27-09-2010 [06:07]
[b]Qurban Məmmədov: "Real müxalifət nümayəndəsi əvvəlcədən hansısa mövqeyini satmasa, nəyəsə vəd verməsə, öhdəlik götürməsə, parlamentə düşə bilməz!" [/b]
Məlum olduğu kimi, müxalifət partiyaları qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün müxtəlif seçki bloklarında bir araya gəliblər. Azərbaycan Demokrat Partiyası (ADP) da Ümid və Aydınlar partiyaları ilə "Qarabağ" Seçki Blokunu yaradıb. ADP-nin əsas simalarından olan tanınmış hüquqşünas Qurban Məmmədov isə 2005-ci il seçkilərində aktiv iştirak etsə də, budəfəki marafona qoşulmayacaq. İctimai-siyasi durum, seçkiöncəsi vəziyyət, seçkinin nəticələri ilə bağlı fikirlərini bizimlə bölüşən Q.Məmmədov öncə ADP-dən və siyasi proseslərdən kənarda dayandığını bildirdi.
- Əvvəla, mən özümü ADP-nin üzvü, yaxud ADP-ni öz partiyam kimi hesab etmirəm. Çünki mən, praktiki olaraq, partiya ilə əlaqələrimi kəsmişəm. Seçkiyə gəldikdə isə, mən təkcə ADP-nin yox, ümumiyyətlə, bu seçkidə axıra qədər iştirak edəcək qüvvələrin səhv yolda olduğu qənaətindəyəm. Çünki bu qanunsuz seçkilərdə iştirak eləmək hansısa cinayətkar qrupların hakimiyyəti məhz bu üsulla ələ keçirməsinə qanuni don geydirmək məqsədi daşıyır. Yəni, dövlət çevrilişinin başqa adı yoxdur. Silahlı çevrilişdən fərqli olaraq, bu cür çevrilişlər qansız-qadasız, hay-küysüz, tapançasız, topsuz olur. Amma faktiki olaraq, ölkədə dövlət çevrilişi baş verir. Yəni, Azərbaycanda seçkilər bəzi cinayətkar qrupların xalqa məxsus olan hakimiyyəti zorla ələ keçirməsinin yeni metodudur. Hesab edirəm ki, bu prosesdə əsas müxalifətin iştirakı düzgün deyil.
[b]- Onda hansı addımı atsınlar, oturub gözləsinlər ki, nə zaman vəziyyət özü düzələcək? [/b]
- Yox! Mən oturub gözləməyin də tərəfdarı deyiləm. Real siyasi mübarizə aparmaq, ilk növbədə xalqın arasına getmək lazımdır. Bu müxalifət yaxşı bilir ki, çoxdan bu bataqlığa düşüb. Xalqın özü də düşdüyü bu vəziyyəti dəyişdirməyə hazır olmalıdır. Əks təqdirdə bəli, gözləməkdən başqa yol yoxdur. Tarixdə belə hadisələr, belə dövrlər çox olub. Bu gün Azərbaycan xalqı tam aciz vəziyyətdədir, müxalifətin əlindən bir şey gəlmir, hakimiyyət də öz istədiyini edir. Ölkə başdan ayağa korrupsiya və rüşvət içində batır, xalqın güzəranını düşünən hakimiyyət yoxdur. Ölkə anarxiya vəziyyətindədir, qanunsuzluq baş alıb gedir. Bir sözlə, it yiyəsini, yiyəsi də öz itini tanımır. Seçki qanunu anormal, seçki komissiyası neçə illərin cinayətkar fəaliyyəti ilə məşğul olan adamların yığnağıdır. Belə ölkədə necə seçki keçirilə bilər? Bizdə seçki keçirilmir, sadəcə, protokollar elan olunur.
Mən, 2005-ci ilin seçkilərində iştirak elədim. İkinci dəfə həmin bataqlığa girmək ayıbdır. Ona görə də hesab edirəm ki, bəzi ağıllı müxalifətçi qüvvələr müəyyən mərhələyə qədər getməli və xalqa öz sözlərini deməlidirlər. Amma müəyyən mərhələdə dayanmalıdırlar. Yenə də deyirəm, kim sona qədər gedəcəksə, deməli, hakimiyyətin ssenarisi ilə hərəkət edir.
[b]- Müxalifət liderləri isə seçkiyə getməyi vacib sayır, hətta bəziləri müəyyən dəyişikliklərin gözlənildiyini bildirir...[/b]
[i]- (Gülür) [/i]Əgər həqiqətən də bu, sizə maraqlıdırsa, jurnalist təhqiqatı apırın. O cür çıxış edən müxalifət liderləri var ki, 90-cı ildən bu yana bütün seçkiqabağı çıxışlarına baxın, görəcəksiniz ki, heç bir fərq yoxdur və nəticə nədir. Nəticəsi həmişə sakit dayanmaq, mübarizəni passiv istiqamətə yönəltmək, xalqın kükrəyən qəzəb və nifrətini əsassız yerə istiqamətləndirmək, yavaş-yavaş narazılıq dalğasını yatırtmaq olub. Müxalifətin siyasəti budur. Mən artıq belə oyunbazlıqların içərisində olmaq istəmirəm.
[b]- O müxalifətin sıralarında Siz də var idiniz, qardaşınız Sərdar Cəlaloğlu da, digər müxalifət liderləri - İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət də. Dedikləriniz sadaladıqlarıma da aiddir? [/b]
- Öncə onu deyim ki, siyasətdə qohumluq münasibətləri yoxdur. Mənim dediyim sözlər də seçkidə sona qədər iştirak edəcək bütün müxalifət liderlərinə aiddir.
[b]- Hamı sona qədər gedəcəyini bildirir... [/b]
- Mən özüm görmüşəm ki, Azərbaycanda normal demokratik seçki mühiti yaradılmır. Seçki qaunu bərbad vəziyyətdədir, MSK cinayətkar fəaliyyətlə məşğuldur, Azərbaycan xalqının hürr iradəsi saxtalaşdırılıb, hətta adi bələdiyyə seçkilərində belə seçki keçirilmir, parlament seçkilərində də deputatlar mandatı tapşırıqla əvvəlcədən alırlar. Seçki isə beynəlxalq aləmi aldatmaq üçün pərdəyə çevrilir.
[b]- Axı, müxalifətdən də parlamentə düşənlər olur... [/b]
- Azərbaycanda müxalifət nümayəndəsi heç zaman parlamentə düşməyib, bundan sonra da düşməyəcək. Bu və ya digər mövqeyini satmayan adam parlamentə düşə bilməz. Mənim özümə də vaxtiylə müəyyən təkliflər oldu, imtina elədim. Yəni, bütün bunlar göz qabağındadır. Mən istəsəydim, iki dəfə sonuncu seçkilərdə iştirak edə bilərdim, həbsdən çıxandan sonra olardım deputat. Təbii ki, təklifləri qəbul elsəydim. Bilirsiniz, elə şeylər var ki, demək də olmur. Amma mən sizə deyirəm, Azərbaycanda heç bir real müxalifət nümayəndəsi əvvəlcədən hansısa mövqeyini satmasa, nəyəsə vəd verməsə, öhdəlik götürməsə, parlamentə düşə bilməz!
[b]- Qurban bəy, bir məsələni də soruşmaq istəyirəm. Hazırda parlamentdə başda Pənah Hüeyn olmaqla, Müsavat deputat qrupunun üzvləri də var. Necə düşünürsünüz, onlar da hansısa mövqelərini sataraq parlamentə düşüblər?
[/b]
- Mənim Pənah bəyin şəxsiyyətinə, təcrübəsinə böyük hörmətim var. Xalq hərəkatının birinci günündən bir yerdə, bir səngərdə olmuşuq. Sadəcə olaraq, Pənah Hüseyn - mən də daxil olmaqla,- bir çoxlarından ağıllı hərəkət edərək, parlamentə düşmək üçün hakimiyyətlə müəyyən məsələlərdə razılığa gələ bilib və mandat alıb. Mənim kimi adamların belə qabiliyyəti yoxdur deyə, kənarda qalır. Hərənin öz metodu var. Ola bilsin ki, o adamlar bu yolla parlamentə düşüb xalqa xidmət etməyə üstünlük verirlər. Amma nəticə yoxdursa, deməli, bu metod səhvdir. İstənilən prosesin düz olub-olmamasını onun nəticəsi müəyyənləşdirir. Diqqət yetirin, son parlament seçkilərində parlamentə bir neçə müxalifətçi düşüb, nəticə nə olub, heç nə. Əksinə, hakimiyyət bu müxalifətçilərin hesabına öz cinayətkar əməllərinə qanuni don geyindirib. Dünyaya göstərir ki, guya Azərbaycanda demokratik mübarizə gedir, müxalifət parlamentə düşür. Açığını deyim ki, kəlbəcərli, şahbuzlu, yaxud lerikli Tükəzban xala nə bilir ki, İsa Qəmbər kimdi, Sərdar Cəlaloğlu kimdi? Millətin əksəriyyəti nə bilir ki, deputat nədir, qanun nədir? Seçki sisteminin özündə səhvlik var.
[b]- Təklifiniz nədir? [/b]
- Proporsional seçki sisteminə keçilməlidir. Xalq da partiyaya səs verməlidir. Xalq bütövlükdə ayrı-ayrı namizədləri tanıya bilməz. Bu baxımdan, hesab edirəm ki, bu seçki mafioz qrupların hakimiyyəti ələ keçirmək kimi cinayətkar fəaliyyətinə don geydirmək məqsədi daşıyır.
[b]- O fikirlər də səslənir ki, parlament seçkiləri hakimiyyət daxilindəki qruplaşmalar arasındakı mübarizəni daha da şiddətləndirib... [/b]
[i]- (Tələsik)[/i] Gəlin xalqı aldatmayaq. Hakimiyyət daxilində qruplaşmaların olması, bu gün sabah parçalanıb dağılacağı kimi informasiyalar hakimiyyətin mətbəxində hazırlanır və bəzi müxalifət qəzetlərinin vasitəsi ilə ictimaiyyətə ötürülür. Burada bir məqsəd var: müxalifət qüvvələrini bu seçkilərdə iştiraka təhrik eləmək. Guya hər şey yaxşı olacaq, bunlar özləri bir-birini qırırlar. Azərbaycandakı kimi hakimiyyətlərdə belə şeylər mümkün deyil. Çünki adətən monarxlar ətrafına şəxsiyyət yığmır ki, onlar qrup yaratsın, mübarizə aparsın. Əgər bu gün hakimiyyət daxilində qruplar varsa, deməli, bizdə demokratiya mövcuddur. Yəni, demokratik mühit var ki, hakimiyyətdə qrup yaranıb? Əgər müxalifət bu hakimiyyətin anti-demokratik olduğunu, ölkədə diktatura qurulduğunu idia edirsə, onda hakimiyyətdə qruplaşmanın olduğunu hansı məntiqlə əsaslandıra bilər?
[b]- Belə çıxır ki, hakimiyyətdə qruplaşma yoxdur? [/b]
- Xeyr, Azərbaycan hakimiyyətində heç bir qruplaşma yoxdur! Hər şey nəzarət altındadır, bütün proseslər bir məkəzdən idarə olunur. Məgər Azərbaycanda rəhbərlik bilmir ki, Dövlət Reyestr Xidmətində, məhkəmələrdə səhərdən axşama qədər rüşvət alınır? Bilmirlərsə, mən dedim. Əgər bilmirlərsə, onda öləkənin Milli Təhlükəsizlik Nazirliyi hara baxır? Bəyəm ölkənin iqtisadi təhlükəsizliyi şübhə altında deyilmi? Bilirsinizmi, bu qədər adi həqiqətləri peşəkar siyasətçilərin dərk etməməsi gülücdür. Ona görə də mən deyirəm ki, bu seçkidə sona qədər gedən müxalifət qüvvələrini xalq silib atmalıdır tarixin arxivinə! Müxalif qüvvələr imkan vermirlər ki, hakimiyyətin iç üzünü bütün çılpaqlığı ilə hər kəs görünsün. Budur, Azərbaycan müalifətinin əsas məramı. Xoşa gələn sözlərlə isə çirkin niyyətləri gizlətməyə dəyməz.
[b]- Deyirsiniz ki, hakimiyyətdə qruplaşma yoxdur. Amma elə parlamentin tərkibinə baxsanız, orada bir neçə qrupların nümayəndələrini görmək mümkündür. Əksər yüksək çinli məmur ya qardaşını, ya özünə yaxın adamları deputat seçdirir. Bir vaxtlar bildirilirdi ki, Kəmaləddin Heydərovun adamları... [/b]
[i]- (Sözümüzü kəsərək)[/i] Kəmaləddin Heydərov kimdir? O da bu hakimiyyəti təşkil edənlərdən biridir. Təbiidir. Müəyyən fərqlər ola bilər, biri rəngli, digəri rəngsiz olar, amma mahiyyət eynidir. Kəmaləddin Heydərov da, Ziya Məmmədov da, digərləri də bu hakimiyyəti təşkil edir və eyni "məram"a xidmət edirlər. Əgər bunların hərəsi bir tərəfə çəksə, öz mövqelərini ifadə etsələr, demək, ölkədə demokratiya var. Amma mən deyirəm ki, Azərbaycanda diktatura, anarxiya mövcuddur. Ölkədə qanun-qayda yoxdur. Belə bir şəraitdə qruplşmadan söhbət gedə bilməz. Rəhmətlik Heydər Əliyevin gözəl bir sözü var idi. Deyirdi ki, hərə gedib öz işi il məşğul olsun. Bir vaxtlar sosial müdafiə naziri ilə təhsil naziri arasında bir atışma oldu, İlham Əliyev də konret dedi ki, siyasətlə məşğul olmaq istəyən varsa, getsin işi ilə məşğul olsun. Bununla da elə bir qurbağa gölünə daş atdın. Yəni, deyilənlərin hamısı boş şeylərdir. Bütün bunlar müxalifətin və xalqın mübarizə əzmini aşağı salmaq, onu arxayınlaşdırmaq və seçiciləri həvəsləndirmək üçün buraxılan dezinformasiyalardır.