Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovun anım mərasimi keçirilib

img

25-05-2010 [06:16]


Bu gün AMEA İqtisadiyyat İnstitutunda akademik Əhməd Mahmudovun anım gününə həsr olunmuş konfrans keçirilib. Öncə institutun kollektivi akademik Ə.Mahmudovun qəbrini ziyarət edərək məzarı üzərinə əklil qoyublar. Tədbiri giriş sözü ilə institutun direktoru, i.e.d., professor İsa Alıyev açaraq Ə.Mahmudovun ömür yolundan, elmi fəaliyyətindən, insani keyfiyyətlərindən, İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi dövrlərdə onun institutun əməkdaşlarına, kollektivə göstərdiyi qayğıdan, diqqətdən söhbət açaraq onun təhsil və elmi-tədqiqat müəssisələrində yetişdirdiyi elmi kadrlardan, iqtisad elminə verdiyi töhfələrdən, faydalı məsləhətlərindən danışdı. O bildirdi ki, akademik Ə.Mahmudov 1958-1964-cü illərdə İqtisadiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1964-cü ildən ömrünün sonunadək bu elm mərkəzinin direktoru olmuşdur. Ə.Mahmudov 1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir. Ə.Mahmudovun AMEA İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində əvəzsiz xidmətləri olduğunu qeyd edən natiq akademikin 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliyin və metodik vəsaitlərin müəllifi olduğunu da nəzərə çatdırdı. İ.Alıyev alimin elmi axtarışlarında aqrar-sənaye inteqrasiyası, ictimai istehsalın intensivləşdirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesabı problemlərinin tədqiqi məsələlərinin əsas yer tutduğunu qeyd etdi. Natiq akademik Ə.Mahmudovun elmi təşkilatçılıq fəaliyyətindən danışaraq bildirdi ki, o, bu fəaliyyət istiqamətində çox gərgin və məhsuldar iş aparmışdır. Konfransda akademik Ə.Mahmudovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitutun şöbə müdirləri, AMEA-nın müxbir üzvü A.Ələsgərov, i.e.d. T.Hüseynov və i.e.n. C.Quliyev çıxış edərək Ə.Mahmudovun Azərbaycan torpağının imkanları haqqında geniş informasiyaya, ətraflı biliyə malik olduğunu, Azərbaycan iqtisad elminə böyük töhfələr verdiyini, alimin qayğı və himayəsi ilə çoxsaylı elmlər namizədləri və doktorlar yetişdiyini bildirdilər. Tədbirdə Ə.Mahmudov haqqında xatirələr də söylənildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR