ANS-in “Böyük Seva”sına "isti" - Cavab

img

06-02-2017 [11:07]


Əflatun Amaşov,

Azərbaycan Mətbuat Şurasının sədri

«İstipress.com» saytına daxil oldum. Məni "Azərbaycanda böyük qırğın başladı” sərlövhəsi qarşıladı. Altsərlövhə daha dəhşətli idi: "Əli baltalı adamlar ölüm-dirim savaşına qalxdılar”.

Narahat olmayın, söhbət beyninizdə canlandırdığınız qırğından getmir. Vətənini sevən insanların bir yerə toplaşaraq yaratdıqları iddia olunan saytdakı başlıq və başlıqaltı, sadəcə, IP toplamağa xidmət edir. Materialı nəzərdən keçirərkən, görəcəksiniz ki, məsələ qazın qiymətinin qalxması ilə bağlı yaranan problemlərlə əlaqədardır. Təbii, kommunal xidmətlərdəki qiymət artımının əhaliyə mənfi təsiri varsa, mövzu qabardılmalıdır. Amma təsəvvür edək ki, qiymət artımının həyatına neqativ təsirlərini düşünən vətəndaş əlibaltalı adamların ölüm-dirim savaşına başladıqlarını da oxuyur. Sonrası isə məlumdur…

Yəqin, bu sayaq sərlövhə seçimi əsl jurnalistikadır (?). Vətəni sevmək belə olurmuş! Dövlətə sədaqət və ehtiram da belə olurmuş!

Yaxşı, bunları bir kənara qoyuram, bəlkə jurnalist peşəkarlığı saytı oxuyan Vətən övladını həyəcan içərisində saxlayacaq qədər mazoxist təbiətlidir? Yəqin, jurnalist peşəkarlığı Azərbaycanı böyük qırğın şəraitində təqdim edəcək qədər loyal mahiyyət daşıyan anlayışdır, biz bilmirik (?)!

Nə isə, «istipress.com» saytına başqa səbəbə görə daxil olmuşdum. Hörmətli Sevda Həsənovanın saytda hansı vəzifə tutduğunu müəyyənləşdirmək istəyirdim. Nə qədər olmasa, bu xanım jurnalist məni tənqid edib, bir qədər də irəli gedərək təhqir elementlərinə baş vurub, müəyyən ştrixlərlə guya keçmişimi şübhələndirmək yolu tutub, hətta hədə-qorxu da gəlib. Səbəb budur ki, mən mediaya açıqlamamda "istiprees.com” saytını və ona istinad edənləri "düşmən dəyirmanına su tökməkdə” qınamışam. Hər halda facebook səhifəmə püskürdüyü hiddət vulkanının yalnız bu ifadədən qaynaqlandığını hiss etdim. Ola bilər ki, Sevda xanım lupa ilə yalnız "dəyirman" və "su" sözlərini axtarıb, başqa məqamlara diqqət yetirməyib. Başa düşürəm, o, hər şeyi bilir, illərini jurnalistikaya sərf edib, "Böyük" təxəllüsü qazanıb. Ürəyi yerinə gəlsin deyə, məni aşağılayan statusuna şərhlərin birini də oxuyum: «Əhsən sənə Seva! Doğrudan da Böyük Sevasan!».

Böyük bildiyim insanların böyük həqiqətləri öz iddialarına qurban vermələrini az görməmişəm. Təbii ki, seçim onlarındır. Hormətlə yanaşmışam, amma təəssüflənmişəm. Bir daha təəssüfləndim…

Xanım Həsənovanın «istipress.com»da hansı vəzifə tutduğunu müəyyənləşdirə bilmədim. Ümumiyyətlə, saytla əlaqə adlı nə isə yoxdur. Təsəvvür edin ki, ermənilərin hərbi əsir kimi təqdim etdikləri Elnur Hüseynzadənin anası sayta zəng edir, «Ay bala, sizə açıqlamanı əsəbi halda vermişəm, istəməzdim belə olsun, xahiş edirəm, ona düzəliş edin»,– demək istəyir. Belə vəziyyət yaransa, ana nəinki Seva xanımın, heç sıravi əməkdaşın da telefon nömrəsini tapa bilməyəcək.

Deməli, peşəkarlıq isti yox, ciddi olmaqdır. İki kiçik müşahidəm nəticəsində nə peşəkarlıq, nə də ciddilik gördüm.

Azərbaycanda söz azadlığı var və bu azadlıq hamı üçündür. Mən dediklərimə cavabdehəm. Yenə də o fikirdəyəm ki, jurnalist həssas olmalıdır. Müharibə şəraitində yaşayan ölkənin jurnalisti daha həssas olmalıdır. Həssas olmaq heç də o demək deyil ki, nəyisə demək, diqqətə çatdırmaq olmaz. Ümumiyyətlə, demokratik dövlət quruculuğu üçün "olmaz"ların olmaması qənaətindəyəm. Nə də düşünmürəm ki, kimlərsə, o cümlədən jurnalistlər «olmaz» immuniteti formalaşdıraraq özlərini çərçivəyə salmalıdırlar. «Olmaz» jurnalistin həm mənəvi, həm də psixoloji durumunun ona lazım olan anda diqtə etdiyi fərdi səciyyə daşıyan davranışdır. Yerində gəlinən nəticədirsə – peşəkarlıqdır, əks halda – əcaib bir şeydir. Ümumən ölkəmizdə media təmsilçiləri çox sərbəst şəkildə fəaliyyət göstərirlər. Yəni, Sevda xanımın Əflatun Amaşovun timsalında böyük hərflərlə «olmaz» deyən adam axtarışı məntiqsizdir.

Əlbəttə, bu ölkədə işində həssas olmalı təbəqə təkcə jurnalistlər deyil. Sevda xanım, çox güman, xəbərsizdir, amma Mətbuat Şurasının sədri kimi dövlət qurumlarının cəmiyyətə informasiya verilməsinə məsul struktur bölmələrinin çevik fəaliyyət göstərməsinin vacibliyini hər zaman bildirmişəm. Bu mövzuda çoxlu sayda müzakirələrimiz, tədbirlərimiz, görüşlərimiz olub. Dəfələrlə vurğulanıb ki, Milli Ordumuz, o cümlədən cəbhə xətti ilə bağlı hər hansı informasiyalar yayılarkən, materiallar hazırlanarkən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinad mütləqdir, məhz bu qurumla dəqiqləşdirmələr aparılmalıdır. Əlbəttə, Sevda xanım «istipress.com»un bu istiqamətdə cəhdlər göstərdiyini deyə bilər. Bəlkə də müəyyən mənada haqlıdır. Amma onun timsalında bir saytın haqlı olaraq yol verdiyi hərəkət ortaya haqsız mənzərə çıxartdı. Mən açıqlamamda bu mənzərəni erməni saytlarında izlədiyimi diqqətə çatdırdım, təəssüfümü bildirdim. İllərin peşəkarı Böyük Sevanın çalışdığı saytda, lap hesab edək ki, həqiqət axtarışı üçün hazırlanmış video-görüntü Ermənistanın informasiya vasitələrində Azərbaycanın kiçik obrazını yaratmaq naminə yayımlandı. Belə «peşəkarlıq» bizə lazım idimi? Bu, yekun nəticədə düşmən dəyirmanına su tökmək olmadı, bəs nə oldu?

Sonda onu da deyim ki, Azərbaycan vətəndaşını – Elnurunu da, Dilqəmini də, Şahbazını və digərini də Əflatundan və Sevdadan, yaxud qeyrisindən daha çox qoruyan, onun qayğısına qalan qüvvə Azərbaycan dövlətidir. Və dövlətə sədaqət heç də vaxtilə göstərdiyi xidmətlərə arxayınlaşaraq, hansısa əlahiddə status daşıdığını düşünərək hərəkət etmək deyildir. Dövlətə sədaqət həmçinin onun bu gün nə istədiyini nəzərə alaraq fəaliyyət göstərməkdir. Müxtəlif paralellər aparmaq, müəyyən populist tonlara baş vurmaq, hansısa formada yağdırdığı hiddət və qəzəbdə yaradıcılıq zəngulələri vurmaq, nələrisə, guya, şübhələndirmək, çox güman, kimlərinsə şəxsimə ünvanlanmış təhqiramiz şərhlərindən feyziyab olmaq, sürəkli facebook alqışları qazanmaq –  bugünün Sevası böyüklüyünü belə saxlayırsa, rahatlıq tapırsa, ona Uca Tanrıdan kömək diləməkdən başqa əlimdən nə isə gəlməz. 

Sadəcə onu bildirim ki, bu ölkədə kimin kim olduğu, haradan gəldiyi, necə həyat yaşadığı hər kəsə gün kimi aydındır. Buna görə də mən çox rahatam.


Digər xəbərlər
SON XƏBƏRLƏR