Müstəqilliyə yaraşmayan yoxsulluq...

img

19-10-2017 [17:18]


Məhəmməd Talıblı, İqtisadçı

*****

İqtisadiyyat üzrə Nobel mükafatçısı Muhammad Yunus: "Yoxsulluğu yaradan yoxsul insanlar deyildir: bunu yaradan cəmiyyətin strukturları və onun həyata keçirdiyi siyasətdir” 

***

18 oktyabr Azərbaycanın müstəqilliyini qazandığı gündür. Dünən isə dünyada yoxsulluqla mübarizə günü kimi qeyd edilirdi. Bu iki məfhum arasında birbaşa və dolayı əlaqələr var.

Əslində müstəqil ölkədə yoxsulları görmək çox məyusedicidir. Yoxsul ölkənin müstəqil olması da qürurverici deyil. Çünki, yoxsul ölkənin az resursu, geoekonomik vəziyyəti, əmək ehtiyatlarının dəyər yarada bilmək çətinliyi, texnoloji geriliyi və s. faktorlardan qaynaqlanan çatışmazlıqları zəif inkişafı və müstəqil dövlət olması xeyli əhəmiyyətsizləşdirir. Bu mənada bizim xeyli bəxtimiz gətirib. Həm müstəqilik, həm də yoxsul olmayacaq qədər resurs üstünlüyüm var. Birincini bizlər qazanmışıq, ikincini təbiət bizə hədiyyə edib. Biri qazanmılmış üstünlükdür, digəri təbii üstünlük. Bu mənada bizim kimi neft gəlirlərinin bu qədər böyük olduğu ölkədə nəinki yoxsulluq olmalıdır, əksinə o mövzunu arxivlərdə axtarmalıyıq.

İqtisadiyyat üzrə "Nobel”çi Muhammad Yunus haqlı olaraq yazır ki, yoxsulluq sağlam cəmiyyətin muzey eksponatı olmalıdır.

Deməli, neft gəlirlərinin bu qədər sel kimi axdığı cəmiyyətdə də bu qədər təbəqələşmə olmalı deyil. Bu resursla zəngin ölkələrdə yalnız pis iderəetmənin mövcud olduğu halda mümkün ola bilər. Bunun üçün ən parlaq Norveç nümunəsi də var. Norveç daim varlılarla kasıb vətəndaşlarının gəlirləri arasındakı ən az fərq olan ölkə kimi xüsusi modelə çevrilib.

Bəs bizdə yoxsulluq səviyyəsi necədir?

Statistik hesabatlarda son illərdə ölkə üzrə yoxsulluğun səviyyəsini 49 faizdən (2001-ci il) 5 faizə (2016) qədər azalda biləcək "effektiv” hökumətin nailiyyətlərinə həsəd aparmamaq mümkün olmur. Demək, bizim 100 nəfər vətəndaşımızın cəmi 5-i yoxsul yaşayır. Buna inandınızmı?

Əgər real vəziyyətdən xəbərdarıqsa, alternativ hesabatlarla tanışıqsa və cəmiyyətdə gözübağlı gəzmiriksə, buna inanmaq mümkün deyil. Bir neçəgöstəricidə yoxsulluğun səviyyəsin təxmin edə biləcəksiniz.

Ölkədə ünvanlı sosial yardım alan vətəndaşlarımızın sayı 700 min nəfərdən artıqdır. Onların aldıqları müavinət cəmi 93 manatdır. Gündəlik 3 manatla yaşayan bir təbəqə. (2015)

Aşağı məbləğli pensiya alan vətəndaşlarımızın durumuna nəzər salaq. Ölkədə cəmi 1,3 milyon nəfər pensiyaçı var. Onların aldıqları orta aylıq məbləğ 173 manatdır. (2015)

Qarabağ qaziləri, müharibə veteranları və bu qəbildən olan savaş görmüş müharibə veteranlarının aldıqları müavinat cəmi 55 manatdır.

Beynəlxalq hesabatlara görə Azərbaycanda əhali gəlirlərinin 72 faizini yalnız ərzağa xərcləyir.

ABŞ-dakı kimi yoxsulluğun hesablanması üçün Moli Orşanskinin məntiqini əsas götürür. Orada vətəndaşların ərzağa xərclədikləri gəlirlərinin 13-dən çox olarsa, həmin vətəndaşlar yoxsul əhali qrupuna daxil edilir. Bu ölçü ilə bizdə yoxsulluğun səviyyəsin qiymətləndirsək, o zaman gərək yuxarıda qeyd etdiyimiz sosial qruplar avtomatik olaraq yoxsul əhali qrupları kimi qeyd olunsun. Realistik vəziyyəti qiymətləndirəndə aydın olur ki, cəmiyyətdə həssas sosial qrupların sayı olduqca çoxdur. Belə bir ölkədə yüksək gəlirlilik yoxsulluğun səviyyəsinə adekvatdırmı? Gərək bu haqda da düşünək.

Yoxsulluq dərinliyində yaşayan və ora yuvarlanan vətəndaşlarımızın sayı artırsa, bu zaman müstəqil ölkədə yaşamağın məmnununluğun həmin sosial qruplar necə yaşaya bilər?

Fikrimcə, təbii resurslarla zənginliyin hamı üçün əlçatanlığı təmin olunmayan bir ölkədə müstəqlliyin yaratdığı sərvət hamının üzünü güldürə bilməz. Nefti, qazı, qızılı və su ehtiyatları bir ovuc insanın neməti olanda vətəndaşı həmin dövlətin müstəqil olmasına sevinə bilməz. Müstəqillik savaşında Qarabağda canını əsirgəməyən şəhid ailəsinə və əlilə simvolik müavinət təyin olunanda müstəqillik hamının ortaq sevinci ola bilməz.

Maraqlı situasiya yaranır. Azərbaycanda nəinki yoxsulluğun səviyyəsi rəqəmlərdə qeyd olunduğu kimi inersiya ilə azalmır, əksinə yoxsulluğun səviyyəsi daha da yüksəlir. Amma bunun əksi olaraq isə zəngin təbəqənin gəlirləri durmadan artır. Ultrazəngin və yoxsul təbəqənin mövcudluğu arasında tərs mütənasiblik mövcuddur. Azərbaycanda varlı təbəqə varsa, demək gəlir bölgüsündə dövlətözünün tənzimləmə alətlərindən də istifadə etməlidir. Vergilər vastəsilə bu gəlir tənzimləməsini həyata keçirmək lazımdır ki, ifrat təbəqələşmə baş verməsin. Həmin nisbət optimallaşdılsın.

Dünyanın inkişaf etmiş ölkələrində də davamlı tənzimləmə alətlərindən istifad olunur.  ABŞ-da dövlət büdcə gəlirlərinin vergilər vasitəsilə daxilolmadakı 37 faizlik payını ABŞ-ın ən zəngin 1 faizə yaxın zəngin elitası ödəyir.

Düzdür, hətta ABŞ-ın özü də bu sahədə "sosial sülhü” nizamlı təmin edən dövlət deyil. Onun iqtisadi siyasətində bu dominantlıq təşkil etmir. Lakin, bu nisbətin genişlənməsinın qarşısını almağı da unutmur. Azərbaycana qayıtdıqda…Azərbaycanda gəlir bərabərisiliyini doğran amillərdən biri də iri vergi ödəyicilərinin, o cümlədən oliqarxların və siyasi imtiyaza malik şəxslərin vergi öhdəliklərindən yayınmasıdır.

Onlar vergi ödəmədikcə, gəlirləri artır, büdcəyə ödəməli olduqları vəsaitlər vətəndaşlara çatmır və yoxsulluq da genişlənir. Deməli bu halda bir tərəfdən gəlir bərabərsizliyinin həddi böyüyür (Cini indeksi), digər tərəfdən isə yoxsulluq səviyyəsi artır. O zaman sual olunur. Əgər bizdə yoxsulluq bu qədər böyük həcmdə olduğu halda vətəndaşlar necə yaşayır və bütün bunlar niyə sosial partlayışa səbəb olmur?

Fikrimcə, burada bir amil rol oyanayır:

1. Yoxsul təbəqənin fəal vətəndaş mövqeyinə malik olmaması;

2. Etiraz hüququnun reallaşdıracaq sosial-siyasi dairənin inzibati baxımdan qapanması və narazıların səsinin eşidilməməsi;

3. mental bağlılıq baxımından proteksionist elementlər üzrə (qohumbazlıq, yerliçilik, dostluq telləri və s.) sosial qrupların dayanıqlaşması və ya qarşılıqlı yardımlaşması sosial gərginliyi aktiv fazaya daxil edilməsinə imkan vermir.

Deməli, bu status-kvonun pozulmaması hələ yoxsulluq probleminin olmamasından və şiddət dərəcəsinin aşağı olmasından xəbər vermir. Əksinə, sübut edir ki, yoxsulluq fenomeni gizli (latent) formada baş verir. Gizli və qapalı olan hər şeyin dağıdıcı təsir gücləri olur.

Azərbaycanda yoxsulluğun artmasının əsas göstəricilərindən biri dövlət gəlirlərindən pay götürənlərin və digər imtiyazlar hesabına böyük sərvətə sahib olanların fantastik gəlirlər əldə etmələri və yoxsulluğun azaldılmasına heç bir tövhə verməməsidir. Əslində bizim iqtisadi siyasətimizin əsas hədəflərindən biri gəlir bölgüsünün bu mərhələsindəki maliyyə axın kanallarına effektiv nəzarətin təşkil edilməsi olmalıdır.

Bizdə gəlir bərabərsizliyini ortaya çıxaran əsas amil sərvət bölgüsündəki ədalətsizliklər və mülkiyyət haqlarına neqativ münasibətlə birbaşa bağlıdır. Gəlir bölgüsü isə sərvətin yaranması arasında möhkəm bir bağlılıq var. Nəzəriyyədən də bilirik ki, iqtisadiyyat bir elm olaraq dövlətlərin sərvəti və bu sərvətlərin mənbəyini öyrənməyə çalışır. Biz ölkədəki sərvətlərin mənbəyini və onların gəlir bölgüsünə verə biləcəkləri tövhələri dəqiq təsəvvür etməliyik.

Sərvət "piroqu” düzgün və ədalətli bölüşdürülməyən ölkədə müstəqilliyin "çay-kofe süfrəsi” cəlbedici ola bilməyəcək.

Mənim bu obrazlı fikrimi qəribçiliyə salmayın, amma biz müstəqillik ətrafında birgə rəqs etmək istəyiriksə, o zaman paltarı nimdaş, ayaqqabısı cırıq, əyni sökük vətəndaşımızın kompleks keçirməsinə imkan verməməliyik. O zaman müstəllik cəmiyyətin ortaq dəyərinə və fəxr mənbəyinə çevriləcək.

Müstəqil dövlət olmanın əsas göstəricisi cəmiyyətin rifaha qovuşması və xidmətlərin yaxşılaşdıırlmasıdır. Vətəndaşların sosial vəziyyəti pisləşdikcə, rifah dəyərləri müstəqil dövlət olmanı gücsüzləşdirir. Onu urvatdan salır. Müstəqilliyin cazibədarlığının öləziməsinə səbəb olur. Əslində müstəqil olma sərbəst qərar vermə  imkanlarının geniş olması ilə bağlıdır. Müstəqilliyin imkanlarından və onun yaratdığı alətlərindən effektiv istifadə edə bilməyəndə müstəqillik dəyərləri deformasiyaya uğrayır. Azərbaycan cəmiyyətində müstəqllik dəyərlərinə analoji münasibəti sezmək çətin deyil.

Cəmiyyətdə müəyyən qrupların sovetizmə qayıdış arzularını hər yerdə görürük. Sosializm düşərgəsinə nostalji hisslərin qabarıq ifadəsi müstəqllikdən gözləntilərin özünü doğrultmaması kimi dərk olunur. İndi bizdən bir dövlət olaraq asılı olan müstəqil dövlətin hansı fövqəldadə imkanlara sahib olması və onun insanlara verə bildikləri xoşbəxtliyi sübut etməkdir. Müstəqlliyi bir dəyərlər sistemi olaraq gözdən düşməsinə rəvac verməməliyik. Bu müstəqillikdə minlərlə şəhidin qanın payı var.Müstəqilliklə bağlı yaranmış bu məyusluğu mən şəxs olaraq bölüşmürəm.

Düşünürəm ki, hazırkı vəziyyət müstəqilliyin çatışmazlığı yox, müstəqillikdən istifadə edə bilməməyin doğurduğu vəziyyətdir. Mən bilmirəm, bəlkə də bu vəziyyəti yaradanların istəkləri sovet sevgisi ilə hamımızın qəlbimizin ortaq qəbzinin döyünməsi və saatlarımızın Kreml saatları ilə birgə qurulması üçündür?


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq