Polkovnik yazır: "Əsgər şərəfi..."

img

02-06-2017 [17:56]


İbrahim RÜSTƏMLİ,

Ehtiyatda olan polkovnik, Əməkdar jurnalist

****

Hardan başlayıb, harda qurtaracağımı bilmədiyim yazılarımdandı bu, - taleyim, qismətim, alın yazımdı elə bil...

Uşaqlıq şəkillərimə baxıram. Ucqar əyalətdə, qayğısız kənd uşağının əsgəri salamı və bu «salamın» obyektivin yaddaşında əbədi ilişib qalan sehrli pıçıltısı, gizli həqiqətləri…

Yeniyetməliyimi, cavanlığımı təftişim bu həqiqətlərin ən solğun, ən xırda işartısını belə görmək, duymaq və anlamaq istəyimin təhdididi yəqin. Özümü oda-közə vururam. Ancaq nə faydası! Hər dəfə, hər cəhddən sonra 45 illik ömrümün bəlkə də ən böyük etirafı ilə üz-üzə, baş-başa qalıram: Mən heç vaxt zabit olmaq istəməmişəm!

Arzularımın ucsuz-bucaqsız sahillərində Füzulinin, Dostoyevskinin, Lorkanın, Markesin, Mirzə Cəlilin, Sabirin… qağayı fəryadına bələnmiş isti nəfəsini, mehriban baxışlarını duyuram. Onlar 25-30 il bundan qabaq əyalətdə tək-tənha qoyub gəldiyim qayğısız kənd uşağının ən yaxın havadarları, ən etibarlı dostlarıdı… Kutuzov, Napoleon, Suvorov… yaddı bu uşağa. Kutuzovun, Napoleonun, Suvorovun… bu uşağa heç uzaq «qohumluğu» da çatmır.

İndi bizi bir-birimizdən zaman adlı, dibi görünməyən dəhşətli bir uçurum ayırır. Uçurumun bu tayından o tayına, al-qanına bələnmiş o uşağa çatdırası çox həqiqətlərim, çox mətləblərim var. Əsgər olduğumu hamıdan və hər şeydən çox duyduğum məqam Səninlə üz-üzə, göz-gözə qaldığım məqamdır. Mən öz ömrümün ən ali həqiqətləri ilə yalnız bu məqamda yol yoldaşı, çiyindaş ola bilirəm. Səni illərin o tayında niyə tək-tənha qoyub-gəldiyimi anlayıram. Ömrümə damcı-damcı çırpılan günlərin «daş dələn» qüdrətində Allahın diktəsini hiss edirəm: Bizi bir-birimizdən torpaq ayırdı. Bu torpağın adı yurddu, Vətəndi. Qarabağdı bu torpağın adı.

Düşmən elimizin-obamızın üstünə yeriyəndə biz, bizi tanımayan bu qaynar şəhərə hələ təzəcə qədəm basmışdıq. Bu şəhər bizi udmamışdı hələ onda. İkimiz də bir yerdə bütöv idik, tam idik. Səni kövrək qanadlarınla həmişə, hər yerdə başımın üstündə vurnuxan, sevgi dolu arzularıma ayna tutan mələyə bənzədərdim onda. Paytaxtın səsli-küylü küçələrində dualarımın boğulduğunu - Allaha çatmadığını heç hiss etmədim. Yurda qahmar çıxan insanlara qoşuldum. Və bir də onda ayıldım ki, mən əsgərəm.

Torpağı yağmalanan bir yurdda əsgər olmaq şərəfdi.

Bir də əsgər şərəfi var. Bu şərəf əyninə geydiyin libasla, o libasla ürəyinin üstündə, çiynində, başında gəzdirdiyin rəmzlərlə bitib-tükənmir. Əlinə silah alanda da, döyüşəndə də, dost dediyin, qardaş dediyin adamın bir mərmi partlayışından tikə-tikə parçalandığını öz gözlərinlə görəndə də… gərək insan olduğunu unutmayasan.

Atatürkü xatırlayıram. İzmirdə yunan bayrağını ayağının altına xalı kimi sərmişdilər. Qılıncdan da iti baxışlarını ətrafındakılara zilləyəndə, o bayraq yerdən həmən götürüldü. Atatürk yunan bayrağını yerdən qaldırmadı ki; Atatürk türk əsgərinin adını qaldırdı, əslində. Tarixin yaddaşını təzələdi…

1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevlə bir yerdə Ağdam ərazisində döyüş postlarını gəzirdik. Fərrux dağında mövqe tutan artilleriyaçılarla da görüşdük. Şirin Mirzəyev artilleriya qurğularının mövqeləri və koordinatları ilə şəxsən maraqlandı. Bir qədər fikrə getdikdən sonra bölmə komandirini yanına çağırıb, ondan mövcud koordinatları dəyişməsini tələb etdi: silahları kilsəyə, dinc əhaliyə tuşlamaq olmaz. Siz torpaqlarımıza göz dikmiş erməni quldurları ilə döyüşürsünüz. Allahla-dinlə, dinc əhali ilə yox. Əslində bu, Şirin Mirzəyevin öz dininə-imanına və xalqına olan hörmətinin, ehtiramının ifadəsi idi. Başqalarına əsgər şərəfini tanıtmaqdan ötrü bundan gözəl məqam, bundan tutarlı ifadə tapmaq çox çətindi, məncə.

…Uşaqlığıma, yeniyetməliyimə qayıdıram. Bu qayıdış əslində yenə də Ağdam torpağında erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Farizlə bağlıdı. Erməni snayperi mənim uşaqlığımı öldürüb əslində. Hələ ağzından süd iyi gələn bir körpəyə silah tuşlamaq, onu hədəfə almaq və başından vurmaq… Dünyanın heç bir yerində, dünyanın ən sonuncu əsgəri belə həyət-bacada oynayan günahsız bir uşağa güllə atmazdı. Dünyanın ən sonuncu əsgəri belə günahsız uşağı öldürməyi öz şərəfinə sığışdırmazdı. Amma erməni əsgəri bunu elədi. Özü də harada - Azərbaycan torpağında. Bəli, o, Azərbaycan torpağında, öz həyət-bacasında oynayan uşağı öldürdü, - mənim uşaqlığımı öldürdü…

İndi mən o erməni snayperinə, erməni snayperinin optik cihazdan bərələn gözlərinə 9 yaşlı Farizin bulaq suyu kimi dumduru, donmuş gözləri ilə ayna tuturam. İndi mən Farizin saf baxışları ilə o erməni dığasını özünə tanıdıram: Sən bu iyrənc görkəminlə unudulacağına ümid bağlama! Həyatımın sonuna bir gün qalsa da, törətdiyin bu cinayətin, bu qətlin hesabını səndən soruşacam.

Məni bu sözləri yazmağa vadar edən mənim əsgər şərəfimdi. Bu şərəf on minlərlə Azərbaycan əsgərini bir səngərdə, bir cəbhədə birləşdirir. Bu məqamda hər şeyi zamanın öhdəsinə buraxmaq niyyətində də deyilik, əsla! Bunu da yadında saxla!

İndi sənin – bir körpə qatilinin 9 yaşlı uşağın gözlərində gördüklərin mənim üçün gün kimi aydındı: Qarşında bu gördüyün Azərbaycan əsgəridi! Onu yaşadan və cihada çağıran əsgər şərəfidi! Bu da sənsən – şərəfini itirmiş erməni əsgəri!


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR