"Bizim müxalifət indi rus müxalifətinə bənzəyir, hakim zümrə isə..."

img

24-11-2017 [10:07]


Zərdüşt Əlizadə, Politoloq

****

İsa Qəmbər cənablarının rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzi (MSDM) "2018-ci ilin prezident seçkiləri: boykot, ya iştirak?” mövzusunda dəyirmi masa keçirib. Şəklə baxıb orada Mehriban xanım Vəziri, Sabir bəy Rüstəmxanlını, İsa bəy Qəmbəri, Arif bəy Hacıyevi və İsgəndər bəy Həmidovu görürəm. Mətndə deyilir ki, REAL da tədbirə qatılıbmış. Təbriklər.

Müşavirədə əldə edilən ən mühüm nəticə odur ki, iştirakçılar arasında "boykota getmək olmaz, seçkidə iştirak etmək lazımdır” fikri üstünlük qazandı. Müxtəsər, müxalifət növbəti dəfə hakimiyyətin seçki tamaşasına legitimlik donu geyindirmək üçün qurbanlıq quzu qismətinə razılığını verdi.

Açıq etiraf etmək lazımdır ki, ənənəvi müxalifətin gerçək gücü və imkanları qalmayıb. Hamısı xərclənib.

Niyəsini yalnız hakimiyyətin cəbr və zorakılıq siyasətində deyil, həm də müxalifətin özündə, onun "milli strateji” səhvlərində axtarmaq lazımdır.

Belə şəraitdə vəziyyətin düzgün təhlil və qiymətləndirilməsi 2018-ci il prezident seçkisində qələbənin təmin ediməsi üçün olmasa da, gələcək güclü siyasi fəaliyyət imkanlarının əldə edilməsi üçün macal yarada bilərdi. Lakin vəziyyətin düzgün təhlili kiminsə ürəyinə yatan xoş nağılların deyil, acı da olsa, gerçək faktların nəzərə alınmasını tələb edir. Belə olmasa, cəmiyyətimiz üzüaşağı yolla labüd məşum gələcəyə doğru öz müzəffər yürüşünü davam etdirəcək

İsa Qəmbər öz dərin milli strateji düşüncəsinin nəticəsi kimi iştirakçılara bildirdi ki, "ən real prezident seçkiləri” 2003-cü ildə olmuşdu. Eks-başqan bildirdi ki, "Müxalifət o zaman seçki qələbəsini əldə etdi, amma onu faktiki qələbəyə çevirə bilmədi”.

Bu fikir kökündən yanlışdır və gələcək fəaliyyətin əsası kimi götürülərsə, qaçılmaz məğlubiyyətlərin təməlini qoya bilər. 

Nədədir yanlışlıq?


Əvvəla, müxalifət 2003-cü ildə seçkilərin gedişini və nəticələrinin hesablanmasını nəzarətə götürməyə nail olmamışdı. Bunun da səbəbi aydındır: müxalifət yaranan andan onu içəridən didib dağıdan mənəmlik davası, strateji baxış və qiymətləndirmənin yoxluğu, müxalifətin öz içərisində hakimiyyətin əlaltılarına geniş yer açması və məfkurə mübarizəsi əvəzinə ucuz və dayaz siyasi intriqalara üstünlük verməsi. Təsadüfi deyildi ki, həmin vaxt həlledici siyasi mübarizə hətta nəzəri olaraq qələbə şansı olmayan namizədlərin irəli sürülməsi uğrunda gedirdi.

Dediyim qəribliyə salınmasın deyə fikrimi əsaslandırım. Bu fikri həmin zaman müəyyən siyasi imkanı olan bir liderə izah etmişdim, lakin başı hamı ilə çəkişməyə qarışmışdı deyə nə dediyimi dərk etməmişdi.

Odur ki, təkrar edirəm. Azərbaycan kimi iqtisadi və siyasi fəaliyyətin sıx çulğalaşdığı ölkədə qazancı vəzifədən çıxan hakim zümrə heç vaxt imkan verməz ki, hansısa "milli-demokrat” namizəd şəffaf və ədalətli seçkilərdə qələbə çalıb prezident kürsüsündə əyləşsin. Onlar vətəndaş müharibəsi başlayar, millətin yarısını qırar, lakin "çörək ağacı” saydıqları vəzifələrini itirməyə razılaşmaz. 

Çünki 1992-1993-cü il təcrübəsindən bilirdilər ki, milli-demokrat namizədin qələbəsi elan edilər-edilməz azı bir on min acından günorta duran "bəy” cumacaq onların əziz və dəyərli kabinetlərinə və onları qulağından tutub "rədd ol, rüşvətxor” bağıraraq atacaq bayıra.

Demək, müxalifət sosialist inqilabı etmək niyyətində deyildisə, sistemi təkamüllə və qanuni yollarla islah etmək fikrindəydisə, birinci səfər hakim zümrədə qorxu yaradan milli-demokratı deyil, vaxtilə hakim zümrədə olmuş, lakin onlardan ayrılıb müxalifətə qoşulmuş bir nəfəri irəli verməli idi. Belə olardısa, varisin idarəçilik qabiliyyətinə dərin şübhəsi olan hakim zümrədə çat yarana bilərdi və seçkiləri zorakılıqla saxtalaşdırmaq mümkün olmazdı.

Bu sadə məntiq İsa Qəmbərin, Etibar Məmmədovun və Əli Kərimlinin vəzifə atəşi ilə yaxılan qəlblərinə heç cür yol tapmadı və onlar öz aralarında çəkişə-çəkişə labüd batacaq seçki qayığına mindilər. Mindilər və batdılar. 

Hakimiyyət öz seçki qələbəsini sübut edən heç bir sənəd ortaya qoya bilmədi. Lakin İsa Qəmbər də, jurnalistlər ondan "məhkəməyə müraciət edəcəksinizmi” soruşanda, soyuqqanlı tərzdə dedi ki, "məhkəməyə müraciət etmək üçün sənədlərim yoxdur”.

Yoxdursa, bəs niyə qələbə çaldığını bəyan edirdin? Sənədlərin yoxdursa, nə üçün minlərlə müxalifətçi döyüldü, işdən qovuldu, məhbəsə atıldı?​

O zaman yumor hissi olan savadlı bir müxalifətçi bəy zarafatla demişdi: "İsa bəy sənədi olmaya-olmaya demişdi ki, 65 faiz səs toplayıb. İlham müəllim də sənədi olmaya-olmaya demişdi ki, 75 faiz səs toplayıb. 75 faiz 65 faizdən coxdur, demək, İlham Əliyev qalib gəlmişdi”.

Bu, müxalifətin məğlubiyyətinin birinci və əsas amilidir. 

İkinci amil isə ən bəsit ehtimalların belə nəzərə alınmaması, yəni müxalifətin zəka qıtlığıdır. Milli strateji düşüncə potensialının ən parlaq nümunəsi o zaman bəyan oldu ki, müxalifət hakimiyyətin kəmali-səliqə ilə hazırladığı təxribat tələsinə düşdü və "dağıdıcı fəaliyyət”i barədə bol-bol videoçarxlar hazırlamağa imkan yaratdı.

Keçənə güzəşt deyərlər. Əgər müxalifət yenə də öz keçmiş məğlubiyyətlərinin səbəblərini təhlil edib öz xətalarını açıq desəydi, siyasi fəaliyyət strategiya və taktikasında düzəlişlər etsəydi, deyərdim ki, dərd yarıdır. Lakin müxalifət sübut etdi ki, heç nəyi unutmayıb, lakin heç nə də öyrənməyib. "Köhnə hamam, köhnə tas” məsəli işləyir.

2003-cü il məğlubiyyətindən sonra müxalifət neçə seçkidə iştirak edib? 

Hakimiyyətin dələduzluqla keçirdiyi bütün siyasi hoqqalarda iştirak edib və hamısını da biabırcasına uduzub. Seçkiyə məğlub olmaq üçün qatılan siyasi oyunçuya cəmiyyətdə etibar ola bilərmi? Axı elə indidən bəllidir ki, hakimiyyət seçki mexanizminə tam nəzarət edir və heç bir müxalifəti və ya vətəndaş cəmiyyətini bu prosesə yaxın buraxmayacaq. Bəllidir ki, hakimiyyət müxalifəti bütün maliyyə qaynaqlarından məhrum edib və özü seçki üçün dövlətin bütün imkanlarını hesabatsız cəlb edir. Bəllidir ki, seçki zamanı hakimiyyətin əl atdığı bütün fırıldaqları, üstü açılsa belə, məhkəmələr ört-basdır edəcək. Bəllidir ki, seçki yarışında hakimiyyət müxalifəti əzəldən zəif və uduzan mövqeyə qoyub.

Bəlli olmağına bəllidir. Lakin bizim ənənəvi müxalifət bu bəlli həqiqətdən ibrət götürmək istəyirmi? Yoxsa onun istəyi qat-qat sadə və təvazökardır: müxalifətçi vəzifəsini hifz edib hakimiyyətin ayırdığı miskin paya qane olmaq və Allaha şükr etmək?

Hesab etməyin ki, mənim bu qənaətimdə hansısa qərəz var. İsa Qəmbər cənablarının dəyirmi masaya verdiyi milli strateji düşüncə məhsulu ilə tanış olandan sonra mən tam yəqinliklə deyirəm ki, müxalifətin həm əli, həm kisəsi boşdur. Buyurun, dəyərli məsləhəti oxuyun: "...indi əsas məsələ demokratik seçki mühiti yaradılması üçün səylər göstərmək və seçki məcəlləsində demokratik dəyişikliklərə nail olmaqdır”.

Yadıma sovet lətifəsi düşür: ”Vuranda sənədə yox, sifətə vururlar”. 

Bu hakimiyyət nə vaxt "demokratik seçki məcəlləsinə” fikir verib? Nə vaxt imkan verib ki, "demokratik seçki mühiti” yaransın? 

Boş-boş nağıllarla əhalini 1980-1990-cı illərdə tovlamaq olardı, zəmanə və əhali dəyişib. Təsadüfi deyil ki, müxalifətin boyat bayatıları səslənən tədbirlərinə gələnlərin sayı siyasi proseslərə təsir etmək üçün tələb olunan səviyyənin heç yüzdə birinə çatmır.

Bizim müxalifət indi bənzəyir rus müxalifətinə. Orada da boyat Zyuqanov, əski Jirinovski, bizdə də boyat bayatılar, köhnə hamam, köhnə tas.

Cəmiyyətə yeni nəfəs, yeni fikir, yeni sima gərəkdir. Dünya dəyişib, dəyişməyən yalnız Azərbaycan hakimiyyəti və müxalifətidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub