Bakı - Tel-Əviv əlaqələri: Azərbaycan bundan sonra necə hərəkət edəcək?

img

14-12-2017 [12:23]


Elxan ŞAHİNOĞLU,

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq

***

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq aləmdə şok effekti yaratdı. Bu qərara ən kəskin reaksiya verənlərdən biri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan oldu.

Türkiyə İslam Əməkdaşlıq Təşkilatının hazırki sədri olduğundan Qüdslə bağlı təcili İstanbulda zirvə toplantısı çağırdı. Toplantıya Misir prezidenti və Səudiyyə Ərəbistanı kralı qatılmamışdı. Bunun iki səbəbi var idi.

Birincisi, Misir və Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı münasibətlərdə soyuqluq var. Ərdoğan Misirdə prezident Sisinin hakimiyyətə çevriliş yolu ilə gəlməsini tənqid etmişdi, Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı mübahisədə isə Dohanın tərəfini tutmuşdu.

İkincisi, Misir və Səudiyyə Ərəbistanı fələstinlilərə dəstək vermələrinə baxmayaraq, ABŞ-la sıx münasibətləri var. Ona görə də Misir və Səudiyyə Ərəbistanı Ərdoğanın Trampa qarşı platformasında yer almaq istəmədilər.

Ərdoğan İstanbul konfransında ilk dəfəydi ki, Donald Trampı kəskin tənqid edirdi. 

Türkiyə prezidenti yekun mətbuat konfransında Trampın adını bir neçə dəfə çəkərək, onun Qüdsü İsrailin paytaxt kimi tanımasını sərt tənqid etdi. ABŞ-Türkiyə münasibətləri buna qədər də soyuq idi. Ancaq Ərdoğan Vaşinqtonun Suriyadakı silahlı kürdlərə verdiyi dəstəyə və Fətullah Güləni Türkiyəyə esktradisiya etmədiyinə görə tənqid etsə də, Trampın adını çəkməzdi. Trampın Qüds qərarından sonra Ərdoğan artıq ABŞ prezidentinin də adını mənfi mənada çəkməyə başladı. Ərdoğan Trampa müraciət edərək Qüdslə bağlı qərarını dəyişməyə çağırdı. Ancaq ABŞ prezidenti geri addım atmayacaq, bu, Vaşinqtonun prestijinə zərbə olardı. Bundan sonra Trampla Ərdoğan arasında münasibətlər də gərgin olacaq, onların yaxın zamanlarda görüşməsi ehtimalı azalıb.

Azərbaycan prezidenti İlham Əliyev də İslam Əməkdaşlıq Təşkilatının toplantısına qatıldı. İlham Əliyev çıxışında Qüdsün İsrailin paytaxt kimi tanımasını yanlış qərar adlandırdı. Buna baxmayaraq, rəsmi Bakı Ankara kimi İsrailə qarşı sərt mövqedən çıxış etmək istəmir. İsrail Azərbaycana silah satan iki əsas ölkədən biridir. Azərbaycan bu bazarı itirmək istəmir. Üstəlik İsrail neftə olan tələbatının 40 faizini Azərbaycan nefti hesabına təmin edir.

Rəsmi Bakının mövqeyi belədir ki, BMT-nin İsrail-Fələstin münaqişəsiylə bağlı qətnamələri yerinə yetirilməlidir. Ancaq rəsmi Bakı İsraillə əlaqələrin kəsilməsi çağırışına qoşulmayacaq.

Digər tərəfdən İstanbulda Qüdslə bağlı toplantının keçirilməsi Azərbaycanın siyasi dairələrində və cəmiyətində belə bir sualı da aktuallaşdırdı: Qüdslə bağlı xüsusi toplantı keçirib Fələsitini dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı BMT qətnamələrini yerinə yetirməyən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıyla bağlı da xüsusi bir toplantı keçirə bilərmi?

İsrail Fələstinlə bağlı, Ermənistan isə Qarabağla bağlı BMT qətnamələrini yerinə yetirmir. Heç bir fərq yoxdur. Təsadüfi deyil ki, prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının İstanbul toplantısındakı çıxışında bir fikrini yenə təkrarladı: "Məscidləri dağıdan Ermənistan müsəlman dövlətlərinin dostu ola bilməz”.

Reallıqda isə müsəlman dövlətlərinin Ermənistanda səfirlikləri də var, müsəlman torpaqlarını işğal edən dövlətlə əməkdaşlıq da edirlər. Bu ikili standartlardır. Dünyada və müsəlman ölkələri arasında ikili standrtlar mövcud olduğuna görə də Azərbaycan bir neçə müsəlman ölkəsinin istəyi ilə İsraillə əməkdaşlığına son qoymayacaq. 

Digər tərəfdən heç müsəlman ölkələrinin özləri arasında həmrəylik yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasnda münasibətlərdə gərginlik hökm sürür, bir sıra müsəlman ölkəsində məzhəb müharibələri davam edir. Ona görə də müsəlman ölkələri arasında fərqli maraqlar mövcuddur. 

Yekunda bu fərqli maraqlar islam aləminin ABŞ-a və İsrailə qarşı vahid cəbhə yaratmasına mane olur.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq