"Azərbaycan dövləti xalqla əlaqələrdə mediaya xüsusi önəm verir" - Prezidentin köməkçisi

img

26-12-2017 [19:19]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbiri açan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Sonra mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Prezidentin köməkçisi Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunduğunu qeyd edib: "Bu il islam dövlətləri arasında həmrəyliyi gücləndirmək üçün xaricdə və ölkə daxilində mühüm tədbirlər həyata keçirilib. Bu sırada İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd etmək istəyirəm".

Azərbaycan prezidentinin köməkçisi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyada azərbaycanlıların həmrəyliyinə nail olunması istiqamətində mühüm bayram olduğunu qeyd edib: "Azərbaycan dövləti xalqla əlaqələrdə mediaya xüsusi önəm verir. Media vasitəsi ilə dövlət siyasətini çatdırır, qarşılıqlı olaraq dövlətlə cəmiyyət arasında körpülər yaradılması üçün media körpüsündən istifadə edirik. 2017-ci il jurnalistika üçün uğurlu olub. Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək. Bu il jurnalistlərin bir qismi yeni mənzillərlə təmin olundu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, jurnalistlərə qayğı davam etdiriləcək".

Ə. Həsənov nəzərə çatdırıb ki, 2018-ci ildə KİV-lərlə birlikdə Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın törətdiyi Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilən digər soyqırımları dünya ictimaiyyətinə çatdırılacaq.

Daha sonra müsabiqədə birinci yeri tutan jurnalistlərə mükafatlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:17 17.06.2025

İsrail Livanı da vurdu 

12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq