“Qaqaş, sənə halal olsun, yaxşı şişirtmisən...” - Başqasının hamilə arvadına belə kompiliment deyənlər...

img

01-04-2017 [22:31]


Seymur VERDİZADƏ,
Qafqazinfo.az

Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. ABŞ prezidenti Donlad Trampdan tutmuş Türkiyənin Ağrı vilayətində yaşayan tələbə yoldaşım Ünsal bəyə kimi tanıdığım adamların böyük əksəriyyəti aktiv sosial şəbəkə iştirakçısıdır. 

Burda hamı nəsə nümayiş elətdirməyə çalışır: biri ağlını, biri var-dövlətini, başqa biri isə əndamını. Əminliklə deyə bilərik ki, üçüncülər çoxluq təşkil edirlər.

Facebooku yaradanda Markın ağlına da gəlməzdi ki, kimsə dədəsinin meyiti ilə çəkdirdiyi şəkli burda yerləşdirəcək. Vəziyyət bu qədər acınacaqlıdır. Təəssüf ki, bəzi insanlar sosial şəbəkələrin mahiyyətini dərk etməyə çətinlik çəkirlər. Ekrana çıxıb tanınmaq arzusu ilə alışıb-yanan adamların əlinə yaxşı fürsət düşüb, gecə-gündüz özlərini göstərirlər. Son vaxtlar elə bir gün olmur ki, sosial şəbəkəyə daxil olanda hansısa xalanın süzgün baxışları ilə qarşılaşmayım. Mən hələ bu baxışların hər gün neçə kişini bədbəxt elədiyini yazmıram...

Qardaş Türkiyədə də analoji vəziyyət hökm sürür. Ağrı vilayətində yaşayan tələbə yoldaşım Ünsal bəy yazır: 

"Həyat yoldaşını itirəndən sonra damın altında tək qalan 57 yaşlı bibimin başını qatmaq üçün facebookda onun adına səhifə yaratdıq. Bir sutka ərzində 130 min adam dostluq göndərdi. Maraq xatirinə dost siyahısına qəbul etdiyimiz kişilərin təxminən 90 faizi bibimə bu sualı veriridi: subaysınız?”

İxtisasca həkim olan bir qadından dünən məktub almışam: "Bacımın toyunda çəkdirdiyim şəkli öz facebook səhifəmdə paylaşdım. Cəmi 20 saniyə sonra tanımadığım bir kişi şərh yazdı: "Günəş kimi parıldayırsan”. 

Utandığımdan az qaldı ki, yerin dibinə girim. Cəld həmin şəkli silib, oğlumla birgə olduğumuz fotonu paylaşdım. Dərhal başqa bir kişi yazdı: "Ulduz kimi işıq saçırsan”. İndi mən nə etməliyəm?”

Hesab etmirəm ki, həmişə jurnalist oxucuları fikirləşməlidir. Arada oxucu da jurnalistə kömək əlini uzatmalı, ideyalarını reallaşdırmaqda ona yardım etməlidir. Qadından xahiş etdim ki, bu dəfə həyat yoldaşı ilə birgə olduğu şəkli paylaşsın. Sağ olsun, yeni bir yazının ərsəyə gəlməkdə olduğunu nəzərə alıb, xahişimə əməl etdi. İki dəqiqə sonra şəklin altında belə bir şərh vardı: "İlahi, bu nə gözəllik?! Adamın gözü qamaşır...”.

Bilmirəm, bunun söhbətə dəxli var, ya yoxdu, amma yenə yazıram: qadının həyat yoldaşı boy-buxunda Koroğludan geri qalmır. Üstəlik, qol-boyun şəkil çəkdirdikləri üçün onların ər-arvad olduğunu hətta ən zırrama adam da anlayır...

Çoxlu "like” yığmaq, özünü kimlərəsə sırımaq üçün geyindiyi yubkanın ətəyini hər gün bir az yuxarı qaldıran qadınlarla işimiz yoxdur. Onsuz da bu adamlar neçə illərdi ki, yüzlərlə şorgöz kişini öz arxalarınca sağa-sola sürüyürlər. 

Adam kimi yaşaya bilməyənlərin həşərat kimi sürünməsi daha yaxşıdır. Mənim iradım həyat yoldaşı, övladları ilə normal şəkil çəkdirən, duruşu ilə insanda hər hansı mənfi emosiya oyatmayan qadınlara "podxod” edən kişilərədi. Görəsən, onlar tutduqları bu işin adının əclaflıq olduğunu bilirlərmi?

Mən köhnə fikirli adam deyiləm. Üstəlik, yaşım da mühafizəkar olmağa imkan vermir. Amma bəzən elə hadisələrlə qarşılaşıram ki, onlara izah verməyə, yaxud mənasını anlamağa çətinlik çəkirəm.

 Məsələn, üç-dörd gün öncə cavan bir oğlan facebookda hamilə həyat yoldaşı ilə şəklini paylaşmışdı. Hamilə olmaq ayıb deyil. Allah arzusunda olan bütün qadınlara bu gözəl hissi yaşamağı nəsib etsin. Ayıb olan oğlanın dostlarından birinin yazdığı şərh idi: "Qaqaş, sənə halal olsun, yaxşı şişirtmisən...”.

Bax, belə! Göydən başımıza daş yağdırmadığı üçün hamılıqla Allah-Təalaya minnətdar olmalıyıq...


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR