar birliyin yaranmasını şişirtməkdən başqa bir şey deyil. Onu da deyim ki, bu məsələdə də əsas rolu Azərbaycan mediası oynayır. [b]- Müsavat, AXCP, elə Sizin də partiya demək olar ki, eyni sosial bazadan formalaşıb, onları bizdən də yaxşı tanıyırsınız, bu partiyaların bir araya gəlməsi nə qədər realdır? [/b] - Bu məsələlər məni maraqlandırmır. Bunu təhlil etmək, ümumiyyətlə, heç bir fikir bildirmək istəmirəm. Bir də ki, hələ heç bir birləşmə yoxdur. Tərəf müqabillərdən biri qərar qəbul edir, o birisi də deyir ki, hələ seçkidir, seçkidən sonra baxarıq. Yəni, seçkidən sonra bu birləşmə məsələsi tamamiylə baş-ayaq da ola bilər. Yaxud da daha gözəl şəkildə alına da bilər. Bu da onların şəxsi işləridir. Ona görə də onların şəxsi işlərinə qarışmaq niyyətində deyiləm. [b]- Başqa mövzuya keçək. Hazırda seçkinin ilkin mərhələsidir. Siz də bu mərhələdə iştirak etmisiniz, vəziyyət necədir? [/b] - Təqvim planı var, qanun var, Seçki Məcəlləsində nəzərdə tutulan məsələlər var, indi onlar həll olunur. Bizim necə adlandırmağımızdan asılı olmayaraq, bu mərhələni gözləmək lazımdır. Hamı üçün imzatoplama kampaniyası bitməyib. Bəzilər hələ qeydə alınmayıb. Hətta bəziləri indi ərizə ilə müraciət etməyə başlayıblar. Yəni, hələlik proses gedir. [b]- Müdaxilələrin, yerli icra strukturlarının təzyiqlərinin olduğu bildirilir...[/b] - Həmişəki kimi seçkiöncəsi vəziyyət ağır-stabil olaraq qalır. Qanunsuzluqlar, müdaxilələr, təzyiqlər var və demək olar ki, bu qanunsuzluqlar qanuni qüvvəyə minib. Yəni, Azərbaycanda qanunsuzluqlar həyat tərzinə çevrilib. Artıq məmurlar özləri qəbul ediblər ki, onların vəzifəsi elə bu qanunsuzluqları, bu haramı etməkdir. Ona görə də heç nə dəyişməyib, hər şey əvvəlki kimidir, qanunsuzluq, haqsızlıq baş alıb gedir. [b]- Müxalifət seçkiyə bir neçə blokla gedir. Necə dəyərləndirirsiniz, müxalifətin perspektivi varmı? [/b] - Seçkidə hər kəsin şansı var. İlk dəfə seçkidə iştirak edən şəxs belə şanslıdırsa, deməli, hər kəs şanslıdır. Belə lazımimiş ki, belə də olub. İnsanların haqqına hörmət eləmək lazımdır. Adam özünü şanslı bilib, namizədliyini irəli sürüb. Burada qeyri-adi bir şey yoxdur. [b]- Bəs, reallığı nəzərə almırsınız? [/b] - Azərbaycan reallığı bizim dediklərimizi təsdiq edir. [b]- YAP bir neçə dairədən namizədini dəyişsə də, siyahı bəllidir. Opponentinizin vəziyyətini necə dəyərləndirirsiniz? [/b] - Normal bir şeydir. Kimi istəyiblər, kimi güclü sayıblar, onun da namizədliyini irəli sürüblər. Bu, partiyanın daxili işidir. Bir zamanlar bu məsələyə bir qədr həssas yanaşırdıq. Görünür, zamanın özündən doğan məsələ idi ki, belə bir mövqe tutulurdu. İndi də hər şeyi buraxmışıq zamanın ixtiyarına. Bu məsələlərə müxalifətdən müxtəlif mövqelər bildirilir. Bununla bağlı kəskin etirazları doğru saysam da, özüm üçün məqbul hesab eləmirəm. [b]- Elə Sizin dairənizdən də YAP öncə elan etdiyi namizədini geri çağırdı və ordan Musa Qasımlının namizədliyi dəstəklənir. Bütün bunları nəzərə alaraq, öz şansınız barədə nə deyə bilərsiniz? [/b] - İndiyə olan məlumata görə mənim dairəmdən 15 namizəd var. Müxtəlif söhbətlər var ki, YAP-ın namizədi filankəsin xeyrinə namizədliyini geri götürüb. Bəlkə elə bizim xeyrimizə belə bir addım atır. Bunların hamısı hələlik söz-söhbətdir. Amma mən hətta 50 səs belə alan namizədə hörmətlə yanaşıram. Yəni, bu dəfə taktikanı dəyişmişəm. Hesab edirəm ki, onları da şanslı namizəd saymaq lazımdır. [b]- Parlament seçkilərində qalib gəldikdən sonra ilk dəfə mandatdan imtina edən şəxs olmusunuz. Bu dəfə necə, saxtakarlıq olarsa, analoji addımı ata bilərsinizmi? [/b] - Qətiyyən o fikirdə deyiləm. Bir işi bir dəfə görürlər. Məndən də başqa seçilə biləsi 124 nəfər var. Hələ bu nümunəni 124 dəfə təkrar eləmək şansı var. Qoy, başqaları eləsin. Nə vaxtsa etdiyimi təkrarlamaq niyyətində deyiləm. [b]- Son olaraq, indiki şəraiti, müxalifətin vəziyyətini, iqtidarın mövqeyini, cəmiyyətin əhval-ruhiyyəsini nəzərə alaraq 7 noyabrdan nə gözləyirsiniz? [/b] - 1993-cü ildən bəri keçirilən seçkilərdən elə də fərqli bir seçki olmayacaq. Beş il bundan qabaq ən kəskin münasibət bildirənlər sırasında biz də vardıq. Nəticələri tanımayanlar, seçkiyə gedənləri qınayanlar var idi. Həmin parlamentə gedənləri qınayanlar bu gün həmin parlamentdə oturanların dairəsindən namizəd irəli sürmədilər. Yəni, beş ildən sonra bütün məsələlərdə barışdılar. Əslində elə beş gündən sonra barışmaq lazım idi. Bütün bunların hamısını 2010-nun noyabrında yaşayacağıq. Sadəcə, bir qədər fərqli olacaq, radikalizm bir qədər az olacaq. Mənim gözləntilərim budur. Ola bilsin ki, mənim gözləntilərim özünü doğrultmasın. [b]- Bəs, seçkisonrası necə, əvvəlkilər kimi sadəcə müxalifətin bəyanatları ilə bitəcək, yoxsa... [/b] - Növbəti seçkilərdən biri olacaq. 7 noyabr dünyanın sonu, 8-noyabr dnyanın başlanğıcı deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA